Regional inkişaf proqramları Ucarda
mədəni-intellektual tərəqqiyə böyük
töhfələr verir
Regionların sosial-iqtisadi inkişafı Dövlət
Proqramı son illərdə Ucarda ictimai həyatın
bütün sahələrinin müasirləşməsini təmin
edib. Xüsusən də 2011-ci ildə rayonda proqram üzrə
tədbirlər sistemli və ardıcıl şəkildə
gerçəkləşdirilib. Bu tədbirlər təkcə
iqtisadi deyil, mədəni-humanitar sahələri də əhatə
edib. İlk növbədə, təhsil infrastrukturunun
müasirləşdirilməsi tədbirləri davam etdirilib.
Şagirdlərin vətənpərvərlik və hərbi
vətənpərvərlik tərbiyəsinin, həmçinin
bədii və estetik baxışlarının inkişaf
etdirilməsinə ciddi diqqət yetirilib, "Cəsurlar"
və "Şahin" hərbi idman və turizm oyunlarında
rayon üzrə bütün məktəblərin
iştirakı təmin olunub. Şagirdlər arasında rəsm
və inşa yazı müsabiqələri keçirilib.
Rayonda uşaq bağçaları şəbəkəsinin
genişləndirilməsi və maddi-texniki bazalarının
gücləndirilməsinə diqqət artırılıb. Keçən
il şəhər 3 saylı uşaq bağçasının
əsaslı təmir olunması bu sahədə müəyyən
irəliləyiş olsa da, rayonun 15 kəndində uşaq
bağçalarının olmaması əsas problemdir.
2011-ci ildə rayonun səhiyyə işçiləri
də qarşıya qoyulmuş vəzifələrin layiqincə
yerinə yetirilməsi üçün ciddi
çalışıblar. Əhalinin
sağlamlığının qorunması, yoluxucu xəstəliklərin
qarşısının alınması istiqamətində məqsədyönlü
işlər görülüb. 2011-ci ildə rayon Uşaq xəstəxanasının
və rayon poliklinikasının Heydər Əliyev Fondunun dəstəyi
ilə əsaslı təmir olunaraq istifadəyə verilməsi
rayon əhalisinin və tibb işçilərinin sevincinə
səbəb olmaqla xəstəxanada iş şəraitini xeyli
yaxşılaşdırıb. Ərazidə 118
çarpayılıq xəstəxananın, təcili və təxirəsalınmaz
tibbi yardım stansiyasının, Məhkəmə Tibbi
Ekspertiza və Pataloji Anatomiya Birliyi rayon şöbəsinin
tikintilərinin aparılması, eləcə də tibb müəssisələrinin
yeni tibbi avadanlıqlar və diaqnostik aparatlarla təmin
olunması rayonda səhiyyə xidmətinin yaxın vaxtlarda
daha da yaxşılaşacağına inamı artırıb.
Görülən işlər tibb işçilərində
ruh yüksəkliyi yaratmaqla bərabər, onların məsuliyyət
hissinin artırılmasına səbəb olub. İl ərzində
hər xəstənin həyatı uğrunda mübarizə
aparılıb, xəstəxanada letallıq 0,5 faiz olub. Qeyd
olunan dövrdə ana və uşaqlara göstərilən
qayğının artırılmasına
çalışılıb. Pediatr və ginekoloqlardan ibarət
qrupların yerlərə gedişləri davam etdirilib, gənc
analar arasında sanitariya maarifi işləri gücləndirilib.
Patronaj işlərinə diqqət artırılıb, evdə
doğuşların sayı minimuma endirilib, xəstəxanada
ana ölümü olmayıb.
Rayonda yoluxucu xəstəliklərlə mübarizə
sahəsində da ardıcıl iş aparılıb, polimelit,
göy öskürək, skarlatına, qarın yatalağı
və malyariya ilə yoluxma halları qeydə alınmayıb.
Dövlət qayğısına uyğun olaraq güzəşt
və imtiyazlardan istifadə etmək hüququna malik şəxslərin
pulsuz dərmanlarla təchizatı davam etdirilib, onlara pulsuz
olaraq 214 min manatlıq dərman verilib. Tibbi xidmət sahəsində
bir sıra problem və çatışmazlıqlar da
müşahidə edilib. Bunların bir çoxu obyektiv səbəblərlə
bağlı olub, rayonun həkim və tibb məntəqələrinin
bir çoxunun uyğunlaşdırılmış binalarda
yerləşməsi, həmçinin həkim
kadrlarının çatışmaması, başqa sözlə
139 həkim ştat vahidindən 60 ştatının boş
olması ilə əlaqədardır. Sadalanan problemlərin
aradan qaldırılması üçün görüləcək
işlər müəyyənləşdirilib. 2012-ci ildə 3
tibb məntəqəsinin təmir edilməsi planlaşdırılıb.
Kadr məsələləri ilə bağlı əlaqədar
təşkilatlar qarşısında məsələ
qaldırılıb.
2011-ci ildə rayonda mədəni-maarif müəssisələrinin
sayı dəyişməyib. Əhaliyə 18 mədəniyyət
evi, 8 klub, 47 kitabxana və 2 muzey vasitəsilə mədəni
xidmət göstərilib. Bu müəssisələrin
kollektivləri əvvəlki illərdə
buraxılmış nöqsan və geriliklərin aradan
qaldırılması istiqamətində səfərbər
olublar.
Rayonda qeyd olunan el bayramlarının, tarixi və əlamətdar
günlərin əksər hissəsi rayonun mədəniyyət
kollektivlərinin yaxından iştirakı ilə
keçirilib. Bu tədbirlər bədii özfəaliyyət
kollektivlərinin konsert proqramları ilə yekunlaşıb.
İl ərzində mədəniyyət evləri və
klublarının işlərinə rayonun 3 zonası üzrə
keçirilən baxış-müsabiqələrdə qiymət
verilib. Mədəniyyət müəssisələrinin
ayrı-ayrı kollektiv və fərdi ifaçıları
respublika Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı
ilə keçirilən müsabiqələrdə iştirak
edib. Uşaq incəsənət məktəbinin xor kollektivi
Xor kollektivlərinin VII Respublika müsabiqəsində fəal
iştirak edərək fəxri fərmanla
mükafatlandırılıb.
Noyabr ayında Azərbaycanın Milli Qəhrəmanı
Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş I
Ümumrespublika teatr festivalında rayon Mədəniyyət
evinin teatr qrupu ən yaxşı tamaşa nominasiyası
üzrə diploma layiq görülüb. Kollektivin 1 nəfər
üzvü ən yaxşı aktyor oyununa görə birinci
yeri tutub. 2011-ci ildə, həmçinin rayon Mədəniyyət
və Turizm şöbəsi simli və zərb alətləri
ifaçılarının respublika müsabiqəsinə ev
sahibliyi edib, rayon təmsilçiləri qaliblər
sırasında olublar.
Hesabat ilində rayonda Heydər Əliyev Mərkəzinin
istifadəyə verilməsi bu sahədə işlərin daha
peşəkar qurulmasına şərait yaradıb. İl ərzində
həm Heydər Əliyev Muzeyinə, həm də
Tarix-Diyarşünaslıq Muzeyinə gələnlərin
sayı artıb, tarixi-əlamətdar günlərdə muzeylərdə
tematik tədbirlər keçirilməsi ənənəsi
davam etdirilib.
Qeyd olunan dövrdə rayon Mədəniyyət evi,
Tarix-Diyarşünaslıq Muzeyi və Mərkəzləşdirilmiş
Kitabxana sistemində əsaslı təmir işləri
aparılıb. Mədəniyyət müəssisələrinə
100 min manatlıq inventar, 54,6 min manatlıq texniki
avadanlıqlar alınıb. Bütün bunlarla yanaşı,
rayonun mədəniyyət evi və klublarının əksəriyyətinin
bina şəraitinin yaxşılaşdırılmasına
ehtiyac var və bu sahədə əməli işlər
görülməlidir.
2011-ci ildə rayonda olan 15 mədəni və tarixi
abidənin bir çoxunun ərazisində cari təmir və
abadlıq işləri aparılıb, abidələrin
qorunmasına diqqət artırılıb. Prezident tərəfindən
2011-ci ilin "Turizm ili" elan olunması bu sahəyə
xüsusi diqqət yetirilməsini zəruri edib. Rayonda
aparılan abadlıq və quruculuq işləri əraziyə
turistlərin cəlb edilməsi baxımından vəziyyəti
yaxşılaşdırsa da, rayonda mehmanxana olmaması vəziyyətə
mənfi təsir göstərir.
2011-ci ildə rayon Mədəniyyət və Turizm
şöbəsi tərəfindən rayonun görməli yerləri
barədə buklet hazırlanıb, abidələrin
siyahısı dəqiqləşdirilib, onların bəzilərinə
inventar nömrələri verilib. Eləcə də
sahibkarların vəsaiti hesabına mehmanxana binasının
tikilməsi üçün torpaq sahəsi ayrılıb və
bu da qeyd olunan sahə üzrə yaxın gələcək
üçün ümidləri artırır.
Məlum olduğu kimi, Azərbaycan Respublikası
Prezidentinin 16 yanvar 2012-ci il tarixli sərəncamı ilə
2012-ci il respublikada "İdman ili" elan edilib. Qeyd olunan sərəncam
rayon ictimaiyyəti, xüsusilə gənclər tərəfindən
böyük rəğbətlə qarşılanıb. Rayon
İcra Hakimiyyəti Aparatı və rayon Gənclər və
İdman İdarəsi tərəfindən sərəncamın
tələbləri baxımından il ərzində həyata
keçiriləcək tədbirlər müəyyənləşdirilib.
Son dövrlərdə rayonda sadə idman
qurğularının sayı artmaqla şəraiti xeyli
yaxşılaşıb, yeni istifadəyə verilmiş məktəb
binalarında fəaliyyət göstərən idman zalları
və stadionlar hesabına bu sahədə vəziyyət
yaxşıya doğru dəyişib. 2011-ci ildə rayonda yeni
Şahmat məktəbinin istifadəyə verilməsi bu sahədə
işləri canlandırıb. Göstərilən
qayğıya cavab olaraq gənc şahmatçı Xatun
Bağırova əvvəlki illərdəki
uğurlarını təkrar edib, dekabr ayında
İsveçrədə şahmat üzrə beynəlxalq
yarışlarda 14 yaşlı qızlar arasında 1-ci yerə
layiq görülüb.
Digər idmançımız Aynur Məmmədova
2011-ci ildə Rusiya Federasiyasında keçirilən parolimpiya
oyunlarında taekvando üzrə qızlar arasında birinci
yeri tutub. 2012-ci ildə rayonda müxtəlif idman
yarışlarının keçirilməsi qərara
alınıb. Bu vəzifələrin layiqincə yerinə
yetirilməsi əlaqədar təşkilatlardan, xüsusilə
rayon Gənclər və İdman İdarəsinin kollektivindən
yüksək əzmkarlıq tələb edir.
2011-ci ildə rayonda ideoloji işin təkmilləşdirilməsi
istiqamətində işlərin canlandırılması da
diqqət mərkəzində saxlanılıb. İlboyu,
xüsusilə ulu öndərin doğum günü ərəfəsində
gənc və yeniyetmələrin Heydər Əliyev Muzeyinə
ziyarəti təşkil olunub, onlara dolğun məlumatların
verilməsinə çalışılıb. Əsas diqqət
yetişməkdə olan nəslin vətənpərvərlik və
dövlətçilik ruhunda formalaşmasına yönəldilib.
Bu dövrdə rayonda krimonogen durumun sabit
saxlanılmasına çalışılıb. Baş
vermiş cinayət hadisələrinin sayı əvvəlki
illə müqayisədə 5 fakt azalaraq 74-dən 69-a enib.
Bunlardan 64-nün üstü isti izlərlə
açılıb, açılma faizi 92,6 faiz olub. Narkotik
vasitələrin qeyri-qanuni dövriyyəsi və narkotik tərkibli
bitkilərin əkilib-becərilməsinə qarşı
mübarizə davam edib. Aparılan axtarış-əməliyyat
tədbirləri nəticəsində 9 fakt aşkar olunub, vətəndaşlardan
2367,2 qram qurudulmuş marixuana, 1,824 qram heroin
götürülub. 0,70 hektar sahədə yabanı halda bitən
3122 kq çəkidə çətənə kolu
yandırılaraq məhv edilib.
2011-ci ildə bələdiyyələr tərəfindən
186 nəfərə 14,3 hektar torpaq sahəsi ayrılıb, bələdiyyələrin
büdcəsi 2010-cu ilə nisbətən 114 min manat
çoxalaraq 340,1 min manat olub. Bu da bir sıra problemlərin həll
olunması imkanlarını artırıb.
2011-ci ildə rayon İcra Hakimiyyəti Aparatına
yuxarı təşkilatlardan 323 ədədi ərizə, 113 ədədi
şikayət olmaqla 436 ədəd, rayon daxilindən 947 ədədi
ərizə, 28 ədədi şikayət və 1 ədədi
təklif olmaqla 976 ədəd vətəndaş müraciəti
daxil olub. Müraciətlərdə vətəndaşlar bir
qayda olaraq mənzillə təmin olunmalarını, maddi
köməklik edilməsi, ailələrinə ünvanlı
sosial yardım təyin edilməsi, mənzillərinin təmiri,
qaz və su təchizatında, eləcə də gündəlik
problemlərinin həllində köməklik olunmasını
xahiş etmiş, hər bir müraciətə qanunamüvafiq
qaydada baxılması diqqət mərkəzində
saxlanılıb.
(ardı var)
Tərlan Nəsirli
Bakı-Ucar-Bakı
Mövqe.- 2012.-20 mart.- S.10.