Kürdəmir rayonu ötən ili də böyük uğurlarla başa vurub

 

Tarixə çevrilmiş 2011-ci il Azərbaycanın bütün regionları kimi, Kürdəmir rayonu üçün də uğurlu nəticələrlə yadda qalıb. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurla həyata keçirilməsi nəticəsində rayon iqtisadiyyatı bütün sahələrində dinamik inkişaf edib. Mövcud müəssisələrin fəaliyyəti genişləndirilib, yeni emal və istehsal müəssisələri açılıb, nəticədə iş yerlərinin sayı xeyli artıb. Görülmüş tədbirlər nəticəsində 2003-cü ildən etibarən Kürdəmirdə 10450 yeni iş yeri açılıb və bunun da 6629-çü daimidir. 2011-ci ildə yaradılmış 631 yeni iş yerindən 526-sı daimidir. Əhalinin həyat səviyyəsinin yüksəlməsini səciyyələndirən orta aylıq əməkhaqqı 1,1 faiz artaraq 175,5 manat təşkil edib.

Ötən il rayon üzrə ümumi daxili məhsul buraxılışı 10,9 faiz artaraq 254 milyon 797 min manat təşkil edib. Aqrar islahatların uğurla həyata keçirilməsi, aqrar sahədə sahibkarlığın inkişafı üçün yaradılmış işgüzar şərait və bu sahəyə ardıcıl olaraq göstərilən dövlət dəstəyi nəticəsində kənd təsərrüfatı sahəsində yüksək göstəricilər əldə olunub. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq aqrar sektorda bitkiçilik və heyvandarlığın inkişafına diqqət daha da artırılıb. Ümumilikdə kənd təsərrüfatı, xüsusilə taxılçılıq üçün olduqca əlverişsiz olan bu ildə də yüksək taxıl məhsulu götürmək üçün mümkün tədbirlər görülüb. Dənlik qarğıdalı da daxil olmaqla 35 min 8 hektar (ötən ildən 1024 hektar və ya 3,1 çox) sahədən 55 min 762 ton (ötən ildən 4391 ton və ya 8,5 faiz) çox məhsul istehsal olunub.

2011-ci ildə 12910 ton, yaxud (2010-cu illə müqayisədə) 2900 ton çox kartof, 30 min ton, yaxud 4 min ton çox tərəvəz, 47565 ton, yaxud 5400 ton çox bostan, 132 ton, yaxud 14 ton çox günəbaxan məhsulları istehsal olunub. Taxılın toxumçuluğuna xüsusi diqqət yetirilib, taxıl toxumçuluğu ilə məşğul olan 10 toxumçuluq təsərrüfatı yaradılıb. Toxumçuluq təsərrüfatları tərəfindən səpin aparılmış 2000 hektar taxıl sahələrindən 6 min tondan çox I və II reproduksiyalı toxumluq məhsul yığılıb. İl ərzində kənd təsərrüfatı istehsalçılarına 1100 tondan çox güzəştli qiymətlərlə mineral gübrələr satılıb və əkinlərə 6 min tondan çox üzvü gübrə verilib. Bundan başqa, rayonda heyvandarlıq və quşçuluq sahələrinin inkişaf etdirilməsi sahəsində məqsədyönlü işlər görülüb. İri buynuzlu mal-qaranın sayı 62,1 min başı, qoyun-keçilərin sayı isə 131,1 min başı ötüb. Bu dövr ərzində ət, süd, yun, yumurta istehsalının dinamik artımına nail olunub. İqtisadi səmərəliliyi nəzərə alınaraq təbii sututarlarda göl balıqçılığının və balıq yetişdirən nohur təsərrüfatlarının inkişafına sahibkarlar tərəfindən maraq daha da artıb, bu il 100 tondan çox təzə balıq satılıb. Arıçılığın inkişafı sahəsində də müəyyən işlər görülüb və arı ailələrinin sayı 3 mini ötüb.

Ötən il nar bağlarının sahəsi də ilbəil genişləndirilib, son illər salınmış nar bağlarının sahəsi 6200 hektara çatdırılıb. Yeni üzüm bağlarının sahəsi 650 hektara çatdırılıb, üzüm bağları salınarkən qiymətli və məhsuldar sortlara üstünlük verilib. 2011-ci ildə ümumilikdə 21 min tondan çox meyvə, 4 min tondan çox üzüm yığılıb. Suvarmaya xidmət edən bütün nasos stansiyaları müasirləşdirilərək daha güclüləri ilə əvəz olunub. 850 km-dən çox kanal və 120 km-dən çox kollektor-dren şəbəkəsi lildən təmizlənib, 32 ədəd yeni hidrotexniki qurğu qurulub. Kür çayının rayonun ərazisindən keçən 63 km-lik hissəsində bəndlər yenidən qurulub.

Ötən illərdə olduğu kimi, 2011-ci ildə də şəhər ərazisindən və avtomobil yollarının kənarlarından 28 ədəd yöndəmsiz obyekt sökülərək götürülüb. 17 müasir obyektin tikintisi, 64 obyektin isə ağlay və alkapon materialı ilə rekonstruksiyası aparılıb. Heydər Əliyev prospektinin başlanğıcında hündürlüyü 5 metr olan ağlay materialı ilə üzlənməklə prospektə giriş monumenti ucaldılıb, müasir işıqlanma sistemi quraşdırılıb.

Rayonun abadlıq işlərinə ayrılmış vəsait hesabına Heydər Əliyev prospektində və şəhərin Babək küçəsində 5650 p/m yol bardürləri, 3663 p/m səki bardürləri düzülüb. Səki və meydanlarda 5276 kvadratmetr mozaik tava döşənib, 3860 kvadratmetr asfalt vurulub, 3260 kvadratmetr divar vinil-saydinqlə üzlənib. Avtomobil körpüsündə 700 p/m uzunluqda yeni dekorativ metal məhəccəri, 13 ədəd müasir işıq dirəkləri quraşdırılıb. Babək küçəsində əlavə 13 ədəd işıq dirəkləri yerləşdirilib. 560 kvadratmetr divarlar, 496 kvadratmetr ölçüdə darvazalar rənglənib.

"Heydər parkı"nın 1296 kvadratmetr ərazisi müasir örtük tavaları ilə yenidən üzlənib, üç pilləli işıqlanma sistemi ilə təchiz olunmuş müasir fəvvarə quraşdırılıb, parkın görkəmi tamamilə yenilənib. "Qələbə" parkının ərazisi yeni mozaik tavalarla rekonstruksiya edilib və yeni fəvvarə sistemi quraşdırılıb. Dəmir yolu vağzalı ətrafında xeyli abadlıq işləri aparılıb, piyada keçidləri əsaslı təmir edilib. Yaşıllıq zolaqları dekorativ gül kolları ilə yenidən əkilib.

Əhali məşğulluğunun etibarlı təminatı və artan sosial tələblərin həlli istiqamətində aparılan ardıcıl işlər sayəsində Kürdəmir Süd Emalı zavodunun tikintisi bir müddət əvvəl başa çatdırılıb. 120 ton süd məhsulu emal edəcək zavodda 150-dən artıq sakinin işlə təmin olunması gözlənilir. Ötən il həmçinin Vergilər Nazirliyinin Kürdəmir Kompüter Terminalı, Regional Enerji Nəzarət İdarəsinin, FHN Kürdəmir Yanğın Təhlükəsizliyi İdarəsinin yeni depo binası tikilib istifadəyə verilib. 2011-ci ildə, eyni zamanda, Kürdəmir Şəhər İcra Hakimiyyətinin yeni binasının tikintisinə başlanılıb. Müasir tələblərə cavab vermədiyinə görə "Kürdəmir-bazar" MMC-nin fəaliyyəti dayandırılıb, ərazidə müasir layihəyə əsasən yeni bazarın tikintisinə başlanılıb.

2010-cu ilin aprel-may aylarında Kür çayında suyun səviyyəsinin həddindən çox qalxması və həmçinin yağan güclü leysan yağışları nəticəsində fərdi yaşayış evlərinə dəymiş ciddi ziyanlar aradan qaldırılıb. Belə ki, rayonda Fövqəladə Hallar Nazirliyi tərəfindən qəzalı olduğu müəyyən edilmiş 347 yeni fərdi evin tikintisi başa çatdırılaraq istifadəyə verilib. Bütün bunlarla yanaşı, çoxsaylı müraciətlər şöbənin mütəxəssisləri tərəfindən araşdırılaraq müvafiq tədbirlər görülməsi üçün aidiyyəti üzrə yuxarı orqanlara təqdim edilib.

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası ilə əlaqədar 2011-ci ildə "Azəryolservis" ASC-nin vəsaiti hesabına Bakı-Ələt-Qazax avtomobil yolunun 2.5 km hissəsində 18200 kvadratmetr və Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun 6,3 km hissəsində 28750 kvadratmetr sahəyə asfalt döşənməklə orta və cari təmir işləri aparılıb. Şəhər küçələrinin asfaltlaşdırılması üçün ayrılmış vəsait hesabına ümumilikdə 18791 kvadratmetr asfalt işləri görülüb. Rayonun Xırdapay kənd yolunun 4099 kvadratmetrində asfalt işləri görülüb.

Şəhərin abadlaşdırılması məqsədilə X.İslamzadə küçəsinə 350 metr uzunluğunda yeni piyada yolu çəkilib, Heydər Əliyev prospektində isə 1785 kvadratmetr mövcud səki sökülərək müasir mozaik örtük tavaları ilə üzlənib. Rayonda təhsil, səhiyyə və mədəniyyət sahələrinin inkişaf etdirilməsi, mövcud problemlərin aradan qaldırılması ilə əlaqədar müvafiq tədbirlərin həyata keçirilməsi diqqət mərkəzində olub. Son səkkiz ildə rayonda 24 yeni məktəb və ya 7 min şagird yerlik 350 sinif otağı tikilib istifadəyə verilib. Bu da əvvəlki 20-25 ildə tikilən məktəb və sinif otaqlarının sayından 6 dəfə çoxdur. Dövlət Proqramına müvafiq olaraq 640 şagird yerlik şəhər 3 saylı tam orta məktəbin şəhərin simasına xüsusi gözəllik verən, müasir dizayn və arxitektur görünüşünə malik yeni 3 mərtəbəli binası tikilib başa çatdırılaraq yeni tədris ilinin başlandığı gün müəllim və şagirdlərin istifadəsinə verilib.

Yaponiyanın Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə "Sülh" qeyri-dövlət humanitar təşkilatı tərəfindən Bala Kəngərli kənd ümumi orta məktəbi yanında 200 yerlik yeni məktəb binası tikilib istifadəyə verilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamlarına əsasən, 220 şagird yerlik Xırdapay və Sor-Sor, 180 şagird yerlik Qarasaqqal kənd tam əsas məktəblərinin tikintisi aparılır, 1 və 3 saylı uşaq bağçası körpələr evləri rekonstruksiya və əsaslı təmir edilir. 80 yerlik Qarabucaq ümumi orta məktəbin tikintisinə yaxın günlərdə başlanılacaq.

Ötən il ali və orta ixtisas müəssisələrinə qəbul olunmuş tələbələrin sayı da olduqca sevindiricidir. Belə ki, 196 nəfər (ötən ildən 46 nəfər çox) ali, 90 nəfər isə (ötən ildən 20 nəfər çox) orta ixtisas müəssisələrinə qəbul olunub. Qəbul olunanların 10 nəfəri (3 nəfər çox) 600 baldan çox, 23 nəfəri isə (6 nəfər çox) 500 baldan çox bal toplayıb. Məktəblərin maddi texniki bazası və informasiya-kommunikasiya texnologiyaları təminatı ilə əlaqədar ötən il 1200 şagird yerlik yeni inventar alınıb, 502 müasir tipli kompüter quraşdırılıb. Bu da hər 20 şagirdə 1 kompüterin düşdüyünü göstərir. Bu günə 11 məktəb internet şəbəkəsinə qoşulub, 3-ü üçün hazırlıq işləri görülür, bu da şagirdlərin elmi dünya görüşünün artmasında, internet əlaqəsinin yaradılmasında mühüm əhəmiyyət kəsb edir.

Son səkkiz ildə 13 nəfər qabaqcıl müəllimə və təhsil işçisinə müxtəlif fəxri adlar verilib, onlardan 5 nəfəri "Əməkdar müəllim" adını daşıyır. 2011-ci ildə təhsilin inkişaf etdirilməsində səmərəli fəaliyyətinə görə 1 nəfər əməkdar müəllim, 1 nəfər müəllim isə "Ən yaxşı müəllim" adına layiq görülüb.

 

(ardı var)

 

 

Tərlan Nəsirli

 

Bakı-Kürdəmir-Bakı

 

Mövqe.- 2012.-25 fevral.-S.10.