Şamaxı mədəni-intellektual intibah
yolundadır
Regionların sosial-iqtisadi inkişafı Dövlət
Proqramı (2009-2013-cü illər) çərçivəsində
həyata keçirilən səmərəli tədbirlər nəticəsində
2009-cu ildə Şamaxıda təhsil və mədəniyyət
müəssisələrinin maddi-texniki bazası, infrastrukturu
ilə iş şəraiti əsaslı şəkildə
müasirləşib. 2009-cu ildə rayonda təhsil,
səhiyyə və mədəniyyət müəssisələrinin
inkişafı, onların maddi-texniki bazasının möhkəmləndirilməsi,
xidmətin səviyyəsinin
yaxşılaşdırılması istiqamətində bir
sıra nailiyyətlər qazanılıb.
Hesabat ilində rayonda 72 ümumtəhsil məktəbi
(51 orta, 17 əsas və 4 ibtidai), 5 məktəbdənkənar
və 22 məktəbəqədər tərbiyə müəssisələri
fəaliyyət göstərib. Ümumtəhsil
məktəblərində 1909 nəfər müəllim
işləyib, 12088 nəfər şagird təhsil alır.
2009-cu ildə uşaqların məktəbli
formasına keçmək sahəsində xeyli işlər
görülüb. Şəhər 3 saylı məktəb
üçün 640 yerlik, şəhər 2 saylı orta məktəbdə
600 şagird yerlik 30 sinif otağı, şəhər 1
saylı məktəbdə 300 şagird yerlik 15 sinif
otağı tikilib istifadəyə verilib. 1
saylı təhsil ocağının mövcud binası və
idman zalı əsaslı təmir olunub. Əngəxaran
kənd orta məktəbi üçün 160 yerlik yeni məktəb
binası tikilib. Hazırda Dədəgünəş
kənd məktəbi üçün 80 yerlik yeni binaların
tikintisi davam etdirilir.
Rayonun ümumtəhsil məktəblərinin
kompüterlə təmini prosesi başa
çatdırılıb. 2009-cu ildə 300 dəst parta, 120 ədəd müəllim
masası, 350 ədəd müəllim stolu, 50 ədəd
yazı lövhəsi, 55 ədəd kitab şkafı gətirilərək
məktəblərə paylanılıb. 2009-cu
ildə Şamaxı rayonunun ümumtəhsil məktəblərinin
on birinci sinfini 767 nəfər gənc bitirib. Mərkəzləşdirilmiş
qaydada aparılan test imtahanları zamanı onlardan 525 nəfəri
attestat almağa nail olub. Rayon üzrə 332 nəfər məzun
isə respublikanın müxtəlif ali məktəblərinə
daxil olmaq üçün test imtahanlarında iştirak edib.
Respublikanın müxtəlif ali məktəblərinə
69 nəfər qəbul olunub, onlardan 4 nəfəri 600-dən,
12 nəfəri isə 500-dən yuxarı bal toplayıb.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamına
əsasən, texniki-humanitar və təbiət fənləri
təmayüllü liseyin müəllimi Həbibə Eldarova
"İlin müəllimi" müsabiqəsinin qalibi olub. Şəhər 9 saylı orta məktəbin
müəllimi Əbülfəs Sadayev "Əməkdar
müəllim" adına və Göylər
kənd 2 saylı orta məktəbin direktoru Pünhan
Mikayılov "Tərəqqi" medalına layiq
görülüblər. Eyni zamanda 2008-ci ildə Azərbaycan
Müəllimlər İnstitutunun Şamaxı
filialının direktoru Mayıl Alıcanov "Əməkdar
müəllim" adı və həmin ali
məktəbin professoru Seyfəddin Qəniyev "Tərəqqi"
medalı ilə təltif olunublar.
Ali məktəblərə qəbul faizi şəhər
təhsil müəssisələrində, xüsusilə 1,2,5,6,9 saylı məktəblərdə daha
yüksək olub. Bununla belə təhsil sahəsində
nöqsanlar da qeydə alınıb. Bir
sıra məktəblərdə nizam-intizam zəif,
uşaqların dərsə davamiyyəti isə qeyri-qənaətbəxş
olub. Tədrisin keyfiyyəti lazımi səviyyədə
olmayıb, bir çox ixtisaslar üzrə müəllim
çatışmazlığı hiss olunub. Həmin səbəbdəndir
ki, bir sıra məktəblərdə, o cümlədən
Qızmeydan, İkinci Cabanı, Quşçu,
Bağırlı, Hacıqədirli, Adnalı, Kərkənc,
Şirvan, Qurdtəpə və s. kənd orta məktəblərini
bitirmiş məzunların heç biri ali məktəblərə
daxil olmayıb.
Məktəbəqədər müəssisələrin
maddi-texniki bazasının möhkəmləndirilməsi təhsilin
keyfiyyətinin yaxşılaşdırılmasına müsbət
təsir göstərən amillərdəndir. 2009-cu ildə şəhər
5 saylı, İkinci Cabanı və Kiçik
Xınıslı kənd bağçalarına yeni inventar və
avadanlıqlar verilib. Bununla belə,
uşaq bağçalarında davamiyyət aşağı səviyyədə
olub.
Rayon mərkəzi xəstəxanasının əsaslı
təmir olunaraq istifadəyə verilməsi nəticəsində
2009-cu il ərzində əhaliyə
göstərilən tibbi xidmətin səviyyəsi yüksəlib.
Bundan əlavə, poliklinika binası əsaslı
təmir olunub, yoluxucu xəstəliklər şöbəsi
üçün yeni bina tikilib, hər iki səhiyyə müəssisəsi
müasir tibb avadanlıqları ilə təchiz olunub. Səhiyyə
sahəsində əhaliyə 345 çarpayılıq rayon mərkəzi,
25 çarpayılıq Göylər kənd və 35
çarpayılıq Sabir qəsəbə xəstəxanaları
xidmət göstərib. Bundan əlavə,
rayonun kənd və qəsəbələrində 16 həkim
ambulatoriyası və 22 feldşer-mama məntəqəsi olub.
2009-cu ildə rayonda mədəniyyət
sahəsinə diqqət daha çox olub. Şamaxıda 9 mədəniyyət
evi, 28 klub, 54 kitabxana, 3 muzey, incəsənət və musiqi məktəbləri,
rəsm qalereyası fəaliyyət göstərib. Ulu öndərin adını daşıyan mərkəz
istifadəyə verilib və burada ümummilli lider Heydər Əliyevin
həyat və fəaliyyəti, həmçinin Şamaxı
rayonuna tarixi səfərləri ilə bağlı qiymətli
sənədlər toplanıb. Eyni zamanda burada multi-media,
foto, rəsm dərnəkləri, elektron kitabxana, kompyuter mərkəzi,
konfrans zalları və s. fəaliyyət göstərir.
Şamaxı Azərbaycanın qədim elm
və mədəniyyət mərkəzlərindən biri olsa
da 1947-ci ildən fəaliyyətə başlayan
Tarix-diyarşünaslıq muzeyi bərbad vəziyyətdə
idi. 2009-cu ildə həmin
muzeyin binası əsaslı təmir edilib, eksponatlar müasir
standartlara uyğun bərpa olunub. Muzey haqqında
Azərbaycan və ingilis dillərində nəfis şəkildə
bələdçi kitabı hazırlanıb, onun ərazisində
yenidənqurma işləri aparılaraq orada
Şamaxının 12 tanınmış şəxsiyyətlərinin
büstləri qoyulub. Keçən il
dövlət bayramları, tarixi hadisələr təntənəli
şəkildə qeyd edilib, bir sıra maraqlı tədbirlər
keçirilib. Bu baxımdan Mirzə Bilal günləri çərçivəsində
keçirilən saz-söz bayramını və minlərlə
insanın iştirak etdiyi Novruz el şənliklərini, Yeni il bayramlarını xüsusi qeyd etmək
lazımdır.
Azərbaycan Respublikasının Prezidentinin "Azərbaycan
dilində latın qrafikası ilə kütləvi nəşrlərin
həyata keçirilməsi haqqında" 12 yanvar 2004-cü il tarixli Sərəncamına uyğun olaraq
rayon mərkəzi kitabxanasına 54400 nüsxədən
artıq kitab hədiyyə edilib, orada kitabxana informasiya mərkəzi
yaradılıb, həmin mərkəzdə elektron kataloq
quraşdırılıb.
2009-cu ildə mədəniyyət sahəsində
ən yaddaqalan hadisə Şamaxı uşaq incəsənət
məktəbinin 4 nəfər şagirdinin rəsmlərinin
Yunanıstanın Xanti bələdiyyəsi tərəfindən
keçirilən dördüncü müsabiqədə iştirak
etməsi olub. Sülh mövzusu ilə bağlı keçirilən
müsabiqədə Şamaxıdan iştirak edən 3 nəfərin
birinci yeri, 1 nəfərin isə üçüncü yeri
tutması rayonun mədəniyyət sahəsində hələ
də böyük potensiala malik olduğunu göstərir.
2009-cu ildə rayon gənclər və idman idarəsi Azərbaycan
Respublikası Prezidentinin 30 avqust 2005-ci il
tarixli Sərəncamı ilə təsdiq olunmuş Azərbaycan
Gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər)
rayonda yeniyetmələr və gənclər arasında
icrasını nəzarətdə saxlayıb. Ümumilikdə
2009-cu ildə rayon gənclər və idman idarəsi tərəfindən
50-dən çox müxtəlif tədbirlər keçirilib,
bu tədbirlərdə 5818 nəfər yeniyetmə və gənc
iştirak edib.
2009-cu ildə bədən tərbiyəsi və idman sahəsində
də xeyli iş görülüb və bir sıra nailiyyətlər
qazanılıb. İdmanın sərbəst
güləş, cüdo, sambo, şahmat növləri üzrə
Şamaxı idmançıları respublika birincilik və
çempionatlarında iştirak edərək mükafata layiq
yer tutublar. İdmanın digər növləri
üzrə də keçirilən respublika birinciliklərində
və çempionatlarında Şamaxı idmançıları
layiqincə iştirak edərək və mükafata layiq yerlər
tutublar.
Rayonda fəaliyyət göstərən
dini qurumların da işi daimi diqqət mərkəzində
saxlanılıb. Mövcud olan 15 dini icmanın fəaliyyətinin
"Dini etiqad azadlığı haqqında" Azərbaycan
Respublikasının Qanununun tələblərinə uyğun
yerinə yetirilməsi təmin edilib. Rayonda
rusdilli əhali yaşayan 4 kənddə, o cümlədən
Çuxuryurd, Nağaraxana, Cabanı və Qızmeydan kəndlərində
xristian dini icmaları da fəaliyyət göstərir. Dini icma, təriqət və etiqad müxtəlifliyinə
baxmayaraq Şamaxı rayonu ərazisində fəaliyyət
göstərən dini qurumların bir-birinə münasibəti
normaldır və qarşılıqlı mehribanlıq şəraitində
fəaliyyətlərini davam etdirirlər.
2009-cu il ərzində Şamaxı
rayonundan 639 nəfər çağırışçı
respublikamızın silahlı qüvvələri
sırasına həqiqi hərbi xidmətə yola
salınıb. Çağırışçıların
xidmət edəcəkləri hərbi hissələrə təntənəli
surətdə yola salınması məqsədilə rayon icra
hakimiyyəti hərbi komissarlıqla birlikdə tədbirlər
keçiriblər. Rayonda həqiqi hərbi
xidmətə çağırışdan yayınma
halları olmayıb.
İşdə olan
çatışmazlıqların operativ qaydada aradan
qaldırılmasına əməli köməklik göstərmək
məqsədilə RİH başçısının səyyar
qəbullarının və görüşlərinin
keçirilməsi təşkil olunub, vətəndaşların
ərizə şikayət və müraciətləri dinlənilib,
onların həlli nəzarətə götürülüb. Hesabat dövründə Əsasnaməyə
uyğun olaraq 24 şura iclası keçirilmiş, həmin
iclaslarda rayonun sosial-iqtisadi, mədəni həyatı ilə
bağlı 40 məsələ müzakirə olunub. Həmçinin ayda 2 dəfə "Nümayəndəlik
günü" keçirilib, görülmüş işlər
və yol verilmiş nöqsanlar işgüzar şəraitdə
müzakirə edilib, onların aradan qaldırılması
istiqamətində tapşırıqlar verilib.
Yazı Azərbaycan Respublikasının Prezidenti
yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən
maliyyələşdirilən "Regionların sosial-iqtisadi
inkişafının təşviq edilməsi" layihəsi
çərçivəsində çap olunub.
Tərlan Nəsirli
Bakı-Şamaxı-Bakı
Mövqe.- 2012.- 31 mart.- S.10.