İsmayıllıda
təhsil və səhiyyə sahəsində mühüm
nailiyyətlər əldə olunub
Azərbaycanda regionların inkişafına
qayğı siyasəti, sadəcə, sosial-iqtisadi sferanı əhatə
etmir, eyni zamanda, təhsil, mədəniyyət, səhiyyə
və digər sahələrdə də mühüm
infrastruktur layihələri həyata keçirilir. Son illərdə
respublikanın bütün regionlarında məktəb
tikintisi, təhsil müəssisələrinin əsaslı təmiri,
maddi bazanın möhkəmləndirilməsi, yeni
texnologiyalarla təminat, infrastruktur layihələrinin həyata
keçirilməsi, təhsilin dünya standartlarına
uyğunlaşdırılması sahəsində əsaslı
irəliləyişlər baş verib. Bunu İsmayıllı
rayonunun da nümunəsində aydın görmək
mümkündür.
Ölkənin davamlı iqtisadi inkişafı məktəb
tikintisi və məktəblərin təmirində yeni mərhələnin
başlanmasına səbəb olub. Müvafiq Dövlət
Proqramlarına əsasən və Heydər Əliyev Fondunun təşəbbüsü
ilə "Yeniləşən Azərbaycana yeni məktəb"
devizi altında son yeddi ildə İsmayıllıda 15 məktəb
tikilib istifadəyə verilib 25 məktəb isə əsaslı
təmir olunaraq, müasir avadanlıqlarla təchiz edilib. 640
şagird yerlik 33 əlavə sinif otağı, o cümlədən
Heydər Əliyev Fondunun vəsaiti hesabına 540 şagird
yerlik 3 kənd məktəbi inşa olunub. Hesabat ilində
Qaraqaya kəndində 180 şagird yerlik yeni məktəb
binası tikilib istifadəyə verilib. 39 məktəbdə və
2 uşaq bağçasının təmir işləri
aparılıb, beş məktəbdə qazanxana və istilik
sistemləri quraşdırılıb. "Azərbaycan
Respublikasında ümumtəhsil məktəblərinin
informasiya və kommunikasiya texnologiyaları ilə təminatı
Proqramı" da rayonda uğurla həyata keçirilib.
Rayonda "Xüsusi istedada malik uşaqların (gənclərin)
yaradıcılıq potensialının inkişafı üzrə
Dövlət Proqramı"nın (2006-2010-cu illər) yerinə
yetirilməsi istiqamətində məqsədyönlü
iş aparılıb, 2010-cu ildə rayonun istedadlı
şagirdləri xeyli uğurlu nəticələr əldə
ediblər. Fənn olimpiadalarının respublika mərhələsində
rayonun 7 nəfər şagirdi yüksək bilik nümayiş
etdirərək qalib olmuşdur. 3 nəfər şagird isə
istedadlı şagirdlərin respublika müsabiqəsinin
laureatı olub. Ümummilli lider Heydər Əliyevin anadan
olmasının 87-ci ildönümü münasibətilə
keçirilən inşa yazı müsabiqəsində
Cülyan kənd orta məktəbinin, Ümumdünya
Poçt İttifaqının təşkilatçılığı
ilə "Azəripoçt" tərəfindən inşa
yazı müsabiqəsində şəhər 1 saylı orta məktəbin,
Təhsil Nazirliyinin keçirdiyi "Erməni genosidi" rəsm
müsabiqəsində İsmayıllı kənd orta məktəbinin
şagirdləri qaliblər sırasında olublar.
Mərkəzləşdirilmiş şəkildə Təhsil
Nazirliyi tərəfindən aparılan buraxılış
imtahanlarında XI sinif şagirdlərinin 83 faizi bütün fənlərdən
müsbət qiymət alaraq orta məktəbi bitirmək
haqqında attestat alıblar. IX sinif buraxılış
imtahanları daha müvəffəqiyyətli olub, 93 faiz
şagird ümumi orta təhsili müvəffəqiyyətlə
bitirib. Bunlar respublika üzrə ən yüksək göstəricilərdir.
Ötən il ali məktəbə qəbul daha
sevindirici olub, 264 nəfər məzun tələbə
adını qazanıb. Bunlardan 17 nəfəri 600-dən
yuxarı, 50 nəfər isə 500-600 arasında bal
toplayıb. 3 nəfər məzun qəbul
imtahanlarındakı yüksək nəticələrinə
görə Prezident təqaüdünə layiq
görülüb.
Rayon müəllimləri "Ən yaxşı
ümumtəhsil məktəbi" və "Ən
yaxşı müəllim" müsabiqələrində də
uğurla iştirak ediblər. 2010-cu ildə şəhər 5
saylı, Mican, Cülyan və Təzəkənd tam orta məktəbləri
"İlin ən yaxşı məktəbi", Lahıc qəsəbə,
Cülyan və Qubaxəlilli kənd orta məktəblərinin
3 müəllimi isə "İlin ən yaxşı müəllimi"
müsabiqəsinin qalibi olublar. Müsabiqələrin
keçirildiyi 2007-2010-cu illərdə 10 məktəb "Ən
yaxşı ümumtəhsil məktəbi", 8 müəllim
isə "Ən yaxşı müəllim" adını
qazanıb.
Rayon məktəblərində tədrisin keyfiyyətinin
yüksəldilməsi üçün müasir təlim
metodlarından və qabaqcıl təcrübənin öyrənilməsində
beynəlxalq təşkilatların imkanlarından istifadə
edilir. "British Concil" layihəsində 6 nəfər
xarici dil müəllimi iştirak edib. Rayonda gənclərin
peşə təhsilinə də xüsusi əhəmiyyət
verilir. 2010-cu ildə otelçilik və turizm istiqamətli 480
yerlik Peşə Tədris Mərkəzinin tikilib istifadəyə
verilməsi bu sahənin inkişafında əhəmiyyətli
rol oynayıb. Mərkəz rayonda ehtiyac duyulan ixtisaslar üzrə
kadr hazırlamaqla inkişafa öz töhfəsini verir.
Son illərdə rayonda əhaliyə göstərilən
səhiyyə xidmətinin
yaxşılaşdırılması sahəsində son illər
xeyli iş görülüb, tədbirlər müəyyənləşdirilərək
həyata keçirilib. Bir sıra xəstəxana, kənd həkim
məntəqələri təmir edilib, təchizat
yaxşılaşdırılıb. İslahatların
aparılması ilə əlaqədar 2010-cu ildə rayonda səhiyyənin
maddi-texniki bazasının möhkəmləndirilməsi, kadr
təminatı, xəstələrə yüksək səviyyəli
tibbi xidmətlərin göstərilməsi üçün əlavə
tədbirlər müəyyənləşdirilərək həyata
keçirilib.
2010-cu ildə rayonda 125 nəfər həkim, 354 nəfər
orta tibb işçisi əhalinin
sağlamlığının keşiyində dayanıb. Əhalinin
hər 10 min nəfərinə 15,2 həkim, 46,6 nəfər
orta tibb işçisi və 29,4 çarpayı
düşür. 2010-cu ildə 1218 uşaq doğumu qeydə
alınıb və bu da keçən illə müqayisədə
32 nəfər çoxdur. 2009-2010-cu illər ərzində ana
ölümü hadisəsi qeydə alınmayıb, uşaq
ölümü respublika səviyyəsindən 3 dəfə
aşağı olub.
Uşaqlar arasında profilaktiki peyvəndlər
aparılıb, onlara göstərilən tibbi xidmətin səviyyəsi
yüksəldilib. Rayon Mərkəzi Xəstəxanasında
yaradılmış briqadalar hamilə qadınları
müayinədən keçirib, ehtiyacı olanlar müalicəyə
cəlb ediliblər. Görülmüş işlərin nəticəsidir
ki, son illər difteriya, polimelit, tetanus, qara yara, malyariya kimi
qorxulu xəstəliklər baş verməyib. Rayon gigiyena və
epidemiologiya mərkəzi tərəfindən
yaşayış məntəqələrində kompleks tədbirlər,
infeksiya ehtimalı olan mənbələrdə dezinfeksiya
işləri aparılıb.
Rayonda səhiyyə xidmətini daha da
yaxşılaşdırmaq üçün il ərzində
respublika və beynəlxalq səviyyəli tədbirlər
keçirilib, monitorinqlər aparılıb. Ötən il
Respublika Səhiyyə Nazirliyi tərəfindən Mərkəzi
Xəstəxanaya "Medison" firmasının üç
ölçülü rəngli dopler müayinəsi aparan ən
müasir ultrasəs müayinə aparatı və göz xəstəliklərini
müayinə etmək üçün aparat verilib. Doğum,
cərrahiyyə, yoluxucu xəstəliklər və poliklinika
şöbələrində geniş təmir və yenidən
qurma işləri aparılıb. Mərkəzi xəstəxananın
istilik sistemi yenidən qurulub. Lahıc qəsəbə,
İvanovka kənd xəstəxanaları, Tircan və
Topçu kənd həkim məntəqələri
üçün yeni binaların tikilməsi
planlaşdırılıb.
2010-cu ildə rayon Mərkəzi Xəstəxanasına
verilmiş müasir reanimasiya və təcili yardım
maşınları İsmayıllı sakinlərinin sosial həyatına,
sağlamlığının qorunmasına etibarlı təminat
yaradıb.
"Azərbaycan Respublikası regionlarının
2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı
Dövlət Proqramı"nda İsmayıllı rayonu ərazisində
mədəniyyət obyektlərinin əsaslı təmiri,
tikintisi, tarixi-mədəniyyət abidələrinin bərpası
və konservasiyası nəzərdə tutulub. Dövlət
Proqramının icrasının iki ili ərzində rayonun mədəni-maarif
müəssisələrində müəyyən işlər
görülüb, maddi-texniki bazasının möhkəmləndirilməsi,
mədəni irsimizin qorunub saxlanması, tarixi abidələrimizin
mühafizəsi və bərpası sahəsində tədbirlər
müəyyənləşdirilərək həyata
keçirilib. Rayonda 13 mədəniyyət evi, 24 klub, 60
kitabxana, 1 uşaq-incəsənət məktəbi, Lahıc və
Basqal Tarix-mədəniyyət qoruqları, İsmayıllı
və Lahıc tarix-diyarşünaslıq muzeyləri, Heydər
Əliyev Mərkəzi fəaliyyət göstərir. Mədəniyyət
müəssisələrində 419 nəfər işçi
çalışır.
Hesabat ilində Heydər Əliyev Mərkəzində,
Mərkəzləşdirilmiş Kitabxana Sisteminin inzibati
binasında, uşaq kitabxanasında, uşaq-incəsənət
məktəbində, Soltankənd, Kürdmaşı kənd
kitabxanalarında, Kürdmaşı, Basqal mədəniyyət
evlərində, Lahıc tarix-diyarşünaslıq muzeyində,
38800 manat əsaslı, 27300 manat cari təmir işləri
aparılıb. 2010-cu ildə 29100 manatlıq
inventar-avadanlıq, musiqi alətləri, 10 kompüter dəsti
alınaraq mədəni-maarif müəssisələrinə
paylanılıb.
Əhaliyə mədəni xidmətin
yaxşılaşdırılması, istedadlı gənclərin
üzə çıxarılması və onların
yaradıcılıq qabiliyyətinin inkişaf etdirilməsi
sahəsində xeyli iş görülüb, rayon incəsənət
məktəbi müəllimləri və şagirdlərinin, mədəniyyət
evləri bədii-özfəaliyyət kollektivlərinin
konsertləri təşkil olunub. Mədəniyyət və
Turizm Nazirliyinin, digər təşkilatların keçirdiyi
müsabiqə və festivallarda istedadlı gənclər
uğurla çıxış ediblər.
Dövlət tədbirlərinin, tarixi hadisələrin,
əlamətdar günlərin, milli bayramların, yubiley tədbirlərinin,
görkəmli adamlar, şair və yazıçılarla
görüşlərin təşkili və keçirilməsində
rayon mədəniyyət və turizm şöbəsi
yaxından iştirak edib, tədbirlərin yüksək səviyyədə
keçirilməsinə nail olub. İsmayıllıda
yaşayan azsaylı xalqların, etnik qrupların-ləzgi, tat,
malakan, hapıt və başqalarının mədəni dəyərlərinin
inkişafına, onların qorunub saxlanmasına lazımi
köməklik göstərilir, yardımlar edilib. Respublika və
rayon tədbirlərində onların folklor qruplarının
çıxışları təşkil olunub.
Rayonda Mərkəzləşdirilmiş Kitabxana
Sisteminin inkişafı, yeni elektron vasitələrlə təmini
istiqamətində əsaslı işlər aparılıb.
Kitabxanada 404.160 nüsxə ədəbiyyat vardır ki, onun da
70633 nüsxəsi ölkə başçısının
müvafiq sərəncamları ilə çap olunmuş və
kitabxanalara hədiyyə edilmiş kitablardır. Təkcə
2010-cu ildə kitabxanaya 486 ədəd kitab hədiyyə
edilib.
İsmayıllı və Lahıc
tarix-diyarşünaslıq muzeylərində 3773 eksponat
toplanıb. "Azərbaycan Respublikasında 2010-2014-cü illərdə
turizmin inkişafına dair Dövlət Proqramı"nın
təsdiq edilməsi haqqında Sərəncamla 2011-ci ili
"Turizm ili" elan edilməsi bu sahənin inkişafında
yeni, daha məhsuldar mərhələnin
başlanğıcı olub. İsmayıllı öz
füsunkar gözəlliyi, təbiəti, flora və
faunası, tarixi abidələri ilə zəngin olan bölgədir.
2009-cu ildə İsmayıllıya 15 min, 2010-cu ildə isə
25 mindən yuxarı turist gəlib. Rayonda 30 ölkə əhəmiyyətli,
203 yerli əhəmiyyətli tarixi abidə var. Lahıc, Basqal
canlı tarixi muzeydir.
Tərlan Nəsirli
Bakı-İsmayıllı-Bakı
(ardı var)
Mövqe.- 2012.- 21 aprel.- S.10.