Kürdəmirdə gənclərin mədəni-intellektual yüksəlişi təmin edilib

 

Müasir dövrdə təhsilin forma və məzmunca yeniləşdirilməsi uşaqlarla aparılan təlim-tərbiyə işlərinin əsaslı surətdə yaxşılaşdırılmasını tələb edir. Dövlət başçısının imzası ilə təsdiqlənmiş "Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə (2006-2010-cu illər)" və "Azərbaycan gəncliyi - 2011-2015-ci illərdə" dövlət proqramları istedadlı uşaqlarla aparılan işlərin təşkili və əmək bazarının tələblərinə cavab verən kadr hazırlığı sahəsində qarşıya mühüm vəzifələr qoyub. İstedadlı gənclər, uşaqlarla işin təşkili sahəsində məktəbdənkənar və məktəbəqədər tərbiyə müəssisələrinin işi xüsusi əhəmiyyət kəsb edir.

Hazırda Kürdəmir rayonunda 11 məktəbəqədər tərbiyə müəssisəsi var və burada 40 qrupda 720 nəfər uşaq ictimai tərbiyəyə cəlb edilib. Son illər məktəbəqədər tərbiyə müəssisələrində təlim-tərbiyə işlərinin, məşğələlərin səviyyəsi xeyli yüksəlib, bağçaların maddi-texniki bazasını möhkəmləndirilməsi sahəsində müəyyən işlər görülüb. Bütün bağçalar soyuducularla, zəruri avadanlıqlarla, bir sıra texniki əyani vasitələrlə təchiz edilib. Cari tədris ilində rayonun şəhər 2, 3, 4, 5, 6, 7 saylı və Şıxımlı kənd uşaq bağçalarının pedaqoji kollektivləri tərəfindən silsilə tədbirlər hazırlanaraq həyata keçirilib. Uşaqların müxtəlif mövzulara həsr olunmuş əl işlərindən ibarət sərgiləri təşkil edilib. Məktəbəqədər təhsil müəssisələrində aparılan təlim-tərbiyə prosesində vətənpərvərlik və milli-mənəvi keyfiyyətlərin aşılanması vəziyyəti Kürdəmir rayon Təhsil Şöbəsinin 28 aprel 2011-ci il tarixli şura iclasında müzakirə olunub. Bu sahədə mövcud nöqsanların aradan qaldırılmasını nəzərdə tutan müvafiq qərarlar qəbul edilərək icrasına nəzarət təmin edilib.

Ümumilikdə, rayonda fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələrində müxtəlif adda 178 dərnəkdə 2677 nəfər şagird məşğul olur. Onların istedad və qabiliyyətlərinin inkişaf etdirilməsi ilə 105 nəfər məşqçi-müəllim, dərnək rəhbərləri məşğuldur.

Rayonda müasir standartlara cavab verən yeni Olimpiya İdman Kompleksinin tikilib istifadəyə verilməsi, şəhər stadionunda aparılan yenidənqurma işləri, yeni istifadəyə verilən məktəb binalarının geniş idman zalları rayonda idmanın inkişafı üçün əlverişli şərait yaradıb. Elə bunun nəticəsidir ki, rayon məktəblilərinin idmanın ayrı-ayrı növləri üzrə əldə etdikləri nəticələr yaxşılaşıb. Onlar rayon və respublika yarışlarında uğurlu nəticələr əldə ediblər. UGİM-in oğlanlardan ibarət voleybol komandası bu ilin may ayında Şamaxı və Göyçay rayonlarında keçirilən "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 20-ci ildönümü" və "Ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü"nə həsr olunmuş zona yarışlarında 1-ci yerə layiq görülüblər.

Keçən il rayonun Şahmat məktəbi kollektivinin istedadlı şahmatçıların yetişdirilməsi sahəsində əldə etdiyi uğurlar da qənaətbəxş olub. 2011-ci ilin fevral ayında İsmayıllı rayonunda "Xocalı faciəsi"nə həsr olunmuş respublika turnirində rayon şahmat məktəbinin şagirdləri Hacıyev Mustafa I yerə layiq görülüb. Mart ayında Zaqatala rayonunda Respublika Uşaq Gənclər Şahmat məktəblərinin zona birinciliyində oğlanlardan ibarət komanda III yerə, may ayında isə Balakən rayonunda "28 may-Respublika günü"nə həsr olunmuş şahmat üzrə respublika turnirində isə III yerə layiq görülüblər.

Hazırkı dövrdə şagirdlərin dövlətçilik, azərbaycançılıq ruhunda tərbiyə edilməsi, onların milli və ümumbəşəri dəyərlər ruhunda formalaşdırılması, dövlətçiliyə sadiq, vətənpərvər, sağlam əqidəli vətəndaş kimi həyata hazırlanması əsas vəzifələrdəndir. Kürdəmir rayon məktəblərində və digər təlim-tərbiyə müəssisələrində milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin təbliği və öyrənilməsi istiqamətində önəmli tədbirlər hazırlanaraq həyata keçirilir. Bu işdə tədris prosesindən ayrı-ayrı fənlərin imkanlarından istifadə edilir. Rayonun yuxarı sinif şagirdləri 2011-ci ilin mart-may aylarında Təhsil Nazirliyinin, Rabitə və İnformasiya Nazirliyinin, Gənclər və İdman Nazirliyinin xəttilə "Vətəni Mübariz əsgər çağırır!" respublika inşa-yazı müsabiqəsində müvəffəqiyyətlə iştirak edib. Karrar qəsəbə tam orta məktəbinin IX sinif şagirdi Piriyeva Fəridə I yerə layiq görülüb.

Müasir dövrün səciyyəvi xüsusiyyətlərindən biri də həyatımızın bütün sahələrinin informasiya ilə təmin edilməsidir. Bu reallıqdan çıxış edən Kürdəmir rayon İcra Hakimiyyəti təhsildə İKT-nin geniş tətbiqinə xidmət edən kompleks tədbirlər həyata keçirib. 2009-cu ildən rayon təhsil işçilərinin 90 faizindən çoxu İKT üzrə treninq kurslarından keçib. Bu gün rayonun tədris müəssisələrinin hamısı əsasən müasir tipli kompyuterlərlə təmin olunub, 502 ədəd kompyuter məktəblilərin istifadəsinə verilib. Şəhər 1, 2, 6 saylı, Atakişili, Köhnəbazar, Topalhəsənli, Cəyli kənd tam orta məktəblərində kompyuterlərin işlək saxlanmasına, mühafizəsinə daha yaxşı diqqət yetirməklə, pedaqoji işçilər və şagirdlər İKT-nin imkanlarından səmərəli istifadə etməyə çalışırlar.

2008-2009-cu tədris ilinə yeni fənn kurikulumları və müasir dərsliklərlə başlanılıb, bu proses 2010-2011-ci dərs ilində I-III sinifləri əhatə edib. Yeni kurikulumların tətbiqi ilə əlaqədar rayonda Təhsil Nazirliyi tərəfindən 2010-2011-ci dərs ilində I siniflərdə dərs deyəcək 176 nəfər müəllim ongünlük təlim kurslarından keçib, onlara sertifikatlar təqdim olunub. Yeni kurikulum üzrə I-IV siniflər üçün dərslik komplektləri vaxtında gətirilərək məktəblərə çatdırılıb. Yeni fənn kurikulumlarının tətbiqi müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəlməsinə, şagirdlərin təlimə marağının artmasına, valideynlərin təlim prosesinə böyük diqqətinə səbəb olub.

Ümumilikdə, 2011-2012-ci dərs ilində rayonda 58 ümumtəhsil məktəbi - 43 tam orta, 12 ümumi orta, 3 ibtidai məktəb fəaliyyət göstərib. Məktəblərdə təhsil alan 15850 nəfər şagirdin təlim-tərbiyəsi ilə 1635 nəfər müəllim məşğul olub. Son 7 ildə Kürdəmirdə 24 yeni müasir standartlara cavab verən yeni məktəb binası tikilərək istifadəyə verilib. Bu da həmin məktəblərdə 7 minə yaxın şagirdin bir növbədə təhsil almasına imkan yaradıb.

Ötən dərs ilində Yaponiyanın Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə "Sülh" qeyri-dövlət humanitar təşkilatı tərəfindən Bala Kəngərli kənd ümumi orta məktəbi yanında 200 yerlik yeni məktəb binası tikilərək istifadəyə verilib. Əsası 2010-2011-ci dərs ilinə hazırlıq dövründə qoyulmuş, dövlət vəsaiti hesabına tikilən 640 şagird yerlik şəhər 3 saylı tam orta məktəbinin yeni binasının təntənəli açılış mərasimi "Bilik günü"ndə - 15 sentyabr 2011-ci il tarixdə keçirilib. Rayon Təhsil Şöbəsinin vəsaiti hesabına Ərəbqubalı və Məhərrəmli kənd tam orta məktəblərində əsaslı təmir işləri yekunlaşdırılıb.

Yeni dərs ilinə hazırlıq ərəfəsində rayonun Yenikənd tam orta məktəbinin tədris korpusunda Azərbaycan Dövlət Neft Şirkətinin maliyyə dəstəyi ilə əsaslı təmir işləri aparılıb. Eləcə də şəhər 2 saylı tam orta məktəbində "BP"-nin maliyyə dəstəyi və "Sağlam həyat mədəniyyəti ictimai birliyi"nin yaxından köməyi ilə müasir tələblərə cavab verən kitabxana yaradılıb.

Məktəblərin və digər təlim-tərbiyə müəssisələrinin yeni dərs ilinə hazırlanması bu ilin avqust ayına kimi əsasən başa çatdırılıb. Şəhər 2, 4, 5, 6 saylı, Atakişili, Köhnəbazar, Mürtülü, Çöhranlı, Xırdapay, Bağman, Ərəbxana, E.Zülfüqarov, Z.Əhmədov adına Şilyan, Qarasu və Sığırlı kənd tam orta məktəbləri, Uşaq Yaradıcılıq Mərkəzi, uşaq bağçalarının pedaqoji kollektivləri xüsusilə fərqlənib.

Ötən dərs ilində məktəb pedaqoji kollektivlərinin, valideyn ictimaiyyətinin, şəhər və kənd icra nümayəndəliyinin birgə səyi nəticəsində məktəb və siniflərinin komplektləşdirilməsi vaxtında başa çatdırılıb, şagirdlərin dərsə davamiyyəti xeyli yaxşılaşıb. Rayonun şəhər məktəblərində, Çöhranlı, Mürtülü, Cəyli, Atakişili, Dəyirmanlı, Köhünlü kənd orta məktəblərində ümumi icbari orta təhsilin yerinə yetirilməsi daha yaxşı təşkil edilib, təhsildən yayınma hallarına yol verilməyib.

Rayonda ümumi icbari təhsilin yerinə yetirilməsində çətinlik yaradan əsas problemlərdən biri də bir sıra kəndlərin qonşu məktəblərdən xeyli aralı məsafədə yerləşməsidir. Rayonun Çöl-Qubalı, Axtaçı-Qarabucaq, Təklə kəndlərində yaşayan məktəbyaşlı uşaqlar hər gün qonşu kəndlərdə yerləşən Ərəbqubalı, Axtaçı, Yenikənd kənd tam orta məktəblərinə çox uzaq məsafəni piyada getməli olurlar. Belə bir problem Sığırlı və digər kəndlərdə də vardır. Bu problemi isə yalnız göstərilən kəndlərdə yeni məktəb binaları tikməklə həll etmək mümkündür.

Məktəblərin yeni dərs ilinə hazırlanmasında və tədrisin keyfiyyətinin yüksəldilməsində şagirdlərin dərsliklərlə təmin olunması əsas vəzifələrdən biridir. Hər ildə olduğu kimi, keçən dərs ilində də bütün məktəb şagirdləri pulsuz dərsliklərlə təmin olunub, müxtəlif adda dərslik və bədii kitablar gətirilərək məktəb kitabxanalarına verilib.

Məktəblərdə şagirdlərin təlim-tərbiyəsinin ən mühüm amillərindən biri də pedaqoji kadrların, o cümlədən rəhbər pedaqoji kadrların düzgün seçilib yerləşdirilməsindən və məktəblərin ixtisaslı müəllimlərə olan tələbatının ödənilməsindən asılıdır. Rayon Təhsil Şöbəsi tərəfindən təlim-tərbiyə prosesinə rəhbərlik və nəzarətin səmərəli təşkili sahəsində məktəb rəhbərlərinə tələbkarlıq xeyli artırılıb, məktəblərin ixtisaslı kadrlarla təmin olunmasına xüsusi diqqət yetirilib.

 

(ardı var)

 

Tərlan Nəsirli,

Bakı-Kürdəmir-Bakı

 

Mövqe.- 2012.- 29 fevral.-S.10.