Şamaxıda sosial infrastruktur layihələri uğurla reallaşdırılır

 

Sürətlə müasirləşən, bütün sahələrdə yeniləşərək makroiqtisadi uğurlara imza atan Şamaxı rayonunun son illərdəki uğurlarını təmin edən mühüm amillərdən biri də ölkə rəhbərliyinin xüsusi diqqət və qayğısıdır. Son 8 ildə 4 dəfə Şamaxı rayonuna səfər edən dövlət başçısı İlham Əliyev regionların sosial-iqtisadi inkişafı dövlət proqramı çərçivəsində həyata keçirilən işlərin icra vəziyyəti ilə yaxından maraqlanıb, lazımi tapşırıq və tövsiyələrini verib. 2009-cu il noyabrın 26-da növbəti dəfə Şamaxıda səfərdə olan dövlət başçısı bir sıra sosial-mədəni və inzibati obyektlərin açılışında iştirak edib.

Səfər çərçivəsində dövlət başçısı əvvəlcə Bakı-Şamaxı avtomobil yolunun yenidənqurulması layihəsi ilə tanış olub. Avtomobil yolunun yenidən qurulması layihəsi Azərbaycan hökuməti ilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı arasında imzalanan "Azərbaycan magistral avtomobil yolu-2" layihəsi üzrə sazişə uyğun həyata keçirilib. Ölkənin əsas magistrallarından biri olan bu yol ən müasir texnologiya əsasında qurulub. Yolun ümumi eni 15-17 metrə, bəzi yerlərdə 22 metrə çatır. Yolun hərəkət hissəsi iki, bəzi yerlərdə isə dördzolaqlıdır. Yola 314 min 952 ton iridənəli asfalt-beton örtük döşənib. İstifadə edilmiş xırdadənəli asfalt-betonun həcmi 176 min 235 ton olub. Layihə üzrə 147 boru keçidi tikilib, yol üzərindəki iki körpü təmir olunub, beşi isə yeni inşa edilib.
      Daha sonra dövlət başçısı Şamaxıda Heydər Əliyev mərkəzinin açılış mərasimində iştirak edib və bina ilə yaxından tanış olub. Heydər Əliyev parkının ərazisində yerləşən mərkəzin 2007-ci il mayın 10-da başlanılmış tikintisi 2008-ci ilin sentyabrında başa çatdırılıb. Üçmərtəbəli binanın ümumi sahəsi 1200 kvadratmetrdir. Mərkəzdə multimedia, xalq yaradıcılığı, rəsm dərnəkləri, elektron kitabxana, kompüter mərkəzi və digər bölmələr yerləşir.

Konfrans zalında ulu öndərin keçən əsrin 70-80-ci illərindəki fəaliyyətini və onun Şamaxı rayonuna səfərlərini əks etdirən fotoguşə vardır. 45 nəfərlik kino zalında ümummilli liderin Azərbaycanın müstəqillik illərindəki fəaliyyətini əks etdirən fotoşəkillər və filmlər nümayiş etdirilir. Açıq zalın bir hissəsində ulu öndərin fəaliyyətinin Moskva və Naxçıvan dövrlərini əks etdirən fotoşəkillər asılıb, digər hissədə "Heydər Əliyev dünyanın gözü ilə" guşəsi yaradılıb. Burada ümummilli liderin həyat və fəaliyyətini əks etdirən sənədlər də nümayiş etdirilir. Mərkəzdə ulu öndər Heydər Əliyevin siyasi irsinin öyrənilməsi və təbliği üçün hər cür şərait yaradılıb.

Prezident İlham Əliyev həmin səfər zamanı Şamaxıda Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının yeni inzibati binasının açılışında da iştirak edib. Dövlət başçısı açılışı bildirən lenti kəsib və bina ilə yaxından tanış olub. 2009-cu il mayın 10-da başlanmış tikinti işləri sentyabrda başa çatdırılıb. İkimərtəbəli binanın sahəsi 516 kvadratmetrdir. Bina lazımi avadanlıqla təchiz edilib. Birinci mərtəbədə 7 iş otağı, ikinci mərtəbədə qəbul və təşkilat sədrinin iş otaqları, müşavirə zalı yerləşir. Burada partiya üzvlərinin fəaliyyəti üçün hər cür şərait yaradılıb.

Daha sonra ölkə başçısı İlham Əliyev Şamaxıda Müalicə-Diaqnostika Mərkəzinin açılışında da iştirak edib. Təməli 2007-ci il martın 1-də Prezident İlham Əliyev tərəfindən qoyulmuş və sahəsi 1,5 hektar olan mərkəzin inşaat işləri bu ilin oktyabrında başa çatdırılıb. Tikintinin ümumi sahəsi 7 min kvadratmetr, o cümlədən əsas korpusun sahəsi 5800 kvadratmetrdir. Üçmərtəbəli binada qəbul, inzibati, funksional diaqnostika, dializ, stasionar, əməliyyat, reanimasiya, kompyuter tomoqrafiya və rentgen şöbələri fəaliyyət göstərir. Birinci mərtəbədə 60, ikinci mərtəbədə 51, üçüncü mərtəbədə 30 otaq yerləşir. Burada quraşdırılan avadanlıq xaricdən gətirilib. Binanın foyesində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin səhiyyənin inkişafına diqqət və qayğısını əks etdirən fotoguşələr yaradılıb. Mərkəzin həyətində 5 min kvadratmetr ərazidə yaşıllıq salınıb, su anbarı, qazanxana tikilib, yardımçı elektrik stansiyası quraşdırılıb.
       Dövlət başçısı Şamaxıya səfəri çərçivəsində Heydər Əliyev Fondu tərəfindən bərpası nəzərdə tutulan Cümə məscidi ilə də tanış olub. Məscidin yenidən qurulması layihəsi ilə tanış olan dövlət başçısına məlumat verilib ki, Cənubi Qafqazda ikinci qədim dini mərkəz olan Cümə məscidi 743-cü ildə tikilib. 1859-cu ildə baş vermiş dəhşətli zəlzələ nəticəsində dağılan məscid sonradan bərpa edilib. 1902-ci il zəlzələsində də Cümə məscidinə ciddi ziyan dəyib. Bu zəlzələdən sonra məscid Şamaxıdan olan Azərbaycanın ilk ali təhsilli memarı Zivər bəy Əhmədbəyovun və polşalı mühəndis İosif Ploşkonun layihəsi əsasında yenidən bərpa edilib.

Cümə məscidi həmçinin 1918-ci ildə erməni daşnaklarının Şamaxıda törətdikləri qırğının şahididir. O vaxt daşnaklar 1800 nəfər yerli sakini - uşaqları, qadınları, qocaları zorla bu məscidə dolduraraq diri-diri yandırıb. Yanğının izləri məscidin divarlarında bu gün də durur. Məsciddə keçən əsrin 70-80-ci illərində də təmir işləri aparılıb. Həmin dövrdə məscidin həyətində qazıntı zamanı mədrəsə, hücrə və qəbirlər aşkar edilib. Sovet dövründə cüzi təmir işləri aparılmasına baxmayaraq, Azərbaycanda ən qədim ibadət yeri sayılan Şamaxı Cümə məscidi bərbad vəziyyətdə idi. Hazırda Heydər Əliyev Fondunun "Tolerantlığın ünvanı: Azərbaycan" layihəsi çərçivəsində bu Allah evinin yenidən qurulması prosesi uğurla həyata keçirilir. Ümumi sahəsi 0,80 hektar olan məscidin ibadət yeri 1316 kvadratmetrdir.

Şamaxı Cümə məscidində əsaslı təmir və bərpa işlərinə 2010-cu ilin martında başlanılıb. Baş plana əsasən, hazırda ikimərtəbəli inzibati binanın, məişət binasının, məscidə giriş pilləkəninin və körpücüyün tikintisi başa çatdırılıb. Məscidin 36 metr hündürlüyündəki iki minarəsinin tikintisi artıq sona çatıb. Minarələrin davamlılığını artırmaq məqsədi ilə 15 metr dərinliyində özülbərkitmə işləri aparılıb. Hazırda obyektdə tamamlama-bəzək işləri davam etdirilir. Məscidin ibadət yeri 1316 kvadratmetrdir. Təxminən bir hektar ərazisi olan məsciddə bərpa və yenidənqurma işləri sürətlə davam edir. Məscidin günbəzi qədim memarlıq üslubundakı naxış və ornamentlərlə bəzədiləcək. Cümə məscidini üç tərəfdən əhatə edən tağvarı dəhlizlər inşa olunur. Məscidin ərazisində konfrans zalı, kitabxana, dəstəmaz yerləri və digər otaqlar yaradılacaq.

Prezident İlham Əliyev daha sonra əsaslı təmirdən çıxmış Seyid Əzim Şirvani adına Şamaxı Tarix-Diyarşünaslıq Muzeyi ilə tanış olub. Əsası 1945-ci ildə qoyulmuş muzeyin yenidən qurulmasına 2008-ci ilin avqustunda başlanılıb və cari ilin sentyabrında başa çatdırılıb. İkimərtəbəli muzeyin ümumi sahəsi 1097 kvadratmetr, ekspozisiya zalının sahəsi 325 kvadratmetrdir. Burada yaradılmış 7 bölmədə Şamaxının qədim və müasir dövrlərinə aid 1061 eksponat nümayiş etdirilir. Ümumiyyətlə, Tarix-Diyarşünaslıq Muzeyində 8392 əsas, 600 yardımçı eksponat vardır. Muzeydə XVIII əsrdə alman səyyahları tərəfindən çəkilən şəkillər əsasında hazırlanmış Şamaxı şəhərinin maketi, rayonun fauna və florasını əks etdirən təbiət guşəsi yaradılıb.
        Burada erməni vəhşilikləri barədə toplanan istintaq materiallarına da xüsusi yer ayrılıb. Prezident İlham Əliyev ermənilərin törətdikləri qırğınları təsdiq edən materiallarla tanış olub. Mədəniyyət ocağının həyətində Şamaxının tanınmış 12 şəxsiyyətinin büstü qoyulub. 2009-cu il noyabrın 26-da Prezident İlham Əliyev Şamaxıda "Azərelektronika" məişət cihazları istehsalı zavodunun açılışında iştirak edib. Prezident İlham Əliyev düyməni basaraq müəssisəni işə salıb, istehsal prosesini izləyib. 13 hektar sahəni əhatə edən zavodun inşasına 2005-ci ildə başlanılıb və tikinti işləri 2008-ci ilin mayında başa çatdırılıb. İstehsal sahəsi 20 min kvadratmetr olan zavodda kondisioner sexi fəaliyyət göstərir. Zavodun istehsal gücü ildə 600 min kondisionerdir. Müəssisədə soyuducu, tozsoran və digər məişət avadanlığı sexləri də yaradılıb. Gələcəkdə müəssisədə soyuducu, tozsoran və digər məişət avadanlığı sexlərinin də yaradılması nəzərdə tutulur. Həmin sahələr istifadəyə verildikdən sonra zavodda min nəfər işlə təmin olunacaq. Burada Türkiyədən, Malayziyadan, İrandan gətirilən xammaldan, habelə yerli materiallardan istifadə olunacaq. Bundan əlavə, zavodda boya, polifon, plastik kütlə əridən sexlər, 250 tonluq 6 hidravlik pres də quraşdırılıb. Zavodun ümumi sahəsi 15.408 kvadratmetrdir.
       Noyabrın 26-da Prezident İlham Əliyev Şamaxı Astrofizika Rəsədxanasında aparılmış yenidənqurma işləri ilə də tanış olub. Məlumat verilib ki, Azərbaycan Milli Elmlər Akademiyasının Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası 1959-cu ildə Azərbaycanın tanınmış alimləri Həsən Əliyevin və Yusif Məmmədəliyevin təşəbbüsü ilə yaradılıb. Dəniz səviyyəsindən 1500 metr hündürlükdə yerləşən rəsədxana çətin müşahidə edilən cənub səmasının öyrənilməsində üstünlüklərə malikdir. Rəsədxanada inzibati bina, 6 teleskop, 40 mənzilli beşmərtəbəli bir, ikimərtəbəli beş yaşayış binası, 4 kottec və mehmanxana var. Uzun illər təmir olunmadığından rəsədxanada tikililər yararsız vəziyyətə düşüb.

Azərbaycan Prezidenti İlham Əliyevin 2008-ci il 5 sentyabr tarixli sərəncamı ilə Şamaxı Astrofizika Rəsədxanasının maddi-texniki bazasının gücləndirilməsi və burada əsaslı təmir-tikinti işlərinin aparılması üçün Prezidentin Ehtiyat Fondundan 5 milyon manat, 2009-cu il 21 iyul tarixli sərəncamı ilə 3 milyon manat vəsait ayrılıb. Rəsədxananın planı ilə tanış olan dövlət başçısı yenidənqurma və təmir işlərinin vaxtında və keyfiyyətlə başa çatdırılması ilə bağlı tapşırıq və tövsiyələrini verib.

Şamaxıya səfəri çərçivəsində ölkə başçısı mədəniyyət sarayında aparılmış yenidənqurma işləri ilə tanış olub. Sarayın foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin mədəniyyətimizin qorunması və inkişafı istiqamətində gördükləri işləri əks etdirən fotoguşə yaradılıb. 1974-cü ildə inşa edilmiş mədəniyyət sarayının əsaslı təmirinə 2007-ci ilin ikinci rübündə başlanılıb. Yüksək səviyyədə aparılmış təmir işləri 2008-ci ilin mayında başa çatdırılıb. Sarayda müasir işıqlandırma sistemi quraşdırılıb, 300 nəfərlik zal mebel və digər avadanlıqla təchiz olunub.
        Ümumilikdə, ölkə rəhbərliyinin xüsusi diqqət və qayğısı nəticəsində Şamaxı rayonu 2009-cu ildə mühüm uğurlara imza atıb. "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı dövlət proqramı" çərçivəsində Şamaxının sosial-iqtisadi inkişafı əsaslı dərəcədə artıb, rayonda bir sıra layihələr həyata keçirilib, müasir istehsal sahələri yaradılıb, genişmiqyaslı tikinti, quruculuq, abadlıq işləri aparılıb.

Respublikada kənd təsərrüfatı sahəsində ciddi islahatların aparılması, xüsusilə kənd əməkçilərinə dövlət qayğısının artması bu sahənin geniş potensiala malik olduğunu sübut edib. Prezident İlham Əliyevin "Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında" 23 yanvar 2007-ci il tarixli sərəncamına uyğun olaraq, ötən il Şamaxı rayonu üzrə 9884 nəfər kənd təsərrüfatı məhsulları istehsalçılarına yanacaq və motor yağlarına görə 1 milyon 235 min 208 manat yardım edilib. Respublika "Aqrolizinq" Açıq Tipli Səhmdar Cəmiyyəti tərəfindən 2009-cu ildə rayonun kəndli fermerlərinə güzəştli sərtlərlə 100 ton azot, 146 ton superfosfat gübrələri satılıb.

Bunların nəticəsində 2009-cu ildə rayonda taxılçılıq sahəsində də əsaslı irəliləyişə nail olunub. Keçən il taxıl əkini sahəsi 4271 hektar artaraq 22357 hektara çatdırılıb və 46551,1 ton taxıl istehsal olunub. Əvvəlki illə müqayisədə taxıl istehsalı 9225,1 ton və ya 20 faiz artıb. Hesabat ilində rayonda üzümçülüyün inkişafı da diqqət mərkəzində saxlanılıb. 2009-cu ildə 223 hektar yeni üzümlük salınıb. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı qəbul olunandan indiyədək 758 hektar yeni üzüm bağları əkilib. Üzümlüklərin salınması hesabına 722 nəfər daimi işlə təmin olunub.
         2009-cu ildə tərəvəz, kartof, bostan və heyvandarlıq məhsulları istehsalının həcmi də əvvəlki ilə nisbətən xeyli artıb. Statistik məlumatlara görə, mal-qaranın və quşların baş sayı çoxalıb. Rayonda arıçılığa göstərilən maraq da artıb. 2009-cu ildə arı ailələrinin sayı 1100 ailə artaraq 4600-ə çatdırılıb. Bütün bunlarla yanaşı, rayonda aqrar sahənin inkişaf etdirilməsi istiqamətində mövcud imkanlardan lazımınca istifadə olunmayıb. 2009-cu ildə Avaxıl və Qaleybuğurd kəndlərində taxıl əkilməyib, Çuxuryurd kəndində taxıl istehsalının həcmi azalıb. Üzümçülük üçün ən əlverişli hesab olunan Sabir, Mərzəndiyə, Göylər, Məlikçobanlı, Muğanlı, Saqiyan Meysəri, Qurdtəpə, Quşçu və I Çaylı kəndlərində bir hektar da olsun üzüm bağı salınmayıb.
         2009-cu ildə rayonun sosial-iqtisadi inkişafını sürətləndirmək, əhalinin həyat səviyyəsinin yüksəldilməsini təmin etmək, mövcud sosial problemləri aradan qaldırmaq istiqamətində xeyli işlər görülüb. Azərbaycan Prezidenti İlham Əliyevin ölkə iqtisadiyyatının inkişaf etdirilməsi ilə bağlı imzaladığı fərman və sərəncamlar, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının (2009-2013) icrası və yeni iş yerlərinin açılması ilə əlaqədar qarşıya qoyduğu vəzifələr Şamaxıda da canlanma yaradıb. Rayonda 2008-ci ilə nisbətən 2009-cu ildə ümumi məhsul buraxılışı 6,2 faiz artaraq 139 milyon 471 min manata çatdırılıb, əsas kapitala yönəldilən investisiyaların həcmi 17,4 faiz artaraq 79 milyon 921 min manat təşkil edib.

2009-cu ildə rayonun büdcəsi əvvəlki illə müqayisədə 3 milyon 882 min manat və ya 26,8 faiz artaraq 18 milyon 376 min manata çatdırılıb, orta aylıq əməkhaqqı əvvəlki ilə görə 7,2 manat artaraq 184 manata çatıb. Ötən ildə rayonda sahibkarlığın inkişafı istiqamətində xeyli işlər görülüb. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin sayı 2009-cu ildə 321 nəfər təşkil edib. Bu məqsədlə rayonda fəaliyyət göstərən banklardan 1152 nəfər 1 milyon 865 min manat kredit götürüb və bu da 2008-ci illə müqayisədə çoxdur.

Bundan əlavə, 2009-cu ildə rayon üzrə 341 daimi iş yerləri açılıb. 2009-cu ildə əhaliyə göstərilən xidmətin səviyyəsinin yaxşılaşdırılması istiqamətində bir sıra irəliləyişlər olub. Bundan başqa, hesabat ilində rayon üzrə 1168 ailənin 5450 nəfər üzvü 136731 manat ünvanlı sosial yardıma cəlb edilib. Bu da hər bir ailəyə 117 manat, hər bir ailə üzvünə isə 25 manat yardım deməkdir.
      Hesabat ilində rayonda tikinti-quruculuq və abadlıq işləri də sürətlə davam etdirilib. Ötən müddət ərzində rayon ərazisində beynəlxalq standartlara uyğun "Şərədil", "Göy qurşağı" istirahət kompleksləri istifadəyə verilib. Şamaxının Bakı şəhərindən, Ağsu və İsmayıllı rayonlarından giriş hissələrində yenidənqurma işləri görülərək tam başa çatdırılıb.
         Şəhərin "Şirvan", "Azadlıq" və "Nərimanov" küçələrində yerləşən 4 ictimai yaşayış binasının əsaslı təmiri, şəhərin aşağı hissəsində magistral yolun üstündəki körpünün yenidən qurulması yekunlaşdırılıb. Bundan əlavə, rayon polis şöbəsinin, telekommunikasiya qovşağının, bir sıra kommersiya və xidmət obyektlərinin fasad hissələri müasir üslubda üzlənib, həmin ərazilərdə yenidənqurma və abadlıq işləri aparılıb. Şəhərin H.Əliyev, Şəhriyar, M.Ə.Rəsulzadə, Şirvan, N.Nərimanov, S.Ə.Şirvani və s. küçələrinə 52 min kvadratmetr asfalt-beton örtük vurulub və səkilər yenidən qurulub.

Şamaxı şəhəri coğrafi cəhətdən dağlıq ərazidə yerləşir. Buna görə də güclü leysan yağışları və digər təbii fəlakətlər zamanı hər il şəhər təsərrüfatına ciddi ziyan dəyir. Şamaxının məsafəcə nisbətən böyük olan və əslində şəhəri iki hissəyə bölən M.Ə.Rəsulzadə küçəsi 2008-ci ilin iyul ayının 7-8-də baş vermiş güclü leysandan sonra yeni təmir olunmasına baxmayaraq bərbad vəziyyətə düşüb. Bununla əlaqədar mütəxəssislər dəvət olunub, görüləcək işlər müəyyənləşdirilib. Ən əsası, bu küçəni tutan güclü su axarı həmin ərazidən çıxarılaraq onun istiqaməti dəyişdirilib. 2009-cu ildə 500 metrlik məsafəyə 1200 diametrlik beton və 800 mm-lik polietilen borularla xətt çəkilib. Bununla da həmin massivdə yaşayan əhalinin uzun müddətli şikayətlərinə son qoyulub. Qalan hissədə işlərin görülməsi 2010-cu ildə davam etdiriləcək.

Hesabat dövründə həyata keçirilən tədbirlər nəticəsində əhalinin elektrik enerjisi və təbii qaz ilə təchizatı əsaslı yaxşılaşdırılıb, enerji daşıyıcılarının dəyərinin ödənilməsində müəyyən qayda yaradılıb. Dövlət başçısı İlham Əliyevin məlum sərəncamı ilə təbii qazdan yaranan əvvəlki borcların bağışlanılması əhali tərəfindən razılıqla qarşılanıb.

2009-cu ildə Şamaxı Şəbəkə rayonunda istismar müddətini başa vurmuş xeyli dayaq, 10,4 km AS 35 markalı naqil, 92 ədəd izolyator yenisi ilə əvəz edilib. Bundan əlavə, rayon ərazisində 6 ədəd müxtəlif gücə malik transformator təmir edilərək yerinə bərpa edilib. 72 ədəd müxtəlif güclü 10/04 KV-luq transformator yarımstansiyalarında profilaktiki işlər aparılıb.
        Sabir qəsəbəsinə təbii qazın verilişi bərpa edilib, eləcə də həmin qəsəbəyə gedən, istismar müddətini başa vurmuş 2250 p/m daşıyıcı qaz kəməri 166 mm-lik polietilen boru ilə əvəz edilib. Bundan əlavə, qəsəbədə 100 evin küçə xətləri, sayğacı, daxili qaz kəmərləri təmir və bərpa olunub, 89 mm-lik 1395 p/m aşağı təzyiqli qaz kəməri çəkilib. Bundan əlavə, şəhərin S.Ə.Şirvani, Şəhriyar, Azərbaycan, H.Əliyev küçələrində qaz kəmərlərində əsaslı təmir işləri aparılıb. Muğanlı kəndində yeni yaşayış massivində 51 fərdi yaşayış evinə qaz çəkilib və sayğac quraşdırılıb.
       Əhaliyə göstərilən nəqliyyat, poçt və rabitə xidmətlərinin həcmi və keyfiyyəti də yüksəlib. Belə ki, poçt və rabitə xidmətinin yaxşılaşdırılması məqsədilə 2009-cu ildə Sabir qəsəbəsində elektron ATS-də 60 nömrə artırılıb, Pirbəhli və Ərçiman kəndlərində 32 nömrəli mini ATS avadanlığı quraşdırılıb. 2009-cu ildə ADSL-internet istifadəçilərinin sayı 65 nəfər artaraq 106-ya çatıb.
       Uzun illərdir ki, şəhərin içməli su ilə təminatı, kanalizasiya sisteminin olmaması ciddi narahatçılıq doğururdu. Prezident İlham Əliyevin tapşırığı ilə Şamaxı rayonunda da bu problemin həllinə start verilib. 2009-cu ildə Dünya Bankı tərəfindən Şamaxının su-kanalizasiya sisteminin yenidən qurulması üçün layihə-smeta sənədləri hazırlanaraq tender elan edilib və qalib təşkilat müəyyən olunub. Artıq 2010-cu ilin mart ayında işlərin başlanılması nəzərdə tutulub.

2009-cu ildən etibarən Şamaxı rayonunda da Azərbaycan kənd investisiya layihəsi çərçivəsində işlərin görülməsinə başlanılıb. Belə ki, layihənin təşəbbüskarları ilkin mərhələdə rayonun Birinci Çaylı, Quşçu, Həmyəli və Məlikçobanlı kəndlərində olaraq əhali ilə görüşlər keçirib, görüləcək işləri müəyyənləşdiriblər. Daha sonra Göylər-Quşçu yolu, eyni zamanda həmin və Həmyəli kəndlərində kəndarası yollara çınqıl örtük döşənib.

 

(ardı var)

 


         Tərlan Nəsirli

 

Bakı-Şamaxı-Bakı

 

Mövqe.- 2012.- 30 mart.- S.10-14.