Şirvan şəhər məktəbləri təhsildə
uğurlu nəticələrə imza atıblar
Hökumətin
dəqiq inkişaf konsepsiyası əsasında
həyata keçirdiyi tədbirlər son illərdə bölgələrin sürətli
tərəqqisini təmin etməklə yanaşı, təhsil
infrastrukturunun müasirləşdirilməsinə
də yaxşı imkanlar açıb. "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət
Proqramı" (2004-2008) bu sahədə
qarşıya qoyulmuş bir
çox planların
reallaşdırılması baxımından müstəsna əhəmiyyət
daşımaqla yanaşı, milli təhsilimizin
inkişafı istiqamətində çoxşaxəli tədbirlərin
nəzərdə tutulduğu tarixi sənəddir.
Dövlət
Proqramında bir sıra fundamental məsələlərlə
yanaşı, məktəblərdə əsaslı təmir və
yenidənqurma işlərinin aparılması, habelə yeni məktəblərin
tikintisi məsələlərinə də xüsusi yer
ayrılıb. Şübhəsiz, ibtidai və orta təhsilin
səviyyəsinin yüksəldilməsi, ilk növbədə,
müəllim və şagirdlər üçün
yaradılmış maddi-texniki imkanlardan asılıdır.
Keçmiş sovetlər birliyi dövründə inşa
edilmiş məktəblər hazırkı tələblərə
cavab vermədiyindən, ən müasir infrastruktura, tədris
imkanlarına malik müasir tipli məktəblərin tikilərək
istifadəyə verilməsi olduqca vacibdir.
Regionların
sosial-iqtsadi inkişafı Dövlət Proqramının qəbulundan
ötən beş il ərzində - 2004-2008-ci illərdə
1600 yeni təhsil müəssisəsi və ayrı-ayrı təhsil
müəssisələri üçün əlavə
korpuslar tikilib istifadəyə verilib. Regionlarda 636 yeni məktəb
tikilib, 192 məktəb əsaslı təmir olunub,
ayrı-ayrı məktəblərdə 243 yeni sinif
otağı tikilib istifadəyə verilib.
"Azərbaycan
Respublikası regionlarının 2009-2013-cü illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı"
çərçivəsində də son illər yeni məktəb
binaları, əlavə korpuslar tikilib, onların maddi-texniki
bazası möhkəmləndirilib. Bunu konkret olaraq Şirvan
şəhərinin təhsil sahəsində
qazandığı uğurlar fonunda aydın görmək
mümkündür. Şəhər Təhsil Şöbəsi
təhsil sahəsində dövlət siyasətinin əsas
prinsiplərinin yerinə yetirilməsi, təhsilverənlərin
fasiləsiz təhsillə təmini, fənn
kurrikulumlarının və yeni qiymətləndirmə
qaydalarının tətbiqi istiqamətində sistemli və
ardıcıl iş aparıb.
2009-2010-cu
dərs ili ərzində məktəblərin fənn
olimpiadaları aparılıb. Habelə IX və XI siniflərdə
buraxılış imtahanlarının aparılması ilə
bağlı ümumtəhsil məktəblərində valideyn
və şagirdlərin, həmin siniflərin rəhbərləri,
orada dərs deyən fənn müəllimləri ilə
görüşlər keçirilib, sınaq imtahanları
aparılıb. "Ümumtəhsil məktəblərində
məktəbdaxili qiymətləndirmə
Qaydaları"nın təsdiqi ilə bağlı məktəb
rəhbərləri, eləcə də I-II sinif müəllimlərinin
hesabatı dinlənilib, Kurrikulum Mərkəzinə bu barədə
məlumat verilib. Sağlamlıq imkanı məhdud şəxslərin
təhsilə cəlbi təmin olunub. Xüsusi istedada malik
şagirdlərin aşkara çıxarılması məsələsi
də nəzarətdə saxlanılıb.
2009-2010-cu
dərs ilinin əvvəlində "UM-1" hesabatı
üzrə şəhər ümumtəhsil məktəblərində
təhsilə 11897 nəfər şagird cəlb edilib. Dərs
ilinin əvvəlində şəhərin ümumtəhsil məktəblərində,
o cümlədən I siniflərdə fənn
kurrikulumlarının tətbiqi ilə bağlı
açıq dərslərin və məşğələlərin
cədvəli tərtib edilib. Təhsil Şöbəsinin nəzarəti
altında həmin dərslərin keçirilməsi təmin
olunub. Açıq dərslər keçirilərkən
müasir dərsə verilən təlim və metodları tətbiq
etməyi bacaran qabaqcıl və bilikli müəllimlərin təcrübəsindən
istifadə olunub. Təhsil Nazirliyinin 01 may 2010-cu il tarixli
Kollegiya iclasında metodiki xidmətin şəhər təhsilində
təşkili yüksək qiymətləndirilib.
Təlimin
keyfiyyətinin yüksəldilməsi ilə bağlı IX və
X sinif şagirdləri arasında Şirvan Şəhər Təhsil
Şöbəsi tərəfindən sınaq imtahanları
aparılıb. Bundan başqa, 13, 14 mart 2010-cu ildə Təhsil
Nazirliyinin apardığı yoxlama imtahanında məktəb
şagirdləri müvafiq olaraq 72,69 və 58 faizlik nəticə
göstəriblər. Və bu da respublika üzrə
yaxşı göstəricilərdən biri olub.
Azərbaycan
Respublikası Prezidentinin 17 aprel 2006-cı il tarixli, 1414
saylı sərəncamı ilə təsdiq olunmuş
"Xüsusi istedada malik olan uşaqların
yaradıcılıq potensialının inkişafı üzrə
(2006-2010-cu illər) Dövlət Proqramı"nın
icrası ilə bağlı Təhsil Şöbəsi
2009-2010-cu illərdə müvafiq tədbirlər planı
hazırlayıb və icrasını həyata keçirib. Fənn
olimpiadalarının məktəb və şəhər mərhələləri
keçirilib, qalib gəlmiş 10 şagird respublika turunda
iştirak edib. Onlardan 7 nəfəri III, 5 nəfəri isə
IV yerləri tutublar. Fənn olimpiadasının nəticələrinə
həsr olunmuş kollegiya qərarına əsasən, təhsil
nazirinin 24 iyun 2010-cu il tarixli əmri ilə şəhər məktəblilərinin
yüksək uğurları qeyd edilib.
Ümummilli
lider Heydər Əliyevin anadan olmasının 87-ci
ildönümü münasibətilə Təhsil Şöbəsi
və ümumtəhsil məktəbləri, eləcə də
məktəbəqədər və məktəbdənkənar
tərbiyə müəssisələri Heydər Əliyev məktəblilərin
gözü ilə" mövzusunda inşa, habelə
"Müstəqil Azərbaycan və Heydər Əliyev"
mövzusunda rəsm müsabiqələri təşkil olunub. İnşa
müsabiqəsinin respublika mərhələsində 9 nömrəli
orta məktəbin IX sinif şagirdi Qasımzadə Pəri
Qabil qızı III yeri tutub.
2009-2010-cu
dərs ilinin sonunda Təhsil Nazirliyi tərəfindən IX və
XI siniflərdə mərkəzləşdirilmiş qaydada
buraxılış imtahanları keçirilib. Dərs ilinin
sonunda XI siniflərdə 807 şagird təhsil alıb, onlardan
59 nəfəri müxtəlif səbəblərdən
imtahanlara buraxılmayıb. 2 nəfər xəstəliyi ilə
əlaqədar azad edilib, 746 nəfər imtahan verib. Onlardan 703
nəfəri iştirak edib və 635 nəfər müvəffəq
qiymət alıb. Yekun qiymətlərin nəticələrinə
əsasən, 3 nəfər fərqlənmə attestatına
layiq görülüb. Şəhər şagirdlərinin
müvəffəqiyyəti 90,3 faiz təşkil edib.
IX siniflərdə
isə 1350 nəfər təhsil alıb, onlardan 1314 nəfəri
imtahan verib, 1125 nəfəri müvəffəq qiymət
alıb. Ümumilikdə, müvəffəqiyyət 90,6 faiz təşkil
edib və bu göstərici respublika üzrə ən
yaxşı nəticələrdən sayılır.
Şirvan
üçün daha bir əlamətdar hadisə şəhərin
üç məktəbinin "İlin ən yaxşı
ümumtəhsil məktəbi" adını qazanması
olub. Ölkə başçısı İlham Əlyevin sərəncamı
ilə şəhər 9, 11 və 18 saylı orta məktəblər
bu müsabiqənin qalibi elan edilib və onlara 10 min manat
mükafat verilib. 2010-2011-ci dərs ilində şəhər 1
saylı orta məktəbdə istedadlı şagirdlər
üçün lisey siniflərin açılması da əlamətdar
hadisələrdən biri olub. Həmin məktəbdə dərslər
V sinifdən aparılır, şagirdlər müsabiqə və
ya imtahan yolu ilə qəbul olunurlar.
2010-cu ildə
Şirvan şəhərində orta məktəbləri bitirən
635 şagirddən 492 nəfəri ali və orta ixtisas məktəblərinə
qəbul olunmaq üçün sənəd verib və bu da məzunların
77,5 faizini təşkil edir. I, II,
III və IV qruplara qəbul prosesində 4 nəfər 600-dan artıq
bal toplayıb.
2011-ci ildə şəhərin təhsil müəssisələrində
12 min manatlıq əsaslı
təmir işi aparılıb. Bundan başqa, 10341 manatlıq
yumşaq, 57891 manatlıq
bərk inventar alınıb. Dərs ilinin
əvvəlində şəhərin
ümumtəhsil məktəblərində
fənn kurrikulumunun tətbiqi ilə əlaqədar açıq
dərs və məşğələlərin keçirilməsi təmin
edilib. Açıq dərslər keçirilərkən
müasir dərs verməyi və metodları tətbiq etməyi bacaran qabaqcıl, habelə bilikli müəllimlərin
təcrübəsindən istifadə
edilib. Onlardan 4 saylı məktəbin müəllimi Sevda Cəfərovanın, 11 saylı
orta məktəbin müəllimi Şəfiqə
Musayevanın, 16 saylı
məktəbin müəllimi
Təbriz Həsənov
və başqalarının
dərslərini xüsusi
qeyd etmək olar.
Fənn kurrikulumlarının
tətbiqi nəticəsində
2010-cu ilin dekabrında
15 nəfər rəhbər
işçi fənn kurrikulumlarına cəlb edilib. Bundan başqa, təlimin keyfiyyətinin yüksəldilməsi
ilə bağlı IX
və XI sinif şagirdləri arasında
sınaq imtahanları
keçirilib. 20 fevral 2011-ci ildə Təhsil Nazirliyinin keçirdiyi yoxlama imtahanında iştirak edən IX və XI sinif şagirdləri yüksək nəticə
göstəriblər. Eyni zamanda, məktəblilərin
fənn olimpiadalarının
respublika turunda iştirak edən şagirdlərdən 5 nəfəri
yüksək mükafata
layiq görülüb.
Hər il
ənənəvi olaraq
keçirilən Ətraf
Mühitin Mühafizəsi
Beynəlxalq "İNEPO" olimpiadasında Şirvan şəhər məktəbliləri
2 gümüş medal qazanıblar.
Fövqəladə Hallar
Nazirliyinin dəstəyi
ilə ümumtəhsil
məktəblərinin şagirdləri
arasında keçirilən
"Fövqəladə hallar
şagirdlərin gözü
ilə" mövzusunda
müsabiqənin respublika
mərhələsində isə
3 və 4 saylı orta məktəblərin şagirdləri uğur qazanıblar.
Beynəlxalq Türkcə olimpiadasının Azərbaycan
finalında 3 şagird
qalib olaraq Türkiyə finalına düşüb. Onlardan Şirvan şəhər
9 saylı tam orta məktəbin VII sinif şagirdi Saniyə Mirzəyevə gümüş
medal qazanıb.
Dərs ilində həmçinin, məktəblilərin
vətənpərvərlik ruhunda yetişdirilməsi istiqamətində də tədbirlər görülüb. Belə ki, bütün məktəblərdə "Cəsurlar"
və "Şahin"
oyunları keçirilib,
hər iki oyunlar üzrə şəhər turunun qalibi - 16 saylı orta məktəbin komandası "Şahin"
hərbi idman oyunları üzrə Hacıqabul şəhərində
keçirilən yarışmaya
qatılıb və I
yeri tutub.
"Təhsil" Məktəbinin
Boks üzrə respublika birinciliyində Uşaq Gənclər İdman Məktəbinin yetirmələrindən (fevral
-2011) 2 nəfəri I, 2 nəfəri
II, 1 nəfəri III yeri
tutub və final yarışında 4 modelçilik
üzrə I yerə çıxıblar.
2011-ci ildə
ali və
orta ixtisas məktəblərinə qəbul
imtahanı zamanı
200-dən artıq tələbə
adını qazanıb.
Onlardan 20 nəfəri
600-dən yuxarı bal
toplayıb və prezident təqaüdünə
layiq görülüblər.
(ardı var)
Tərlan Nəsirli Bakı-Şirvan-Bakı,
Mövqe.- 2012.- 10 fevral.- S. 10.