2011-ci il Azərbaycan xarici siyasətində tarixi nailiyyətlər ili oldu

 

Sürətli iqtisadi inkişaf yolu ilə inamla addımlayaraq Cənubi Qafqazın lider ölkəsinə, intellektual və informasiya mərkəzinə çevrilmiş Azərbaycanın beynəlxalq aləmdə mövqeləri gündən-günə daha da möhkəmlənir. Bu böyük nailiyyət müstəqilliyimizin ən dəyərli töhfəsidir. Onun əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, bu gün Azərbaycan Prezidenti İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilir.

Azərbaycanın xarici siyasət strategiyasının qazandığı uğurları şərtləndirən amillər çoxdur. Buraya ölkəmizin beynəlxalq aləmə sürətli inteqrasiyası, nüfuzlu dövlətlərin, tanınmış beynəlxalq təşkilatların Azərbaycana münasibətinin yaxşılaşması, rəsmi Bakının Avropanın enerji təhlükəsizliyinin təmin edilməsindəki rolunun artması, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında həlli istiqamətində mövqeyimizi dəstəkləyənlərin getdikcə artması daxildir.

Ölkəmizin həyata keçirdiyi ardıcıl fəal siyasət sayəsində artıq bütün dünya işğal altındakı torpaqlarımızın azad olmasını, problemin yalnız beynəlxalq hüququn norma və prinsipləri əsasında aradan qaldırılmasını tələb edir, bu məsələdə prezident İlham Əliyevin mövqeyini bəyənir və dəstəkləyirlər. Qətnamə və bir sıra sənədlərində Birləşmiş Millətlər Təşkilatı, Avropa Birliyi, ATƏT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, həmçinin digər nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı, bir milyondan artıq yurddaşımızın öz dədə-baba torpaqlarından didərgin düşməsi, tariximizə və mədəniyyətimizə aid dəyərli abidələrimizin məhv edilməsi faktını tanıyır və təsdiq edirlər.

Xarici siyasət strategiyamızın uğurudur ki, bu gün Azərbaycan reallıqları müzakirə olunarkən bu reallıqlar "Qafqazın yeni nümunəsi kimi" dəyərləndirilir. 2011-ci il Azərbaycanın xarici siyasət sahəsində əldə etdiyi daha bir tarixi nailiyyətlə unudulmaz oldu. Həm də elə bir nailiyyətlə ki, onun sevincini biz hələ illər uzunu yaşayacaq və bəhrəsini görəcəyik. Bu, 2011-ci ilin 24 aprel tarixində ölkəmizin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsidir.

Bu nə deməkdir? Bu, aparıcı dövlətlərin, nüfuzlu beynəlxalq təşkilatların Azərbaycanın Cənubi Qafqazın lider ölkəsi olduğunu bir daha təsdiq və etiraf etməsi deməkdir. Ölkə başçısının də bəyan etdiyi kimi, bu gün Azərbaycanın iştirakı olmadan Cənubi Qafqazda heç bir layihənin reallaşmasından söhbət belə gedə bilməz. Azərbaycan sülh, əmin-amanlıq, sabitlik, əməkdaşlıq məkanı kimi bütün dünyanın diqqət mərkəzindədir. Əslində BMT Təhlükəsizlik Şurasında söz sahibi olmaq səlahiyyətini qazanmağımıza aparan yol bir qədər əvvəldən başlayır. Təkcə son 2-3 ildə Azərbaycanın beynəlxalq siyasət sahəsində nüfuzunun və çəkisinin artması inkarolunmaz faktdır. Bu isə sonda bizim BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməyimizlə nəticələndi.

Nəticə ürəkaçandır, amma ona nail olanacan baş verən prosesləri izlədikcə bir azərbaycanlı olaraq keçirdiyimiz hisslərin təntənəsi təkrarsızdır.

Birləşmiş Millətlər Təşkilatının plenar iclasında Təhlükəsizlik Şurasının Şərqi Avropadan qeyri-daimi üzvlüyünə keçirilən səsvermədə təşkilata üzv olan 193 ölkəsindən 155-i namizədliyini dəstəklədi. Bu da ondan irəli gəlir ki, biz BMT Təhlükəsizlik Şurasına keçirilən səsvermədə daha çox müttəfiq əldə etmək taktikasını uğurla həyata keçirdik. Səsvermənin gedişində digər namizəd olan Sloveniya cəmi 77 səs ala bildi. Müstəqil Dövlətlər Birliyinin 15 respublikası arasında BMT Təhlükəsizlik Şurasının daimi üzvü Rusiya Federasiyası və bilavasitə təşkilatın yaranmasında iştirak etmiş Ukraynadan başqa heç bir dövlətin indiyədək bu quruma üzv olmaması faktını nəzərə alsaq, bu, doğrudan da, çox gənc müstəqil ölkə kimi Azərbaycanın xarici siyasətinin, onun diplomatiyasının nailiyyətidir. Bu parlaq qələbə ölkəmizin beynəlxalq arenada mövqeyini xeyli gücləndirdi. Bununla da Azərbaycan ümumbəşəri məsələlərin həllində əsas söz sahiblərindən birinə çevirdi.

Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin BMT Təhlükəsizlik Şurası kimi mötəbər bir qurumda qeyri-daimi üzv kimi təmsil olunmaq imkanı əldə etməsini Azərbaycanın bütün tarixi ərzində bəlkə də ən vacib, ən sanballı və əhəmiyyətli qələbəsi kimi dəyərləndirmiş, qarşıda duran vəzifələrə aydınlıq gətirərək demişdir: "Biz çalışırıq ki, qarşıdakı iki ildən maksimum səmərə ilə istifadə edək, maraqlarımızı, o cümlədən bizim üçün ən mürəkkəb və çətin məsələdə - Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsində təmin edək. Əlbəttə, biz bu mövzunu daim Təhlükəsizlik Şurasının diqqət mərkəzində saxlayacağıq. Lakin biz həm də qlobal miqyasda sülhün, təhlükəsizliyin, əməkdaşlığın möhkəmlənməsi işinə töhfəmizi verməyə çalışacağıq. Bu gün beynəlxalq birliyin bu yeri bizə etibar etməsi faktının özü ona dəlalət edir ki, Azərbaycan dünyada baş verən qlobal proseslərə töhfə verən və daha çox töhfə verəcək bir ölkə kimi qəbul edilir".

Azərbaycanın dünya siyasətini müəyyənləşdirən və idarə edən bir qurumda təmsilçiliyi ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun nəticəsidir. İk il müddətində BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi fəaliyyət göstərməsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələləri gündəmə gətirmək imkanı verəcək.

Məlumdur ki, vaxtilə BMT Təhlükəsizlik Şurası münaqişə ilə bağlı dörd -822, 813, 874 və 884 saylı qətnamələr qəbul etmişdir və həmin qətnamələrdə ərazi bütövlüyümüz, sərhədlərimizin toxunulmazlığı və suverenliyimizin vacibliyi bildirilirdi. Amma bu qurumun daimi üzvü olan böyük dövlətlər Ermənistanın təcavüzkar kimi tanınmasına razılıq vermədilər. Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasına yox, üstünlüyü münaqişənin atəşkəs və danışıqlar vasitəsilə həllinə verdilər. İnanırıq ki, Azərbaycan diplomatiyası Təhlükəsizlik Şurasında təmsil olunacağı dövrdə bu məsələləri gündəmə gətirməyə nail olacaq. Bu da mümkün olmayacağı təqdirdə dünyanın taleyini müəyyən edən 15 dövlətin sırasında olması da irəliyə doğru uğurlu addımlar atmağa imkan verəcək. Bu zaman münaqişə ilə bağlı əsl həqiqətlərin, hazırkı vəziyyətin mənzərəsinin çatdırılması üçün sözsüz ki, işlər aparılacaq, lazım olan hər şey ediləcək.

Ötən il Azərbaycanın tarixində həm də ölkəmizə nüfuzlu dövlətlərin prezidentlərinin, baş nazir və xarici işlər nazirlərinin, beynəlxalq təşkilatların bir-birindən ünlü, nüfuzlu nümayəndələrinin gəlişinə də şahidlik etdik. Bundan başqa, Azərbaycan həm də beynəlxalq miqyaslı tədbirlərə ev sahibliyi etdi.

Amma iqtisadi böhranın çox ağır nəticələri ilə üz-üzə qalmasına baxmayaraq, Ermənistanın öz işğalçılıq niyyətindən əl çəkməməsi, danışıqlar prosesində tutduğu qeyri-konstruktiv mövqe tutması, bunun da nəticəsində görüşlərdə irəliləyişlərə nail olunmaması ürəkaçan deyil.

Bütün bunlara rəğmən, beynəlxalq aləmdə Azərbaycanın haqq səsinə reaksiyaların effekti əhəmiyyətli dərəcədə artmaqdadır. Buna misal olaraq İtaliya senatında Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həlli ilə bağlı qətnamənin qəbulunu göstərə bilərik. Digər bir ölkənin, Meksika senatının da eyni məzmunlu qərar qəbul etməsi, Avropa Parlamentində aparılan müzakirələrdə münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli barəsində qəti fikirlərin səsləndirilməsi Ermənistanın öz qonşusuna etdiyi haqsızlığa, işğalçılıq siyasətinə verilən ən düzgün qiymət kimi qəbul oluna bilər.

Digər uğurlu bir hadisə Rusiyanın ölkəmizə həm "S 300"-ün, həm də hərbi vertolyotların satılmasına razılıq verməsidir. Nəzərə alsaq ki, Ermənistan Rusiyanın forpostu olan ölkədir və bu məsələdə erməni lobbisinin canfəşanlığı Rusiya tərəfini tərəddüdlə hərəkət etməyə vadar edirdi, onda bu hadisənin əhəmiyyəti də kifayət qədər böyük hesab edilə bilər.

 Bu gün Azərbaycan torpaqlarının 20 faizi düşmən tapdağı altındadır. Yurdunu, ev-eşiyini itirmiş bir milyondan artıq soydaşımız var. Doğrudur, onların yaşayış yeri, mənzil problemləri ölkəmizin artan iqtisadi qüdrəti hesabına yüksək səviyyədə həllini tapmaqdadır, amma torpaqlarımızın tezliklə işğaldan azad olunması istiqamətində də kifayət qədər səmərəli iş gedir. Bu isə Dağlıq Qarabağ münaqişənin həllinə, düşmən əsirliyində inləyən torpaqlarımızın azad olunacağına hər birimizdə böyük inam yaradır. Çünki torpaqlarımızın işğal altında olmasına, müharibə vəziyyətində yaşamağımıza baxmayaraq sürətlə inkişaf edən iqtisadiyyatımız var. Bundan başqa, ölkənin hərbi potensialının güclənməsi, son 8 ildə hərbi sahəyə ayrılan vəsaitin həcminin 25 dəfəyədək artması, əksinə düşmənimiz olan Ermənistanın ağır iqtisadi böhran məngənəsində zəifləməsi, hərbi büdcəsinin isə bizimkindən 1,5 dəfə geridə qalması və s. qüdrətli və güclü Azərbaycanın qələbəsini labüd edəcəkdir.

2011-ci il və xarici siyasət strategiyamız dedikdə təqdirəlayiq bir hadisə kimi Türkiyə ilə qaz nəqli istiqamətində bağlanmış sazişlərin imzalanmasını da qeyd etmədən keçmək olmaz. Sazişin imzalanması nəticəsində Azərbaycanın təbii qazının Avropa bazarlarına çıxarılması üçün "Trans-Anadolu" qaz xəttinin çəkilişi reallaşacaq. Bu böyük hadisə təkcə iqtisadi əhəmiyyət daşımır, onun həm də çox böyük siyasi dəyəri var. Bu sazişi bağlamaqla həm Türkiyə, həm də Azərbaycan bir daha dünyaya bəyan etdilər ki, türkün ən böyük dostu türkdür, iki dövlət, bir millət olan Azərbaycan və Türkiyə arasına nifaq salmaq, onları ayırmaq mümkün deyil.

Uğur üçün mövcud olan müsbət şəraitlə yanaşı, olduqca çətin, təhlükəli situasiyaların da olduğunu unutmamalıyıq. Amma Azərbaycan xarici siyasətinin banisi ümummilli liderimiz Heydər Əliyevin uzaqgörənliyinin nəticəsi, həmin strategiyanı uğurla davam etdirən prezident İlham Əliyevin iradəsi və bacarığı sayəsində, xüsusilə də Azərbaycan-İran münasibətlərinin gərginliyi fonunda Azərbaycanın qonşularla münasibətdə tarazlı xarici siyasəti qoruyub saxlaması müsbət haldır.

2012-ci ilin ilk aylarını yaşayırıq. Bu il Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan Minsk qrupu ölkələrində - Rusiyada, Amerika Birləşmiş Ştatlarında və Fransada prezident seçkiləri keçiriləcək. Deməli, bu ölkələrin, necə deyərlər, başları özlərinə qarışacaq, ancaq daxili siyasət məsələləri ilə məşğul olacaqlar. Ona görə də bizim problemimiz olan Dağlıq Qarabağ münaqişəsinin həlli diqqətdən kənarda qala bilər. Amma Azərbaycanın banisi ulu öndər Heydər Əliyev olan düzgün müəyyən edilmiş xarici siyasət strategiyası, ölkə prezidenti İlham Əliyevin qətiyyətli mövqeyi Dağlıq Qarabağ münaqişəsinin daim diqqət mərkəzində saxlanmasına nail olacaqdır.

 

 

Əminə YUSİFQIZI,

Yevlax, "Kür" qəzetinin

baş redaktoru

 

Mövqe.- 2012.- 28 fevral.- S.14.