"Regionların sosial-iqtisadi
inkişafının təşviq edilməsi"
Regional inkişaf proqramları ölkənin
sənaye potensialını gücləndirir
"Azərbaycan
Respublikası regionlarının 2009-2013-cü illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı"
bölgələrin davamlı inkişafı, sosial
infrastrukturun yenidən qurulması, milli iqtisadiyyatın neft
amilindən asılılığının qeyri-neft sektorunun
tərəqqisi hesabına aradan qaldırılması
üçün kompleks tədbirlər müəyyənləşdirməklə
yanaşı, iş adamlarının fəaliyyəti
üçün də yaxşı imkanlar açıb.
Xatırladaq ki, hələ
2004-cü il 1 fevral tarixində Bakı
Biznes Mərkəzində yerli sahibkarlarla görüşən
dövlət başçısı onları narahat edən məsələləri
diqqətlə dinləmiş, sahibkarları dəstəklədiyini,
iş adamlarına gələcəkdə də lazımi
köməyi göstərəcəyini bəyan etmişdi.
Dövlət rəhbəri sonrakı mərhələdə
inhisarçılıq, sahibkarlara süni maneələrin
yaradılması, hüquq-mühafizə orqanlarının
iş adamlarının fəaliyyətinə müdaxiləsi
hallarını pisləmiş, bu münasibət konkret qərarlarla
müşayiət olunub. Antiinhisar fəaliyyətinin gücləndirilməsi,
hüquqi şəxslərin qeydiyyatı sisteminin sadələşdirilməsi,
yerlərlə regional iqtisad məhkəmələrinin
yaradılması və s. kimi tədbirlər bunun əyani təcəssümüdür.
Dövlət
başçısı iqtisadiyyatın liberallaşdırılması,
bazarın inhisardan, haqsız rəqabətdən azad
olunması, özəl sektorun dəstəklənməsi,
sahibkarlara güzəştli kreditlərin verilməsi sahəsində
də ciddi addımlar atıb və verdiyi bütün vədlərə
yüksək sadiqlik nümayiş etdirib. Bu gün Azərbaycanda
özəl sektorun ümumi daxili məhsuldakı
payının 83 faizə yüksəlməsi də məhz bu
diqqət və qayğının nəticəsi kimi diqqəti
çəkir.
Dövlət
başçısının müvafiq sərəncamlarına
əsasən, sahibkarlıq subyektlərinin dövlət
qeydiyyatı və Azərbaycan Respublikası dövlət sərhədinin
buraxılış məntəqələrindən
keçirilən malların və nəqliyyat vasitələrinin
yoxlanılması "bir pəncərə" prinsipinə
uyğun təşkil edilib. Özəl sektorun
inkişafının sürətləndirilməsi, bu sahəyə
maliyyə dəstəyinin daha da gücləndirilməsi məqsədilə
dövlət vəsaitləri hesabına sahibkarların
investisiya layihələrinin güzəştli qaydada kreditləşdirilməsinin
daha effektiv mexanizmi formalaşdırılıb.
Vergi yükünün
azaldılması, vergi prosedurlarının
asanlaşdırılması məqsədilə fərdi
sahibkarlara tətbiq edilən gəlir vergisi 2009-cu il
yanvarın 1-dən 35 faizdən 20, müəssisələrin
mənfəət vergisi 22 faizdən 20, fiziki şəxslərdən
tutulan gəlir vergisinin yuxarı həddi 35 faizdən 30 faizə
endirilib. Eyni zamanda sadələşdirilmiş vergi ödəyicisi
hüququ əldə etmək məqsədləri
üçün hüquqi şəxslərin vergi tutulan əməliyyatlarının
illik həcmi 90 min manatdan 150 min manatadək
artırılıb, ƏDV və aksizlər üzrə
elektron vergi hesab-fakturalarının tətbiqinə
başlanılıb.
Yalnız 2010-cu il ərzində
regionlarda 160-dan çox sənaye, kənd təsərrüfatı,
xidmət və ticarət müəssisəsi, o cümlədən
Lənkəranda konserv zavodu və çay fabriki,
Naxçıvanda avtomobil zavodu, Sumqayıtda texnopark,
Masazırda duz zavodu, Biləsuvarda konserv zavodu, Gədəbəydə
qızıl zavodu, habelə digər rayonlarda heyvandarlıq və
süd emalı kompleksləri tikilib istifadəyə verilib. 200-dən çox müəssisənin, o cümlədən
12 kənd təsərrüfatı məhsullarının
emalı müəssisənin, tikinti materiallarının
istehsalı zavodlarının inşası davam etdirilib. Bu müəssisələrin 112-də
Sahibkarlığa Kömək Milli Fondunun güzəştli
kreditlərindən istifadə olunub. Ümumiyyətlə,
fond il ərzində regionlarda 1430 investisiya
layihəsinin maliyyələşdirilməsinə 115 milyon
manat güzəştli kredit ayırıb. Eyni
zamanda, Azərbaycan İnvestisiya Şirkətinin tərəfdaşlığı
ilə istixana komplekslərinin, toxumçuluq bazasının
yaradılması, heyvandarlıq, süd məhsulları, duz və
digər ərzaq məhsullarının istehsalının təşkili
ilə bağlı bir sıra səmərəli layihələr
həyata keçirilib.
Ümumilikdə, II
regional dövlət proqramı çərçivəsində
həyata keçirilən tədbirlər nəticəsində
2010-cu il ərzində 4300-ə yaxın
yeni müəssisə yaradılıb, 52 min 700-ü daimi
olmaqla 73 min iş yeri açılıb. Bundan başqa, kənd
təsərrüfatı məhsullarının
saxlanılması infrastrukturunun yaradılması məqsədilə
bütün regionlarda ümumi tutumu 85 min ton olan 25 müasir
soyuducu, ümumi tutumu 270 min ton olan 17 taxıl anbarı
komplekslərinin inşası Fondun güzəştli kreditləri
hesabına maliyyələşdirilib Fermer təsərrüfatlarında
xidmətlərin müasir səviyyədə qurulması məqsədi
ilə il ərzində 4 rayonda yeni aqroservis filialları
yaradılıb, 5 rayonda isə belə filiallar təşkil
olunub.
II
regional inkişaf proqramında hər bir vətəndaşın
yaşayış səviyyəsinin
yaxşılaşmasına imkan yaradan vacib məsələlərdən
biri də sosial-infrastruktur layihələrinin həyata
keçirilməsidir. Azərbaycanın dövlət büdcəsi gəlirlərinin
sürətli artımı təbii olaraq insan amilinin
inkişafı baxımından infrastruktur layihələrinə
də xüsusi diqqət ayırmağı zəruri edir.
Dövlət başçısı İlham Əliyev
məhz bu reallıqdan çıxış edərək hər
bir vətəndaşın rahat, firavan yaşayışı
üçün dövlət büdcəsindən lazımi vəsaitin
ayrılmasını təmin edir. Bunun nəticəsidir
ki, ötən illərdə ölkədə iri infrastruktur
layihələrinin reallaşdırılmasında heç bir
problem olmayıb. Dövlət bütün
sahələrdə əsaslı kapital qoyuluşları həyata
keçirib.
2010-cu
ildə "Şimal-Cənub" və "Şərq-Qərb"
nəqliyyat dəhlizlərinin yaradılması layihələri
davam etdirilib, 635 kilometrdən çox yol beynəlxalq
standartlara uyğun tikilib və təmir olunub. O cümlədən, dövlət
başçısının bilavasitə iştirakı ilə
Bakı dairəvi avtomobil yolu, Ələt-Astara-İran sərhədi
avtomobil yolunun 22 kilometrlik hissəsi, Mingəçevir-Xaldan
yolu, Biləsuvar dairəvi avtomobil yolu, Bakı-Rusiya sərhədi
avtomobil magistralında Şabran dairəvi yolu və
körpü kompleksi, Naxçıvan-Sədərək
magistral yolu istifadəyə verilib. Bakı-Tbilisi-Qars
dəmir yolunun, Beynəlxalq Dəniz Limanının və gəmiqayırma
zavodunun inşası respublikanın tranzit potensialının,
ümumiyyətlə regiondakı rolunun və əhəmiyyətinin
daha da artmasını təmin edir.
"Ekologiya ili"
çərçivəsində əhalinin keyfiyyətli su ilə
təminatının yaxşılaşdırılması
çərçivəsində Kür-Araz
çaylarının sahilləri boyu 18 rayonun 156
yaşayış məntəqəsində sutəmizləyici
qurğuların quraşdırılması 300 min nəfərdən
artıq əhalinin içməli su ilə təminatını
yaxşılaşdırıb. Eyni zamanda 2010-cu
ilin dekabrında ölkə üçün son dərəcə
strateji əhəmiyyətli layihənin icrası başa
çatıb, Oğuz-Qəbələ-Bakı su kəməri
istifadəyə verilib. Bundan əlavə,
suvarılan torpaq sahələrinin artırılmasında,
torpaqların meliorativ vəziyyətinin
yaxşılaşdırılmasında mühüm rolu olan
Samur-Abşeron, Yuxarı Mil kanallarının, Şəmkir dəryaçasının,
Tovuzçay su anbarının tikintisi davam etdirilib.
Azərbaycan
Prezidenti İlham Əliyev imzaladığı hər bir fərman
və sərəncamın icrasını şəxsi nəzarətdə
saxlayır, bütün məsələlərə tələbkarlıqla
yanaşır. Cənab
İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına
dair II Dövlət Proqramının icrasının gedişi,
yeni iş yerlərinin açılması ilə əlaqədar
qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi,
ümumiyyətlə, regionlardakı vəziyyətlə
tanışlıq məqsədilə 2009-2010-cu illərdə
respublikanın əksər rayon və şəhərlərinə
səfər etməsi bunu bir daha təsdiqləyir. Dövlət
başçısı 2010-cu ildə regionlara 27 səfər
edərək istehsal, nəqliyyat, təhsil, səhiyyə, mədəniyyət,
idman, turizm və digər sahələr üzrə 170-dən
çox müəssisənin açılış və təməlqoyma
mərasimində iştirak etdib. Bu səfərlərin
nəticəsi olaraq bölgələrdə canlanma yaranıb,
abadlıq, tikinti və quruculuq işləri geniş vüsət
alıb. İnfrastrukturun yeniləşməsi, rentabelli
istehsal müəssisələrinin, daimi iş yerlərinin
açılması istiqamətində bir sıra addımlar həyata
keçirilib.
Azərbaycanın
davamlı və tarazlı inkişafın təmini
baxımından 2011-ci ildə infrastruktur layihələri
uğurla həyata keçirilib. Nazirlər Kabinetinin iclasında verilən
məlumatlardan aydın olur ki, hesabat ilində regionlarda
müasir texnologiyalara əsaslanan 110-dan çox müəssisə
tikilib istifadəyə verilib. Bakı şəhərinin
və onun qəsəbələrinin sosial-iqtisadi
inkişafına dair Dövlət Proqramı üzrə təkcə
ötən il 53 məktəbin, 47 uşaq
bağçasının, 6 səhiyyə obyektinin təmir-tikinti
işləri yekunlaşdırılıb və bu istiqamətdə
işlər davam etdirilir. Hesabat ilində həm Bakı qəsəbələrində,
həm də regionlarda elektrik enerjisi, qaz və istilik təchizatı,
rabitə və informasiya, kənd təsərrüfatının
infrastruktur təminatı, ekologiya, su və kanalizasiya, yol təsərrüfatı
və nəqliyyat, sosial infrastruktur sahələrində zəruri
tədbirlər həyata keçirilib.
Hesabat ilində nəqliyyat
və tranzit potensialının genişləndirilməsi məqsədilə
regional və yerli əhəmiyyətli iri infrastruktur layihələrinin
reallaşdırılması, o cümlədən
Bakı-Tbilisi-Qars dəmir yolunun, Bakı Beynəlxalq Dəniz
Ticarət Limanının, TRASEKA və Şimal-Cənub, Şərq-Qərb
beynəlxalq dəhlizlərində yolların tikintisi davam
etdirilib. Yeni metro stansiyaları və hava
limanı istifadəyə verilib. Həmçinin,
dövlət əsaslı vəsait qoyuluşu hesabına
ötən il nəqliyyat, İKT, turizm, kommunal, irriqasiya,
energetika, ekologiya və digər sahələrin
inkişafına 5,9 milyard, o cümlədən
sosialyönümlü layihələrə 1,7 milyard manat
investisiya qoyulub.
2011-ci
ildə həyata keçirilən sənayeləşmə
siyasəti qeyri-neft sənayesinin xüsusilə dinamik
inkişafını təmin edib. Qeyri-neft sənayesində məhsul istehsalı 11,1 faiz,
o cümlədən emal sənayesi 7,1 faiz, kimya sənayesi 27,1
faiz, metallurgiya sənayesi 1,9 dəfə, tikinti materialları
istehsalı 4,4 faiz, elektrik enerjisi istehsalı 8,4 faiz, qida məhsulları
istehsalı 5 faiz, mebel istehsalı 24,5 faiz, geyim istehsalı
56,5 faiz artıb.
Prezident İlham Əliyevin
2011-ci il 21 dekabr tarixində
imzaladığı "Sumqayıt Kimya Sənaye
Parkının yaradılması haqqında" Fərmanı
bu və digər məqsədlərin gerçəkləşdirilməsi
baxımından vacib əhəmiyyətə malikdir. Preamblua hissəsində göstərildiyi kimi, bu fərmanın
imzalanması ölkədə innovativ və yüksək
texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye
istehsalının inkişafı üçün münbit
şərait yaradılması, bu sahədə
sahibkarlığın dəstəklənməsi, qeyri-neft
sektorunun davamlı inkişafını təmin edilməsi, əhalinin
istehsal sahəsində məşğulluğunun
artırılması məqsədinə xidmət edir. Fərmana əsasən, Sumqayıt Kimya Sənaye
Parkının yaradılması nəzərdə tutulur.
Həmçinin sənəddə göstərilir
ki, sənaye parkı sahibkarlıq fəaliyyətinin həyata
keçirilməsi üçün zəruri infrastruktura və
idarəetmə qurumlarına malik olan, müasir
texnologiyaların tətbiqi yolu ilə rəqabət qabiliyyətli
məhsullar istehsalı və xidmətlər göstərilməsi
məqsədləri üçün istifadə edilən,
sahibkarların səmərəli fəaliyyətinə və
inkişafına kömək edən ərazidir. Sumqayıt Kimya Sənaye Parkının ərazisində
neft-kimya və digər prioritet sənaye sahələri üzrə
rəqabət qabiliyyətli məhsulların (işlərin,
xidmətlərin) istehsalı və emalı müəssisələri
yaradılmalıdır.
Yazı Azərbaycan
Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondu tərəfindən maliyyələşdirilən
"Regionların sosial-iqtisadi inkişafının təşviq
edilməsi" layihəsi çərçivəsində
çap olunub.
Tərlan Nəsirli
Mövqe.-
2012.- 21 fevral.- S. 10.