LAYİHƏNİN ADI: "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi"

 

Qubanın inkişafı daha böyük vüsət alır

 

Qubada Regionların Sosial-iqtisadi İnkişafı Dövlət Proqramları son illərdə yüksək dinamizmlə və ardıcıl şəkildə icra edilir. 2004-2008 və 2009-2013-cü illəri əhatə edən regional inkişaf proqramlarının düzgün və ünvanlı icrası nəticəsində son illərdə rayonda həllini gözləyən, vətəndaşları narahat edən problemlər həllini uğurla tapır. Bunu konkret olaraq 2010-cu ilin sosial-iqtisadi yekunlarına nəzərən aydın görmək mümkündür.

Konkret olaraq 2009-2013-cü illəri əhatə edən proqramın ayrı-ayrı bəndlərinin icrası nəticəsində 2010-cu ildə rayonda bir sıra layihələr uğurla reallaşdırılıb. Ümumilikdə, hesabat ilində rayon üzrə sənaye və kənd təsərrüfatı məhsullarının istehsalı 2009-cu ilə nisbətən 2 milyon 425 min manat artaraq 112 milyon 922 min manat təşkil edib. İstehsal olunmuş məhsulun 100 milyon 737 min manatı və ya 89,2 faizi kənd təsərrüfatının, 12 milyon 185 min manatı və ya 10,8 faizi isə sənayenin payına düşüb.

Bundan başqa, 2010-cu ildə rayonun yerli büdcəsinin mədaxil hissəsinə əməl olunması, maliyyə-bank, vergi intizamının möhkəmləndirilməsi, rayonun sosial-iqtisadi inkişafı üçün zəruri obyektlərin maliyyələşdirilməsi, hüquqi və fiziki şəxslərin vergiyə cəlb olunması sahəsində müəyyən işlər görülüb. Rayon büdcəsinin mədaxil hissəsi rayona verilən dotasiya ilə birlikdə 24,6 milyon manata qarşı 24,6 milyon manat və ya 100 faiz yerinə yetirilib. Yerli mənbələrdən gəlirlər 8,5 milyon manata qarşı 8,4 milyon manat və ya 99,8 faiz təşkil edib. 2009-cu illə müqayisədə rayonun yerli gəlirlərindən büdcəyə 2 milyon 52 min 592 manat və ya 32 faiz çox vəsait daxil olub. Yerli xərclər 24 milyon 683 min manata qarşı 23 milyon 405 min 961 manat və ya 94,8 faiz yerinə yetirilib. 2010-cu ildə rayon üzrə orta aylıq əməkhaqqı 217 manat 60 qəpik olub. İl ərzində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən rayon üzrə 36 sahibkara 4 milyon 122 min manat güzəştli kredit verilib. Yeni müəssisələrin işə salınması nəticəsində hesabat dövründə rayonda 1642 yeni iş yeri açılıb. Bunlardan 361-i daimi, qalanları mövsümi və müvəqqəti iş yerləridir.

Dövlət Proqramı çərçivəsində vətəndaşların kommunal xarakterli problemlərinin həlli də diqqət mərkəzində olub. Rayon əhalisinin fasiləsiz elektrik enerjisi ilə təmini istiqamətində müvafiq tədbirlər görülüb. Uzun müddət istismarda olan, köhnə və artıq yüklənmə rejimində işləyən 6 ədəd güc transformatoru yeniləri ilə əvəz olunub. 35 kilovoltluq Quba-Qonaqkənd və Qonaqkənd-Söhüb hava xətlərində təmir işləri aparılaraq istismara yararsız dayaqlar yeniləri ilə əvəz edilib, yararsız naqillər dəyişdirilib. 2010-cu ildə Quba şəhərinin və rayonun yaşayış məntəqələrinin qaz təminatının yaxşılaşdırılması istiqamətində də müəyyən işlər görülüb. Şəhərin "M.B.Tahirov", "Ağamalıoğlu", "Xətai", "A.Hüseynzadə", "Y.Qasımov" küçələrində, "Qəçrəş yolu" ərazisində vətəndaşların qazla təminatının yaxşılaşdırılması üçün lazımi tədbirlər görülüb.

Ağbil kəndində 144, Pirvahid kəndində 173, İsnovqışlaq kəndində 97, Vladimirovka kəndində 120 və Əlibəyqışlaq kəndində 81, Amsar kəndinin Sahil yaşayış məhəlləsində 70, II Nügədi kəndinin 8-ci və 9-cu məhəllələrində 50 abonentin mənzilinə təbii qazın verilməsi bərpa olunub. Rayonun Xınalıq və digər dağ kəndlərinin qazlaşdırılması "Azəriqaz" İstehsalat Birliyinin tikinti planına daxil edilib. Bu məqsədlə mərkəzi qazpaylayıcı stansiyadan Qımılqazma kəndinə kimi 26 km daşıyıcı, Qəçrəş kəndində 20 km paylayıcı qaz xətti çəkilib, 450 evə çıxış verilib.

Quba şəhərinin su təchizatının və kanalizasiya sisteminin yenidən qurulması ilə əlaqədar 10 ədəd subartezian quyusunun su nasosları təmir olunub. Magistral su xəttində olan su sızmalarının qarşısının alınması üçün cari təmir işləri aparılıb. Şəhərin 24 və 29-cu məhəllələrinə, Nəsimi, Qaqarin küçələrinə yeni içməli su və kanalizasiya xətləri çəkilib. Rayonun Zərdabi, "I Nügədi kəndlərində nasoslar təmir edilib. Zərdabi kəndində 1000 metr uzunluğunda su xətti çəkilib. Ümumilikdə, 2010-cu ildə Qubada yerli icra hakimiyyəti və bələdiyyələrin daxili imkanları hesabına 7200 metr su xətti çəkilib, 2300 metr uzunluğunda su xətti və 15 subartezian quyusu təmir olunub.

Hesabat ilində rayon əhalisinə göstərilən rabitə xidmətini daha da yaxşılaşdırmaq məqsədilə bir sıra işlər görülüb, yeni elektron tipli ATS-lər quraşdırılıb, rabitə xətləri yenilənib, təmir olunub. Pirvahid kəndində 64 ailənin, II Nügədi kəndində 60 ailənin mənzilinə telefon xətti çəkilib. Rayonun Yerfi, Susay, Tüləkəran, İspik və Şuduq inzibati ərazi vahidlərində, həmçinin bir sıra digər yaşayış məntəqələrində rabitə probleminin həlli istiqamətində tədbirlər görülüb.

2010-cu ildə rayonda iqtisadi fəallıq da yüksək olub. Rayon istehlak bazarında əhaliyə 196 milyon 813 min manatlıq istehlak malları satılıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə pərakəndə əmtəə dövriyyəsinin həcmi 28 milyon 132 min manat artıb. Satılmış malların 64 faizi və ya 125 milyon 960 min manatı ərzaq, 36 faizi və ya 70 milyon 853 min manatı isə qeyri-ərzaq malları olub. Bir nəfərə düşən istehlak mallarının həcmi 1278 manat təşkil edib. 2010-cu ildə rayon üzrə əsas kapitala yönəldilmiş investisiyanın həcmi 51 milyon 203 min manat olub və bu da 2009-cu illə müqayisədə 6 milyon 74 min manat çoxdur.

Hesabat dövründə əhaliyə 42 milyon 510 min manatlıq pullu xidmət göstərilib və bu da ötən ilə nisbətən 3 milyon 736 min manat çoxdur. Bu dövr ərzində əhaliyə 1 milyon 33 min manatlıq rabitə, 3 milyon 389 min manatlıq nəqliyyat xidməti göstərilib. Adambaşına düşən pullu xidmətin həcmi 276 manat olub. Sosial məsələlərin həlli də diqqət mərkəzində olub: 2010-cu ildə rayon əhalisinin sosial müdafiəsi mərkəzi tərəfindən 2 min 375 ailəyə 2 milyon 570 min manat məbləğində ünvanlı dövlət sosial yardımı ödənilib.

2010-cu ildə rayonda dəyəri 1 milyon 221 min manat, ümumi sahəsi 16 min 105 kvadratmetr olan 106 yaşayış evi tikilib. Hesabat dövrü ərzində Quba şəhərində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa edilmiş 4 mərtəbəli 36 mənzilli yaşayış binasında tikinti-quraşdırma işləri başa çatdırılaraq istismara verilib. Şəhərin Nizami adına mədəniyyət və istirahət parkının tamamilə yenidən qurulması ilə əlaqədar işlər də başa çatdırılıb. Parkın ərazisində yerləşən 1 mərtəbəli şahmat məktəbinin binası sökülərək yerində müasir tələblərə cavab verən, ümumi sahəsi 800 kvadratmetr olan 2 mərtəbəli yeni şahmat məktəbinin binası inşa edilib. Eyni zamanda, parkın ərazisində yerləşən ictimai iaşə və sosial obyektlər yenidən qurulub, uşaq əyləncə mərkəzi və "Qala" qülləsi yaradılıb. Quba şəhərini "Qırmızı qəsəbə" ilə əlaqələndirən pilləkən kompleksinin yenidən qurulması işləri həyata keçirilib. Parkda açıq şəxsiyyətlər muzeyi və Nizami Gəncəvinin əsərlərinin kompozisiyaları əsasında 16 ədəd panno yaradılıb, 2 ədəd fontan quraşdırılıb. Burada 800 kvadratmetr yaşıllıq sahəsi salınıb, yeni işıq və suvarma sistemi yaradılıb. Parkın ərazisində yerləşən Quba Rayon Statistika İdarəsinin inzibati binası da əsaslı təmir olunub.

Heydər Əliyev parkının ərazisində tikintisinə 2009-cu ildə başlanmış Heydər Əliyev adına mərkəzdə tikinti-quraşdırma işləri davam etdirilib, parkın yenidən qurulmasına başlanılıb. Şəhərin Heydər Əliyev prospektinin yenidən qurulması işləri də hesabat ilində davam etdirilib. Prospektdə hasarlar, fərdi yaşayış evlərinin və obyektlərin fasad hissələri üzlük materialları ilə üzlənib, evlərin dam örtükləri yeniləşdirilib. Prospektin üzərindən keçən və ümumi görünüşə xələl gətirən elektrik, qaz və rabitə xətləri yeraltı xətlərlə əvəz olunub, yeni elektrik dirəkləri quraşdırılıb.

2010-cu ildə Quba şəhərinin Əzizbəyov küçəsində də fərdi yaşayış evlərinin və digər obyektlərin fasadlarının üzlənməsi, yerüstü elektrik, rabitə və qaz xətlərinin yeraltı xətlərlə əvəz olunması işləri başa çatdırılıb. Həmin küçədə "Nügədi yolu" adlanan ərazidə yerləşən çoxlu sayda primitiv metal konstruksiyalı köşklər sökülüb, yerlərində yeni, müasir tələblərə cavab verən obyektlərin tikintisi təmin edilib. İl ərzində həmçinin rayon ərazisindən keçən respublika və yerli əhəmiyyətli yollarda bir sıra təmir-tikinti işləri yerinə yetirilib. Pirvahid kəndini Bakı-Quba magistral yolu ilə birləşdirən kəndarası yolun 9,5 kilometrlik hissəsinə asfalt-beton qatı döşənib, Bakı-Quba magistral yolu ilə Təngəaltı-Qonaqkənd istiqamətində hərəkət edən nəqliyyat vasitələrinin yolu 15 km qısaldılıb, rayon mərkəzindən keçən nəqliyyat vasitələrinin hərəkət intensivliyi azalıb. Quba-İspik-Xınalıq və Quba-Qonaqkənd yollarının torpaq sürüşmələri nəticəsində dağılmış hissələri mütəmadi olaraq təmizlənib, nəqliyyat vasitələrinin fasiləsiz hərəkəti təmin edilib.

Şəhərin "Həsən Əliyev", "Xəqani", "Tofiq Əhmədov", "Xətai", "Nadir İbrahimov", "Maksim Qorki", "B.Səfəroğlu" və "N.Nərimanov" küçələrində 20 min 359 kvadratmetr sahəyə asfalt döşənərək əsaslı təmir işləri aparılıb. 2010-cu ilin yaz aylarında yağan yağışlar nəticəsində rayonun bir çox dağ kəndlərində torpaq sürüşmələri nəticəsində əhalinin fərdi yaşayış evlərinə və təsərrüfatlara çoxlu ziyan dəyib. Rayonun Güləzi, Afurca, Fırıq, Təngəaltı, Çiçi, Əlik, Qonaqkənd, Haput, Rustov və digər kəndlərində torpaq sürüşmələri nəticəsində fərdi yaşayış evlərinin bəziləri dağılıb, əksəriyyəti qəzalı vəziyyətə düşüb. Həmin ərazilərdəki vəziyyət rayon icra hakimiyyətinin nəzarətində olub və lazımi orqanlara bu barədə mütəmadi məlumatlar verilib. Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar və Nəqliyyat nazirliklərinin nümayəndələri rayona dəvət edilib, baş verən hadisələrlə bağlı müvafiq sənədlər hazırlanaraq respublikanın aidiyyəti orqanlarına göndərilib. Rayonun Güləzi kəndinin intensiv torpaq sürüşməsi zonasında yerləşdiyi nəzərə alınaraq həmin kəndin başqa əraziyə köçürülməsi qərara alınıb. Bununla əlaqədar kənddəki yaşayış evlərinin köçürülməsi və yeni yaşayış məntəqəsinin salınması üçün Aşağı Atuc kəndinin ərazisindən 60 hektar torpaq sahəsinin ayrılması barədə qərar qəbul edilib.

2009-2013-cü illəri əhatə edən Dövlət Proqramına müvafiq olaraq 2010-cu ildə rayonda kənd təsərrüfatının inkişafı sahəsində də müəyyən işlər görülüb. Rayon ərazisində yerli icra hakimiyyəti və bələdiyyə orqanlarının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon şöbəsi ilə birlikdə hazırladıqları təkliflərə uyğun olaraq erroziyaya uğramış, şorlaşmış və digər səbəblərdən deqredasiyaya məruz qalmış torpaqlar müəyyən edilib, xəritələşdirilib, onlardan səmərəli istifadə olunmasına başlanılıb.

2010-cu ilin sonlarında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin xətti ilə rayonda mərzlənmə işləri ilə əlaqədar regional tədbir keçirilib, rayonların, inzibati ərazi vahidlərinin və bələdiyyələrin sərhədlərinin müəyyənləşdirilməsi, eyni zamanda vətəndaşlara məxsus torpaq sahələrinin dəqiq hüdudlarının müəyyən edilərək mərz nişanlarının qoyulması işlərinə başlanılıb. Rayon icra hakimiyyəti başçısının "Dövlət və bələdiyyə mülkiyyətində olan özbaşına tutulmuş (zəbt olunmuş) torpaq sahələrinin inventarizasiyasının aparılması məqsədilə komissiyanın yaradılması barədə" 24 dekabr 2010-cu il tarixli 250 saylı sərəncamına uyğun olaraq vətəndaşların qanunsuz istifadəsində olan torpaq sahələrinin qanunvericiliyin tələbləri baxımından geri alınması məqsədilə inventarizasiya işlərinə başlanılıb.

2010-cu ildə rayon ərazisində olan 14 min 487 hektar bağ sahəsindən 117 min 130 ton meyvə istehsal edilib. Yetişdirilən meyvənin saxlanması üçün rayonun Vəlvələ kəndində 6000, Zərdabi və Timiryazev kəndlərinin hər birində 1000, II Nügədi kəndində 2000 və 6000, Aşağı Xuc kəndində 3000 və 5000, Qaraçay kəndində 5000, Dəlləkli kəndində isə 7000 ton tutumu olan meyvə soyuducu kameraları istifadəyə verilib. 2010-cu ildə rayonda taxılçılığın inkişaf etdirilməsi istiqamətində müəyyən işlər görülsə də, havaların qeyri-normal keçməsi məhsuldarlığa təsirsiz ötüşməyib. Nəticədə 12 min 331 hektar sahədən 26 min 121 ton taxıl istehsal olunub və bunun da 23 min 396 tonunu buğda, 2 min 725 tonunu arpa təşkil edir. 2011-ci ilin məhsulu üçün 16 min 680 hektar sahədə şum sürülüb, 16 min 485 hektar sahədə səpin aparılıb. Bunun 14 min 528 hektarını buğda, 1957 hektarını isə arpa təşkil edib.

Bundan başqa, rayonda 2010-cu ildə 1114 hektar sahədə 10 min 470 ton kartof istehsal olunub. Kartofun hektarda məhsuldarlığı 94 sentner təşkil edib. 1355 hektar sahədən 12 min 602 ton tərəvəz yığılıb. 13,2 min hektar sahədən isə 27 min 121 ton dənli paxlalar istehsal olunub. Suvarma-drenaj infrastrukturunun bərpası və tamamlanması layihəsinin həyata keçirilməsi məqsədilə rayonun Dağlı sudan istifadə edənlər birliyinin əhatə etdiyi 2038 ha sahədən ibarət ərazidə yerləşən suvarma paylayıcı sistemi istifadəyə verilib. Yaşayış məntəqələrinin və infrastruktur obyektlərinin sel və daşqınlardan qorunması məqsədilə sahilbərkitmə işlərinin aparılması üçün dövlət kapital qoyuluşu hesabına rayon ərazilərindən keçən çaylarda sahil qoruyucu daş-beton və dəmir-beton bəndlər inşa edilib. Qudyalçayın məcrasında kütləvi məzarlığın əhatə etdiyi ərazinin qorunması məqsədilə daşqın və selə qarşı sahilqoruyucu mühafizə tədbirləri həyata keçirilib, 790 p/metr uzunluğunda monolit beton bənd inşa edilib. Qaraçayın sağ sahilində yerləşən II Nügədi kəndinin yaşayış məntəqələrinin qorunması məqsədilə 640 p/m uzunluğunda beton bənd inşa olunub. Qudyalçaydan keçən dəmir boru su xəttinin sel sularından qorunması məqsədilə 360 p/m uzunluğunda beton bəndin inşası davam etdirilib. Habelə Qaraçay üzərində I Nügədi və II Nügədi kəndlərini əlaqələndirən körpünün məhəccərləri də məhz 2010-cu ildə təmir olunub.

Sözügedən dövlət proqramına müvafiq olaraq rayonda heyvandarlığın inkişaf etdirilməsi istiqamətində də davamlı tədbirlər görülüb. Bu da heyvandarlıq məhsullarının istehsalının artmasına səbəb olub. Heyvandarlığın cins tərkibini yaxşılaşdırmaq, yüksək məhsuldar mal-qaranın xüsusi çəkisini daha da artırmaq məqsədilə 2010-cu ildə rayonun II Nügədi və Pirvahid kəndlərində yaşayan sahibkarlar ölkəmizə xaricdən gətirilmiş yüksək məhsuldarlığa malik "simmental" və "şivis" cinsindən olan 108 baş düyələr alaraq damazlıq təsərrüfatlarını genişləndiriblər. 2010-cu ildə rayonda iri buynuzlu mal-qaranın sayı 67 min 300 baş, xırda buynuzlu heyvanların sayı isə 267 min baş təşkil edib və bu da 2009-cu ilə nisbətən müvafiq olaraq 70 baş və 97 baş çox olub. Bundan başqa, hesabat ilində rayonun təsərrüfatlarında müxtəlif xəstəliklərə qarşı qoruyucu peyvəndləmələr aparılıb. Quş qripi xəstəliyinə qarşı aparılan monitorinqlə əlaqədar 1400 başa yaxın ev və çöl quşlarından alınmış qan nümunələri Respublika Baytarlıq Laboratoriyasına göndərilib.

Quba şəhərinin fermerləri və yerli sahibkarları Bakı şəhərində keçirilən kənd təsərrüfatı məhsullarının satış yarmarkasında fəal iştirak ediblər. 2010-cu il ərzində rayon sahibkarları təqribən 18 adda 26 min ton məhsulu satış yarmarkasına çıxarıblar.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 noyabr 2007-ci il tarixli, 181 saylı qərarı ilə təsdiq edilmiş "Buğda istehsalçılarının maddi marağının artırılması və buğda istehsalının stimullaşdırılması məqsədi ilə dövlət büdcəsinin vəsaiti hesabına yardım verilməsi Qaydaları"na əsasən, Quba rayonu üzrə ərazi komissiyalarına 01 dekabr 2010-cu il tarixə qədər 3808 istehsalçı müraciət edib. Cəmi 13 min 308 hektar əkilən buğda sahələri üçün müraciət edilib. Və hektara 40 manat hesabı ilə cəmi 532 min 327 manat məbləğində vəsait istehsalçılara plastik kartlar vasitəsi ilə paylanılıb.

Görülən işlərlə yanaşı, aqrar sahədə müəyyən problemlər də var. Rayon əhalisi əsasən meyvəçiliklə məşğul olduğu halda, Qubada emal müəssisələrinin həddindən artıq az olması, yetişdirilən məhsulun tam emal olunub çatdırılmaması nəticədə məhsulun bağlarda qalaraq zay olmasına gətirib çıxarır. Bu da istehsalçılara maddi ziyan vurur və onların haqlı narazılığına səbəb olur. Ona görə də rayonda təxirə salınmadan yeni emal müəssisələrinin yaradılmasına ehtiyac vardır.

Ümumilikdə, rayonda 2010-cu ildə 1 dövlət və 3 özəl toxumçuluq təsərrüfatı fəaliyyət göstərib. Həmin təsərrüfatlar ötən il 207 hektara toxum səpərək 611 ton yüksək reproduksiyalı toxum əldə ediblər. İstehsal olunan toxumun 518 tonu buğda, 93 tonu isə arpadır.

2009-2013-cü illəri əhatə edən regional inkişaf proqramında bir sıra məsələlərlə yanaşı, Qubada yeni təhsil və mədəniyyət obyektlərinin inşası, mövcud müəssisələrin yenidənqurulması və bərpası tədbirləri də geniş əksini tapıb. 2010-cu ildə rayonda ümumtəhsil müəssisələrinin tədris-maddi bazasının möhkəmləndirilməsi üçün bir sıra tədbirlər həyata keçirilib. II Nügədi kənd 1 saylı tam orta məktəbi Yaponiyanın Azərbaycandakı səfirliyinin vəsaiti hesabına əsaslı şəkildə təmir olunub, məktəb mebel və avadanlıqla təchiz edilib. Məktəb üçün rayon icra hakimiyyətinin köməkliyilə qazla işləyən isitmə sistemi quraşdırılıb. Rayonun 17 məktəbində dövlət vəsaiti hesabına təmir işləri aparılıb. Gədik kənd orta məktəbi üçün 4 əlavə sinif otağı tikilərək istifadəyə verilib.

2010-cu ildə məktəblərə 588 ədəd parta, 282 ədəd müəllim stolu, 70 ədəd oturacaq, 216 ədəd yazı lövhəsi verilib. 10 məktəbdə kompyuterlər sürətli internetə qoşulub. Bundan başqa, 45 adda 37 min 906 ədəd dərslik gətirilərək məktəblərə paylanılıb. 2010-cu ilin oktyabr-noyabr aylarında rayonun ümumtəhsil müəssisələrinin vəziyyəti bir daha öyrənilib. Nəticədə 2011-2013-cü illər üçün tikinti, əsaslı təmir, əlavə sinif otaqlarının tikintisi ilə əlaqədar proqram hazırlanıb və Təhsil Nazirliyinə təqdim edilib. Binaları qəza vəziyyətində olan məktəblər müəyyənləşdirilib, 2011-ci ildə tikiləcək 12 məktəb haqqında lazımi məlumatlar Nazirlər Kabinetinə göndərilib.

2010-cu ilin yekununa görə 22 min 459 şagird, yəni bütün şagirdlərin 94,16 faizi müvəffəq qiymətlərlə yuxarı siniflərə keçirilib. IX siniflər üzrə şagirdlərin 94,16 faizi, XI siniflər üzrə 84,82 faizi buraxılış imtahanlarını müvəffəqiyyətlə veriblər. XI siniflərin buraxılış imtahanlarında 20 məktəb 100 faizlik nəticə göstərib. Bu nəticələr 2009-cu ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətli dərəcədə yüksəkdir. 2009-cu ildə buraxılış imtahanlarında 80-100 faiz arasında nəticə göstərən məktəblərin sayı 5, 2010-cu ildə belə məktəblərin sayı 46 olub.

2010-cu ilin məzunlarının ali məktəblərə qəbulu da qənaətbəxş olub: 190 məzun ali məktəblərə qəbul olunub və bu da ali məktəblərə qəbul olunmaq üçün sənəd təqdim edən abituriyentlərin 34,54 faizini təşkil edib. 6 məzun 600-dən, 15 məzun 500-dən çox bal toplayıb. 2010-cu ildə Quba şəhər 1 saylı tam orta məktəbi "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi olub və 10 min manat pul mükafat alıb. Bundan başqa, Quba Şahmat məktəbinin üzvü Şəhriyar Rəhmanov "Bakı-Open" Beynəlxalq şahmat turnirinin qalibi olub, Beynəlxalq dərəcəli idman ustası normasını yerinə yetirib. Həmin məktəbin yetirməsi Elvin Bayramov 14 yaşlılar arasında Respublika çempionu olaraq qızıl medal alıb, Bikəxanım Zamanova isə qızlar arasında 2-ci yeri tutub. Hər iki şahmatçı Beynəlxalq yarışda iştirak etmək hüququ qazanıb. Ümumilikdə, Quba Uşaq Gənclər İdman Məktəbinin komandası taekvando üzrə 16 medal, o cümlədən 5 qızıl, 4 gümüş, 7 bürünc medal əldə edib. Quba şəhər A.Məmmədov adına 2 saylı tam orta məktəbi rayon İcra Hakimiyyətinin və Təhsil Nazirliyinin köməyilə xüsusi istedada malik uşaqlar üçün liseyə çevrilib. Təhsil Nazirliyi tərəfindən liseyin V sinfində oxuyacaq istedadlı şagirdlər üçün seçim aparılıb və buraya 19 şagird qəbul olunub.

 

(ardı var)

 

 

Tərlan Nəsirli Bakı-Quba-Bakı

 

Mövqe.- 2012.- 12 yanvar.-S.10-14.