Hacıqabulun tarixi abidələri turistlərin böyük marağına səbəb olur

 

Hacıqabul rayonunun tarixi mədəniyyət abidələri sırasında karvansaraylar mühüm yer tutur. Orta əsrlərdə karvansaraylar Böyük İpək Yolunda mühüm əhəmiyyət kəsb edən dayanacaqlar, məntəqələr idi. Karvansaraylar, adətən, karvansaralar tərəfindən idarə olunurdu. Burada pul dəyişilir, atlara yem verilir, bəzən yeni at əldə edilir, tacirlər və digərləri üçün gecələməyə müvəqqəti yer verilirdi. Karvansaraylar bir at mənzilində inşa olunurdu. Orta əsrlərdə sufi dərvişlərinin əsas məskənlərindən biri də karvansaraylar idi.

Hacıqabul rayonu ərazisində bizə məlum olan əsas karvansaray orta əsrlərdə Şah Abbasın canişini tərəfindən Hacıqabul gölünün şərq sahilində Həcc ziyarətinə gedən zəvvarlar üçün inşa edilib. Burada digər karvansaray isə Fars körfəzi əraziləri və başqa yerlərlə alver edən tacirlər üçün tikilib. Hacıqabul 4 yol ayrıcında olduğu üçün Azərbaycanın hər yerindən zəvvarlar bu karvansaraya yığılaraq, həcc ziyarətinə yola düşərdilər. Həcc ziyarətindən sonra mübarəkdarlıqla qarşılanar və "Həccin qəbul" deyərlərmiş. Elə rayonun adı da bu sözlərdən formalaşaraq Hacıqabul şəklinə düşüb.

1938-ci ildə rus rəssamı Seblıgin tərəfindən akvareldə çəkilən karvansarayın şəkli Azərbaycan Tarixi muzeyində saxlanılır. O, zaman çox hissəsi salamat olan karvansaray sonralar əhali tərəfindən baxımsızlıq üzündən sökülərək məhv edilib. Axırıncı 4 sıra daşı 1992-ci ilə sökülərək Şirvan şəhərinə aparılıb. II karvansaray isə Atbulaq kəndi ərazisində Pirsaat çayı boyunda, karvan yolu üzərində yerləşir və Şah Abbas karvansarayı adlanırdı. Elə həmin karvansaray da sonralar yerlə-yeksan edilmişdi.

Nəhayət, dövrümüzə qalıqları arxeoloji qazıntılar nəticəsində gəlib çatan Pir Hüseyn Xanəgahı Tarix-Memarlıq Qoruğu ərazisindəki karvansaraydır. Bu karvansaray, əsasən, ziyarətə gələn zəvvarlar və dərvişlər, müridlər üçün inşa edilmişdi. Karvansarayın bünövrəsi öz əzəməti ilə baxanları heyran edir.

Hacıqabul rayon ərazisi qədim qəbiristanlıqlar və kurqanlarla da zəngindir. Ən qədim-antik qəbiristanlıqlar rayonun Udulu adlanan ərazisindədir. Burada torpaq, daş qutu - katokomba, küp qəbirlər, tunc dövrünə aid kurqanlar mövcuddur. Ərazidə Xəzər tayfa başçılarının, alan tayfa başçılarının qəbirlərinin olması bu yaşayış yerinin necə strateji əhəmiyyətə malik olduğunu göstərir.

Qəbiristanlıqda ilkin müsəlman dövrlərinə aid nəhəng sal qayalardan salınmış "Şəhid daşları" (çox heyif ki, nadanlar tərəfindən dağıdılmışdır) mövcud olub. Orta əsrlərə aid zəngin qəbiristanlıqların olması burada yaşayışın gur olduğunu göstərir. Xüsusilə kurqanlardan qazıntı zamanı tapılan əşyalar çox mətləblərdən xəbər verir. Buradan II əsrə aid toxucu dəzgahı, şərab küpləri, süddanlar, küplər, müxtəlif dulusçuluq materialları və silah növləri həm yüksək inkişaf etmiş sənətkarlıqdan, maldarlıq, üzümçülük və taxılçılıqdan xəbər verir.

Tava kəndi ərazisində də orta əsrlərə aid qəbristanlıq mövcuddur. Cəngən kəndi ərazisində olan qədim qəbiristanlıqdan bir möhtəşəm qəbir və sərdabə qalıb. Qalanlarını isə yerli əhali məhv edib. Müxtəlif dövrləri əhatə edən yazılı, şəkilli abidələri olan Kolanı qəbiristanlığı da ilkin orta əsrlərdən son orta əsrlərə qədər qəbirlərlə zəngindir. Sinə daşları üstündə hər kəsənin məşğul olduğu sənət növünə aid şəkillər mövcuddur.

Pir Hüseyn Xanəgahı ərazisində yerləşən XI-XIII əsrlərə aid çox əhəmiyyəti olan qəbiristanlıq mövcuddur. Digər ərazilərdə - Qubalı-Baloğlan, Rəncbər, Navahi, Abdulyan, Talış, Xilə Mirzəli, Hacıqabul el qəbiristanlığı, Qızılburun, Atbulaq, Muğan qəbiristanlıqlarının tədqiqata dərin ehtiyacı var.

Rəncbər kəndinin qədim yaşayış yerlərində kurqanlar mövcuddur. Kurqan nişanələrinə Atbulaq yaşayış yerində də rast gəlmək olar. Bundan başqa, rayon ərazisindəki ovdanlar da bura səfərə gələnlərdə böyük maraq doğurur. Ovdanlar Böyük İpək yolu üzərində yerləşən əlverişli su mənbələridir. Qədimdə əhali kəhrizlərdən, çaylardan, kanallardan və ovdanlardan istifadə edirdi. Hacıqabul ərazisindəki ovdanlardan şəhərin qaz kompressor stansiyası yaxınlığında, Hərami dağının şərq ətəyində yerləşən ovdan çox maraqlıdır. Dağ ətəyində yerləşən, külbələri olan, XVII əsrə aid olan ovdanın hündürlüyü 3 metrdir. Ümumiyyətlə, mövcud olan bütün ovdanlar bu həcmdədir. Ovdanın giriş qapısı üstündə 5531 rəqəmi və sözü yazılıb. "Yasin ibn Həsən" sözü cızma üsulu ilə daş üzərində həkk edilib.

Digər iki ovdan el qəbiristanlığında (Xilə qəbiristanlığı) yerləşir. Biri Zül füqar, digəri isə Kəblə Əhməd ovdanıdır. Muğan qəsəbəsinin arxa hissəsində yerləşən Cəyirli qəbiristanlığındakı ovdan da çox maraqlıdır. Burada heyvanlar üçün daş yalaqlar da mövcuddur. Hərami dağının Cənub ətəklərində olan İskəndər ovdanının yerüstü hissəsi dağıdılıb. Hacıqabul karvansarayının və Atbulaq karvansarayının ərazisində olan ovdanlar dağılıb. Ərazidə ehtimal edilən digər ovdanlar və su quyuları haqqında əhali arasında müəyyən xatirələr mövcuddur.

Rayon ərazisində həm də çox maraqlı hamamlar mövcud olub. Navahı kəndində olan Kəlbə Rza hamamı da artıq dağıdılıb. Rəncbər kəndində olan, 1902-ci ildə inşa edilən Hacı Həşim hamamı indiyədək qorunub saxdanılıb. Abşeron hamamları formasındakı hamam gözəl memarlıq üslubuna malik, az miqdarda odunla qızan, carhovuzu olan gözəl istirahət yeridir. Həftənin müəyyən günündə kişilər, müəyyən günlərində isə qadınlara aid edilirdi.

Rayon ərazisindəki qalalar yurdumuzun keçmişindən xəbər verən möhtəşəm sənət əsərləridir. Hacıqabul ərazisində olan siklopik tikililər, qalalar unikal memarlıq incisidir. Bütün daşlar boz-yaşıl rəngli əhəngli struktura malikdir. Bu dayanacağın əvvəllər məlum olmuş, Azərbaycan ərazisində tapılmış tikililərdən sairdən fərqi, orijinallığı ondan ibarətdir ki, tapılmış abidənin daşları bir-birilə xırda balıqqulağı qarışdırılmış gil məhlulu ilə bağlanıb. Tapılmış rəsmlərin özünəməxsusluğu, səmimiliyi, emosional obrazlılığı, təkrarolunmaz plastika səlisliyi və lokal xüsusiyyətləri bu dayanacağın insanlarının bədii təfəkkürünün inkişafının mühüm mərhələsi haqqında məlumat verir.

Hacıqabulda "Yurd" dayanacağının qayaüstü təsvirləri eneolit və bürünc dövrləri Azərbaycan təsviri sənətində daha bir kəşfdir. Qalaməddin qalası hündür dağ zirvəsində yerləşir. İkiqat qala divarları ilə əhatə edilib. Daşdan hörülmüş qala divarları dağ zirvəsini əhatələyir. Qala divarlarının bir hissəsi yaxşı qalıb. Birinci qala divarının eni 3 metrdir. Divar qalıqlarının hündürlüyü 120-145 sm-dir. Birinci qala divarlarına paralel şəkildə çəkilmiş 2-ci divarların əsas hissəsi torpaq altında olduğundan, yerüstü əlamətləri tam izlənilmir. Qalanın plan və quruluşunu, yaranma tarixini aydınlaşdırmaq üçün burada arxeoloji qazıntı işləri aparmaq zəruridir.

Hazırkı neft yatağının adı məhz "Qalaməddin" qalasının adından götürülüb. "Güngörməz" qalası (Müdafiə istehkamları) hündür dağın zirvəsində salınmış qalanın qərb tərəfi keçilməz sıldırım qayalıqlarla əhatələnib. Digər istiqamətlərdə enli qala divarları çəkilib. Daşdan tikilmiş qala divarlarının eni 3 m-dir.

"Güngörməz" qalası daxilində əlavə qala divarları çəkilib və burada narınqala tikilib. Qala divarlarının aşağı hissəsi nəhəng sal daşlarından tikilib. Sal daşlar 2 cərgə düzülüb. Birinci cərgədə qoşa sal daşlar, ikincidə isə 1 sıra daş düzülüb. Tikinti siklopik qalaları xatırladır. Görünür, "Güngörməz" qalası tikilməzdən əvvəl bu ərazidə siklopik qala mövcud olmuşdur. "Güngörməz" qalası tikilərkən siklopik tikinti qalığından da istifadə edilib.

Qalanın içərisində xeyli miqdarda sal daşlar var. Daşların üzərində 40-50 sm dərinliyində kvadrat, dairəvi və ellipsvari formalı çala qazılıb. Onların diametrləri 40-65 sm-dir.Yağış suyunu qayanın digər istiqamətlərindən çalaya axıtmaq üçün 3-4 sm dərinliyində xətlər qazılıb. "Güngörməz" qalasından xeyli miqdarda şirsiz qab sınıqları aşkar edilib. Arxeoloji qazıntılar qala haqqında zəngin məlumatlar verir.

Ümumiyyətlə, ərazi 70 hektar sahəni əhatə edir. Narınqala, şəhristan, rabatdan ibarətdir. Tunc dövründən başlayıb, XII-XV əsrlərə qədər həyat davam edib. Pir Hüseyn Xanəgahı Tarix-Memarlıq kompleksi Abşeron qalaları tipində inşa olunub. Qala divarları 1244-cü ildə Şirvanşah Fərubruzun vaxtında vəzirin pulu ilə inşa edilib. Axırıncı təmir işi XV əsrdə Şirvanşah I Xəlilullah tərəfindən aparılıb.

Nadir Şahın ölümündən sonra Azərbaycan xanlıqlara parçalanıb. Həmin dövrdə Hacıqabul ərazisi Şamaxı xanlığının tərkibində olub. Rus işğalından sonra bu ərazi Şamaxı quberniyasının, zəlzələdən sonra Bakı quberniyasının Şamaxı qəzasının tərkibinə daxil edilib. Bakı-Tiflis dəmir yolu çəkiləndən sonra (1881-1883) Hacıqabul dəmiryol qovşağı mühüm əhəmiyyət kəsb etməyə başlayıb. Həmin dövrdə çox gözəl memarlıq abidəsi olan dəmiryol vağzalı, dəmiryol yaşayış binaları, dəmiryoluna aid inzibati binalar, dəmir yol məktəbi, Nobelin neft vurma məntəqəsi (1904) çörək kombinatı, su qüllələri, balıq vətəqəsi və sair inşa edilib.

Ümumiyyətlə, Atbulaq-Qızılburun kəndlərində təxminən 12-yə yaxın Pir mövcuddur. Bunlardan Qara Kosa Piri, Yulğunlu Pir, Azutlu Piri, Yel Piri, Dədə Qəddar piri, Sarı pir, Çoban piri, Maqsudalı piri, Hacı piri, Qara Seyid Piri xüsusilə məşhurdur. Hacıqabul pirləri qədim astral dinlərlə (səbaizm) atəşpərəstlik (zoroastrizm) xristianlıq və islamla bağlı bir sıra əlamətləri özlərində hələ də saxlayırlar. Bu pirlər uzun əsrlər əhalinin inanc, ümid yeri olub.

Bütün bunlar göstərir ki, Hacıqabul Azərbaycanın ən qədim yaşayış məskənlərindən biridir. Buradakı qədim tarixi abidələr rayona səfər edən qonaqların və turistlərin də diqqətini cəlb edir.

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşdirilən "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" layihəsi çərçivəsində çap olunub.

 

 

Tərlan Nəsirli,

Bakı-Hacıqabul-Bakı

 

Mövqe.- 2012.- 1 fevral.- S.10.