Göyçayda sahibkarlığın inkişafına
yüksək qayğı göstərilir
Göyçay rayonunun son illər iqtisadi sahədə
əldə etdiyi uğurlar regionların sosial-iqtisadi
inkişafı dövlət proqramının məntiqi nəticəsi
sayıla bilər. "2009-2013-cü illəri əhatə edən
bu proqram tarixə çevrilmiş 2011-ci ildə də rayonda
bütün sahələrdə inkişaf və tərəqqi
üçün etibarlı zəmin rolunu oynayıb. Ötən
il proqramın uğurlu icrası nəticəsində rayonda
abadlıq-quruculuq və yenidənqurma işləri geniş
vüsət alıb, sosial sahədə mühüm layihələr
reallaşdırılıb.
Hesabat dövründə şəhərin
abadlaşdırılması və
yaşıllaşdırılması, küçə və
meydanların yenidənqurulması istiqamətində xeyli
işlər görülüb. 2011-ci ildə şəhərin
14 küçəsində ümumi sahəsi 60,6 kvadratmetr olan
yeni asfalt örtüyü salınıb, bu məqsədlər
üçün rayon büdcəsindən 750 min manata
yaxın vəsait xərclənib. Şəhərin N.Nərimanov,
Nizami, Rəsulzadə, M.Hüseynzadə, R.Rza, Bakı, Natavan,
Şəhriyar, Nəsimi küçələrində
abadlıq işləri aparılıb, mərkəzdə
bayraq meydanının tikintisinə başlanılıb.
Şəhərin təmiz saxlanması, məişət
tullantılarının vaxtında daşınması
üçün müəyyən tədbirlər
görülüb, mərkəzi küçələrin
abadlığı təmin edilib. Şəhərdə
aparılan abadlıq və yaşıllaşdırma işlərində
rayonun idarə, müəssisə və təşkilatları,
yerli icra və bələdiyyə orqanları yüksək
mütəşəkkillik göstəriblər. Mövcud
yaşıllıqlara qulluq edilməsi və yeni
yaşıllıqların salınması istiqamətində
bir sıra tədbirlər görülüb. "Ekologiya
ili" çərçivəsində ötən il rayon ərazisində
50 mindən artıq ağac və bəzək kolu əkilib.
Şəhər ərazisindəki ictimai binaların həyətlərində
asfalt örtüyü salınıb və üz hissələri
qaydaya gətirilib.
Hesabat dövründə şəhərin R.İsayev,
Şəhriyar, Rəsulzadə, Natəvan küçələrindəki
çoxmənzilli yaşayış binalarında dam
örtükləri dəyişdirilib, mənzil fondunun təmirinə
82,3 min manat vəsait xərclənib. İctimai binaların
ümumi istifadədə olan daxili su təchizatı və
kanalizasiya sistemlərinin yenidənqurulması işləri
başa çatdırılıb. Rayon əhalisinin içməli
su ilə təminatının
yaxşılaşdırılması istiqamətində müəyyən
tədbirlər həyata keçirilib. İçməli su mənbəyi
olmayan 18 kənd yaşayış məntəqəsində
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən
su təmizləyici qurğuların inşası istiqamətində
ilkin addımlar atılıb. İlk növbədə, 10 kənddə
bu qurğuların quraşdırılması
üçün torpaq sahələri seçilib, 2010-2011-ci
illərdə Çaxırlı və Bəydövül kəndlərində
həmin qurğuların tikintisi başa
çatdırılıb.
Məlumat üçün bildirək ki, Dövlət
Proqramında Göyçay rayonu üzrə 2009-2013-cü illərdə
15 tədbirin həyata keçirilməsi nəzərdə
tutulub. Bunlar əsasən sənaye və kənd təsərrüfatı
istehsalının genişləndirilməsi, yol təsərrüfatı
və nəqliyyat, elektrik enerjisi, istilik və qaz təchizatı,
rabitə, su təchizatı və kanalizasiya xidmətlərinin
yaxşılaşdırılması, meliorasiya və
irriqasiya, əhalinin təhlükəsizliyi, səhiyyə, mədəniyyət,
idman və təhsil müəssisələrinin inşası
və yenidən qurulmasıdır. Dövlət Proqramında
2011-ci il üçün Göyçay rayonu üzrə nəzərdə
tutulmuş tədbirlərin yerinə yetirilməsi sahəsində
müəyyən işlər görülüb. Region əhalisinin
il boyu təzə meyvə və tərəvəzlə təmin
etmək üçün rayonun Ərəbcəbirli kəndində
2000 tonluq soyuducu ambar kompleksi inşa edilib.
Ölkədə alternativ enerji mənbələrindən,
xüsusən hidroresurslardan geniş istifadə çərçivəsində
Yuxarı Şirvan kanalının Göyçay rayonunun Bığır
kəndi ərazisindən keçən əlverişli və
münasib hissəsində inşa edilən 3 Mva gücü
olan "Göyçay-1" su elektrik stansiyasının
tikintisinə başlanılıb və obyektin cari ilin iyun
ayına qədər istifadəyə verilməsi
planlaşdırılır.
Hesabat dövründə rayon ərazisində yol
infrastrukturunun təkmilləşdirilməsi, kəndlərarası
avtomobil yollarının yenidən qurulması istiqamətində
də əməli tədbirlər görülüb.
Muğanlı-Yevlax avtomagistralının Göyçay rayonu ərazisindən
keçən hissəsinin əsaslı tikilməsi işlərinə
başlanılıb.
Azərbaycan Respublikası Prezidentinin 28 iyul 2011-ci il
tarixli sərəncamına əsasən 5 kəndi birləşdirən
9 min nəfər əhalisi olan Ləkçıplaq-Yalman-Şıxbəy-Məlikkənd-Şıxəmir
kəndlərini birləşdirən yolun tikintisinə 2,5
milyon manat vəsait ayrılması rayonda əsl bayram əhval-ruhiyyəsi
yaradıb. Göyçaylılar ölkə prezidentinin bu diqqət
və qayğısını yüksək qiymətləndirirlər.
Ümumi uzunluğu 11,6 km. olan kəndlərarası yolun
tikintisi qısa müddətdə aparılıb və dekabr
ayında istifadəyə verilib.
Dövlət Proqramına müvafiq olaraq 2011-ci ildə
Şıxbəy kəndində 180 yerlik məktəb
binası, şəhər 3 saylı və Qaraməryəm kənd
tam orta məktəbləri əsaslı yenidənqurma işləri
aparıldıqdan sonra istifadəyə verilib. Hazırda
Çərəkə və Ləkçıplaq kəndlərində
360 yerlik, Ulaşlı-şıxlı kəndində 220 yerlik
tam orta məktəbin tikintisi, Göyçay şəhərində
12 saylı uşaq bağçasının əsaslı təmiri
işləri aparılır. Şəhər 1 saylı
uşaq bağçası üçün 40 yerlik binanın
tikintisi üçün layihə-smeta sənədləri
hazırlanır. 2011-ci ildə fəaliyyətdə olan obyektlərin
genişləndirilməsi və yenidənqurulması,
kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi
və görülmüş digər tədbirlər nəticəsində
724 daimi iş yeri açılıb. Bütövlükdə
2003-2011-ci illərdə rayonda 8562 yeni iş yeri
açılıb və bunun da 6518-i və ya 76,1 faizi daimidir.
Regionların tarazlı və davamlı
inkişafı, qeyri-neft sektorunun yüksəlişi, yeni
istehsal müəssisələrinin yaradılması istiqamətində
ardıcıl tədbirlər həyata keçirən dövlət
başçısı İlham Əliyevin ölkədə
sahibkarlığın inkişafının
stimullaşdırılması ilə bağlı
gördüyü işlər rayonda da özəl sektorun
dinamik inkişafına güclü təkan verib. Yerli
sahibkarlar və iş adamları rayonun sosial-iqtisadi
inkişafının sürətləndirilməsində, əhalini
narahat edən problemlərin həllində fəal iştirak
edirlər.
2011-ci ildə rayon üzrə sənaye məhsulunun
76,3 faizi qeyri-dövlət sektorunda istehsal edilib və ötən
ilə nisbətən özəl bölmədə sənaye məhsulu
istehsalı 52,8 faiz artıb. İnvestorların rayona cəlb
edilməsi üçün əlverişli mühitin
yaradılmasının nəticəsidir ki, hər il Konserv zavoduna,
Süd zavoduna, Kərpic zavoduna, Broyler Quşçuluq fabrikinə
yüz minlərlə manat investisiya qoyulur. Keçən il
Sahibkarlığa Kömək Milli Fondundan kredit almaq istəyən
sahibkarların sayı xeyli artmış, 2011-ci ildə 19
sahibkarlıq subyektinə fondun vəsaiti hesabına 1,9 milyon
manat güzəştli kredit verilmişdir. Keçən il
istifadəyə verilmiş 2 min tonluq soyuducu anbar kompleksi
Sahibkarlığa Kömək Milli Fondundan alınmış
güzəştli kredit hesabına inşa edilmişdir.
Hazırda rayonun Yalman kəndində fondun
ayırdığı kredit hesabına üzüm qəbulu
müəssisəsi və sutkada 8 ton spirt istehsal edən
qurğu kompleksi tikilir. Obyektin ümumi smeta dəyəri 3,0
milyon manatdır ki, bunun da 1,1 milyon manatı güzəştli
kredit qaydasında sahibkara verilmişdir.
Rayonda kiçik və orta sahibkarlara məsləhət,
informasiya və tədris xidmətləri göstərmək məqsədi
ilə İqtisadi İnkişaf Nazirliyinin Göyçay biznes
tədris mərkəzi yaradılmışdır. Keçən
il İqtisadi İnkişaf Nazirliyi tərəfindən rayon
sahibkarları üçün müxtəlif mövzularda iki
seminar, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən
kredit yarmarkası keçirilib.
2011-ci ildə sahibkarların vəsaiti hesabına bir
sıra istehsal, ticarət və xidmət obyektləri istifadəyə
verilib, şəhər mehmanxanasında müasir tələblərə
cavab verən əsaslı yenidənqurma işləri
aparılıb. Hazırda iş adamlarının vəsaiti
hesabına şəhərdə iki yeni şadlıq evi,
dörd mərtəbəli ticarət mərkəzi, Qaraməryəm
kəndində yeni ticarət kompleksi inşa edilir. Özəl
sektorun inkişafı, maddi imkanlarını artıran vətəndaşlarımızın
sayının artması bütün Azərbaycanda olduğu
kimi, rayonda da sabitlik və tərəqqinin, demokratikləşmə
prosesinin hərəkətverici qüvvəsi sayılan orta təbəqənin
əhatəsini genişləndirir.
Hesabat ilində rayonda fəaliyyət göstərən
təhsil, səhiyyə, mədəniyyət və digər
humanitar sahələrin kollektivləri də öz işlərini
yüksək səviyyədə qurmağa səy göstəriblər.
Rayonda fəaliyyət göstərən 40 tam, 13 ümumi orta,
4 ibtidai məktəbdə 15777 nəfər şagird təhsilə,
4683 nəfər şagird məktəbdənkənar tərbiyə
müəssisələrinə cəlb edilib. 1375 nəfər
məktəbəqədər tərbiyə müəssisələrində
ictimai tərbiyə ilə əhatə olunublar. Şagirdlərin
təlim-tərbiyəsi ilə 2852 nəfər müəllim
məşğul olur. Müəllimlərdən 6 nəfəri
"Əməkdar müəllim" fəxri adı, 5 nəfəri
"Tərəqqi" medalı ilə təltif olunub. 3 nəfər
"Qabaqcıl təhsil işçisi" döş
nişanına layiq görülüb.
Təhsil sistemində artıq dördüncü ildir
ki, Təhsil Sisteminin İnkişaf layihəsi tətbiq olunur. Fənn
kurrikulumlarının tətbiqə başlanmasından
keçən dövr ərzində 493 nəfər, o cümlədən
hesabat ilində 155 nəfər müəllim treninqlərdən
keçərək sertifikat alıb. Fənn
kurrikumlarının tətbiqi sahəsində rayon təhsilində
əldə edilmiş təcrübə təhsil prosesində
uğurla tətbiq edilir.
Yeni qiymətləndirmə standartlarının daha
keyfiyyətli təhsil verilməsi üçün işdə
müasir idarəetmə mexanizminin tətbiqi, maddi-texniki
bazanın möhkəmləndirilməsi, kadr siyasətinin
düzgün aparılması aktual məsələlərin həlli
əsas vəzifələrdən olub. Tədrisin
keyfiyyətini yaxşılaşdırmaq üçün
məktəblilərin fənn olimpiadalarının
keçirilməsi daha kütləvi təşkil
olunub, 12 nəfər şagird
rayon turunda iştirak edib. Şəhər
7 saylı tam orta məktəbin
uşaqlardan ibarət teatr
qruppası respublika məktəbliləri
arasında
keçirilən baxış müsabiqədə qalib gəliblər. Şahmat
məktəbinin yetirməsi Səbinə Quliyeva
18 yaşlı qızlar arasında keçirilən respublika birinciliyində fəxri II yer tutaraq Bolqarıstanda
keçiriləcək Avropa birinciliyinə
vəsiqə qazanıb.
Məktəblərin maddi-texniki bazasının
möhkəmləndirilməsi, kadr siyasətinin düzgün
aparılması, təlimdə ən müasir təlim
metodlarının tətbiqi kimi aktual məsələlərin
həlli üçün daha geniş imkanlar
açılır.
(ardı var)
Tərlan NƏSİRLİ,
Bakı-Göyçay-Bakı
Mövqe.- 2012.- 10 mart.- S.10.