Regional inkişaf proqramları Hacıqabulda uğurla icra olunur

 

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı respublikanın bütün bölgələrində olduğu kimi Hacıqabul rayonunda da əsaslı müasirləşməyə, tikinti, abadlıq və quruculuq işlərinin aparılmasına geniş imkanlar açıb. Xüsusən də 2009-2013-cü illəri əhatə edən II proqram çərçivəsində rayonda genişmiqyaslı abadlıq, quruculuq işləri həyata keçirilib. Dövlət başçısı İlham Əliyev proqramın rayonda icra vəziyyətilə tanışlıq məqsədilə 2009-cu ilin sentyabrında Hacıqabulda olub.

Ölkə başçısı rayona səfəri çərçivəsində, ilk növbədə, ümummilli liderin adını daşıyan parkın açılışında iştirak edib. Parkın ümumi sahəsi 1,5 hektardır. Burada geniş abadlıq-quruculuq işləri aparılıb, yaşıllıq zolağı salınıb, fəvvarələr quraşdırılıb. Müasir formada işıqlandırılmış Heydər Əliyev parkında sakinlərin istirahəti üçün hər cür şərait yaradılıb.

Cənab İlham Əliyev rayona səfəri çərçivəsində Heydər Əliyev Muzeyi ilə də tanış olub. Parkın ərazisində yerləşən muzey 2008-ci ildə inşa olunub. Ümumi sahəsi 204 kvadratmetr olan muzeydəki eksponatlar ulu öndərin müxtəlif dövrlərdə respublikamızın inkişafı ilə bağlı həyata keçirdiyi tədbirlərin ayrı-ayrı məqamlarını, xarici səfərlərini əks etdirir. Muzeydə ulu öndərin uşaqlıq və gənclik illərinə, habelə respublikaya rəhbərlik illərinə aid şəkillər və eksponatlar ayrı-ayrı bölmələrdə yerləşdirilib. Muzeyə gələnlər burada quraşdırılan monitor vasitəsilə ümummilli liderin həyat və fəaliyyətini əks etdirən videoxronikaya da baxa bilirlər.

Prezident İlham Əliyev rayona səfəri çərçivəsində Hacıqabul rayon Uşaq Tibb Mərkəzinin açılışında da iştirak edib. Dövlət başçısı uşaq xəstəliklərinin qarşısının alınması, profilaktikası məqsədilə tikilən mərkəzin açılışını bildirən lenti kəsib və səhiyyə ocağı ilə yaxından tanış olub. Təməli 2007-ci ilin avqustunda qoyulmuş Hacıqabul rayon Uşaq Tibb Mərkəzinin ümumi sahəsi 5 min kvadratmetr, ikimərtəbəli binanın sahəsi 688 kvadratmetrdir. Müasir standartlara uyğun inşa edilmiş səhiyyə ocağının ayrıca qazanxanası, su anbarı və elektrikpaylayıcı generatoru vardır. Mərkəzin həyətyanı sahəsi abadlaşdırılıb, yaşıllıq zolağı salınıb, tibb müəssisəsinə gələn yola asfalt döşənib, yeni işıqlandırma sistemi quraşdırılıb. Mərkəzin tikintisində yerli və xarici ölkələrdən gətirilmiş inşaat materiallarından və avadanlıqdan istifadə olunub. Ümumilikdə 250 kvadratmetr əraziyə qranit, 150 kvadratmetr sahəyə isə mərmər döşənib.

Uşaq Tibb Mərkəzinin birinci mərtəbəsində poliklinika, stomatologiya, cərrahiyyə, oftalmologiya, travmatologiya şöbələri, nevropatoloq, LOR həkim kabinetləri, manipulyasiya, peyvənd, masaj, fizioterapiya və yeniyetmələr otaqları yerləşir. İkinci mərtəbədəki 15 çarpayılıq stasionar şöbədə isə qəbul, prosedur otaqları, yeməkxana vardır. Mərkəzdə uşaqlar üçün əyləncə otağı və bufet də fəaliyyət göstərir.

Ötən əsrin ortalarında inşa olunan Hacıqabul Mədəniyyət evinin binası əvvəllər dəmiryolçular klubu kimi fəaliyyət göstərib. Uzun müddət baxımsızlıq üzündən yararsız vəziyyətə düşmüş mədəniyyət evi 10 il idi ki, fəaliyyət göstərmirdi. Prezident İlham Əliyev 2007-ci ilin avqustunda Hacıqabul rayonuna səfəri çərçivəsində bu mədəniyyət evinin yenidən qurulması layihəsi ilə tanış olandan sonra Mədəniyyət və Turizm Nazirliyinə bu binanın əsaslı şəkildə təmiri ilə bağlı tapşırıqlarını vermişdi. 2008-ci ilin mayında başlanmış təmir-bərpa işləri qısa müddətdə başa çatdırılıb. İkimərtəbəli bina müasir tələblərə uyğun yenidən qurulub. Mədəniyyət evində xanəndəlik, rəqs və digər dərnəklər fəaliyyət göstərir. Binanın həyətyanı sahəsində yaşıllaşdırma işləri aparılıb, çoxlu ağac və dekorativ güllər əkilib.

Mədəniyyət evində yenidənqurma və konstruksiya dəyişikliyi nəticəsində müasir tələblərə cavab verən 340 nəfərlik tamaşa zalı, qrim, rejissor və inzibati otaqlar tamamilə yeniləşib, müasir avadanlıqla təchiz edilib. Tamaşa zalının səhnəsində müasir işıqlandırma və səs sistemləri quraşdırılıb. Avadanlıq Yaponiya, İtaliya, Almaniya və ABŞ-dan gətirilib. Mədəniyyət evinin foyesində Azərbaycan filmlərindən fraqmentləri əks etdirən fotoşəkillər asılıb.

Prezident İlham Əliyev Hacıqabulda səfəri çərçivəsində burada yeni nşa olunmuş kərpic zavodunun da açılışında iştirak edib. Azərbaycan Prezidenti zavodu işə salıb, müəssisə ilə yaxından tanış olub, istehsal prosesini izləyib. Yeni zavodun inşasına "R-Turan" MMC-nin sifarişi ilə ötən ilin iyulunda başlanılıb. İnşaat işləri yerli şirkətlər tərəfindən yüksək səviyyədə həyata keçirilib. Zavodun ümumi sahəsi 5 hektardır. Buraya qapalı istehsalat korpusu, inzibati bölmə və mehmanxananın yerləşdiyi bina, avtomobil dayanacağı və digər yardımçı binalar daxildir.

Əraziyə asfalt döşənib, yaşıllıq zolaqları salınıb, 5 min ağac əkilib. Yerli və xarici müştərilərin istirahəti də diqqətdə saxlanılıb. Bunun üçün ərazidə ümumi sahəsi 600 kvadratmetr olan 28 yerlik mehmanxana da inşa edilib. Zavodun inzibati bölməsi də yüksək səviyyədə tərtib olunub. Bölmənin foyesində ümummilli lider Heydər Əliyev və prezident İlham Əliyevin fəaliyyətləri barədə fotostendlər yaradılıb.

Zavodun istehsal sahəsinin elektrik və təbii qazla təminatı tam həll olunub. Bu məqsədlə ayrıca yarımstansiya tikilib, əraziyə 4,5 kilometrlik elektrik, 4 kilometrlik qaz xətləri çəkilib. Müəssisəni fasiləsiz elektrik enerjisi ilə təmin etmək üçün ayrıca generator quraşdırılıb. İstehsal zamanı yaranan qazların ətraf mühitə zərər vurmaması üçün də texniki tədbirlər görülüb. Zavodda, ofisdə və mehmanxanada mərkəzləşdirilmiş havalandırma sistemləri yaradılıb. Zavodda videomüşahidə sistemi də mövcuddur.

Yeni zavodun inşasına 3,5 milyon, maşın və mexanizmlərin alınmasına isə 700 min manat vəsait xərclənib. Yaponiya, İtaliya, Almaniya, Polşa və Çexiya istehsalı olan müasir avadanlığın quraşdırıldığı müəssisənin illik istehsal gücü 30 milyon şərti kərpicdir. Burada gündə 8 çeşiddə 300 ton bişmiş kərpic istehsal edilir. Gələcəkdə istehsal gücünün artırılması nəzərdə tutulur. İstehsalatda 75 nəfər daimi işlə təmin olunub. İkinövbəli iş rejimi tətbiq edildikdən sonra işçilərin sayını artırmaq nəzərdə tutulur. Xammalın götürüldüyü ərazinin zavoda yaxın olması hazır məhsulun maya dəyərinin aşağı olmasına imkan verir. Müxtəlif ölçülərdə kərpiclərin kəsilməsi və qəlibdən çıxan kərpiclərin qurğuya yığılması proseslərini robotlar yerinə yetirir. Zavodun Almaniya istehsalı olan 4 yük avtomobili də vardır. Bu maşınlar kərpici özüboşaldan kranlarla təchiz olunub.

Azərbaycanda ilk dəfə bu müəssisədə istehsal edilən böyük ölçülərdə və yeni növ kərpiclər həm divar, həm də tavan üçün nəzərdə tutulur. Zavodun bütün fəaliyyəti mərkəzləşdirilmiş proqramla robotlar vasitəsilə həyata keçirilir. Zavodda avtomatik aerodinamika sistemi quraşdırılıb. Bundan əlavə, zavodda elektrik enerjisinə qənaət edən konvertor sistemi yaradılıb, müəssisə tək kompyuterdən idarə olunur. İstehsal prosesində baş verə biləcək qüsur dərhal aşkar edilir və avtomatik surətdə aradan qaldırılır. Bazar günlərində isə zavod xüsusi proqramlı avtopilotla çalışır. Zavodda yaradılan şərait dünya standartları səviyyəsində məhsul istehsal etməyə imkan verir. Burada məhsulun keyfiyyətini yoxlamaq üçün laboratoriyalar da yaradılıb. Hazır məhsulun satışı ilə bağlı bir neçə yerli inşaat şirkəti ilə müqavilə imzalanıb. Məhsulun xarici bazara da çıxarılması da təmin edilib.

Ümumilikdə regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının rayon rəhbərliyi tərəfindən lazımi səviyyədə icrası mühüm nəticələrə yol açıb. 2009-cu ildə Hacıqabulda ümumi məhsul buraxılışı əvvəlki ilə nisbətən 4,7 milyon manat artaraq 95,3 milyon manata, sənaye məhsulunun həcmi 211 min manatlıq artaraq 1,942 min manata çatıb. Nəqliyyatda 23,8, rabitədə 11,8, ticarət və xidmət sahəsində 20,7, kənd təsərrüfatında isə 6,3 faiz artım olub. Əsas kapitala yönəldilən investisiyaların həcmi 16,8 milyon manat təşkil edib.

Hacıqabul rayonunda iqtisadiyyatın əsasını aqrar bölmə təşkil edir. Rayonda aqrar islahatların uğurla həyata keçirilməsi kənd təsərrüfatının dinamik inkişafına, bu sahədə qazanılan uğurların ilbəil artırılmasına zəmin yaradıb. Hesabat dövründə zəmilərdən 37160 ton taxıl yığılıb və bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1203 ton çoxdur. Bostan, tərəvəz və meyvə istehsalında da mühüm artıma nail olunub. 2008-ci ildə rayonda 23548 ton bostan, 18826 ton tərəvəz məhsulları yığılıb. Bu isə əvvəlki illə müqayisədə müvafiq olaraq 54 və 42 ton çoxdur. Ət istehsalı 4684 ton, süd istehsalı 12,691 ton, yun istehsalı 203 ton, yumurta istehsalı isə 113 milyon ədəd təşkil edib. İri buynuzlu mal-qaranın baş sayı 881 baş artaraq 33,6 minə, xırda buynuzluların sayı 3386 baş artaraq 119,8 min başa çatıb.

Dövlət başçısının "Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında" sərəncamı əsasında istehsalçılara əkin sahələrinin becərilməsində istifadə etdikləri yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına yardımlar verilir. Bu imtiyaz rayonun 3639 nəfər kənd əməkçisinə şamil edilib. Eyni zamanda torpaq mülkiyyətçilərinə güzəştli qiymətlərlə mineral gübrələrin satışı təşkil olunub. Ötən il bu qayda ilə kənd əməkçilərimiz 50 faiz güzəştlə 53 ton azot gübrəsi və buğda istehsalçıları 70 faiz güzəştlə 24,25 ton fosfor gübrəsi alıblar.

Dövlət Proqramı çərçivəsində Ağsu rayonu ərazisindən başlayan və Padar, Qarasu və Muğan yaşayış məntəqələrindən keçəcək 55 kilometrlik Baş Şirvan kanalının çəkilişi və Pirsaat çayı üzərindəki su anbarının lildən təmizlənməsi işləri 2009-cu ildə davam etdirilib. Yerli sahibkarlar Bakı şəhərində keçirilən kənd təsərrüfatı məhsullarının yarmarkalarında fəal iştirak ediblər. İl ərzində paytaxt sakinlərinə 112 ton bostan, 76 ton tərəvəz, 18 ton meyvə, 13 ton toyuq, 28 ton mal əti və 2,3 milyon ədəd yumurta satışı təşkil edilib. 2009-cu ildə rayonda 78 kəndli fermer təsərrüfatı fəaliyyət göstərib və onlarda da 750 nəfər işçi çalışır. Kənd təsərrüfatı ilə fərdi qaydada məşğul olan fiziki şəxslərin sayı isə 7 min nəfərdən artıqdır. Bununla belə, 2009-cu ildə aqrar sahəsində müəyyən məsələlərin həlli də açıq qalıb. Rayonda bol tərəvəz və meyvə istehsal olunsa da, emal müəssisələrinin məhdudluğu üzündən qiymətli xammaldan səmərəli istifadə olunmayıb. Eyni zamanda, iqtisadi cəhətdən son dərəcə gəlirli sahə olan pambıqçılığın inkişafı təmin edilməyib. 2009-cu ildə cəmi 50 hektar pambıq əkilib və 52 ton xammal tədarük olunub.

2009-cu ildə Hacıqabulda 1,9 milyon manatlıq sənaye məhsulu istehsal edilib və xidmətlər göstərilib. Bu müddətdə sənayedə işləyənlərin sayı 552 nəfər təşkil edib. Bu sahədə çalışanların əməkhaqqı fondu 1 milyon 39 min manat, yəni 2008-ci ilə nisbətən 7,1 faiz çox olub. Sənayedə işləyən bir nəfərin orta aylıq əməkhaqqısı 3,4 faiz artaraq 171,7 manata çatıb. Sənaye sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 397 min manatlıq məhsul istehsal olunub.

"Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində rayonda tikinti, quruculuq, abadlıq və yaşıllaşdırma işləri də davam etdirilib. Bu müddətdə rayonda 5,2 milyon manatlıq əsas fondlar istifadəyə verilib, iqtisadiyyatın və sosial sahələrin inkişafına əsas kapitala 16,8 milyon manatlıq investisiyalar yönəldilib. Yerli büdcədən 540,1 min manat, büdcədənkənar vəsait hesabına 265,6 min manat xərclənib. Abadlıq işlərinə 142,9 min manatlıq vəsait sərf olunub. Bunun 139,5 min manat yerli büdcədən, 3,4 min manatı büdcədənkənar fond hesabınadır.

İnzibati bina tikintisinə büdcədənkənar vəsait hesabına 13,2 min manat, yerli büdcədən maliyyələşməklə isə 10,8 min manat vəsait xərclənib. İdman qurğuları tikintisinə büdcədənkənar vəsait hesabına 8,7 min manat sərf olunub. Yerli büdcədən yaşayış binalarının təmirinə 33,7 min manat, məktəb binalarının təmirinə 59,0 min manat xərclənib.

2009-cu ildə şəhərin H.Həmidov küçəsinə 5 sm qalınlığında 350 metr, S.Vurğun küçəsinə 6 sm qalınlığında 670 metr, M.Ə.Rəsulzadə küçəsinə 5 sm qalınlığında 290 metr asfalt-beton örtüyü döşənib. H.Həmidov, S.Vurğun, M.Ə.Rəsulzadə küçələrinə ümumilikdə 300 ton asfalt-beton örtüyündən hamarlayıcı qat verilib və çalalar təmir olunub. Bakı, D.Ağamalıyev, Nizami, M.Ə.Rəsulzadə, M.Müşfiq, H.Z.Tağıyev küçələrində 305 metr yola qum-çınqıl qarışığı, Bakı, Nizami küçələrinin kəsişmələrinə asfalt-beton örtüyü və mərkəzi xəstəxanaya gedən yola 1600 kvadratmetr sahəyə 5 sm qalınlığında asfalt-beton örtüyü qoyulub.

B.İbrahimov küçəsində yaşayış evinin həyətyanı sahəsinə 30 kvadratmetr qum-çınqıl qarışığından əsas düzəldilib və 4 sm qalınlığında 500 kvadratmetr sahəyə asfalt-beton örtüyü döşənib. İ.Qayıbov, M.Əsədov, S.Vurğun küçələrinə giriş yolları üzrə qalınlığı 4 sm olan 6111 kvadratmetr yola xırda dənəli asfalt beton örtüyü, Bakı küçəsinə 6 sm qalınlığında 4508 kvadratmetr sahəyə, Nizami küçəsinə 2271,0 kvadratmetr sahəyə asfalt beton örtüyü qoyulub. İ.Qayıbov küçəsində 60 kvadratmetr qum-çınqıl tökülərək səkiyə hamarlayıcı qat verilib.

Şəhərin H.Əliyev, M.Əsədov, İ.Qayıbov küçələrində, xəstəxanaya gedən yolda, dağüstü massivdə mişar daşından 470 paqonmetr bardur hörülüb, 350 kvadratmetr bardur sement məhlulu ilə suvanıb. Mişar daşından 20 sm qalınlığında 319 kvadratmetr divar hörülüb, 260 kvadratmetr divar ağlay daşı ilə işlənib. Hasar divarın 2120 kvadratmetr səthinə emulsiya çəkilib, 590 kvadratmetr bardur yağlı boya ilə rənglənib. 240 kvadratmetr divar qaya daşı ilə üzlənib, 270 poq.m sürahi qurulub, 214 kvadratmetr sürahi sement məhlulu ilə suvanıb, 100 kvadratmetr səthə emulsiya çəkilib. 150 kvadratmetr sahə tamet tavalarla döşənib. Mişar daşından 40 sm qalınlığında 200 kvadratmetr divar, hündürlüyü 1,2 metr olmaqla 50 ədəd sütunlar hörülüb.

Bundan başqa, abadlıq-quruculuq tədbirləri çərçivəsində dağüstü ərazidə milli rəmzin 1,8 ton çəkidə olan metal dayaqları quraşdırılıb, 360 kvadratmetr metal konstruksiya rənglənib, milli rəmzin 63 kvadratmetr sahəsi alkoponla üzlənib. Üçbucaq şəkilli sahəyə torpaq daşınaraq ətrafına bardur qoyulub, abadlıq və yaşıllaşdırma işləri tamamlanıb. 18 kvadratmetr metal hissələrdən təşviqat stendi quraşdırılıb, 54 kvadratmetr sahəsi fanera ilə üzlənib, 200 metr elektrik kabeli çəkilib. 14,5 kvadratmetr beton bünövrə, 0,9 ton metal sədd quraşdırılıb, 18,6 kvadratmetr sütun mərmər tavalarla üzlənib. Şəhərin M.Əsədov küçəsində yol kənarına 1 km uzunluqda bardur qoyularaq rənglənib.

Dövlət Proqramı çərçivəsində rayonun kəndləri də diqqətdən kənarda qalmayıb. Rayonun Atbulaq kəndində 600 metr, Meyniman kəndində 500 metr, Kolanı kəndidə 550 metr, Qarasu kəndində 300 metr, Muğan qəsəbəsində 480 metr, Navahı kəndində 4000 metr, Qubalıbaloğlan kəndində 600 metr, Udullu kəndarası avtomobil yollarına 10 km, Talış kəndində 500 metr avtomobil yoluna qum-çınqıl qarışığından əsas qoyulub. Meyniman kəndində 800 metr uzunluğunda 1,5 metr eni və 2 metr dərinliyi olan arx qazılıb.

Uzunluğu 12 km, eni 4 metr olan Ağacanlı-Bürvənd kənd yolundan Şirvan şəhərinə çıxış yolu qreydlərlə hamarlanıb, Muğan qəsəbəsində R.Hüseynov və Ş.Qurbanov küçələrində 350 metr uzunluğunda kanalizasiya təmizlənib. T.İsmayılov küçəsində 170 metr məsafədə yolun çala hissəsi təmir olunub. Rəncbər kəndində kəndarası yolun 200 metri qum-çınqıl tökülməklə hamarlanıb.

Padar qəsəbədaxili 120 metr yola 15 sm qalınlığında qum-çınqıl qarışığından əsas qoyulub. Atbulaq kəndində eni 80 metr, uzunluğu 130 metr idman meydançası və idman qurğuları, avtomat telefon stansiyasının inzibati binası tikilib. Qarasu kənd sakinlərinin içməli suya olan ehtiyaclarını daha yaxşı təmin etmək məqsədi ilə Kür Su Kəmərləri xəttindən əraziyə gələn və istismar müddətini başa vurmuş 14 km-lik dəmir boru dəyişdirilərək yenisi ilə əvəz edilib. Artıq kənd sakinləri içməli su ilə tam təmin olunurlar. Digər tərəfdən, 2009-cu ildə həmin xətdən qonşu Padar qəsəbə sakinlərinə yeni su xəttinin çəkilməsi reallaşıb. Muğan-Meyniman-Talış-Abdulabad yolunun bərbad vəziyyətdə olan 36 kilometri cari təmir edilərək avtomobillərin hərəkəti üçün işlək vəziyyətə salınıb.

Hesabat dövründə rayon Təhsil Şöbəsinin, Dövlət Sosial Müdafiə Fondunun, rayon Baytarlıq İdarəsinin inzibati binaları, Xüsusi Dövlət Mühafizə Xidməti İdarəsinin əməkdaşları üçün yataqxana binasının, rayon Prokurorluğunun inzibati binası, rayonun Tava kəndində 260 şagird yerlik orta məktəb binası, Uşaq Tibb Mərkəzi, Atbulaq kəndində, "R-Turan" MMC tərəfindən inşa olunmuş kərpic zavodu istismara qəbul olunub. 2009-cu ildə rayon ərazisində "Soyuducu kamera"nın, Qarasu kənd 640 şagird yerlik orta məktəb binasının, "Mes" Seramik MMC-nin kafel-metlax zavodunun tikinti işləri davam etdirilib.

2009-cu ildə rayonda 13,4 min kvadratmetr yaşayış sahəsi istifadəyə verilib və bu 2008-ci ilə nisbətən 3 min kvadratmetr çoxdur. Ümumiyyətlə, rayonda hesabat dövründə 2,2 milyon manatlıq tikinti quraşdırma işləri görülüb. Hesabat dövründə rayonda avtomobil nəqliyyatı ilə hüquqi və fiziki şəxslər tərəfindən 172 min ton yük, 3,1 milyon nəfər sərnişin daşınıb. Bu isə 2008-ci illə müqayisədə 7,5 və 12,3 faiz çox olub.

2009-cu ildə rayon əhalisinə göstərilən rabitə xidmətinin keyfiyyəti də xeyli dərəcədə yaxşılaşıb. Kənd və qəsəbələrdə vətəndaşların telefon xidmətinə olan tələbatı nəzərə alınaraq Atbulaq, Qubalıbalaoğlan, Talış və Muğan yaşayış məntəqələrinin hər birində 256 nömrə tutumlu, Tava və Padarda 32 nömrə tutumlu, Ələtli kəndində isə 16 nömrə tutumlu elektron avtomat telefon stansiyaları quraşdırılaraq istifadəyə verilib. Bundan başqa, rayonda geniş zolaqlı, yüksək sürətli internet şəbəkəsi istifadəyə verilib. Eyni zamanda, kənd əhalisinin də internetdən istifadəsinə imkan yaradılıb.

2009-cu ildə Hacıqabul rayonunun yaşıllaşdırılması istiqamətində də xeyli iş görülüb. Belə ki, rayon ərazisində 14,8 min ədəd ağac, 9000 ədəd gül kolu əkilib. 2010-cu ilin "Ekologiya ili" elan olunması ilə əlaqədar rayonda xüsusi tədbirlər planı hazırlanıb.

2009-cu ildə Kür çayında baş vermiş təbii daşqınlarla bağlı Hacıqabul rayonuna da xeyli ziyan gəlib. Təbii fəlakət Hacıqabul şəhərinə, rayonun Nəvahi kəndinə, Nəvahi və Pirsaat qəsəbələrinə külli miqdarda ziyan vurub. Şəhərdə 1500, Nəvahi qəsəbəsində 430, Nəvahi kəndində 150, Pirsaat qəsəbəsində isə 70 ev su altında qalıb. Təbii fəlakət nəticəsində 70-ə yaxın ev uçub, 420-ə yaxın mənzillərdə çat əmələ gəlib. Onlarla tövlə, həyət damı, yüz metrlərlə hasar uçub, əhalinin 400 tondan artıq taxıl məhsulu xarab olub. Xeyli sayda mal-qara və ev quşu tələf olub. Təkcə Hacıqabul şəhərinin mərkəzində küçələrə, səki və parklara, işıqlandırma dirəklərinə, dağüstü massivdə salınmış istirahət guşəsinə bir milyon manat dəyərində ziyan dəyib. Təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün qısa zamanda kompleks tədbirlər həyata keçirilib. Hacıqabul şəhərinin və yuxarıda adları çəkilən yaşayış məntəqələrinin növbəti sel-sularından etibarlı mühafizəsinin təmini məqsədilə rayonu dövrələyən dağların ətəyində yeni bəndlər çəkilib. Şəhərə, ayrı-ayrı sakinlərə dəyən zərərin nəticələri imkan daxilində aradan qaldırılıb. Navahıda, şəhərdə mənzilləri uçmuş 70 nəfərə yaxın sakinə yeni yaşayış evlərinin inşasına başlanılıb. Yollar, keçidlər, səki və meydanlar qaydaya salınıb. Kommunikasiya xətlərinə, xüsusilə təbii qaz, içməli su və telefon təsərrüfatlarına dəyən ziyan aradan qaldırılıb.

2009-cu ildə əhalinin enerji daşıyıcıları ilə daha etibarlı şəkildə təmini məsələsi də daim Hacıqabul Rayon İcra Hakimiyyətinin diqqət mərkəzində olub. Bu baxımdan şəhərin elektrik təsərrüfatının yenidən, müasir tələblər səviyyəsində qurulması 2009-cu ilin ən mühüm nəticələrindən olub. Rayon kəndlərində elektrik enerjisinin SİP kabellərlə ötürülməsi istiqamətində başlayan mütərəqqi tədbir hesabat ilində şəhərdə də başa çatdırılıb. Bütünlüklə SİP kabelə keçid şəhərdə abunəçilərin SMART tipli sayğaclarla təminatına da şərait yaradıb. İl ərzində əhali istehlakçı qrupuna 4873 ədəd, özəl sahədə 83 ədəd yeni SMART kart tipli sayğaclar quraşdırılıb, 120,8 km uzunluğunda SİP kabel çəkilib. Bu isə öz növbəsində sakinlərin fasiləsiz və dayanıqlı şəkildə elektrik enerjisi ilə təminatına və istehlak olunan enerjinin dəyərinin vaxtında və tam ödənilməsinə imkan verib. Rayonda istehlak olunan elektrik enerjisinin dəyərinin ödənilməsi səviyyəsi də yüksəkdir.

Son illərə qədər Hacıqabul rayon əhalisi bir qayda olaraq təbii qazın verilməsindən narazılıq edirdi və bu da səbəbsiz deyildi. Ötən əsrin 60-cı illərində qazlaşdırılmış Hacıqabul şəhərinin demək olar ki, bütün ərazisində qaz təsərrüfatı tam yararsız vəziyyətə düşmüşdü. Uzun illər torpaq altında, suyun içərisində qalan dəmir borular korroziyaya uğrayıb, istismar müddətini başa vurmuşdu. Bu səbəbdən əhaliyə verilən təbii qazın böyük hissəsi abunəçiyə çatmadan havaya axıb gedirdi. 2009-cu ilin sentyabr ayında isə Kür çayının daşması nəticəsində sel suların dağıdıcı təsirinə məruz qalan şəhərin kommunikasiya xəttinə ciddi ziyan dəydi. Xüsusilə qaz kəmərlərinin çox böyük hissəsi istifadəsiz vəziyyətə salındı. Yaranmış halda təbii qazın şəhərə nəqli respublikanın müvafiq qurumları tərəfindən bütünlüklə dayandırıldı. Şəhərə yeni qaz xəttinin çəkilməsi ilə bağlı respublika rəhbərliyi qarşısında məsələ qaldırılıb və problem müsbət həllini tapıb. 2009-cu ilin oktyabr ayından Hacıqabul şəhərinin yenidən qazlaşdırılması kampaniyasına başlanılıb. Kənd və qəsəbələrin təbii qazla təminatını yaxşılaşdırmaq məqsədilə Navahıda 1 yeraltı keçid və 30 pm 100 mm-lik boru, Qubalıbalaoğlan kəndində 30 pm 57 mm-lik boru təmir edilib. Rayon üzrə 17 qaz təmizləyici qurğu işlək vəziyyətə gətirilib, işləməyən 54 qaz sayğacı yenisi ilə əvəz edilib.

 

(ardı var)

 

 

Tərlan NƏSİRLİ,

Bakı-Hacıqabul-Bakı

 

Mövqe.- 2012.- 20 yanvar.- S.10;14.