Göyçay rayonu ötən iliiqtisadi uğurlarla başa vurub

 

Tarixə çevrilmiş 2011-ci il respublikanın bütün regionları kimi Göyçay rayonu üçün də uğurlu nəticələrlə yadda qalıb. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurlu icrası nəticəsində inkişaf prosesi təsərrüfatın bütün sahələrində özünü qabarıq göstərib. İnfrastrukturun yeniləşməsi, rentabelli istehsal müəssisələrinin, daimi iş yerlərinin açılması istiqamətində bir sıra tədbirlər həyata keçirilib.

Hesabat ilində rayonda ümumi məhsul buraxılışının həcmi 2010-cu ilə nisbətən 22,5 faiz artaraq 209,8 milyon manat olub. Ötən il rayonda 20,7 milyon manatlıq sənaye məhsulu istehsal edilib və bu da əvvəlki ilə nisbətən 40,3 faiz çoxdur. 2010-cu ilə nisbətən meyvə şirələri istehsalı 41,4 faiz, süd emalı 40,7 faiz, çörək istehsalı 54,6 faiz, təbii asfalt istehsalı 79,4 faiz artıb.

2011-ci ildə iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 37,5 milyon manat və ya əvvəlki illə müqayisədə 50,2 faiz çox investisiya yönəldilib. Tikinti-quraşdırma işlərində istifadə edilmiş investisiyanın həcmi əvvəlki illə müqayisədə 48,5 faiz artaraq 34,7 milyon manat olub. İnvestisiyaların 88,5 faizi istehsal təyinatlı obyektlərin tikintisində istifadə edilib. Rayonun tikinti təşkilatları tərəfindən 2011-ci ildə 5,7 milyon manatlıq inşaat işləri görülüb və bu da 2010-cu illə müqayisədə 13,6 faiz çoxdur.

Hesabat ilində rayonda aqrar sektorun inkişafına xüsusi diqqət yetirilib. Rayonda kənd təsərrüfatı bitkilərinin əkin sahələrinin genişlənməsinə və məhsul istehsalının artımına Azərbaycan Respublikası prezidentinin 2007-ci il 23 yanvar tarixli "Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında" sərəncamı böyük təkan verib. 2011-ci ildə rayon üzrə istifadə etdikləri yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına 6521 nəfər kənd təsərrüfatı məhsulları istehsalçısına 750,1 min manat yardım verilib. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 16 noyabr tarixli qərarı ilə təsdiq edilmiş "Buğda istehsalçılarının maddi marağının artırılması və buğda istehsalının stimullaşdırılması məqsədi ilə dövlət büdcəsinin vəsaiti hesabına yardımın verilməsi Qaydaları"na uyğun olaraq 2012-ci ilin məhsulu üçün əkilmiş buğda əkinlərinə görə 2658 nəfər istehsalçıya 296,3 min manat yardım verilib. Bütövlükdə 2010-cu ilə nisbətən yardım alan kənd təsərrüfatı məhsulları istehsalçıların sayı 211 nəfər artıb.

2011-ci ildə 431 hektar sahədə yeni bağ salınıb və meyvə bağlarının ümumi sahəsi 5259 hektara çatdırılıb. Nar bağlarının salınmasına xüsusi diqqət yetirilib. Ötən il yeni salınan bağların 428 hektarı nar bağlarıdır. Keçən il rayonda 20945,6 hektar sahədə kənd təsərrüfatı bitkiləri əkilib və bu da 2010-cu ilə nisbətən 2,7 çoxdur. 2011-ci ildə rayonda 34164 tonya 2010-cu ilə nisbətən 4292 ton çox taxıl istehsal edilib, orta məhsuldarlıq 2,7 faiz artaraq 24,5 sentnerə çatıb. 2012-ci ilin məhsulu üçün 15105 hektar sahədə şum qaldırılıb, 14385 hektar sahədə dən üçün taxıl, o cümlədən 8108 hektar sahədə buğda əkilib. 2011-ci ildə 61756 ton meyvə, 27525 ton tərəvəz istehsal edilibbu da 2010-cu ilə nisbətən müvafiq olaraq 8,6 faizya 2,3 ton çoxdur.

Heyvandarlıq sahəsinin inkişafına diqqət artırılıb, mal-qaranın, qoyun və keçilərin baş sayı keçən ilin müvafiq dövrünə nisbətən müvafiq olaraq 0,7 faiz və 1,6 faiz, ət istehsalı 60 ton, süd istehsalı 200 ton, yumurta istehsalı 10000 min ədəd, yun istehsalı 1,7 ton artıb. Aparılan uğurlu aqrar islahatlar nəticəsində torpaq və əmlak üzərində yeni mülkiyyət münasibətlərinin formalaşması kənd təsərrüfati məhsullarının üstün artımına, əhalinin məşğulluğunun yüksəldilməsinə və sosial-iqtisadi vəziyyətinin yaxşılaşmasına səbəb olub. 2011-ci ildə rayonun kənd təsərrüfatında ümumi məhsul istehsalının həcmi 6,2 faiz artaraq 89 milyon manata çatıb. Rayonda fəaliyyət göstərən "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin rayon filialının texniki imkanları xeyli genişlənib.

Filiala məxsus lizinq qaydasında alınmış 32 vahid, həmçinin rayondakı "Şirvan meyvəçilik mərkəzi"nin sərəncamındakı 45 vahidə yaxın müxtəlif markalı kənd təsərrüfatı texnikası da ayrı-ayrı torpaq mülkiyyətçilərinə xidmət göstərir. Kənd təsərrüfatlı təyinatlı texnikadan daha səmərəli istifadə edilməsi məqsədilə tədbirlər həyata keçirilir. Təkcə son bir ildə ayrı-ayrı fiziki şəxslər tərəfindən rayona 23 traktor, 16 kotan, 4 taxıl səpən, 2 ot biçən və traktor yedəyi, ot küləşi presləyən və kanal açan texnikalar gətirilib. Hazırda rayonda müxtəlif təyinatlı 173 kənd təsərrüfatı texnikası vardır.

Rayonda quşçuluq sənayesi müəssisələrinin fəaliyyətinin canlandırılması üçün əməli tədbirlər görülür. 528 min başlıq broyler quşçuluq fabrikində əsaslı yenidənqurma işləri aparılıb, yeni kəsim və qablaşdırma sexləri istifadəyə verilib. Hazırda burada bazar rəqabətli məhsul istehsalına başlanılıb və müəssisədə istehsal olunan toyuq ətinə respublikamızın bütün bölgələrində böyük maraq var.

Hesabat dövründə rayon əhalisinin həyat səviyyəsi xeyli yaxşılaşıb, pərakəndə əmtəə dövriyyəsinin həcmi 31,1 faiz, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 25,5 faiz, əhalinin gəlirləri 10,1 faiz, adambaşına düşən gəlirlər 9,2 faiz, orta aylıq nominal əməkhaqqı 8,4 faiz artıb. 2011-ci ildə əhaliyə 609,4 min manatlıq rabitə və poçt xidmətləri göstərilmişdir ki, bu da 2010-cu ilə nisbətən 13 faiz çoxdur.

Əhaliyə göstərilən rabitə və poçt xidmətinin keyfiyyətinin yüksəldilməsi istiqamətində də müəyyən tədbirlər həyata keçirilib. 2011-ci il ərzində analoq tipli avtomat telefon stansiyalarının rekonstruksiyası tam başa çatdırılıb, müasir rəqamsal tipli interneti dəstəkləyən elektron ATS-lərlə əvəz olunub. Bir sıra yaşayış məntəqələrində, o cümlədən şəhərdə, Bığır, Qaraman, Qarabaqqal, Məlikkənd kəndlərindəki ATS-lərdə genişlənmə işləri aparılıb. Hazırda rayon üzrə ATS-nın montaj tutumu 14036 çatdırılıb və bu da keçən ilə nisbətən 2962 vahid və ya 21,1 faiz çoxdur.

Hesabat dövründə əhaliyə göstərilən poçt rabitəsi xidmətinin keyfiyyəti xeyli yaxşılaşdırılıb, bütün poçt şöbələri müasir kompüter avadanlıqları ilə təmin olunub. Keçən il rayonun Çaxırlı, Ləkçıplaq və Ərəbcəbirli kəndlərində müasir təəblərə cavab verən poçt şöbələri istifadəyə verilib. Göyçay regional poçt filialına və onun tabeliyində olan 22 poçt şöbəsinə Milli Bank tərəfindən bank əməliyyatlarının aparılması üçün lisenziya verilib. Bütün bunlarla yanaşı, əhaliyə rabitə xidmətlərinin göstərilməsində nöqsan və çatışmamazlıqlar da mövcuddur. Xüsusən kənd yaşayış məntəqələrində rabitə təsərrüfatı yarıtmaz vəziyyətdədir. Bir çox yerlərdə rabitə dirəkləri və xətləri istismara yararsızdır. Xətt təsərrüfatında baş vermiş nasazlıqlar vaxtında aradan qaldırılmadığından abonentlərin telefonlardan istifadəsində fasilələrə yol verilir.

2011-ci ildə nəqliyyat sektoruna investisiyaların yönəldilməsi, yeni avtomobil yollarının çəkilişi, sahənin inkişaına öz müsbət təsirini göstərib. Avtomobil nəqliyyat yük və sərnişin daşınmasından 3,7 milyon manat gəlir əldə edilib və bu da ötən illə müqayisədə 9,6 faiz çoxdur. Avtomobil nəqliyyatı ilə yük daşınmasının həcmi 52 min ton və 8,2 faiz artaraq 687 min tona çatıb. Göstərilən müddət ərzində sərnişin daşınması səviyyəsi 8,9 faiz artıb.

Rayon əhalisinin elektrik enerjisi, təbii qaz və digər yanacaq növləri ilə təchizatının yaxşılaşdırılması, istifadə edilmiş elektrik enerjisinin və təbii qazın dəyərinin ödənilməsi sahəsində bir sıra işlər görülüb. Rayonun enerji təminatının etibarlılığını artırmaq məqsədilə enerji təsərrüfatında 71,6 min manatlıq təmir-bərpa işləri aparılıb. İstismara yararsız 57 ədəd elektrik dirəyi yenisi ilə əvəz olunub, 28 transformator əsaslı təmir edilib. 45 kilometr uzunluğunda 10 kv-luq, 34,6 km. uzunluğunda 04 kv-luq hava xətlərində əsaslı və cari təmir işləri aparılıb.

2010-cu ilə nisbətən istehlakçılara 11 min kvadratsaat çox elektrik enerjisi buraxılıb. Hesabat dövründə rayon əhalisinin təbii qazla təchizatının yaxşılaşdırılması istiqamətində də müəyyən işlər görülüb. Şəhər əhalisinin təbii qazla təminatının yaxşılaşdırılması üçün istismar müddətini başa çatdırmış müxtəlif diametrli 23200 p/m uzunluğunda qaz boruları yeniləri ilə əvəz edilib. 2011-ci ildə Dövlət Neft Şirkətinin vəsaiti hesabına rayonun Qızılağac, Mollahacılı, Qaraməryəm, Mirzəhüseynli, Şəhadət, Qarabağlar və Ərəbcəbirli kəndlərində qazlaşma işləri aparılıb. Həmin kəndlərdə yaşayan 1622 abonentə uzun fasilədən sonra təbii qaz verilişi bərpa edilib. Hazırda şəhərin yeni salınmış məhəllərində, həmçinin Potu, Ulaşlı-şıxlı kəndlərində mövcud qaz şəbəkəsinin əsaslı yenidənqurulması işlərinə başlanılıb.

İstehlakçılara buraxılmış təbii qazın dəyərinin toplanmasında lazımi qayda yaradılıb, 2011-ci ildə sərf edilmiş təbii qazın dəyərinin 125,8 faiz səviyyəsində toplanması təmin olunub. 2010-cu illə müqayisədə 1,46 milyon manat və ya 61,6 faiz çox vəsait toplanıb. Bütün bunlarla yanaşı, əhalinin elektrik enerjisi və təbii qazla təchizatında, onların dəyərinin toplanması sahəsində rayon paylayıcı elektrik şəbəkəsinin və Qaz İstismar İdarəsinin fəaliyyətində nöqsan və çatışmazlıqlar vardır.

 

(ardı var)

 

 

Tərlan NƏSİRLİ,

Bakı-Göyçay-Bakı

 

Mövqe.- 2012.- 8 mart.- S. 10.