Şirvan səhiyyəsi yeni inkişaf yolunda

 

Müasir dövrün tələblərinə cavab verən səhiyyə sisteminin yaradılması son illər Azərbaycanda ardıcıl şəkildə həyata keçirilən sosial yönümlü islahatların başlıca hədəfinə çevrilməklə, hər bir ölkə vətəndaşının konstitusion hüquqlarının etibarlı təminatına xidmət edir. Səhiyyə ümumən ölkənin, xalqın müqəddəratı, milli genefondu ilə bağlı strateji sahə olduğundan, ölkə rəhbərliyi bu sferada hələ keçmiş sovetlər birliyi dövründən həllini gözləyən bir çox problemlərin, çatışmazlıqların aradan qaldırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirir.

Dövlət büdcəsindən bu sahəyə ayrılan vəsaitlərin ildən-ilə artırılması ölkədə vətəndaşların sağlamlığı ilə bağlı məsələlərin diqqət mərkəzində olduğunu təsdiqləyir. "Biz artan iqtisadi imkanlarımızı ilk növbədə sosial sahələrin inkişafına, o cümlədən səhiyyənin problemlərinin həllinə yönəltməliyik" - deyən Azərbaycan Prezidenti İlham Əliyev son illər bu sahəyə ayrılan maliyyə vəsaitlərinin sürətli artımını təmin edib. Məsələn, əgər 2005-ci ildə səhiyyəyə dövlət büdcəsindən 110 milyon manat ayrılmışdısa, 2011-ci ildə 545 milyon, 2012-ci ildə isə 600 manatın ayrılması da Azərbaycan dövlətinin insanların sağlamlığı məsələsinə necə böyük həssaslıqla yanaşdığını göstərir.

Tibbi xidmətin müasir tələblər səviyyəsində qurulması üçün, ilk növbədə, bu sahədə infrastrukturunun müasirləşdirilməsi istiqamətində tədbirlər diqqət mərkəzində saxlanılıb. Yeni tələblərə cavab verən səhiyyə müəssisələrinin tikilməsi, mövcud tibb ocaqlarının təmiri və yenidənqurulması bu baxımdan az əhəmiyyət kəsb etmir. Dövlət başçısı hələ 11 fevral 2004-cü il və 14 aprel 2009-cu il tarixdə imzaladığı regional inkişaf proqramlarında bütün fundamental sahələr kimi, səhiyyə sisteminə də geniş diqqət ayrılıb. Dövlət Proqramında bölgələrdə insanlara yüksək səviyyədə tibbi xidmətin göstərilməsini təmin edəcək bir sıra təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi - yeni xəstəxanaların, poliklinikaların inşası, yaxud mövcud səhiyyə müəssisələrinin müasir tələblər səviyyəsində təmir və bərpa olunması, onların maddi-texniki, habelə zəruri tibb ləvazimatları ilə təminatı məsələləri geniş əksini tapıb.

Regionların sosial-iqtisadi inkişafı tədbirləri çərçivəsində dövlət başçısı son 8 ildə ayrı-ayrı rayonlarda inşa edilmiş yeni müalicə-diaqnostika mərkəzlərinin, xəstəxanaların, poliklinikaların açılış mərasimində iştirak edib, eləcə də bu sahədə həllini gözləyən bəzi problemlərin aradan qaldırılması üçün aidiyyəti orqanlara tapşırıqlar verib. Dövlət başçısının imzaladığı dövlət proqramlarına, verdiyi tövsiyə və tapşırıqlara müvafiq olaraq həyata keçirilən əməli tədbirlərin nəticəsi kimi son illər səhiyyə müəssisələrinin fəaliyyətində dönüş yaranıb. Xüsusən də bölgələrdə vətəndaşlara göstərilən tibbi xidmətin səviyyəsi əsaslı dərəcədə yaxşılaşıb. Bunu Şirvan səhiyyəsinin son illər əldə etdiyi uğurlar fonunda aydın görmək mümkündür.

Son illərdə Şirvan Şəhər Xəstəxanasında ambulator xidmət keçən illərlə müqayisədə xeyli yaxşılaşıb. Burada, ilk növbədə, şəhər poliklinikaları və ambluatoriyalarının maddi-texniki bazası yaxşılaşdırılıb. Poliklinikanın bir çox kabinetləri cari təmir olunub və lazımi inventarlarla təchiz olunub. Xüsusilə yardımçı diaqnostik kabinetlərə yeni müasir diaqnostik aparatlar alınıb. Belə ki, portativ rentgen aparatı, analizator alınıb, şəkər xəstələrinin hər birinə şəxsi qlükometr aparatı paylanıb. Elektrokardioqramma, müasir USM aparatı, defibrilyator və digər ləvazimatlar alınaraq vətəndaşların istifadəyə verilib. Və bu da öz növbəsində tibb işçilərini intensiv fəaliyyət göstərməyə sövq edib.

Dövlət proqramı çərçivəsində 2009-2010-cu illərdə Şirvan səhiyyəsində bir sıra proqramlar uğurla həyata keçirilib. Bu illərdə 14 tibbi Şura keçirilib və 50 məsələ müzakirə olunub. Onlardan 8 məsələ xüsusi infeksion xəstəliklərin profilaktikasına, epidemik tədbirlərə həsr olunub.

Bütün profillər üzrə təcili yardıma ehtiyacı olanlar Şirvan Şəhər Xəstəxanasına daxil olduqda profildən asılı olmayaraq Reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilir. Xəstəliyindən asılı olaraq xəstə həm in profil üzrə həkimlərin nəzarəti ilə reanimasiyon intensiv terapiya alır. Vəziyyətdən çıxdıqdan sonra isə isə aidiyyyatı şöbəyə qaldırılaraq planlı şəkildə müalicə olunurlar. Son illərdə bütün poliklinika və xəstəxanalarda yaxşı şəraitin yaradılması, istilik sistemlərinin, işıqlanma və su təchizatının normal məcraya düşməsi, xəstələrin dərman və ərzaq təminatının yaxşılaşması xəstələrin müalicəyə meylini artırıb. 2010-cu il ərzində Şirvan Mərkəzi Xəstəxanasının şöbələrinə 6195 xəstə qəbul olunub.

Onkoloji dispanser ətraf rayonlarda birlikdə şəhər əhalisin onkoloji xidmət göstərib. İl ərzində dispanser 10432 qəbul keçirib, 93 nəfər xərçəng xəstəliyi aşkar edilib. Dövlət Proqamına uyğun olaraq şiş əleyhinə dərmanlar xəstələrə pulsuz olaraq verilib.

Təcili Tibbi Yardım Stansiyasının maddi-texniki bazasının möhkəmləndirilməsi tədbirləri də diqqət mərkəzində olub. 2010-cu ildə şəhər üzrə 20931 çağırış olub. Çağırışın daxil olması ilə gediş arasında interval 3-5 dəqiqə təşkil edib. Stansiyayaya əlavə olaraq 4 ədəd "Mersedes" markalı ambulanslar alınıb və bu da çağırışın vaxtında və daha ixtisaslı yardım göstərməsinə imkan verir.

Uşaqlar arasında peyvəndlər də müntəzəm olaraq aparılıb. Uşaqlar doğum evindən həkimlərin nəzarəti və icazəsi ilə buraxılıb. 0-18 yaş arası 29 uşaq, əqli zəifliyə görə 50 uşaq serebral iflici ilə müvinət alır. Bundan əlavə, digər fiziki qüsura və xəstəliyə görə 503 uşaq müavinət alır. Onların arasında sağlamlaşdırıcı tədbirlər aparılır.

Şəhərdə 4500-ə yaxın məcburi köçkün və qaçqın məskunlaşıb. Onların həm böyüklərinə, həm də uşaqlarına ambulatorstasionar xidmət göstərilir. Bir qayda olaraq onlar xəstəlik hallarında pulsuz dərmanlarla təmin olunurlar. Maliyyə təsərrüfat xərcləri içərisində məcburi köçkün və qaçqınların da müalicəsində istifadə olunan vəsait öz əksini tapıb.

2011-ci il ərzində Şirvan Mərkəzi Xəstəxanasının əsas binası, Qəbul şöbəsi, anestizologiya", reanimatologiya" şöbələri, UBX-in stasionar şöbəsi, Urologiya şöbəsi, terapiya şöbəsi, eləcə də məhkəmə tibbi ekspertizasının binası Səhiyyə Nazirliyinin vəsaiti hesabına əsaslı təmir olunub. Rayon İcra Hakimiyyəti və Səhiyyə Nazirliyinin rəhbər şəxslərinin iştirakı ilə 2011-ci ilin mart ayında xəstəxananın təntənəli açılışı olub.

İl ərzində xəstəxanaya 6584 xəstə daxil olub, 6321 xəstə evə yazılıb. Doğum evində 20027 uşaq dünyaya gəlib. Şəhər mərkəzi Xəstəxanasında 55368 nəfər vətəndaşın qəbulu olub, onlardan 17725 nəfəri flüoqrafiyadan keçib. 172 şəkər xəstəsi aşkar olunub və şəkər dərmanları ilə təmin olunublar. Təcili Tibbi Təxirsalınmaz Yardım Stansiyası tərəfindən 23655 çağırış yerinə yetirilib, 24033 nəfərə müvafiq tibbi yardım göstərilib. Onkoloji xəstəxanada 330 nəfər qeydiyyata götürülüb. Şəhər Mərkəzi Xəstəxanasına keçən dövr ərzində 22 nəfər həkim, 28 nəfər tibb bacısı, 53 nəfər xadimə olmaqla, 103 vətəndaş işlə təmin olunub. 50 nəfər vətəndaş ərizə ilə müraciət edib, ərizələrə baxılaraq müvafiq köməkli və yardım olunub. Bu dövr ərzində imtiyazlı xəstələrə 162 min manat məbləğində pulsuz dərmanlar alınıb.

Son illərdə Şirvan şəhərində sanitar-epidemioloji vəziyyətin yaxşılaşdırılması istiqamətində də ardıcıl və sistemli tədbirlər həyata keçirilib. Bir çox yoluxucu xəstəliklərin qarşısının alınması məqsədilə planda nəzərdə tutulan profilaktik peyvəndlərin və dezinfeksiya işlərinin aparılması üçün peyvənd materialları, kifayət qədər dezinfeksiyaedici maddələr alınıb, gündəlik olaraq tədbirlərin yerinə yetirilməsi təmin olunub.

Yoluxucu və parazitar xəstəliklərin qarşısını almaq məqsədilə yaşayış massivlərində, müxtəlif təyinatlı obyektlərdə profilaktik dezinfeksiya və dezinseksiya işləri aparılıb. Malyariya xəstəliyini aşkar etmək məqsədilə 12009 qan damlasına baxılsa da, xəstəlik aşkar edilməyib. Aparılan profilaktik işlərin nəticəsi olaraq 2011-ci ildə xüsusi təhlükəli xəstəliklər qeydə alınmayıb. Profilaktik peyvəndlər, peyvənd işləri plana uyğun olaraq həyata keçirilib.

Əhaliyə özəl tibb xidməti göstərən obyektlər içərisində apteklər xüsusi yer tutur. Azərbaycan Respublikası prezidentinin təsdiq etdiyi "Əhalinin keyfiyyətli dərman preparatları ilə təchiz olunması barədə dövlət proqramı"nın icrası nəticəsində şəhərdə xeyli görülüb. Şəhərdə fəaliyyət göstərən əczaçılıq sektoru əhalinin dərman maddələrinə olan tələbatını ödəməklə yanaşı, qonşu rayonların əhalisinə də xidmət göstərmək imkanları var. Hazırda şəhərdə 30-a yaxın aptekaptek məntəqəsi fəaliyyət göstərir. Bunların bir qismi dövlət nömrəli, digərləri xüsusi lisenziya ilə işləyirlər. Aptek məntəqələrində dərman preparatlarının saxlanması, satışı, realizə müddəti keçmiş dərman preparatlarının aşkar olunması, eyni zamanda sanitar gigiyenik tələblərin yerinə yetirilməsinin vəziyyətinin müəyyənləşdirilməsi məqsədilə reydlər keçirilib. Bundan başqa, şəhərin inzibati ərazisində məhsul istehsal edən müəssisələrin məhsullarına gigiyenik sertifikat alınması təmin olunub.

 

(ardı var)

 

Tərlan Nəsirli Bakı-Şirvan-Bakı

 

Mövqe.- 2012.-  11 fevral.- S. 10.