Kürdəmir davamlı inkişaf və müasirləşmə yolundadır

 

Azərbaycanın bölgələrinin sabit və davamlı inkişafının təmini ölkə rəhbərliyinin iqtisadi siyasətində prioritet məsələlərdən biri olaraq qalır. Regionların sosial-iqtisadi inkişafı məqsədilə son illərdə icrasına başlanılmış dövlət proqramları bu siyasətin sistemli və məqsədyönlü şəkildə həyata keçirilməsinə imkan yaradıb. Bunun nəticəsi olaraq son illərdə respublikaların bütün bölgələrində canlanma, tərəqqi, yüksəliş hiss olunur. İctimai həyatın bütün sahələri üzrə həyata keçirilən tədbirlər, ümumilikdə, insanların yaşayış səviyyəsini yaxşılaşdırmaqla yanaşı, düşüncə baxımından da müasirliyə və yeniliyə yol açıb.

Bunu konkret olaraq Kürdəmir rayonunun timsalında qabarıq görmək mümkündür. Məlumat üçün bildirək ki, Aran iqtisadi rayonuna daxil olan Kürdəmir rayonu 1930-cu ildə yaradılıb. Kürdəmir sözünün etimologiyası haqqında bir neçə mülahizə mövcuddur. Kürdəmir sözünün - "Kür" və "dəmir" sözlərinin birləşməsindən yarandığı ehtimal olunur (Şirvan dialektində "Kür" sözü çılğın, cəsur, igid, qoçaq anlamında, "dəmir" isə həmin ərazidə məskunlaşmış yeddi yaşayış məskəninin, obanın igidlərinin başçısı, sərkərdəsi olan igid Dəmir, qoçaq Dəmir, cəsur Dəmir mənasında işlənib). Digər mülahizəyə görə, Kürdəmir sözü - "Kür dəymir" mənasında yaranıb. Yəni Kür çayı daşarkən daşqından əziyyət çəkməyən, suyun çatmadığı sahələr "Kürdəymir" kimi adlanıb. Zaman keçdikcə "Y" samiti assimilyasiya (aşınma) olub və "Kürdəmir" şəklində işlənib.

Rayonun ərazisi 163151 hektar olmaqla, ölkə ərazisinin 1,9 faizini təşkil edir. Əhalisinin sayı 98173 nəfərdir. Rayon 23 inzibati ərazi vahidliyi, 1 şəhər, 2 qəsəbə, 61 bələdiyyə ilə əhatə olunub. Ərazidə olan ümumi torpaq sahəsinin 116190 hektarı və ya 71,2 faizi rayonun istifadəsindədir. 46961 hektarı və ya 28,8 faizi isə Qax, Qəbələ, İsmayıllı, Ağsu rayonlarının qışlaq sahələridir.

Kənd təsərrüfatına yararlı 83359 hektar torpaq sahəsinin 52709 hektarı əkin yeri, 1097 hektarı çoxillik əkmələr, 73 hektarı dincə qoyulmuş sahə, 28480 hektarı isə örüş sahələridir. Rayon ərazisinin meyilliliyi 1 dərəcə, dəniz səthindən hündürlüyü 200 metrdir. Havanın orta illik temperaturu +17-18 dərəcə, yağışların illik miqdarı 250-300 mm-dir.

Rayonun ərazisindən Ağsu-Kürdəmir-Bəhramtəpə avtomobil yolunun 43 km (III dərəcəli), Ələt-Qazıməmməd-Kürdəmir-Yevlax yolunun 42 km (II dərəcəli), Bakı-Tbilisi baş dəmir yolunun 44 km hissəsi keçir. Rayonun Şığırlı kəndi ərazisində yerləşən "Qaratəpə" yaşayış yeri və qəbiristanlıq, Ərəbqubalı kəndi ərazisində "Şəhərgah" yaşayış məntəqəsi, Axtaçı ərazi vahidliyində "Qaratəpə" qəbiristanlıq yerləri var.

Rayon iqtisadiyyatının əsasını bitkiçilik və heyvandarlıq təşkil edir. Son zamanlar bazar iqtisadiyyatı şəraitinə uyğun olaraq ticarət, xidmət və digər sahələr üzrə kiçik sahibkarlıq fəaliyyətinə də geniş yer verilib. Rəhbərlik Kürdəmir rayonunun bütün potensialını regionların sosial-iqtisadi inkişafı dövlət proqramında nəzərdə tutulmuş tədbirlərin reallaşdırılması istiqamətində səfərbər edib. Bunun nəticəsidir ki, son illərdə Kürdəmir daha sürətlə inkişaf edib, müasirləşib, sosial-iqtisadi mühüm nailiyyətlərə imza atıb. Son illərdə rayonda bir-birinin ardınca yeni-yeni sosial əhəmiyyətli obyektlər, istehsal müəssisələri tikilib istifadəyə verilib. Rayonun mərkəzi küçələrinə yeni işıq dirəkləri quraşdırılıb, qaranlıq küçələr aydınlığa çıxıb.

2009-2013-cü illəri əhatə edən "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na müvafiq olaraq Kürdəmirdə kompleks tədbirlər həyata keçirilib. Xüsusən də kənd təsərrüfatının inkişafı tədbirləri xüsusi diqqət mərkəzində saxlanılıb. 2009-cu ildə 35353 hektar sahədən taxıl biçilib, 67,5 min tonadək məhsul istehsal edilib. Və bu da əvvəlki ildəkindən 7,3 min ton çoxdur.

Toxumluq və taxıl istehsalı məqsədilə bu sahə ilə məşğul olan 8 toxumçuluq təsərrüfatı yaradılıb. Hələ 2008-ci ilin payızında toxumçuluq təsərrüfatları tərəfindən səpin aparılmış 1400 hektar toxumluq taxıl sahələrindən 4000 tondan çox 1-ci və 2-ci reproduksiyalı toxum istehsal olunub. 2010-cu ilin məhsulu üçün bu il 34869 hektar sahədə taxıl əkilib və bunun da 14860 hektarını buğda, 20000 hektarından çoxunu arpa əkinləri təşkil edir. Hazırda taxıl sahələrinin becərilməsi işləri aparılır. 30 min hektardan çox sahə suvarılıb, 4 min hektar sahəyə mineral gübrə verilib. Yüksək məhsul əldə etmək üçün lazımi aqrotexniki tədbirlər həyata keçirilib.

"Aqrolizinq" ASC-nin rayonda "Aqrotexservis" mərkəzi yaradılıb. Kürdəmir Aqrotexservis mərkəzinin 6 ərazidə mexaniki dəstələri təşkil edilib. Mərkəzə onun mexaniki dəstələrinə 40 traktor, 24 kombayn, ot biçən, taxıl səpən, ümumilikdə 100-dən çox traktor, digər kənd təsərrüfatı maşınları avadanlıqları alınıb. "Aqrotexservis" mərkəzi tərəfindən istehsalçılara 2800 tondan çox güzəştli qiymətlərlə mineral gübrələr satılıb. Bundan əlavə, 5 özəl aqrotexservis mərkəzi yaradılıb. Burada 120-dən çox traktor, kombayn digər kənd təsərrüfatı texnikalarından istifadə olunur. Bütün bunların nəticəsidir ki, rayonda taxıl biçini optimal müddətdə başa çatdırılıb, digər kənd təsərrüfatı işlərinin vaxtında görülməsinə zəmin yaradılıb.

Rayonda heyvandarlıq quşçuluq sahələrinin inkişaf etdirilməsi sahəsində məqsədyönlü işlər görülüb. Hazırda iri buynuzlu mal-qaranın sayı 62200 başa, qoyun keçilərin sayı 131000 başa çatdırılıb. Ötən müddətdə müvafiq olaraq ət, süd, yun, yumurta istehsalının dinamik artımına nail olunub.

Rayonda quşçuluq məhsulları istehsalı ilə məşğul olan "Kürdəmir-Broyler" ATSC-nin fəaliyyəti genişləndirilib, damazlıq ana quşların sayı 2,5 min başa çatdırılıb. İl ərzində 642 min ədəd damazlıq yumurta, 27,4 tondan çox quş əti istehsalı təmin edilib.

Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması sahəsində məqsədyönlü işlər görülüb. 7 nəfər süni mayalanma texniki hazırlanıb, onların fəaliyyəti üçün hər cür şərait yaradılıb. Süni mayalanma avadanlıqları, yüksək məhsuldar cins mal-qara toxumu nəqliyyatla təmin ediliblər. 2009-cu ildə 680 baş iri buynuzlu mal süni mayalandırılıb, 137 baş bala alınıb. Heyvandarlığın yem bazasının möhkəmləndirilməsi üçün tədbirlər görülüb, yonca əkinlərinin sahəsi 17 min hektara, qaba yem istehsalı 120 min tona, yemlik arpa istehsalı 20 min tona çatdırılıb.

Rayonda gündəlik 30 tondan çox süd məhsulları emal edən zavodun tikintisinə başlanıb sona çatdırılıb. Təbii inşaat materiallarının istehsalı üçün rayon ərazisində axtarış işləri aparılır. Dövlət Proqramının icrası ilə əlaqədar 2009-cu ildə "Azəryolservis" ASC-nin vəsaiti hesabına Bakı-Ələt-Qazax avtomobil yolunun 1,7 km hissəsində 9450 kvadratmetr Ağsu-Kürdəmir-Bəhramtəpə avtomobil yolunun 3,5 km hissəsində 14400 kvadratmetr sahəyə asfalt döşənməklə orta cari təmir işləri aparılıb. Yerli büdcənin vəsaiti hesabına şəhərin Sabir küçəsində 3800 kvadratmetr, Zərdabi küçəsində 3400 kvadratmetr, Qədirov küçəsində 2250 kvadratmetr, Nizami küçəsində 1250 kvadratmetr, Natavan küçəsində 715 kvadratmetr, Koroğlu küçəsində 880 kvadratmetr, M.Hüseynzadə küçəsində 2001 kvadratmetr, H.Cavid küçəsində 660 kvadratmetr, Vaqif küçəsində 1300 kvadratmetr asfaltlaşdırılıb. Bu məqsədlə 192 min manat vəsait xərclənib.

Bundan əlavə, Kürdəmir "Tikinti-Nəqliyyat" ASC-nin "Aqroyol" Tikinti İdarəsinin vasitəsilə rayonun 7 kəndində, o cümlədən Mollakənd, Atakişili, Sığırlı, Şilyan, Carlı, Muradxan Çöhranlı kəndlərində 26 km kəndarası yollarda cari əsaslı təmir işləri aparılmaqla yerli büdcənin vəsaiti hesabına 100 min manatlıq görülüb. Dövlət Proqramına uyğun olaraq yeni elektrik yarımstansiyasının tikintisinin layihələndirilməsi, maliyyələşdirilməsi tikintisi ilə əlaqədar müvafiq orqanlarla məsləhətləşmələr aparılıb. Əhalinin elektrik enerjisinə olan tələbatını ödəmək məqsədi ilə rayonun kəndlərində olan 10 kv-luq elektrik hava xəttinin 0,7 km hissəsi yenidən tikilib. 10 kv-luq elektrik hava xəttinin 12,2 km hissəsi əsaslı, 55,95 km hissəsi cari 0,4 kv-luq elektrik hava xəttinin 12.78 km hissəsi əsaslı, 65,95 km hissəsi cari təmir edilib. 9 ədəd transformator yarımstansiyası əsaslı təmir olunub. 26 ədəd elektrik transformatorları əsaslı, 39 ədəd elektrik transformatorları isə cari təmir edilib. 110 kv-luq elektrik hava xəttinin 36 km hissəsində 35 kv-luq elektrik hava xəttinin 18 km hissəsində əsaslı təmir işləri aparılıb.

Vətəndaşların mənzillərinə 154 ədəd, rayonda məskunlaşmış qaçqın məcburi köçkünlərin mənzillərinə 358 ədəd elektrik sayğacı quraşdırılıb. 39 ədəd yanmış bir fazalı sayğac yenisi ilə əvəz olunub. Proqramın icrası ilə əlaqədar cari ildə əhalinin qazla təchizatının yaxşılaşdırılması məqsədilə Xırdapay kəndi ərazisində 350 metr uzunluqda 50 mm-lik qaz boru xətti təmir edilərək işlək vəziyyətə gətirilib. Sığırlı kəndində 1 ədəd, şəhərin M.Hadi küçəsində 1 ədəd, Bakıxanov küçəsində 1 ədəd, Xırdapay kəndinin Bakı prospekti hissəsində 2 ədəd, A.Şakir küçəsində 1 ədəd, S.Qazıyeva küçəsində 1 ədəd təzə qaz tənzimləyicisi quraşdırılıb. Şəhərin Aşıq Şakir küçəsində 1 ədəd, Xırdapay kəndi ərazisində 3 ədəd, Sığırlı kəndində 1 ədəd 100 mm-lik siyirtmə quraşdırılıb. Şəhərin 20 yanvar küçəsində 1 ədəd, Babək küçəsində 1 ədəd, Sabir küçəsində 1 ədəd, Sığırlı kəndində 2 ədəd, Xırdapay kəndində 3 ədəd, Atakişili kəndində 2 ədəd, Qarasaqqal kəndində 2 ədəd, Aran qəsəbəsində 2 ədəd qaz tənzimləyicisi təmir edilib.

 

Tərlan Nəsirli

 

(ardı var)

 

 Mövqe.- 2012.- 22 fevral.-S.10.