İnsan
hüquqlarının təminatı ali məqsəddir
İnkişaf etmiş ölkələrin təcrübəsi
göstərir ki, ictimai həyatın bütün sahələri
üzrə hüquqi bazanın möhkəm təməllər
üzərində qurulması, ədalət prinsiplərinə
ciddi şəkildə riayət olunması həmin dövlətdə
sabitliyin, vətəndaş həmrəyliyinin və iqtisadi tərəqqinin
başlıca təminatlarından biridir. Müstəqil Azərbaycanın
ötən 20 ildə demokratikləşmə, insan və vətəndaş
hüquq-azadlıqlarının təminatı sahəsində
mühüm uğurlara imza atması da məhz bilavasitə
mülki cəmiyyət quruculuğuna hesablanmış məhkəmə-hüquq
islahatlarının respublikanın sosial-iqtisadi inkişaf
dinamikası ilə uzlaşdırılması nəticəsində
mümkün olub. Respublikanın maliyyə imkanlarının
genişlənməsi ilə paralel şəkildə insan
hüquqlarının daha etibarlı təminatına yönəlmiş
islahatlar da ardıcıl və sistemli surətdə həyata
keçirilib.
Modernləşmə prosesini sürətləndirəcək
mükəmməl konsepsiya
Ötən illərdə hüquqi, siyasi və iqtisadi
islahatların paralelliyinin təmin edilməsi nəticəsində
respublikada milli ideya səviyyəli daha bir məsələ
müsbət həllini tapıb: Azərbaycan iqtisadi sahədə
keçid dövrünü başa vuraraq iqtisadi modernləşmə
mərhələsinə qədəm qoyub. Prezident İlham Əliyev
bu mərhələdə də qarşıda strateji vəzifələr
müəyyənləşdirərək xalqın mənafeyi
baxımından bir sıra məqsədləri önə
çəkir. Dövlət başçısının
hökumətin 2011-ci ilin 9 ayının sosial-iqtisadi
yekunlarına həsr olunmuş iclasında bəyan etdiyi kimi,
strateji məqsəd 2020-ci ilədək Azərbaycanda ümumi
daxili məhsulun ən azı 10 dəfəyədək
artımına nail olmaq və respublikanı inkişaf etmiş
ölkələr səviyyəsinə yüksəltməkdir.
Azərbaycan Respublikası Prezidentinin 29 noyabr 2011-ci il tarixli
"Azərbaycan 2020: gələcəyə baxış"
İnkişaf Konsepsiyasının hazırlanması barədə"
sərəncamı da məhz bu məqsədin, daha dəqiqi,
ortamüddətli perspektiv üçün respublikanın
qarşıya qoyduğu strateji hədəflərin dəqiqliklə
müəyyənləşdirilməsinə və onların
konkret icra mexanizmlərinin formalaşdırılmasına xidmət
edir. Konsepsiya təkcə sosial-iqtisadi, mədəni deyil, həm
də insan hüquq və azadlıqlarının təmini sahəsində
perspektiv vəzifələrin müəyyən olunması məqsədini
önə çəkir.
Hüquq islahatlarının
ardıcıllığı təmin edilib
Antik yunan mütəfəkkiri Siseron yazırdı:
"Ədalətlə idarə olunan ölkədə
yaxşı vətəndaş olmaq asandır". Son illərdə
Azərbaycanda uğurla gerçəkləşdirilən
iqtisadi, siyasi və hüquqi islahatların əsasında da məhz
insan və vətəndaş hüquq-azadlıqlarının
təmini, ədalət mühakiməsinin səmərəliliyinin
yüksəldilməsi məsələləri dayanır.
Ötən müddətdə məhkəmə-hüquq
sistemində əsaslı islahatlar aparılıb. Ədliyyə
orqanlarının fəaliyyətinin müasirləşdirilməsi,
ədalət mühakiməsinin səmərəliliyinin
artırılması, müstəqil məhkəmə hakimiyyətinin
möhkəmləndirilməsi üzrə genişmiqyaslı tədbirlər
görülüb. Bu islahatların məntiqi davamı olaraq
ölkə başçısının hələ 28 dekabr
2006-cı il tarixli sərəncamı ilə "Azərbaycan
Respublikasında İnsan Hüquqlarının Müdafiəsi
üzrə Milli Fəaliyyət Planı" təsdiqlənib.
Strateji əhəmiyyətli bu sənəd ötən illərdə
insan hüquqlarının təminatı prosesinin keyfiyyətcə
yeni müstəviyə keçməsini, universal və regional
səviyyədə yeni əməkdaşlıq
strategiyasının qurulmasını, dövlətlə vətəndaş
cəmiyyəti arasında tərəfdaşlıq münasibətlərinin
formalaşmasını təmin edib.
"Azərbaycan Respublikasında İnsan
Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət
Planı"na əsasən, Azərbaycan Respublikasının
icra hakimiyyəti orqanları, məhkəmələri və
Baş Prokurorluğu normativ hüquqi aktların tətbiqi
zamanı Azərbaycan Respublikasının insan
hüquqlarının müdafiəsi sahəsində
qanunvericiliyin tələblərinə riayət olunmasına nəzarəti
gücləndiriblər. Həmçinin Fəaliyyət
Planında nəzərdə tutulmuş vəzifələrin
icrası məqsədilə BMT-nin insan hüquqlarının
müdafiəsi sahəsində ixtisaslaşmış
müvafiq qurumları, həmçinin Avropa Şurası, ATƏT
və digər beynəlxalq qurumlarla əməkdaşlıq
sahəsində tədbirlər görülüb,
çoxsaylı birgə proqramlar reallaşdırılıb.
Xüsusən də Ermənistanın Azərbaycana
qarşı təcavüzü nəticəsində
qaçqın və məcburi köçkün
düşmüş şəxslərin hüquqlarının
kütləvi şəkildə pozulması faktının
dünya ictimaiyyətinə çatdırılması və
bu hüquqların bərpası istiqamətində beynəlxalq
müstəvidə müəyyən addımlar həyata
keçirilib.
İnsan hüquqlarına səmərəli
təminat mexanizmi
İnsan və hüquq azadlıqlarının təmini
elə bir mürəkkəb prosesdir ki, bu sahədə
islahatların sonu və son imkanları görünmür. Ölkə
rəhbərliyi məhz bu reallıqdan çıxış
edərək Azərbaycanın inkişaf etmiş ölkələr
səviyyəsinə qaldırılması üçün
hüquqi-siyasi liberallaşma sahəsində kompleks tədbirlərin
zəruriliyini önə çəkir. Azərbaycan
Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli sərəncamı
ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında
İnsan Hüquqları sahəsində Milli Fəaliyyət
Proqramı" da sosial-iqtisadi inkişaf prosesinin keyfiyyətcə
yeni mərhələsində hüquqi-siyasi islahatların
uğurla davam etdirilməsi məqsədini ön plana çəkir.
Əminliklə demək olar ki, konseptual əhəmiyyətli
bu sənəd "Azərbaycan 2020: gələcəyə
baxış" İnkişaf Konsepsiyasının
hazırlanması istiqamətində mühüm
addımdır.
6 fəsil və 75 bənddən ibarət Milli Fəaliyyət
Proqramı ölkədə normativ-hüquqi bazanın təkmilləşdirilməsi;
əhalinin müxtəlif qruplarının
hüquqlarının müdafiəsi; dövlət
orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi;
insan hüquqları sahəsində tədrisin gücləndirilməsi;
elmi-analitik və maarifləndirmə tədbirlərinin həyata
keçirilməsi; insan hüquqları sahəsində beynəlxalq
təşkilatlarla əməkdaşlığın dərinləşdirilməsi
və digər istiqamətlərdə mühüm tədbirlərin
həyata keçirilməsini nəzərdə tutur. Proqramın
icrasına 43 dövlət qurumu, o cümlədən, şəhər
və rayon icra hakimiyyətləri cəlb olunublar. Sərəncamla,
həmçinin Milli Məclisin, Ali Məhkəmənin,
Baş Prokurorluğun, İnsan hüquqları üzrə
müvəkkilin (Ombudsman), Məhkəmə-Hüquq
Şurasının, Vəkillər Kollegiyasının, Azərbaycan
Respublikasının Milli Televiziya və Radio
Şurasının, Azərbaycan Mətbuat Şurasının,
Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondunun Milli Fəaliyyət Proqramının
icrası prosesində iştirakı təmin edilib.
Proqramın icrasına ictimai nəzarətin təmini
prosesində qeyri-hökumət təşkilatlarının,
habelə kütləvi informasiya vasitələrinin
iştirakının nəzərdə tutulması da mütərəqqi
hal kimi qeyd olunmalıdır. Sənəd insan
hüquqlarının daha etibarlı müdafiəsinə
yönəlmiş tədbirlərin vətəndaş cəmiyyəti
institutları və media ilə sıx əməkdaşlıq
müstəvisində həyata keçirilməsinə imkan
yaradıb. Bundan başqa, Milli Fəaliyyət Proqramında təqsirsizlik
prezumpsiyasının təmini məqsədilə
hüquq-mühafizə orqanlarının əməkdaşları
ilə yanaşı, kütləvi informasiya vasitələrinin
əməkdaşları üçün də xüsusi təlimlərin
keçirilməsi məsələsi yer alıb.
Proqramda ciddi sosial bəla olan korrupsiya ilə
mübarizənin gücləndirilməsi, şəffaflığın
artırılması, əhaliyə göstərilən
elektron xidmətlərin inkişaf etdirilməsi məsələlərinin
geniş əksini tapması onun ictimai əhəmiyyətini
artırmaqla yanaşı, cəmiyyəti narahat edən neqativ
hallara qarşı mübarizənin sistemli və
ardıcıl səciyyə daşıdığını
göstərir. Yəni sənəddə korrupsiya
hallarının hər bir ölkənin hüquq sistemini
sarsıtdığı, insan hüquq və
azadlıqlarının təminatına ən böyük maneə
olduğu ciddiliklə nəzərə alınıb.
İctimai mənafeyə xidmət edən
mükəmməl proqram
2011-ci il dekabrın 27-də imzalanmış sərəncamla
proqramın həyata keçirilməsinin əlaqələndirilməsi
üzrə işçi qrupunun fəaliyyətinə rəhbərlik
Azərbaycan Respublikasının İnsan Hüquqları
üzrə Müvəkkilinə (Ombudsman) tövsiyə olunub.
Aidiyyəti strukturların nümayəndələri ilə
işçi qrupun ilk iclası keçirilib və proqramla
qarşıya qoyulmuş vəzifələrin icrasının
vaxtı və mexanizmləri dəqiqləşdirilib.
Ombudsman Elmira Süleymanova Milli Fəaliyyət
Proqramının həyata keçirilməsinin əlaqələndirilməsi
üzrə işçi qrupuna rəhbərliyi yüksək
etimadla yanaşı, həm də məsuliyyət kimi dəyərləndirir:
"Üzərimizə qoyulmuş vəzifələrin daha səmərəli
həyata keçirilməsi məqsədilə ən əvvəl
işçi qruplarının strukturu və fəaliyyətinin
təkmilləşdirilməsi üzrə tədbirlər həyata
keçirilməlidir. 28 dekabr 2011-ci il tarixdə Bakı
Dövlət Universitetində "Azərbaycan
Respublikasının İnsan hüquqları üzrə
Müvəkkili (Ombudsman) haqqında" Konstitusiya Qanununun qəbul
olunmasının 10-cu ildönümünə həsr
olunmuş tədbirdə ilk dəfə olaraq Milli Fəaliyyət
Proqramı cəmiyyətə təqdim olundu. İnanıram
ki, biz dövlətin digər hüquq müdafiə mexanizmləri
ilə bərabər, üzərimizə qoyulan vəzifələrin
icrası istiqamətində birgə və səmərəli
fəaliyyət göstərəcəyik. Proqramın
icrası nəticəsində insan hüquq və
azadlıqlarının müdafiəsinin səmərəliliyinin
artırılması, hüquq mədəniyyətinin
inkişaf etdirilməsi, normativ-hüquqi bazanın və
hüquq müdafiə sisteminin təkmilləşdirilməsi
istiqamətində tədbirlərin davamlılığı təmin
olunacaqdır".
Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri
Ramiz Rzayev isə hesab edir ki, Milli Fəaliyyət Proqramı ilə
məhkəmələrin üzərinə qoyulan vəzifələr
insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində
yeni imkanlar açır: "Milli Fəaliyyət
Proqramının öyrənilməsi, onun ayrı-ayrı
müddəalarının yerinə yetirilməsi ilə
bağlı tədbirlərin müəyyənləşdirilməsi,
gündəlik fəaliyyətdə insan hüquq və
azadlıqlarının səmərəli müdafiəsinə
nail olunması, pozulmuş hüquqların bərpası,
qanuna əsaslanan, obyektiv, qərəzsiz, ədalətli qərarlar
qəbul edilməsi və hüquqi təbliğatda fəal
iştirakla cəmiyyətdə hüquq mədəniyyətinin
inkişafına yardım göstərmək məhkəmə
orqanları qarşısında duran vəzifə kimi qiymətləndirilməlidir".
Ramiz Rzayevin sözlərinə görə, Milli Fəaliyyət
Proqramında əksini tapmış vacib məsələlərdən
biri də "Həbs yerlərində saxlanılan şəxslərin
hüquq və azadlıqlarının təmin edilməsi
haqqında" Azərbaycan Respublikası Qanununun qəbulu ilə
bağlıdır. Ali Məhkəmənin sədri bildirir ki,
qanun layihəsi şübhəli və təqsirləndirilən
şəxslərin həbs yerlərində
saxlanılmasının qanunçuluq, təqsirsizlik
prizumpsiyası, qanun qarşısında bərabərlik,
humanizm, şərəf və ləyaqətə hörmət
edilməsini, beynəlxalq müqavilələrə əməl
olunması prinsipinin müvafiq qaydada həyata keçirilməsini
nəzərdə tutur: "Qanun layihəsində bir daha qeyd
olunur ki, şəxsin həbsdə saxlanılmasına
yalnız məhkəmə qərarı əsasında yol
verilir. Hər bir tutulmuş və ya həbsə
alınmış şəxsə dərhal tutulmanın, yaxud
həbsə almanın səbəbləri, habelə
şübhənin və ya ittihamın mahiyyəti, ifadə
verməmək və müdafiəçi tərəfindən
hüquqi yardım almaq hüquqları bildirilməlidir".
Ali Məhkəmənin sədri vurğulayır ki, bu
mötəbər məhkəmə instansiyası
Konstitusiyanın 96-cı maddəsi ilə ona verilmiş qanunvericilik
təşəbbüsü hüququndan səmərəli
istifadə edərək mövcud qanunların təkmilləşdirilməsi
ilə bağlı konkret təkliflərlə
çıxış edəcək: "Ali Məhkəmə
qanunvericilik təşəbbüsü ilə məhkəmə
hakimiyyətinin təcrübədə daha çox
rastlaşdığı, xüsusən, mülki, mülki-prosessual,
cinayət, cinayət-prosessual, əmək, ailə, torpaq,
inzibati, pensiya təminatı və sair sahələrdə
boşluqların doldurulması, köhnəlmiş
normaların müasir dövrün tələblərinə
uyğunlaşdırılması və əlbəttə ki,
qanunvericiliyin Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələrdə
ifadəsini tapmış müddəalara
uyğunlaşdırılması, insan hüquq və
azadlıqlarının daha səmərəli təmininə
nail olunması ilə bağlı qanun layihələrinin
hazırlanmasında təşəbbüskarlıq göstərir.
Bu cür layihələrin hazırlanması isə əsasən
qanunvericiliyin ayrı-ayrı sahələri üzrə məhkəmələrdə
baxılan işlərin ümumiləşdirilməsi, meydana
çıxmış problemlərin hakimlərin
iştirakı ilə müzakirəsi, insan hüquq və
azadlıqlarının daha səmərəli müdafiəsinə
nail olunması üçün yolların axtarılması nəticəsində
meydana çıxır".
Ümumilikdə, Milli Fəaliyyət Proqramı
respublikanın hazırkı dinamik inkişaf mərhələsində
cəmiyyətdə qanunçuluğun və hüquq
qaydalarının daha da möhkəmləndirilməsinə
xidmət edir. Şübhə etmədən demək olar ki,
proqramın icrası ölkədə insan, vətəndaş
hüquq və azadlıqlarının təmini sahəsində
yeni imkanlar açacaq, demokratik idarəetmə sistemini daha da
möhkəmləndirəcək, ümumilikdə,
siyasi-hüquqi liberallaşma prosesinə ciddi təkan verəcək.
Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun
keçirdiyi müsabiqəyə təqdim etmək
üçün
Rasim BAYRAMOV
Mövqe.- 2012.- 2 mart.- S.6.