Ucarda səhiyyə sistemi müasirləşir

 

Səhiyyə sisteminin keyfiyyətcə yeni dövrün tələblərinə uyğunlaşdırılması, əhalinin sağlamlığının etibarlı təminatına imkan verən müasir tibb infrastrukturunun yaradılması bu gün Azərbaycanda həyata keçirilən sosial yönümlü siyasətin mühüm tərkib hissəsinə çevrilmişdir. Bu istiqamətdə ardıcıl və sistemli olaraq həyata keçirilən islahatların nəticəsi kimi son illərdə ölkədə səhiyyə sisteminin maddi-texniki bazası və infrastrukturu yeniləşir, ən müasir texnologiyaların tətbiqi vətəndaşlara göstərilən xidmətin səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəlməsini təmin edir.

Səhiyyə bilavasitə xalqın fiziki-mənəvi sağlamlığı, milli genefondu ilə bağlı strateji sahə olduğundan, dövlət bu sistemdə hələ keçmiş sovetlər birliyi dövründən yığılıb qalmış bəzi problemlərin, çatışmazlıqların aradan qaldırılması - kadr potensialının gücləndirilməsi, yeni tibb ocaqlarının yaradılması, mövcud xəstəxanaların əsaslı təmiri və yenidənqurulması, onların dərman preparatları və digər texniki vasitələrlə təminatı məqsədilə bütün zəruri tədbirləri həyata keçirir. Ümumilikdə tibbi xidmətin çağdaş tələblər səviyyəsində təşkili, qarşıya qoyulan bir çox vəzifələrin uğurla həyata keçirilməsi üçün dövlət büdcəsindən bu sahəyə ayrılan vəsaitlərin həcmi də ildən-ilə artır.

Dövlət büdcəsindən bu sahəyə ayrılan vəsaitlərin ildən-ilə artırılması ölkədə vətəndaşların sağlamlığı ilə bağlı məsələlərin diqqət mərkəzində olduğunu təsdiqləyir. "Biz artan iqtisadi imkanlarımızı ilk növbədə sosial sahələrin inkişafına, o cümlədən səhiyyənin problemlərinin həllinə yönəltməliyik" - deyən Azərbaycan Prezidenti İlham Əliyev son illər bu sahəyə ayrılan maliyyə vəsaitlərinin sürətli artımını təmin edib. Məsələn, əgər 2005-ci ildə səhiyyəyə dövlət büdcəsindən 110 milyon manat ayrılmışdısa, 2011-ci ildə 545 milyon, 2012-ci ildə isə 600 manatın ayrılması da Azərbaycan dövlətinin insanların sağlamlığı məsələsinə necə böyük həssaslıqla yanaşdığını göstərir.

Tibbi xidmətin müasir tələblər səviyyəsində qurulması üçün, ilk növbədə, bu sahədə infrastrukturunun müasirləşdirilməsi istiqamətində tədbirlər diqqət mərkəzində saxlanılıb. Yeni tələblərə cavab verən səhiyyə müəssisələrinin tikilməsi, mövcud tibb ocaqlarının təmiri və yenidənqurulması bu baxımdan az əhəmiyyət kəsb etmir. Dövlət başçısı hələ 11 fevral 2004-cü il və 14 aprel 2009-cu il tarixdə imzaladığı regional inkişaf proqramlarında bütün fundamental sahələr kimi səhiyyə sisteminə də geniş diqqət ayrılıb. Dövlət Proqramında bölgələrdə insanlara yüksək səviyyədə tibbi xidmətin göstərilməsini təmin edəcək bir sıra təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi - yeni xəstəxanaların, poliklinikaların inşası, yaxud mövcud səhiyyə müəssisələrinin müasir tələblər səviyyəsində təmir və bərpa olunması, onların maddi-texniki, habelə zəruri tibb ləvazimatları ilə təminatı məsələləri geniş əksini tapıb.

Regionların sosial-iqtisadi inkişafı tədbirləri çərçivəsində dövlət başçısı son 8 ildə ayrı-ayrı rayonlarda inşa edilmiş yeni müalicə-diaqnostika mərkəzlərinin, xəstəxanaların, poliklinikaların açılış mərasimində iştirak edib, eləcə də bu sahədə həllini gözləyən bəzi problemlərin aradan qaldırılması üçün aidiyyəti orqanlara tapşırıqlar verib. Dövlət başçısının imzaladığı dövlət proqramlarına, verdiyi tövsiyə və tapşırıqlara müvafiq olaraq həyata keçirilən əməli tədbirlərin nəticəsi kimi son illər səhiyyə müəssisələrinin fəaliyyətində dönüş yaranıb. Xüsusən də bölgələrdə vətəndaşlara göstərilən tibbi xidmətin səviyyəsi əsaslı dərəcədə yaxşılaşıb.

Bunu Ucar səhiyyəsinin son illər əldə etdiyi uğurlar fonunda aydın görmək mümkündür. Konkret olaraq 2010 və 2011-ci illərdə rayonda səhiyyə sistemində mühüm nailiyyətlərə imza atılıb. 2010-cu ildə Ucar rayonunda əhalinin sağlamlığının qorunması, yoluxucu xəstəliklərin qarşısının alınması və sair tədbirlərin həyata keçirilməsi, səhiyyə islahatlarının aparılması, xəstəxanaların maddi-texniki bazasının yaxşılaşdırılması sahəsində müəyyən işlər görülüb. Rayonun 4 xəstəxana, 11 həkim məntəqəsi, 11 tibb müəssisəsi tərəfindən 78900 nəfərə yaxın əhaliyə xidmət göstərilib. Səhiyyə sistemində 84 nəfər həkim, 332 nəfər orta tibb işçisi, 320 nəfər kiçik tibb bacısı və s. işçi çalışır.

Rayon əhalisinə ambulator-poliklinik tibbi yardım mərkəzi rayon xəstəxanasının poliklinika şöbəsi, uşaq poliklinikası, kənd sahə xəstəxanaları, həkim məntəqələri və tibb məntəqələri tərəfindən aparılır. Ambulator-poliknik tibbi yardım sahəsi prinsipi üzrə qurulub. Poliklinikada klinik laboratoriya, rentgen kabinəsi, flüoqrafiya elektrokardioqramma, "Ultrasəs" müayinə, fizioterapiya kabinetləri yaradılıb.

2010-cu ildə rayonun ambulator-poliklinika idarələrinə və tibb məntəqələrinə evə gedişlə bərabər 109689 müraciət olub. Əhalinin hər nəfərinə düşən ambulator gəlişlərin orta sayı rayon üzrə 1,4 olub. Hesabat ilində rayonda yoluxucu xəstəliklərə qarşı mübarizə gücləndirilmiş, yerlərdə aparılan profilaktik tədbirlər nəticəsində polimelit, göyöskürək, skarlatina, qarın yatalağı qeydə alınmayıb. Malyariya xəstəliyinə qarşı mübarizə tədbirləri tibbi şurada geniş müzakirə olunub. Mövsüm ərzində həftənin bütün günlərində kəndlərdə geniş maarifləndirmə işi aparılıb. Qan alınması, termometrizasiya, kimyəvi profilaktikanın tətbiqi, habelə ocaqlarda dezinfeksiya işləri görülüb. Bunun nəticəsində 2010-cu ildə rayonda malyariya xəstəsi qeydə alınmayıb.

Mərkəzi Rayon Xəstəxanasının ərazisində səliqə-sahman yaradılıb, 19922 manatlıq cari təmir işləri aparılıb. Elektrik sistemində olan nasazlıqlar əsasən aradan qaldırılıb. 2010-cu ilin 9 ayı ərzində istifadəyə verilmiş elektrik enerjisi üçün 24318 manat vəsait köçürülüb. 2010-cu ildə 3358 manat dəyərində bərk inventar, 14 manat dəyərində yumşaq inventar alınaraq mərkəzi rayon xəstəxanasına gətirilib. Poliklinika şöbəsinin giriş hissəsinin görkəmi dəyişib, onun I və II mərtəbələrində keyfiyyətli təmir aparılıb. Bundan başqa, daxili imkanlar hesabına ginekoloji, doğum şöbələrində, Qaradağlı, Küçəkənd kənd həkim məntəqələrində, stomotoloji kabinetlərdə və Uşaq xəstəxanasının bəzi otaqlarında təmir işləri aparılıb. 2010-cu ilin 9 ayı ərzində 12468 manatlıq tibb avadanlığı, 29163 manatlıq ərzaq, 94079 manatlıq dərman preparatından istifadə olunub. Güzəşt və imtiyazlardan istifadə hüququna malik şəxslərə, Böyük Vətən Müharibəsi əlillərinə, şəhid ailələrinə, kimsəsizlərə, şəkərli diabet, nevrolojis. imtiyazlı xəstələr üçün 119878 manatlıq pulsuz dərman verilib. Rayonda "9 may Qələbə bayramı" günü münasibətilə Böyük Vətən Müharibəsi iştirakçılarına evlərində mümkün tibbi müayinə aparılıb.

Bundan başqa, Ucar Mərkəzi Xəstəxanasının həyətyanı sahəsinə çınqıl döşənib, gözətçi otağında təmir işləri aparılıb, üst örtüyü dəyişdirilib. Cərrahiyyə şöbəsinin sanitar otağında əsaslı təmir işləri aparılıb. Doğum şöbəsində və akademik Z.Əliyeva adına Ucar rayonu Qazıqumlaq kənd sahə xəstəxanasında bir sıra cari təmir işləri həyata keçirilib.

2011-ci ildə Ucar rayonunda səhiyyə işinin təşkilində, infeksion xəstəliklərin profilaktikasında, islahatların aparılmasında, səhiyyə obyektlərinin maddi-texniki bazasının yaxşılaşdırılmasında və bir sıra dövlət proqramlarının həyata keçirilməsi sahəsində müəyyən işlər görülüb. Rayonun müalicə-profilaktika idarələri 80000 nəfərə yaxın əhaliyə tibbi xidmət göstərib.

Hesabat ilində rayonda yoluxucu xəstəliklərə qarşı mübarizə tədbirləri davam etdirilib: polimelit, göyöskürək, qarınyatalağı, skarlatina kimi xəstəliklər qeydə alınmayıb. Malyaria xəstəliyi 2011-ci ildə də qeydə alınmayıb.

Güzəşt və imtiyazlardan istifadə hüququna malik şəxslərə pulsuz dərman preparatlarının verilməsi davam etdirilib. 2011-ci ildə rayonda 140800 manat dəyərində bərk inventar, 47123 manat dəyərində yumşaq inventar alınaraq Rayon Mərkəzi Xəstəxanasına gətirilib. 124999 manatlıq tibb avadanlığı, 40134 manatlıq ərzaq, 259324 manatlıq dərman vəsaitindən istifadə olunub.

18 avqust 2011-ci il tarixdə Regional Mingəçevir Qan Bankı ilə birlikdə qanvermə aksiyası keçirilib. Bu zaman 59 nəfərdən qan alınıb və yoxlanılaraq qan bankına təhvil verilib. Bundan başqa, rayon əhalisinin elektron sağlamlıq kartı ilə təmin olunması işi də aparılıb və 3000 nəfərə yaxın əhaliyə sağlamlıq kartı verilib.

Bundan başqa, Heydər Əliyev Fondunun yaxından köməkliyi nəticəsində uşaq xəstəxanası və poliklinika binası müasir şəkildə əsaslı təmir edilib, son model avadanlıqlarla təchiz edilib. Təcili yardım stansiyası "Toyota" markalı təcili tibbi yardım maşını ilə təmin olunub. Uşaq xəstəxanasında reanimasiya və cərrahiyyə şöbəsi müasir avadanlıqlarla təmin edilib. Uşaq poliklinikasına "USM" aparatı və laboratoriya avadanlıqları verilib. Ucar rayon mərkəzi xəstəxanasının poliklinika şöbəsi rentgen, masaj, "USM", "EKQ", fizioterapiya, stomotoloji, laboratoriya kabinetləri yeni avadanlıqlarla təchiz olunub. 2 əsas və 4 yardımçı binanın tikintisi davam etdirilib. Təcili Tibbi Yardım Stansiyası, Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin rayon şöbələrinin binasında son tamamlama işi aparılıb.

Ümumilikdə, bütün bunlarla yanaşı, Ucar səhiyyəsində müəyyən problemlər də mövcuddur və rayon rəhbərliyi həmin problemlərin həlli istiqamətində sistemli və ardıcıl iş aparır. Əsas odur ki, rayon əhalisi səhiyyə sistemindəki müsbət irəliləyişləri yaxından hiss edir və razılıqla qarşılayırlar.

 

 

Tərlan Nəsirli

 

Bakı-Ucar-Bakı

 

Mövqe.- 2012.- 28 mart.- S.10.