Göyçayda səhiyyə sistemi
müasir tələblər səviyyəsində
qurulur
Müasir dövrün tələblərinə cavab
verən səhiyyə sisteminin yaradılması son illər Azərbaycanda
ardıcıl şəkildə həyata keçirilən
sosial yönümlü islahatların başlıca hədəfinə
çevrilməklə, hər bir ölkə vətəndaşının
konstitusion hüquqlarının etibarlı təminatına
xidmət edir. Səhiyyə ümumən ölkənin,
xalqın müqəddəratı, milli genefondu ilə
bağlı strateji sahə olduğundan, ölkə rəhbərliyi
bu sferada hələ keçmiş sovetlər birliyi
dövründən həllini gözləyən bir çox
problemlərin, çatışmazlıqların aradan
qaldırılması istiqamətində məqsədyönlü
tədbirlər həyata keçirir.
Regionların sosial-iqtisadi inkişafı tədbirləri
çərçivəsində dövlət
başçısı son 9 ildə ayrı-ayrı rayonlarda
inşa edilmiş yeni müalicə-diaqnostika mərkəzlərinin,
xəstəxanaların, poliklinikaların
açılış mərasimində iştirak edib, eləcə
də bu sahədə həllini gözləyən bəzi
problemlərin aradan qaldırılması üçün
aidiyyəti orqanlara tapşırıqlar verib. Dövlət
başçısının imzaladığı dövlət
proqramlarına, verdiyi tövsiyə və
tapşırıqlara müvafiq olaraq həyata keçirilən
əməli tədbirlərin nəticəsi kimi son illər səhiyyə
müəssisələrinin fəaliyyətində
dönüş yaranıb. Xüsusən də bölgələrdə
vətəndaşlara göstərilən tibbi xidmətin səviyyəsi
əsaslı dərəcədə yaxşılaşıb.
Bunu Göyçay səhiyyəsinin son illər əldə
etdiyi uğurlar fonunda aydın görmək
mümkündür.
Rayonun sosial-iqtisadi inkişaf proqramına uyğun
olaraq əhalinin sağlamlığının qorunması,
yoluxucu xəstəliklərin qarşısının
alınması, ana və uşaqların mühafizəsinin
gücləndirilməsi, tibb müəssisələrinin
maddi-texniki bazasının möhkəmləndirilməsi
istiqamətində xeyli işlər görülüb. Yaponiya
dövlətinin dəstəyi, Səhiyyə Nazirliyinin
razılığı ilə 2010-cu ilin noyabr ayının 18-dən
Təcili və Təxirəsalınmaz tibbi yardım
stansiyasının əsaslı təmiri və yenidənqurulması
işlərinə başlanılıb. Poliklinika şöbəsinin
I-II mərtəbələri əsaslı təmir olunub, mərkəzi
rayon xəstəxanasının travmatologiya, qəbul və
inzibati şöbələrində təmir işləri
yekunlaşıb. Doğum şöbəsində 2 əlavə
doğuş zalı yaradılıb və qəbul
otağı genişləndirilib, həmçinin burada cari təmir
işləri aparılıb. Xəstəxanının nəzdində
"Gənclər dostu" sağlamlıq mərkəzi
yaradılıb və ora tibbi avadanlıq, kompyuter, soyuducu
verilib.
Mərkəzi Rayon Xəstəxanasının
qanköçürmə şöbəsində 2010-cu ilin
sonlarından əsaslı təmir işlərinə
başlanılıb və 2011-ci ilin fevral ayında başa
çatdırılıb. Həmçinin "Ailə
planlaşdırılması və Reproduktiv
Sağlamlıq" Mərkəzində yeni otaqlar tikilərək
istifadəyə verilib. Rayon Uşaq Xəstəxanasının
laboratoriya şöbəsində, ayrı-ayrı həkim
otaqlarında cari təmir işləri aparılıb, yeni
avadanlıqlarla təchiz olunub. Qarabaqqal kənd həkim məntəqəsində
təmir işləri yekunlaşıb, məntəqənin həyətyanı
sahəsi abadlaşdırılıb, hasarları təzələnib.
Yekəxana, Şahsoltanlı və Xəlitli kənd tibb məntəqələri
müvafiq binalarda yerləşdirilib.
2010-cu il ərzində Səhiyyə Nazirliyi tərəfindən
Göyçay Mərkəzi Rayon Xəstəxanasına dəyəri
30751 manat olan ultrasəs müayinə aparatı, 2 ədəd
kompyuter avadanlığı verilib. Cərrahi şöbəyə
büdcə hesabına öd yollarında kiçik
ölçüdə kəsik aparmaqla cərrahi əməliyyat
keçirməyə imkan verən "Mini assistent"
aparatı gətirilib. Mərkəzi Rayon Xəstəxanasına
il ərzində 23560 manat dəyərində yumşaq inventar
alınıb, xəstələr mütəmadi olaraq ərzaqla
təchiz olunublar.
2010-cu il fevral ayının 12-də olkə
başçısı İlham Əliyevin rayona səfəri ərəfəsində
Mərkəzi Rayon Xəstəxanasının Təcili Təxirəsalınmaz
tibbi yardım stansiyasına müasir tipli, hər birinin dəyəri
92000 manat olan iki ədəd "Mersedes" maşını
hədiyyə olunub.
Sidik yollarında və sidik kisəsində törəmələrin
yoxlanılması üçün xəstəxanaya 6500 manat dəyərində
sistoskop aparatı, bir neçə mikroskop və EKQ
aparatları alınıb. Səhiyyə Nazirliyi tərəfindən
rayona dəyəri 7 min manat olan cərrahi dəst və
elektrik koaqulyatoru verilib. Mərkəzi Rayon Xəstəxanasının
bütün şöbələri və eyni zamanda poliklinika
şöbəsinin həkim otaqları avadanlıqlarla təmin
edilib.
Rayonda qaçqın və köçkünlərin
sıx məskunlaşdığı yerlərə mütəmadi
olaraq həkim briqadaları göndərilib, onların tam tibbi
müayinəsi aparılıb. 2010-cu ildə 2009-cu ilə nisbətən
458 uşaq çox doğulub. Əksinə 2 yaşa qədər
uşaq ölümü aşağı düşüb, ana
ölümü olmayıb.
Vərəm xəstəliyini vaxtında aşkar edib,
xəstəliyin yayılmasının qarşısını
almaq məqsədilə xəstə qeydə alınan ailələrə
və məktəblərdə 13805 nəfərə
"Mantu" sınağı qoyulub. Nəticəsi müsbət
olanlar poliklinika şöbəsində rentgen müayinəsindən
keçiriliblər. Ümumiyyətlə 2010-cu il ərzində
rayonda aparılan əks-epidemik tədbirlər nəticəsində
yoluxucu xəstəliklərin yayılmasının
qarşısı alınıb. Bir sıra yoluxucu xəstəliklər
(difteriya, dizenteriya, qarın yatalağı, süzənək,
sifliz) qeydə alınmayıb. Aparılan tədbirlər nəticəsində
rayonda insanlar
arasında quduzluq xəstəliyi
olmayıb.
Geridə qalan 2011-ci ildə də Göyçay
rayonunda səhiyyə islahatları davam etdirilib. Rayonun
sosial-iqtisadi inkişaf proqramına uyğun olaraq əhalinin
sağlamlığının qorunması, yoluxucu xəstəliklərin
qarşısının alınması, ana və
uşaqların mühafizəsinin gücləndirilməsi,
tibb müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi
istiqamətində xeyli işlər görülüb. Ötən
əsaslı təmirdən çıxmış
Göyçay rayon Təcili Təxirəsalınmaz Tibbi
Yardım Stansiyasının binasının rəsmi
açılış mərasimi keçirilib.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
müvafiq sərəncamı ilə 2006-2011-ci illərdə
doğulmuş uşaqlar Elektron Sağlamlıq Kartı ilə
təmin olunur. Bu təvəllüddə on minə yaxın
uşaq var və onların 7098 nəfərinə kart
paylanılıb.
Rayonda 6041 nəfər imtiyazlı qrupdan xəstə
vardır. Endokrinoloji kabinetdə 2747 nəfər şəkərli
diabetlə xəstə qeydiyyatdadır (bunun 305 nəfəri
2011-ci ildə qeydiyyata götürülüb). Bu xəstələr
üçün 2300 ədəd qanda şəkəri təyin
edən aparat - "Qlükrometr" və 8200 ədəd test
(2011-ci ildə 608 aparat, 2000 test) alınaraq paylanılıb.
Vərəm xəstəliyinin vaxtında aşkarlanması
və qarşısının alınması məqsədilə
xəstə qeydə alınan ailələrdə və məktəblərdə
25070 nəfərə "Mantu" sınağı qoyulub,
17813 nəfər flüoroqrafiya müayinəsindən
keçirilib. "Mantu" sınağının nəticəsi
müsbət olanlar poliklinika şöbəsində rentgen
müayinəsindən keçiriliblər.
2011-ci il ərzində poliklinika şöbəsində
göz kabinetinə 2939 xəstə müraciət edib. Onlardan
1499 nəfəri, nevroloji kabinetə müraciət edən 783
xəstənin 165 nəfəri, stomatoloji kabinetə müraciət
edən 4214 xəstənin 1782 nəfəri, doğum
şöbəsinə müraciət edən 1557 xəstənin
149 nəfəri, cərrahiyyə şöbəsinə
müraciət edən 2155 xəstənin 226 nəfəri,
travmatologiya şöbəsinə müraciət edən 1781 xəstənin
348 nəfəri, uşaq xəstəxanasına müraciət
edən 2558 xəstənin 367nəfəri digər
rayonlardandır.
Cərrahi əməliyyatın gedişində xəstənin
nəbzinə, arterial təzyiqinə, temperaturuna, ürək
fəaliyyətinə və qanın oksigenlə təchizatına
nəzarət edən "Monitor" və süni tənəffüs
aparatı ilə birlikdə olan narkoz aparatı, habelə sidik
yollarında və sidik kisəsində törəmələrin
yoxlanılması üçün sistoskop aparatı
alınıb.
Bundan başqa, ötən il Mərkəzi Rayon Xəstəxanasına
Almaniya istehsalı olan "HOLTER monitor" aparatı
alınıb və bu da xəstələrdə (paroksizmal
taxikardiya, ekstrasistoliya, blokadalar) 1-2 sutka ərzində ürək
ritminin davamlı monitorinqini aparmağa imkan verir. Aparat xəstənin
üzərinə bərkidilir, 1-2 sutka ərzində xəstədə
ürək ritmləri qeyd olunur. Sonra alınan nəticələrə
kompyuter vasitəsi ilə baxılır və analiz olunaraq
diaqnoz dəqiqləşdirilir.
Cərrahiyyə şöbəsinə "Mini
assistent" aparatı gətirilib və bu da öd kisəsi və
öd yollarında aparılan mürəkkəb cərrahi əməliyyatlar
zamanı minimal kəsikdən istifadə etməyə imkan
verir. Mərkəzi Rayon Xəstəxanasının
bütün şöbələri və eyni zamanda poliklinika
şöbəsinin həkim otaqları avadanlıqlarla təmin
olunub. Rayonda qaçqın və köçkünlərin
sıx məskunlaşdığı yerlərdə mütəmadi
olaraq həkim briqadaları olub, köçkünlərin tam
tibbi müayinəsi aparılıb.
Kənd əhalisinə göstərilən tibbi xidmətin
yaxşılaşdırılması üçün mama
ginekoloqların mütəmadi olaraq kənd yerlərinə
gedişləri təşkil edilib. Sentyabr-oktyabr ayları ərzində
səhər və kənd ümumtəhsil məktəblərində
14-17 yaşlı yeniyetmələr ixtisaslı həkimlər
tərəfindən müayinə olunub. Ümumtəhsil məktəblərinin
10-11-ci siniflərində ginekoloq həkimlər tərəfindən
"Ailə planlaşdırılması və reproduktiv
sağlamlıq", "Erkən nigahların fəsadları"
mövzusunda seminarlar keçirilib. Bundan başqa, il ərzində
narkoloq həkim tərəfindən məktəblilər
arasında "Siqaretin ziyanlı təsirləri",
"Alkoqolun orqanizmə mənfi təsirləri",
"Narkomaniyanın fəsadları" mövzusunda söhbətlər
aparılıb. İstər kənd yerlərində, istər
şəhər tibb idarələrində əmək
intizamına ciddi nəzarət olunur, mütəmadi olaraq tədbirlər
həyata keçirilir. Vətəndaşların ərizə
və şikayətlərinə daimi nəzarət olunur,
rübdə bir dəfə tibbi şurada müzakirəyə
çıxarılır və Səhiyyə Nazirliyinə
yazılı hesabat verilir.
Hazırda rayonun Hacağabəyli, Ərəbşahverdi,
Veysəlli, Qəbələ-Müskürlü kənd tibb məntəqələri
üçün yeni bina tikilir. Bununla belə, hələ ki əhaliyə
tibbi xidmətin təşkili hələ tələb olunan səviyyəyə
çatmamışdır. Kənd yerlərində ali təhsilli
həkimlər çatışmır. Bəzi kəndlərdə
həkim çatışmazlığı var. Həkimlər
kənd yerlərində işləməyə getmədikləri
üçün 16 həkim məntəqəsindən 5-nə
orta tibb işçiləri rəhbərlik edir. Diabetli, vərəm,
talassemiyalı, xroniki böyrək
çatışmazlığına düçar olan xəstələri
pulsuz dərmanlarla tam təminatında da problemlər
mövcuddur. 1961-ci ildə tikilmiş 140 çarpayılıq
uşaq xəstəxanası hazırda qəza vəziyyətindədir,
əsaslı təmirə ehtiyacı var. Uşaq xəstəxanasının
əsaslı təmiri barədə dəfələrlə
yuxarı təşkilatlar qarşısında məsələ
qaldırılsa da hələlik nəticə yoxdur.
Çətinliklərə baxmayaraq, rayonun səhiyyə
işçiləri əhaliyə göstərilən tibbi
xidmətin səviyyəsini yüksəltməyə, vətəndaşların
sağlamlığının keşiyində durmağa
çalışırlar.
Tərlan Nəsirli
Bakı-Göyçay-Bakı
Mövqe.- 2012.- 13 mart.- S. 10.