Şamaxı ötən iliböyük uğurlarla başa vurub

 

İqtisadiyyatın bütün sahələrində sürətlə müasirləşən müstəqil Azərbaycan turizm sahəsində də mühüm uğurlara imza atır. Bununla bağlı respublikanın hər bir guşəsində olduğu kimi, Şamaxı rayonunda da ciddi işlər görülür. Xüsusən də 2011-ci "Turizm ili" çərçivəsində rayonun turizm potensialının möhkəmləndirilməsinə xidmət edən tədbirlər həyata keçirilib.

Ötən il "Şərədil" istirahət mərkəzində 5 ulduzlu otelin, "Fəxriguşə" istirahət mərkəzinin bazasında müasir standartlara cavab verəcək yeni turizm obyektinin tikintisi, şəhərdəki "Şamaxı" mehmanxanasının əsaslı təmir edilərək yenidən qurulması işləri aparılıb. 2011-ci il aprelin 28-dən 30-dək Bakı şəhərində davam edən Beynəlxalq turizm və səyahətlər, ümumrespublika daxili turizm sərgilərində Şamaxı rayonu turizm imkanlarını nümayiş etdirib.

Yaxın vaxtlarda bu sahənin inkişafı ilə bağlı daha iri layihələrin həyata keçirilməsi nəzərdə tutulub. Şamaxı Rayon İcra Hakimiyyətinin müraciətinə əsasən, Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları 2011-ci ildə Şirvanşahlar dövlətinin IX-XII əsr abidəsi olan "Gülüstan" qalasında və şəhər 1 saylı məktəbin ərazisində arxeoloji-tədqiqat işlərini davam etdiriblər.

Bundan başqa, rayon icra hakimiyyətinin müraciətindən sonra rayondakı "Şahxəndan" türbəsinin, Mədrəsə qəsəbəsindəki məbədin, "Yeddigünbəz", "Pir Mərdəkan", "Kələxana" türbələr kompleksinin 2012-2015-ci illərdə dövlət əsaslı vəsait hesabına bərpası və konservasiyası nəzərdə tutulub. Eyni zamanda həmin abidələrin ətrafında elmi-tədqiqat və arxeoloji işlər aparılacaq.

2005-ci ildə istifadəyə verilən Şamaxı Olimpiya-İdman Mərkəzinin genişləndirilməsi, mərkəzin ərazisində 3 min yerlik stadionun tikintisi ötən il də davam etdirilib. Bundan əlavə, rayonda elm, təhsil və digər sosial obyektlərin tikintisi də ötən il xüsusi diqqət mərkəzində saxlanılıb. Prezident İlham Əliyevin 5 sentyabr 2008-ci il və 21 iyul 2009-cu il tarixli Sərəncamlarına uyğun olaraq Şamaxı Astrofizika Rəsədxanasında başlanan tikinti-təmir işləri də sürətlə aparılıb.

Keçən il rayon tarixində ilk dəfə olaraq ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün genişmiqyaslı tədbirlərin icrasına başlanılıb. 2011-ci ildə Kərkənc, Göylər, Həmyəli və Qonaqkənd kəndlərində yeni məktəb binalarının tikintisi həyata keçirilib. Rayon uşaq-incəsənət məktəbi üçün müasir binanın inşası davam etdirilib. Cari ilin əvvəlindən, həmçinin İkinci Çaylı kənd məktəbi üçün yeni binanın tikintisinin bünövrəsi qoyulub.

Uzun illər rayon mərkəzindəki küçələrin, eləcə də kənd və qəsəbələrdəki mövcud yolların təmiri ilə əlaqədar elə bir ciddi iş aparılmayıb. Yalnız 2011-ci ildə bu sahədə müəyyən işlər görülüb. Qaleybuğurd, Qaladərəsi, Qızmeydan, İkinci Cabanı, Dəmirçi, Avaxıl kəndlərinə gedən 50 km-lik yola çınqıl döşənib.

Ötən ilin may ayının 14-də baş verən təbii fəlakət nəticəsində rayondakı fərdi yaşayış evlərinə, eləcə də sosial obyektlərə ciddi ziyan dəyib. Bununla əlaqədar 1348 evin, 25 sosial obyektin dam örtüyünün və şüşələrinin dəyişdirilməsinə kömək edilib. Bundan əlavə, dolu nəticəsində ziyan çəkmiş ictimai binalardan 72-də əsaslı, 48-də isə cari təmir işləri aparılıb. Ümumiyyətlə, təbii fəlakətin fəsadlarının aradan qaldırılması məqsədilə əhaliyə və təşkilatlara Fövqəladə Hallar Nazirliyi tərəfindən gətirilən 43803 ədəd şifer, 8329 ədəd andulin və 1443,9 kvadratmetr şüşə verilib.

2011-ci ildə həyata keçirilən tədbirlər nəticəsində əhalinin elektrik enerjisi və təbii qaz ilə təchizatı yaxşılaşdırılıb, bu sahədə əhalini ciddi şəkildə narahat edən əsas problemlərin xeyli hissəsi aradan qaldırılıb. Keçən il ərzində rayon icra hakimiyyəti başçısının təkidli müraciətlərindən sonra "AZENKO" MMC tərəfindən 10 kv-luq elektrik hava xətlərində 75 ədəd dayaq, 6500 metr AS-50 markalı naqil, 04 kv-luq elektrik hava xətlərində 90 ədəd ağac dayaq yeni dəmir-beton dayaqla əvəz olunub və 3572 metr "SİP" kabel çəkilib. Bundan əlavə, Şamaxı elektrik şəbəkəsi tərəfindən müəyyən işlər görülüb. Lakin rayonda əsasən 1960-cı ildə qurulmuş dayaqların və naqillərin əksəriyyəti yararsız vəziyyətdədir. Şəhərin bir çox yerlərində, eləcə də bütün kəndlərdəki 0,4 kv-luq elektrik hava xətləri istismar müddətini çoxdan ötüb. Yarımstansiyada görülmüş işlər tam başa çatdırılmayıb, 10 kv-luq elektrik verilişi xətlərinin əksəriyyətinin əsaslı təmirə ehtiyacı olsa da, həmin tədbirlərin icrası təmin edilməyib.

Şamaxı yarımstansiyasından çıxan Çörək zavodu, Şıxlar, Qonaqkənd, Nəsimi, Çarhan yarımstansiyasından çıxan Göylər, Çarhan, Meysəri yarımstansiyasından çıxan S.Ə.Şirvani, Şərədil, Dədəgünəş, Çuxuryurd yarımstansiyasından çıxan Nağaraxana, Çuxuryurd, Pirqulu yarımstansiyasından çıxan Avaxıl və Dəmirçi hava xətlərinin əsaslı təmir edilməsinə ciddi ehtiyac vardır. Buna görə də Ərçiman, Dəmirçi, Qaleybuğurd, Dədəgünəş, I Çaylı, Dağ Bağırlı, Göylər, Çarhan, Nüydü, Sabirli, II Cabanı, Həmyəli, Qonaqkənd, Qızmeydan və Hacılı kəndlərində elektrik verilişlərində mütəmadi olaraq problemlər yaranır. Bütün bunların aradan qaldırılması ilə əlaqədar dəfələrlə müraciət edilməsinə baxmayaraq hələ ki, nə "Sumqayıt Regional Elektrik Şəbəkəsi" MMC, nə də Şamaxı elektrik şəbəkəsi tərəfindən əməli tədbirlər görülməyib.

2011-ci ildə şəhər əhalisinin təbii qaz təminatının yaxşılaşdırılması və rayonun qazlaşdırılmamış kəndlərinə yeni qaz xətlərinin çəkilməsi istiqamətində əsaslı işlərin görülməsi davam etdirilib. Belə ki, şəhərdə diametri 225 mm-lik və diametri 315 mm-lik 13897 p/ m polietlen boru ilə dairəvi qaz kəməri çəkilib. Bundan əlavə, rayon mərkəzində 71 ədəd diametri 108 mm-lik çıxışlar verilərək hər birinə diametri 100 mm-lik siyirtmələr qoyulub. Şəhərin N.Nərimanov və S.Ə.Şirvani küçələrində diametri 105 mm-lik 3970 p/ m polietilen qaz kəməri çəkilib, 36 ədəd diametri 108 mm-lik çıxışlar verilərək siyirtmələr quraşdırılıb. İndi şəhərin Şirvan və Axundov küçələrindəki qaz xətləri dəyişdirilərək polietlen boru ilə əvəz olunur. Yeni il ərəfəsində Çuxuryurd qaz paylayıcı stansiyasından rayonun ən iri qəsəbəsi olan M.Ə.Sabir qəsəbəsinə təbii qaz xətti çəkilib, abonentlərin evlərində sayğaclar quraşdırılıb.

Ötən il Çuxuryurd AQRS-dən həmçinin Məlhəm, Əngəxaran, Cabanı, II Cabanı, II Çaylı və Həmyəli kəndlərinə yeni qaz xətləri çəkilib. Yaxın vaxtlarda Hacılı, Əhmədli, Qızmeydan kəndlərində qaz sayğaclarının quraşdırılması, Kələxana, Məlikçobanlı, Nüydi və Sabirli kəndlərində kənddaxili qaz xətlərinin çəkilməsi işləri tam başa çatdırılıb. Əhalini qış mövsümündə fasiləsiz təbii qazla təmin etmək məqsədilə bu yaxınlaradək şəhərin 102 küçəsi dairəvi xəttə qoşulmayıb. RİH başçısının tapşırığından sonra bu məsələ də öz həllini tapıb. Şəhər əhalisini fasiləsiz təbii qazla təmin etmək üçün rayon mərkəzinin 105 küçəsində yerləşən yeraltı qaz xətlərinin təcili yerin üstünə çıxarılması, rayonun bütün kəndlərinin qazlaşdırılması təmin olunmalıdır.

2011-ci ildə istehlak olunmuş elektrik enerjisinin, təbii qazın və suyun haqqının əhali tərəfindən ödənilməsi daim nəzarətdə saxlanılıb. Bu məqsədlə rayon icra hakimiyyəti başçısı yanında yaradılmış qərargahın ayda iki dəfə iclasları yaradılıb, bu sahədə görülmüş işlər və qarşıda duran vəzifələr operativ müzakirə olunub. Görülən tədbirlər nəticəsində ötən il rayon üzrə istehlak olunmuş elektrik enerjisinin haqqı 91,8 faizi, təbii qazın haqqı 90,3 faizi ödənilib.

Şamaxı Su-Kanal idarəsi mühüm xidmət sahəsi hesab olunur. Lakin uzun illər həmin idarənin rəhbərliyinə təsadüfi adamların seçilməsi, onun maddi-texniki bazasının möhkəmləndirilməsi üçün əsaslı işlərin görülməməsi bu sahədə çox ciddi problemlərin yaranmasına səbəb olmuşdur. Son vaxtlar rayon icra hakimiyyətinin köməkliyi ilə idarəyə bir ədəd "Belarus" markalı traktor, ekskavator və səyyar qaynaq aparatı verilib. Bunun nəticəsi olaraq ötən il müəyyən işlər görülüb. Belə ki, şəhəri içməli su ilə təmin edən Pirsaatçay nasos stansiyasında 1 ədəd elektrik mühərriki və 1 ədəd nasos quraşdırılıb. Pirsaat-Şamaxı su xəttinə baxış keçirilərək qüsurlar əsasən aradan qaldırılıb, Ağabəyli-Şamaxı su xətti təmir edilib, Əngəxaran kəndində və Sabir qəsəbəsində subartezian quyuları qazılıb. Lakin hələ də şəhərin su təminatında və mövcud kanalizasiya sistemində ciddi problemlər davam etməkdədir. Əhali vaxtlı-vaxtında içməli su ilə təmin edilmir. Ümumiyyətlə, şəhərin çox hissəsi su ilə təmin olunmur. Verilən suyun keyfiyyəti də aşağı səviyyədə olur, onun xlorlaşdırılması, su mənbələrinin və anbarlarının qorunması təmin edilmir. Kanalizasiya xətləri köhnə və yararsız olsa da, onun vaxtında təmizlənməməsi, təmir edilməməsi şəhərin çirklənməsinə və anti-sanitariya vəziyyətinin yaranmasına şərait yaradır.

Ötən il Şamaxıda əhaliyə göstərilən nəqliyyat, rabitə və poçt xidmətlərinin həcmi də artıb. Ötən il Heydər Əliyev Fondu tərəfindən rayona yenidən iki ədəd avtobus hədiyyə edilib və bu da əhaliyə göstərilən nəqliyyat xidmətinin yaxşılaşdırılmasına səbəb olub. 2011-ci ildə Şərədil və Böyük Xınıslı kəndlərində yeni elektron ATS-lər quraşdırılıb, şəhərin üç küçəsindəki hava rabitə xətləri yerin altına keçirilib, rayon üzrə yüksək sürətli internet istifadəçilərinin sayı 336 nəfərdən 931 nəfərə çatdırılıb. Lakin hazırda Şamaxı şəhərində, eləcə də Şəhriyar qəsəbəsində, Göylər, Çuxuryurd və Nağaraxana kəndlərində yeni internet xətlərinin quraşdırılması artıq imkan xaricindədir, həmin yaşayış ərazilərindəki şəbəkələrin genişləndirilməsinə ciddi ehtiyac var.

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşdirilən "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” layihəsi çərçivəsində çap olunub.

 

 

TərlanNəsirli

 

Bakı-Şamaxı-Bakı

 

(ardıvar)

 

Mövqe.- 2012.- 7 aprel.- S. 10.