Hacıqabul rayonunda infrastruktur bütün sahələrdə yeniləşir

 

Son illər Azərbaycanda iqtisadiyyatın həm sahəvi, həm də regional baxımdan tarazlı inkişafının təmini, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, infrastruktur layihələrinin reallaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilib. 2009-2013-cü illəri əhatə edən ikinci regional inkişaf proqramı çərçivəsində həyata keçirilən tədbirlər bu baxımdan xüsusi qeyd olunmalıdır. Dövlət Proqramının uğurlu nəticələr verdiyini Hacıqabul rayonunun son illərdə əldə etdiyi sosial-iqtisadi uğurlar fonunda aydın görmək mümkündür.

2010-cu ildə iqtisadiyyatın bütün sahələri üzrə məhsul buraxılışının həcmi 130,225 min manat olub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 40,3 faiz çoxdur. Məhsul buraxılışının 40,2 faizi kənd təsərrüfatının payına düşüb. Rayon üzrə ümumi məhsul buraxılışının həcmində qeyri-dövlət sektorunun xüsusi çəkisi 68,8 faiz təşkil edib və bu da 2009-cu illə müqayisədə 8,3 faiz çoxdur.

Rayonda iqtisadiyyatının əsasını aqrar bölmə təşkil edir. Rayonda aqrar islahatların həyata keçirilməsi kənd təsərrüfatının dinamik inkişaf etdirilməsinə, sahədə qazanılan uğurları ilbəil artırmağa zəmin yaradıb. 2010-cu ilin məhsulu üçün rayonda 11,305 hektar taxıl əkilib, bunun 6004 hektarı buğda, 5301 hektarı isə arpa sahəsi olub. 2009-cu ilin mayında Kür və Pirsaat çaylarında baş vermiş təbii fəlakət nəticəsində ümumilikdə 3934 hektar əkin sahələrinə ziyan dəyib və bunun da 2154 hektarı taxıl sahələri olub. Biçin dövründə 4421 hektar arpa, 4730 hektar buğda sahəsi olmaqla, ümumilikdə 9151 hektar taxıl sahəsindən 26810 ton məhsul əldə edilib. Bunun 10,700 tonunu arpa, 16,110 tonunu buğda təşkil edib. Hər hektardan məhsuldarıq 29,3 sentner olub.

Hesabat dövründə kənddə 15258 ton bostan, 13540 ton tərəvəz, 5850 ton meyvə məhsulu yığılıb. Bütünlükdə aqrar bölmədə davam edən artım heyvandarlıqda da özünü biruzə verib. Ət istehsalı 4800 ton, süd istehsalı 13,800 ton, yun istehsalı 206 ton, yumurta istehsalı 113,480 min ədəd təşkil edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 117 ton ət, 1119 ton süd, 2 ton yun, 499 min ədəd yumurta çoxdur. Mal-qaranın baş sayı da nəzərəçarpacaq dərəcədə artıb. Yanvarın 1-nə iri buynuzluların sayı 2009-cu ildəkindən 1555 baş artaraq 35,163-ə, xırda buynuzluların sayı 4776 baş artaraq 124,600 başa çatıb.

Aqrar bölmənin təhlili göstərir ki, rayonda aparılan aqrar islahat öz səmərəsini verir. Dövlət başçısının "Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında" 23 yanvar 2007-ci il tarixli sərəncamı əsasında istehsalçılara əkin sahələrinin becərilməsində istifadə etdikləri yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına yardımlar verilir. Bu imtiyazla rayonun 2545 nəfər kənd əməkçisi əhatə olunub. Göstərilən şəxslər 2010-cu ildə dövlətdən 547,350 manat yardım alıblar. Eyni zamanda, torpaq mülkiyyətçilərinə güzəştli qiymətlərlə mineral gübrələrin satışı təşkil olunub. Bu qayda ilə kənd əməkçiləri 296 ton mineral gübrə alıblar.

Dövlət proqramı çərçivəsində rayonda aqrar bölmənin inkişafına təkan verəcək əhəmiyyətli obyektlərin tikintisi davam etdirilib. Bu sırada Ağsu rayonu ərazisindən başlayan Padar, Qarasu və Muğan kəndlərindən keçəcək 55 kilometrlik Baş Şirvan kanalının çəkilişini və Pirsaat çayı üzərindəki su anbarının lildən təmizlənərək yenidən qurulması istiqamətindəki işləri göstərmək olar. Bu iki nəhəng layihə həyata keçiriləndən sonra rayonda 15 min hektara yaxın torpaq sahəsi əkin dövriyyəsinə daxil olmuşdur. Bu isə ərzaq məhsullarının həcmini artırmaqla bərabər, yeni iş yerlərinin açılmasına imkan verib.

Hacıqabul sahibkarları 2010-cu ildə Bakı şəhərində keçirilən kənd təsərrüfatı məhsullarının yarmarkalarında fəal iştirak ediblər. İl ərzində paytaxt sakinlərinə 135 ton bostan məhsulları, 4,2 ton meyvə, 4,8 ton mal, 8,6 ton quş əti və 2,3 milyon ədəd yumurta satışı təşkil edilib.

Hesabat dövründə rayonda qeydə alınmış sənaye müəssisələrinin 11-i fəaliyyət göstərib. İl ərzində 1.979 min manatlıq sənaye məhsulu istehsal edilib, xidmətlər göstərilib. Bu müddətdə sənayedə işləyənlərin sayı 539 nəfər olub. Sahədə çalışanların əmək haqqı fondu 1.029,4 min manat, hər nəfərə düşən orta aylıq əməkhaqqı 159,2 manat olub. Hesabat dövründə sənaye sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 188,4 min manatlıq məhsul istehsal olunub. Bundan başqa, 2010-cu ildə rayon sakinlərinə 13.500 min manatlıq pullu xidmətlər göstərilib. İl ərzində hər sakinə düşən pullu xidmətlərin həcmi 202,2 manat olub. Hesabat dövründə əhaliyə 2.227,7 min manatlıq nəqliyyat xidmətləri, 352,3 min manatlıq poçt və rabitə xidmətləri göstərilib. 2009-cu ilə nisbətən poçt və rabitə xidmətlərinin həcmi 19,5 faiz artıb.

Rayon əhalisinə telefon xidmətini inkişaf etdirmək üçün 5780 nömrə tutumuna malik 9 ATS fəaliyyət göstərir. İl ərzində Talış kəndində 100, Qubalıbalaoğlan kəndində 80, Tava kəndində 32 nömrə tutumlu yeni EATS-lər tikilərək istifadəyə verilib. 2010-cu ildə telefon nömrələrinin sayı 2009-cu illə müqayisədə 17,1 faiz artıb.

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası ilə bağlı ölkənin hər yerində olduğu kimi, Hacıqabulda da tikinti, quruculuq, abadlıq və yaşıllaşdırma işləri daha geniş vüsət alıb. 2010-cu ildə rayonda 2481,6 min əsas fondlar istifadəyə verilib, iqtisadiyyatın və sosial sahələrin inkişafına əsas kapitala 47.248,6 min manatlıq investisiyalar yönəldilib.

Hesabat dövründə rayonda 25,4 min kv.metr yaşayış sahəsi, 880 yerlik 2 məktəb istifadəyə verilib. Ümumiyyətlə rayonda qeydiyyatdan keçmiş 9 tikinti təşkilatının gücü ilə hesabat dövründə 2559,9 min manatlıq tikinti-quraşdırma işləri görülüb. Bu isə 2009-cu illə müqayisədə 14,8 faiz çoxdur.

Ümumiyyətlə, "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı" nın icrası ilə bağlı son 2 ildə rayonda mühüm işlər görülüb. Şəhərdə rayon Təhsil şöbəsi, Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsi, rayon Prokurorluğu üçün yeni inzibati binalar tikilib. Eyni zamanda Uşaq Tibb Mərkəzi, Atbulaq kəndində kərpic zavodu, Tava kəndində 200 yerlik, Qarasu kəndində 640 yerlik, Kürçülü kəndində 220 yerlik orta məktəb binaları, Xüsusi Dövlət Mühafizə Xidməti idarəsinin əməkdaşları üçün yeni yataqxana binası tikilərək istifadəyə verilib. 2000 tonluq soyuducu kameranın, rayon Statistika idarəsi binasının, bəyannamə qəbulu üçün Vergi Terminalının, Polis şöbəsi üçün inzibati binanın, 68 mənzilli yataqxananın tikintiləri davam etdirilib. Fövqəladə Hallar Nazirliyi Yanğından Mühafizə İdarəsinin inzibati binasının tikintisinə başlanılıb. Rayon İcra Hakimiyyətinin inzibati binası müasir memarlıq üslubunda əsaslı şəkildə təmir edilib. Rayon ərazisində tikinti işləri şəhərsalma qaydalarına, milli memarlıq ənənələrinə və müasir tələblərə uyğun aparılır. Ərazidə magistral avtomobil yollarının kənarında yerləşən ticarət, xidmət və iaşə obyektləri müasir memarlıq üslubunda inşa edilir, kənarları abadlaşdırılır. Hacıqabul şəhərinə Bakı istiqamətindən giriş hissədə dağüstü massivdə "31 mart soyqırımı", "Xocalı harayı", "Qarabağ döyüşləri" və "Haray əsgər" abidə kompleksinin tikintisi başa çatdırılıb. Abidənin ətrafına 20 sm qalınlığında 476 kv.metr divar hörülüb, 146 kv.metr divar ağ-lay daşı ilə, 154 kv.metr divar dekorativ qaya daşı ilə üzlənib. Şəhərin H.Həmidov, S.Vurğun, M.Ə.Rəsulzadə küçələrində 300 metr yola asfalt örtüyü qoyulub. Mərkəzi küçələrdə ümumilikdə 300 ton asfalt-beton örtüyündən hamarlayıcı qat verilib və əsaslı təmir aparılıb.

Şəhərin Bakı istiqamətindən giriş hissəsində Dağ üstü massivdə 820 pm su ötürücü polietilen boru, 78 ədəd su kranı və 306 pm boru quraşdırılıb. İ.Qayıbov küçəsində 100 kv.metr dəmir beton sürahilərin səthi sement məhlulu ilə suvanıb, 360 kv.metr sahəsi emulsiya ilə rənglənib. H.Əliyev küçəsində 1020 kv.metr divardan suvaq qatı sökülüb, 420 kv.metr divar ağ-lay əhəng daşı ilə, 1000 kv.metr divar isə qaya daşı ilə üzlənib. Mişar daşından 20 sm qalınlığında 68 kv.metr divar hörülüb, 70 kv.metr divar sement məhlulu ilə suvanıb. Hündürlüyü 3 metr olan yeni metal işıq dirəkləri quraşdırılıb, 147 kv.metr darvaza və qapılar yağlı boya ilə rənglənib. İ.Qayıbov küçəsində 115 kv.metr divardan suvaq qatı sökülüb, 50 kv.metr divar ağlay əhəng daşı, 115 kv.metr divar qaya daşı ilə üzlənib. 50 kv.metr divar sement ilə suvanıb. H.Əliyev, İ.Qayıbov və M.Hüseynzadə küçələrində 3500 kv.metr divar səthi emulsiya ilə rənglənib.

Meyniman kəndində vətəndaşlara məxsus 4800 kv.metr çəpərin andurinlə üzlənməsinə 24 min manat xərclənib, kəndarası yola asfalt yonqarı materialı (17500 kv.metr sahəyə) döşənib, vətəndaşlara məxsus həyətyanı sahənin 1830 kv.metr hissəsinə asfalt örtüyü qoyulub. Bu işlərə büdcədən kənar vəsait hesabına 41,5 min manat xərclənib. Təhsil şöbəsi tərəfindən yerli büdcədən maliyyələşməklə Qubalı kənd orta məktəbində, Xilə kənd əsas məktəbində, Texniki yaradıcılıq mərkəzində, 4 saylı orta məktəbdə, 2 saylı "Gündüz" körpələr evi uşaq bağçasında 74,500 manatlıq təmir işləri görülüb. H.Həmidov küçəsindəki 2 saylı 2 mərtəbəli 12 mənzilli yaşayış binasının dam örtüyünün 780 kv.metr sahəsinin əsaslı təmirinə 15,813 min manat, Mərkəzi Xəstəxananın Poliklinika korpusunun cari təmirinə 0,7 min manat, "Pir Hüseyn" Xanəgahının inzibati binasının təmirinə yerli büdcədən 2080 manat vəsait xərclənib.

Rayon Mədəniyyət və Turizm şöbəsi tərəfindən Kolanı kənd mədəniyyət evində, "Tarix Diyarşünaslıq" muzeyində, 1 saylı kitabxana filialının binasında, Qubalıbalaoğlan kənd klubunda, 7 illik Uşaq Musiqi məktəbində, Şəhər klubunda, Atbulaq kənd mədəniyyət evində cari təmir işlərinə 23200 manat vəsait xərclənib.

 

(ardı var)

 

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşdirilən "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" layihəsi çərçivəsində çap olunub.

 

 

Tərlan NƏSİRLİ

 

Bakı-Hacıqabul-Bakı

 

Mövqe.- 2012.- 24 yanvar.-S.10.