Regional inkişafı sürətləndirən
mükəmməl konsepsiya
Hər
bir dövlətin davamlı tərəqqisinin
mühüm şərtlərindən biri də onun bütün regionlarının tarazlı və
davamlı inkişafının təmin edilməsidir. Təsadüfi
deyildir ki, son illərdə Azərbaycanda həyata keçirdiyi iqtisadi siyasətdə
regionların inkişafı mühüm yer tutur. Sosial
ədalət prinsipinin qorunması
baxımından respublikanın hər bir
bölgəsinin, - potensial və imkanlar nəzərə alınmaqla, - proporsional inkişafı milli
tərəqqinin vacib amili
kimi nəzərdən keçirilir.
Paytaxt və
digər böyük şəhərlərin, iri
yaşayış massivlərinin kənd, rayon və qəsəbələrə
nisbətən daha sürətlə inkişaf etməsinə
təkcə postsosialist dövlətlərində deyil,
ümumilikdə bütün inkişaf etmiş dövlətlərdə
də geniş rast gəlinir. Urbanizaya prosesi - şəhərlərə
yüksək axın hazırda bütün dövlətləri
qayğılandıran və ciddi fəsadlarla müşayiət
olunan qlobal problemdir. Azərbaycan müstəqillik
qazandıqdan sonra iri şəhərlərin daha sürətlə
inkişaf etməsi, rayonların və kəndlərin isə
tərəqqi prosesindən geridə qalması kimi neqativ
tendensiya ilə üzləşmişdir. Cənab İlham Əliyev
hələ 2003-cü ilin prezident seçkiləri ərəfəsində
Azərbaycanın, demək olar ki, bütün rayonlarına səfər
etməklə, bölgələrdə yaşayan vətəndaşları
maraqlandıran problemlərlə yaxından tanış olmuş,
onları qayğılandıran
çatışmazlıqların kompleks həllinə ehtiyac
olduğunu bildirmişdir. Problemin miqyasını və Azərbaycan
üçün aktuallığını nəzərə
alan dövlət başçısı İlham Əliyev
Nazirlər Kabinetinin 17 noyabr 2003-cü ildə
keçirilmiş ilk iclasında regionların tarazlı və
davamlı inkişafını hökumətin
qarşısında başlıca vəzifələrdən
biri kimi müəyyənləşdirmişdir. Bu zaman o prinsip
önə çəkilmişdir ki, dövlət hansı
iqtisadi-coğrafi zonada yaşamasından asılı olmayaraq,
hər bir vətəndaşının sosial-mədəni və
intellektual yüksəlişinə
çalışmalıdır. Bu, ilk növbədə, cəmiyyətdə
sosial ədalət prinsipinin qorunması baxımından
vacibdir.
Azərbaycan
Respublikası Prezidentinin 11 fevral 2004-cü il tarixdə
imzaladığı "Azərbaycan Respublikası
regionlarının sosial-iqtisadi inkişafı (2004-2008-ci illər)
Dövlət Proqramı"nın təsdiq edilməsi barədə"
fərman da, ilk növbədə, regionların qeyri-proporsional
inkişafının qarşısını almağa xidmət
edən təkmil konsepsiya olmuşdur. Son illər respublikada
müşahidə olunan dinamik iqtisadi inkişaf paytaxt
Bakıda və bir sıra iri şəhərlərdə
qabarıq görünsə də bölgələrdə bu
prosesin ləng getməsi nəticəsində regional
tarazlığın pozulması cənab İlham Əliyevi ilk
gündən qayğılandıran başlıca məsələlərdən
olmuşdur. Regionların sosial-iqtisadi inkişafı Dövlət
Proqramının daha böyük ictimai rezonansa səbəb
olması və ölkənin sosial-iqtisadi inkişafında
mayak rolunu oynaması da məhz bu amillə şərtlənir.
Bölgələrin inkişafında müşahidə edilən
fərq ölkənin tarazlı, sabit və davamlı
inkişafı baxımından təhlükəli idi və
bunun qarşısını almaq zəruri idi. İnkişaf
etmiş dövlətlərin təcrübəsi göstərir
ki, məhsuldar qüvvələrin proporsional yerləşdirilməsi
təmin olunmadığı halda, hər hansı inkişafdan
söhbət gedə bilməz. Dövlət Proqramı regional
inkişafdakı fərqi aradan qaldırmaq baxımından
vacib, əlahiddə əhəmiyyətli sənəd
olmuşdur. Fərmanda göstərilirdi ki, "Nailiyyətlərlə
yanaşı, ölkənin sosial-iqtisadi həyatında,
xüsusilə regionların inkişafı və əhalinin məşğulluğu
sahəsində həll edilməmiş problemlər
qalmaqdadır. Azərbaycanın sənaye potensialının və
bununla bağlı infrastruktur obyektlərin əksər hissəsinin
Bakı şəhərində yerləşməsi, eyni
zamanda, regionlardakı bir çox müəssisələrin,
istehsal və xidmət obyektlərinin fəaliyyətinin zəifləməsi,
yaxud tamamilə dayanması əhalinin ölkə paytaxtına
axınını sürətləndirmişdir. Bu amillər
öz növbəsində iqtisadiyyatın regional baxımdan
inkişafına mənfi təsir göstərmiş,
regionların inkişafı arasında fərqin artmasına,
bir çox yerlərdə sosial-iqtisadi, demoqrafik və ekoloji vəziyyətin
ağırlaşmasına səbəb olmuşdur. Azərbaycan
Respublikası regionlarının inkişafında
müşahidə olunan vəziyyət mövcud potensialdan səmərəli
istifadə etməklə regionların sosial-iqtisadi inkişaf səviyyəsinin
yüksəldilməsini və onlar arasında fərqin minimuma
çatdırılmasını tələb edir".
"Azərbaycan
Respublikası regionlarının sosial-iqtisadi inkişafı
(2004-2008-ci illər) Dövlət Proqramı"nda
ayrı-ayrı rayonlarda iqtisadiyyatın inkişafını
sürətləndirən amillər, bununla bağlı
dövlət siyasətinin və dövlət dəstəyinin
əsas istiqamətləri müəyyən edilmişdi. Sənəddə
vurğulanırdı ki, Dövlət Proqramının əsas
məqsədi Azərbaycan Respublikasının rayonlarında
mövcud potensialdan səmərəli istifadə etməklə
iqtisadiyyatın ayrı-ayrı sahələrinin
inkişafına, istehsal müəssisələrinin fəaliyyətinin
daha da genişləndirilməsinə, ixrac yönümlü məhsul
istehsalının stimullaşdırılmasına, yerli
sahibkarlığın inkişafı yolu ilə əhalinin həyat
səviyyəsinin daha da
yaxşılaşdırılmasına, məşğulluğun
səviyyəsinin, xüsusilə gənclərin faydalı əməklə
məşğulluğunun artırılmasına və ölkə
iqtisadiyyatının dinamik inkişafının təmin edilməsinə
nail olmaqdır. Bölgələrdə yaşayan vətəndaşların
zəruri arzu və istəkləri, eləcə də
onları illərdən bəri narahat edən,
qayğılandıran sosial problemlərin həlli fərmanda
dolğunluğu ilə əksini tapmışdır.
Dövlət
Proqramı Abşeron iqtisadi rayonu (Abşeron və Xızı
rayonları, Sumqayıt şəhəri), Gəncə-Qazax
iqtisadi rayonu (Ağstafa, Daşkəsən, Gədəbəy,
Goranboy, Xanlar, Qazax, Samux, Şəmkir, Tovuz rayonları, Gəncə
və Naftalan şəhərləri), Şəki-Zaqatala
iqtisadi rayonu (Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala,
Şəki rayonları), Lənkəran iqtisadi rayonu (Astara, Cəlilabad,
Lerik, Masallı, Yardımlı, Lənkəran rayonları),
Quba-Xaçmaz iqtisadi rayonu (Dəvəçi, Xaçmaz,
Quba, Qusar, Siyəzən rayonları), Aran iqtisadi rayonu
(Ağcabədi, Ağdaş, Beyləqan, Bərdə, Biləsuvar,
Göyçay, Hacıqabul, İmişli, Kürdəmir,
Neftçala, Saatlı, Sabirabad, Salyan, Ucar, Zərdab
rayonları, Əli Bayramlı, Mingəçevir, Yevlax şəhərləri),
Yuxarı Qarabağ iqtisadi rayonu (Ağdam, Tərtər, Xocavənd,
Xocalı, Şuşa, Cəbrayıl, Füzuli rayonları,
Xankəndi şəhəri), Kəlbəcər-Laçın
iqtisadi rayonu (Kəlbəcər, Laçın, Zəngilan,
Qubadlı rayonları), Dağlıq Şirvan iqtisadi rayonu
(Ağsu, İsmayıllı, Qobustan, Şamaxı
rayonları), Naxçıvan iqtisadi rayonu (Naxçıvan
şəhəri, Babək, Culfa, Ordubad, Sədərək,
Şahbuz, Şərur rayonları) iqtisadi rayonları üzrə
tərtib edilmişdir.
Qarşıya
qoyulan məqsədə çatmaq üçünsə,
Dövlət Proqramında aşağıdakı vəzifələrin
yerinə yetirilməsi nəzərdə tutulmuşdu:
- müəssisələrin
istehsal fəaliyyətini bərpa etmək və yeni istehsal
müəssisələri yaratmaq;
- yerli resurslardan istifadənin səmərəsini
artırmaq;
- regionların inkişafı
üçün zəruri
infrastrukturun yaradılmasını
və inkişafını
təmin etmək;
- aqrar sektorda islahatların ikinci mərhələsini sürətləndirmək,
bunun üçün
regionlarda fermerlərə
və digər kənd təsərrüfatı
işçilərinə kömək
məqsədilə müxtəlif
servis mərkəzləri
yaratmaq, toxumçuluq
bazasını genişləndirmək,
texnika ilə təminatı yaxşılaşdırmaq
və digər zəruri tədbirləri həyata keçirtmək;
- investorların regionlara
cəlb olunması üçün əlverişli
şəraitin yaradılmasını
təmin etmək;
- yeni iş yerlərinin yaradılmasını
həvəsləndirmək;
- əhalinin kommunal xidmətlərlə təminatını
yaxşılaşdırmaq.
Fərmana əsasən, Azərbaycan hökuməti
2004-2008-ci illər ərzində
regionlarda kənd təsərrüfatının, qeyri-neft sektorunun inkişafına yardım göstərməli, o cümlədən
emal müəssisələrinin
yaradılmasını, xidmət
və digər infrastruktur obyektlərinin,
turizmin inkişafını
və bütün bunların fonunda çoxlu yeni iş yerlərinin açılmasını təmin
etməli idi. Dövlət
Proqramı regionların
inkişafına yönəltməklə
yanaşı, həm də yerlərdə infrastrukturun yeniləşməsi,
nəqliyyat-kommunikasiya sisteminin
bərpası, habelə
elmi-texniki tərəqqi,
mədəni yüksəliş,
müasir informasiya texnologiyalarının tətbiqi
məsələlərini özündə
ehtiva edirdi.
Ötən əsrin 90-cı illərinin əvvəllərindən
başlayaraq əyalətlərdə
özünü göstərən
sosial çətinliklər
ucbatından Bakıya
axının - urbanizasiya
prosesinin sürətlənməsinin,
mərkəz və bölgələrin inkişafı
arasında üzə
çıxan böyük
fərqin doğurduğu
problemlər heç də az
deyildir. Azərbaycan regionlarının tədricən boşalması,
əhalinin yalnız Bakıda və digər iri şəhərlərdə mərkəzləşməsi
təkcə sosial-iqtisadi
problem mahiyyəti daşımır.
2004-2008-ci illlərdə icra
olunmuş Dövlət
Proqramında da göstərilirdi ki, iqtisadiyyatın, xüsusilə
sənayenin, infrastruktur
sahələrinin əsas
hissəsinin Bakı şəhərində cəmlənməsi,
onun rayonlara nisbətən daha sürətlə inkişaf
etməsi ilə yanaşı, regionlarda sosial-iqtisadi vəziyyətin
ağırlaşmasına və
əhalinin regionlardan paytaxta axınına səbəb olmuşdur.
Daxili
miqrasiyanın mənəvi-psixoloji fəsadları bəzən
daha təhlükəli məqamlarla yadda qalır. Paytaxt və
əyalətlər arasında
tarazlaşdırılmış inkişafın konseptual əsaslarını
irəli sürən məlum dövlət proqramının təcrübədə
özünü tam doğrultması bu problemi də əsaslı
şəkildə aradan qaldırmışdır. Azərbaycan
regionlarının təbii resurslarından və bölgələrdə
cəmləşmiş əmək ehtiyatlarından səmərəli
istifadə, yeni iş yerlərinin açılması, sosial
problemlərin həlli, sahibkarlığın inkişafı,
mövcud infrastrukturun yenidən qurulması, enerji, istilik təminatı
problemlərinin həlli yerlərdə istehsal
potensialını gücləndirdiyi kimi, əyalət sakinlərinin
Bakıya, həmçinin digər regional mərkəzlərə
doğru axınının da qarşısını alır.
Azərbaycan əyalətlərində özünü
göstərən yüksək inkişaf dinamikası prosesin
tam əksinə təkrarlanmasına, mərkəzdən əyalətlərə
doğru axının başlanmasına müəyyən zəmin
yaradır.
(ardı
var)
Tərlan NƏSİRLİ
Mövqe.- 2012.- 14 fevral.- S. 10.