Göyçayda abadlıq-quruculuq işləri geniş vüsət alıb

 

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramları 2010-cu ildə də uğurla icra edilib. Həmin il rayona növbəti dəfə səfər edən dövlət başçısı İlham Əliyev Göyçay rayonunda aparılan abadlıq, quruculuq və tikinti işlərini yüksək qiymətləndirib. "Biz Azərbaycanın son illərdəki uğurlarını Göyçay rayonunun timsalında bariz şəkildə görə bilərik. Göyçayın iqtisadi potensialı 2003-2008-ci illərdə 3 dəfədən çox artıb. Yəni bu da özlüyündə gözəl göstəricidir. Bu onu göstərir ki, rayonda işlər yaxşı gedir. Yaxşı nəticələr göz qabağındadır" - deyə ölkə başçısı bildirib.

Hesabat dövründə Heydər Əliyev prospektində klassik memarlıq üslubunda ümumi sahəsi şəlalə kompleksi ilə birlikdə 1,5 ha olan Heydər Əliyev Mərkəzi inşa edilib. Mərkəzin tikinti sahəsi 3200 kvadratmetrdir. Burada mərkəzləşdirmiş isitmə və soyutma sistemi quraşdırılıb. Mərkəzin qarşısında ulu öndərin abidəsi, binanın girişində büstü qoyulub. Birinci mərtəbədə Heydər Əliyev muzeyi, 3 virtual sinif otağı, kiçik konfrans zalı, xarici dil dərnəyi və xidmət otaqları, ikinci mərtəbədə 310 yerlik böyük iclas zalı, kitabxana, elektron kitabxana (internet klub), şahmat dərnəyi, ədəbiyyat və tarix dərnəyi, multimediya (fotosalon), rəsm dərnəyi və xidmət otaqları yerləşir. Mərkəzdə ulu öndərin həyat və fəaliyyətinə həsr edilmiş 134 eksponat var. Mərkəzin yerləşdiyi ərazi abadlaşdırılıb, yaşıllıqlar salınıb. Dekorativ kollar və ağaclar əkilib, fəvvarələr quraşdırılıb. Heydər Əliyev Mərkəzinin qarşısında respublikada yeganə olan uzunluğu 40 metr, hündürlüyü 6 metr olan şəlalə fəvvarə kompleksi yaradılıb.

Aparılan məqsədyönlü iqtisadi siyasətin nəticəsi olaraq 2010-cu ildə rayonda ümumi məhsul buraxılışının həcmi 2009-cu ilə nisbətən 23,4 faiz artaraq 171181,6 min manat olub. Ötən il rayonda 14782,4 min manatlıq sənaye məhsulu istehsal edilib və bu da əvvəlki ilə nisbətən 21,5 faiz çoxdur. 2009-cu ilə nisbətən meyvə şirələri istehsalı 26,8 faiz, pendir istehsalı 35,3 faiz, konyak spirti istehsalı 55,5 faiz, kərpic istehsalı 14,2 faiz artıb. 2010-cu ildə iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 25065,6 min manat və ya əvvəlki illə müqayisədə 64,3 faiz çox investisiya yönəldilib. Tikinti-quraşdırma işlərində istifadə edilmiş investisiyanın həcmi əvvəlki illə müqayisədə 78 faiz artaraq 23454,8 min manata çatıb. İstehsal təyinatlı obyektlərin inşaasında 23593,1 min manat, qeyri istehsal təyinatlı obyektlərin tikintisində 1474,5 min manatlıq investisiyalardan istifadə edilib.

Hesabat dövründə rayonda aqrar sektorun inkişafına da xüsusi diqqət yetirilib. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 23 yanvar tarixli sərəncamı kənd təsərrüfatı bitkilərinin əkin sahələrinin genişlənməsinə və məhsul istehsalının artımına ciddi təkan verib. 2010-cu ildə rayon üzrə istifadə etdikləri yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına 6501 nəfər kənd təsərrüfatı məhsulları istehsalçısına 746605,60 manat yardım verilib.

2010-cu ildə rayonda 511,2 hektar sahədə yeni bağ salınıb və meyvə bağlarının ümumi sahəsi 4828 hektara çatdırılıb. Nar bağlarının salınmasına xüsusi diqqət yetirilib. Ötən il yeni salınan bağların 461 hektarı və ya 90,2 faizi nar bağlarıdır. Havaların qeyri-sabit keçməsi ilə əlaqədar 2010-cu ildə bir sıra kənd təsərrüfatı məhsullarının istehsalında ciddi geriliyə yol verilib.

Heyvandarlıq sahəsinin inkişafına diqqət artırılıb. 01 yanvar 2010-cu il tarixə mal-qaranın baş sayı 46813-yə, qoyun və keçilərin baş sayı 64198-a çatdırılıb. Bu da keçən ilin müvafiq dövrünə nisbətən müvafiq olaraq 0,5 faiz və 2 faiz çoxdur.

Aparılan uğurlu aqrar islahatlar nəticəsində torpaq və əmlak üzərində yeni mülkiyyət münasibətlərinin formalaşması kənd təsərrüfatı məhsullarının üstün artımına, əhalinin məşğulluğunun yüksəldilməsinə və sosial-iqtisadi vəziyyətinin yaxşılaşmasına səbəb olub. 2010-cu ildə rayonun kənd təsərrüfatında ümumi məhsul istehsalının həcmi 14,9 faiz artaraq 83488,1 min manata çatıb. Rayonda fəaliyyət göstərən "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin rayon filialının texniki imkanları xeyli genişlənib. Lizinq qaydasında alınmış 53 vahid, həmçinin rayondakı "Şirvan meyvəçilik mərkəzi"nin sərəncamındakı 45 vahidə yaxın müxtəlif markalı kənd təsərrüfatı texnikası da ayrı-ayrı torpaq mülkiyyətçilərinə xidmət göstərir.

Rayonda quşçuluq sənayesi müəssisələrinin fəaliyyətinin canlandırılması üçün əməli tədbirlər görülüb. 528 min başlıq broyler quşçuluq fabrikində əsaslı yenidənqurma işləri aparılıb, yeni kəsim və qablaşdırma sexləri istifadəyə verilib. Hazırda burada bazar rəqabətli məhsul istehsalına başlanılıb və müəssisədə istehsal olunan toyuq ətinə respublikanın bütün bölgələrində böyük maraq var. Bütün bunlarla yanaşı, rayonda kənd təsərrüfatı məhsulları istehsalının həcmini artırmaq, orada çalışanların məşğulluğunu və həyat səviyyəsini yüksəltmək üçün aqrar sektorun potensial imkanlarından zəif istifadə olunur.

2010-cu ildə rayon əhalisinin həyat səviyyəsi xeyli yaxşılaşıb, pərakəndə əmtəə dövriyyəsinin həcmi 17,9 faiz, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 32,5 faiz, əhalinin gəlirləri 8,8 faiz, adambaşına düşən gəlirlər isə 7,2 faiz, orta aylıq nominal əməkhaqqı 7,8 faiz artıb. 2010-cu ildə əhaliyə 531,4 min manatlıq rabitə və poçt xidmətləri göstərilib. Rayon ATS-nin tutumu 2009-cu ilə nisbətən 133 vahid artaraq 11074 vahidə çatıb. Xüsusən kənd yerlərində elektron ATS-in genişləndirilməsinə diqqət artırılıb. Qaraməryəm və İnçə kənd ATS-nin tam elektronlaşdırılması işləri başa çatdırılıb xətt şəbəkəsi tamamilə yeniləşdirilib.

2010-cu ildə əhaliyə göstərilən rabitə və poçt xidmətinin keyfiyyətinin yüksəldilməsi istiqamətində müəyyən tədbirlər həyata keçirilib. Göyçay şəhərində, həmçinin bütün kənd ATS-ləri elektron sisteminə keçid vəziyyəti üçün hazırlanıb. Qaraxıdır kəndində müasir tipli yeni elektron ATS-nın binası istifadəyə verilib. Alxasava, Qarayazı, Qaraman, Mirzəhüseynli, Mırtı və Mallı-şıxlı kəndlərində yeni ATS binaları inşa edilib, mərkəzi ATS-dən bütün kənd ATS-lərinə fiber optik kabel xətti çəkilib. Yeniarx və Mırtı kəndlərində yeni poçt şöbələri inşa edilib. Mallı-şıxlı, Çaxırlı, Ərəbcəbirli, Qaraməryəm və Alxasava kəndlərində poçt şöbələrinin tikilməsi üçün torpaq sahələri ayrılıb. Şəhər 1, 2 və 3 saylı, Qaraməryəm, Potu, Qarabaqqal, İnçə, Ərəbcəbirli və Cəyirli poçt şöbələri müasir kompyuter avadanlıqları ilə təmin edilib. Göyçay Regional poçt filialına və onun tabeliyində olan 10 poçt şöbəsinə bank əməliyyatlarının aparılması üçün lisenziya verilib.

Bütün bunlarla yanaşı, rayon telekommunikasiya qovşağı tərəfindən hesabat dövründə əsas sosial-iqtisadi göstəricilərinə əməl edilmədiyindən, bütövlükdə rayon üzrə əhaliyə, müəssisə və təşkilatlara 2009-cu ilə nisbətən 8,6 faiz az rabitə xidmətləri göstərilib.

Hesabat ilində avtomobil nəqliyyatı ilə yük daşınması həcmi 635 min tona çatıb və bu da 2009-cu ilə nisbətən 8,4 faiz çoxdur. Avtomobil nəqliyyatı ilə hüquqi və fiziki şəxslər tərəfindən 9310 min nəfər sərnişin daşınıb. Sərnişin daşınması 2009-cu illə müqayisədə 769 min nəfər ya 9,0 faiz artıb.

Rayon əhalisinin elektrik enerjisi, təbii qaz və digər yanacaq növləri ilə təchizatının yaxşılaşdırılması, istifadə edilmiş elektrik enerjisinin və təbii qazın dəyərinin ödənilməsi sahəsində bir sıra işlər görülüb. Rayonun enerji təsərrüfatının idarə edilməsi strukturunda təşkilati dəyişikliklər aparılıb, istismar və satış xidmətləri birləşdirilib. Bu da enerji təchizatında yaranmış problemlərin operativ həll olunması imkanlarını yaxşılaşdırılıb.

Rayonun enerji təminatının etibarlılığını artırmaq məqsədilə enerji təsərrüfatında 68,9 min manatlıq təmir işləri aparılıb. 176 ədəd güc transformatoru, 57,3 kilometr uzunluğunda 10 kv-luq, 64,7 kilometr uzunluğunda 04 kv-luq hava xətlərində əsaslı və cari təmir işləri aparılıb. 70 ədəd istismara yararsız elektrik dayaqları yeniləri ilə əvəz edilib.

2009-cu ilə nisbətən istehlakçılara 3,5 kv.saat və ya 4,2 faiz çox elektrik enerjisi buraxılıb. Görülmüş tədbirlər nəticəsində rayon üzrə sərf edilmiş elektrik enerjisinin dəyərinin 98,23 faizinin toplanması təmin edilib və bu da əvvəlki ildəkindən 6,49 faiz çoxdur. Son iki ildə şəhər əhalisinin təbii qazla təchizatının yaxşılaşdırılması üçün müəyyən işlər görülüb. 2 nömrəli qazpaylayıcı stansiyadan Bakı küçəsindən keçməklə 2,5 km. uzunluğunda 159 mm-lik orta təzyiqli qaz kəməri çəkilib. Z.Bünyadov, Z.Nəcəfov, B.Mirzəyev, R.İsayev küçələrində, Heydər Əliyev prospektində və Potu kəndində 1,2 km. uzunluğunda qaz xətləri yeniləri ilə əvəz edilib, 10 ədəd yeni qaztənzimləyici şkaf qoyulub. Rayonun Çayarxı, Arabaqqal və Hacalıkənd kəndlərinin daxili qaz kəmərlərində təmir-bərpa işləri aparılıb və bu kəndlərə təbii qaz verilişi bərpa olunub.

Qızılağac kəndində də kənddaxili qaz kəmərlərində daxili imkanlar hesabına bərpa işləri aparılıb, 250 abonent üçün təbii qaz sayğacları quraşdırılıb. Rayon mərkəzinə bitişik kəndlərin, həmçinin Qaraməryəm bölgəsi kəndlərinin təbii qazla təminatının bərpa edilməsi üçün layihə-smeta sənədləri hazırlanıb. Cəyirli, Kürdəmiş və Türkmən kəndlərini təbii qazla təmin edən 6,5 kilometr uzunluğunda orta təzyiqli daşıyıcı kəmərin tikintisi başa çatdırılıb. Görülmüş tədbirlər nəticəsində rayon üzrə təbii qazdan istifadə edən abonentlərin sayı 9833 nəfərə çatıb və bu da 2009-cu ilə nisbətən 859 nəfər və ya 9,6 faiz çoxdur.

 

(ardı var)

 

 

Tərlan Nəsirli

Bakı-Göyçay-Bakı

 

Mövqe.- 2012.- 6 mart.- S. 10.