Qobustanda sosial infrastruktur müasirləşir

 

Regionların sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində ötən illərdə Qobustan rayonunda əhalini narahat edən sosial məsələlərin həlli istiqamətində də müəyyən addımlar atılıb. Konkret olaraq 2011-ci ildə kommunal problemlərin həlli diqqət mərkəzində olub.

Rayonun elektrik təchizatının yaxşılaşdırılması məqsədilə 178 ədəd dayaq, 11,8 km məftil, 863 ədəd izolyator, 920 m kabel dəyişdirilib. 78 ədəd yağ açarı, 159 ədəd transformator məntəqəsi cari təmir olunub. 2200 m AS-50 markalı məftil, 70 ədəd dəmir-beton dayaq, 250 ədəd ŞF-10 tipli izolyatordan istifadə etməklə 10 kV-luq Qobustan şəhərinin elektrik hava xətti təmir olunub. 10 kV-luq Ərəbqədim, Çuxanlı, Yekəxana, Sündü, Sədəf, Poladlı, Nabur hava elektrik xətləri təmir olunub. Xilmilli kəndinə qaz xətti çəkilib, NaburSündü kəndlərində qazlaşdırma başa çatdırılıb.

Rayonun şəhər və kəndlərində içməli su təminatının yaxşılaşdırılması məqsədilə Qobustan şəhəri, Təsi, Bədəlli, Sədəfli, Dərəkənd, Ərəbqədim, Cəmcəmli, Göydərə kəndlərini içməli su ilə təmin edəcək Təsi su xəttinin çəkilişi davam edir. Layihə üzrə Bədəlli-Təsi xətti artıq istifadəyə verilib, həmin kəndlərin əhalisi içməli su ilə təmin edilib. Məcburi Köçkünlərin Sosial İnkişaf  Fondu tərəfindən 5,61 km məsafədən Xilmilli kəndinə içməli su xətti çəkilib. Rayonun Nabur, Qurbançı, Qaracüzlü, Ərəbşahverdi kəndlərinin içməli su ilə təminatı üçün aidiyyəti orqanlar qarşısında məsələ qaldırılıb. Bundan başqa, Qobustan şəhərində su təchizatı və kanalizasiya sisteminin yaradılması məqsədilə layihələndirmə işlərinə başlanılıb.

Rayonda yeni mədəniyyət obyektlərinin tikintisitarixi memarlıq abidələrinin bərpası sahəsində Qobustan şəhərində tarixi memarlıq abidəsi olan 1402-ci ildə inşa edilmiş "Diri Baba" türbəsinin mühafizə zonası müəyyənləşdirilib.  Rayonda idman obyektlərinin tikintisi üzrə I Dövlət Proqramı çərçivəsində Qobustan şəhərində möhtərəm prezidentimiz tərəfindən təməli qoyulmuş İdman Kompleksinin tikintisi davam etdirilib.

 Rayonda son səkkiz ildə bir sıra obyektlər tikilərək istifadəyə verilib. Heydər Əliyev İrsinin Araşdırma Mərkəzi yaradılıb, ulu öndərin adını daşıyan mədəniyyət və istirahət parkı salınıb. Rayon İcra Hakimiyyəti, YAP rayon təşkilatı, idarə və müəssisələr üçün 10 inzibati bina, sutkalıq istehsal gücü 22 ton olan çörək zavodu, asfalt zavodu, tikiş müəssisəsi, Qobustan şəhərində və Sündü kəndində müasir un dəyirmanları, Cəmcəmli və Bəklə kəndlərində daş karxanaları, əlil və şəhid ailələri üçün 8 və 16 mənzilli yaşayış binaları, Qarabağ əlilləri üçün 3 fərdi yaşayış evi, Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin Qobustan Eksperimental Poliqonu və Tədris Mərkəzi, Milli Elmlər Akademiyasının Seysmoloji Stansiyası, tutumu 10 min ton olan taxıl anbarı, Baytarlıq idarəsi və  diaqnostika Mərkəzi, 1 baytarlıq məntəqəsi, vergi ödəyicilərinə xidmət terminalı, Cəngi kəndində müasir yanacaqdoldurma məntəqəsi, inzibati mərkəzdə yeməkxana binası tikilərək istifadəyə verilib. Rayon statistika idarəsinin yeni inşa edilən inzibati binasında tikinti işləri tamamlanmaq üzrədir.

 Rayonun giriş qapısı olan Cəngi kəndinin kənarına gözəl memarlıq üslubunda daş hasar çəkilib. Ceyrankeçməz kəndində də yol kənarı köhnə uçuq tikililərdən təmizlənib, hasar çəkilib. Şəhərin "son" adlanan hissəsində müasir üslubda hasar çəkilib. Qobustan şəhərində bazar kompleksinin fəaliyyəti bərpa edilib. Rayonun kəndlərində xeyir-şər məclislərinin təşkil edilməsi üçün ilkin olaraq Sündü, Ərəbşahverdi və Poladlı kəndlərində xeyir-şər evlərinin tikintisinə başlanılıb.

 2003-2011-ci illərdə Qobustan rayonunda 2031-i daimi olmaqla, 9126 yeni yeri açılıb. Ötən səkkiz ildə əhalinin orta aylıq əməkhaqqı 6,1 dəfə, pul gəlirləri isə 3,7 dəfə artıb. 2010-cu ildə rayonun mədaxil planı 101 faiz icra olunduğu halda, 2011-ci ildə 102,1 faiz icra edilib. Belə ki, büdcənin mədaxil planı 2063000 min manat planlaşdırılıb, 2106222 manat icra edilib. 2011-ci ilin məxaric planı ümumilikdə 10940351 manat planlaşdırılıb, 10245035 manat ya 93,6 faiz icra olunub. Planın tam şəkildə icra olunmamasının səbəbi ümumdövlət xidmətləri bölməsi üzrə xərclərin 9,8 faiz, təhsil xərcləri bölməsi üzrə 8,4 faiz, mədəniyyət xərcləri üzrə 10 faiz, səhiyyə xərcləri üzrə 2,2 faiz, sosial-müdafiə sosial təminat xərcləri üzrə 65,5 faiz az olmasıdır.

Büdcənin mədaxil məxaric planı üzrə tam şəkildə təmin olunması bu sahədə çalışan şəxslərin daim nəzarətində olmalıdır. Rayonda sahibkarlara dövlət qayğısı günü-gündən artır. 2010-cu ildə rayonda 14 sahibkarlıq subyektinə 174,0 min manat kredit verildiyi halda, 2011-ci ildə 26 sahibkarlıq subyektinə 326 min manat kredit verilib.

Rayonda ümumi məhsul buraxılışı 2003-cü ilə nisbətən 2011-ci ildə 3,8 dəfə artaraq 64,1 milyon manata, sənaye məhsulunun həcmi 2,6 dəfə artaraq 722,6 min manata kənd təsərrüfatının ümumi məhsulu 2,9 dəfə artaraq 38,5 milyon manata çatıb. Bu dövrdə əsas kapitala yönəldilmiş vəsait 97 dəfə artaraq 22,4 milyon manat, o cümlədən tikinti quraşdırma işləri 10 dəfə artaraq 890 min manat təşkil edib. Ümumi məhsul buraxılışının tərkibində qeyri-dövlət bölməsinin xüsusi çəkisi 2011-ci ildə 71,5 faiz təşkil edib.

Rayon üzrə ümumilikdə 2236 nəfərə sosial müavinət, 302 ailəyə ünvanlı dövlət sosial yardımı verilir. 2010-cu ildə 138 nəfər aztəminatlı ailəyə 13652 manat ünvanlı dövlət sosial yardımı verildiyi halda, 2011-ci ildə 302 ailəyə 28889 manat ünvanlı dövlət sosial yardımı verilib. Orta aylıq pensiyanın məbləği 2011-ci ildə əvvəlki illə müqayisədə  33,7 faiz artaraq 133,14 manat təşkil edib. Hesabat dövründə pensiyalar tam şəkildə ödənilib. 5 nəfər əlilə pulsuz avtomobil verilib.

2012-ci ildə isə rayonda əlil şəhid ailələri üçün 36 yerlik yaşayış binasının, məhkumluqdan azad edilmiş şəxslər üçün 50 yerlik adaptasiya mərkəzinin tikintisi nəzərdə tutulur. İşaxtaran vətəndaşların işlə təmin olunması məqsədilə 17 iyun 2011-ci il tarixdə 17 dövlət, 2 qeyri-dövlət müəssisəsinin iştirakı ilə əmək yarmarkası keçirilib. Yarmarkaya ümumilikdə 19 müəssisədən 128 boş yeri çıxarılıb, 95 nəfər işlə təmin edilib. Hesabat dövründə 277 nəfər axtaran məşğulluq xidməti vasitəsi ilə işlə təmin olunub.

 Hazırda rayonun 16 yaşayış məntəqəsi təbii qazla təmin olunur. Xilmilli kəndində təbii qaz xətti şəbəkəsi yaradılaraq sayğaclaşma aparılsa da hələlik həmin kəndə təbii qazın verilməsi mümkün olmayıb. 2011-ci ildə Nabur kəndində qazlaşma tam başa çatdırılıb, abonentlər sayğacla təmin olunub. 2010-cu illə müqayisədə 2011-ci ildə əhali qrupu üzrə 310 nəfər əlavə olaraq təbii qazla təmin olunub.

2011-ci ildə rayona 11334, 8 min kub metr təbii qaz verilmiş dəyəri 111 faiz ödənilib. Eyni zamanda ümumi itkilər 2010-cu ilə nisbətən 10,2 faiz azalıb. Əhali üzrə ödəmə 108,2 faiz təşkil edib. Hesabat dövründə qaz sayğaclarına 70 ədəd müxtəlif müdaxilə halları aşkar edilib, 10355 manat cərimə hesablanıb.

Əhaliyə göstərilən rabitə xidməti sahəsində bir sıra işlər görülüb. Belə ki, 107 ədəd yeni telefon çəkilişi olub, 512 nömrəlik ATS quraşdırılıb. Lakin bu sahədə işlər çox zəif gedir. Şəhərin əksər hissələrində   rayonun demək olar ki, heç bir kəndində internet əlaqəsi mövcud deyildir. Rayonun kəndlərində telefon xətləri elektrik dirəklərindən keçir ki, bu da insanların həyatı üçün təhlükə yaradır.

Dövlət başçısının kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi rayonda da öz müsbət nəticəsini verib. 2010-cu ildə əkinçilərə 1618857 manat yardım verilib, 2011-ci ildə bu rəqəm 98530 manat artaraq 1717387 manata çatdırılıb. Bundan əlavə, əkinçilərə 1556 ton güzəştli qiymətlə gübrə verilib. 2011-ci ildə rayonda 40415 ton taxıl istehsal olunub bu da 2010-cu ilə nisbətən 13 min ton çoxdur. Adambaşına təxminən 1 tona yaxın taxıl istehsal olunub.

Rayonda aqrar sahənin inkişafında Qobustan Bölgə Təcrübə Stansiyası mühüm yer tutur. Stansiyada 2011-ci ildə 528 tondan çox taxıl istehsal olunub. Hektardan məhsuldarlıq 24 sentner təşkil edib bu da əvvəlki ildəkindən 3,5 sentner çoxdur. 2011-ci ildə Bölgə Təcrübə Stansiyasının fəaliyyəti ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib.

M.Hüseynzadə adına DKTİM MMC- 2011-ci ildə 250 ha buğda, 50 ha sahədə arpa əkinləri olunub. Müəssisədə 401,3 ton taxıl istehsal edilib. İstehsal olunan məhsulun 236,3 tonu - bezostaya I buğda sortu, 105 ton - Qobustan buğda sortu, 60 ton Cəlilabad - 19 arpa sortu olub. İstehsal olunmuş toxumlar taxılçılıqla məşğul olan sahibkarlara satılıb. Aparılmış məqsədyönlü işlər nəticəsində müəssisədə məhsuldarlıq əvvəlki ilə nisbətən 5,4 sentner çox olub.

Hesabat dövründə əkinçiliyin digər sahələrində artım müşahidə olunub. 2010-cu illə müqayisədə kartof istehsalı 294 ton, bostan məhsulları istehsalı 108 ton, tərəvəz istehsalı 163 ton, meyvə istehsalı 13 ton üzüm istehsalı 8 ton artıb. Dəmyə torpaqlarda üzümlüklərin salınması ilə əlaqədar rayon ərazisində 2000 hektara yaxın üzümlüklərin salınması planlaşdırılıb sahədə işlərə başlanılıb. 2011-ci ildə iribuynuzlu heyvanların baş sayı 457 baş artaraq 29070 başa, o cümlədən naxırda inəklərin baş sayı 41 baş artaraq 11133 başa çatıb. Xırdabuynuzlu heyvanların isə baş sayı 1045 baş artaraq 184893 baş təşkil edib. Quşların baş sayında da 716 baş artım olmaqla 71990 baş təşkil edib. Arı ailələrinin sayı 40 ailə artaraq 1217-ə çatıb. Hesabat ilində ət istehsalı 78 ton artaraq 5108 tona, süd istehsalı 222 ton artaraq 1552 tona, yun istehsalı 4,5 ton artaraq 337,5  tona, yumurta istehsalı 90 min ədəd artaraq 7200 min ədədə çatıb.

 

 

Tərlan Nəsirli

Bakı-Qobustan-Bakı

(ardı var)

 

Mövqe.- 2012.- 12 aprel.- S. 10.