Hacıqabul
rayonu təhsil sahəsində mühüm irəliləyişlərə nail olub
Qabaqcıl ölkələrin təcrübəsi
göstərir ki, təhsilin müasir tələblər səviyyəsində
inkişafı böyük məbləğdə investisiya tələb
edir. Bu da təsadüfi deyildir ki, son illərdə ölkəmizin
maliyyə imkanlarının artması ilə paralel şəkildə
təhsilə dövlət büdcəsindən ayrılan vəsaitlər
də çoxalır. Məqsəd həm də regionlarda
Sovet dövründən qalan, müasir tələblərə
cavab verməyən məktəblərin təmiri və bərpası,
habelə yenidənqurulmasıdır. Bu problemin həlli - məktəblərdə
əsaslı təmir-tikinti işlərinin aparılması,
müasir tipli yeni təhsil ocaqlarının tikilib istifadəyə
verilməsi hələ 11 fevral 2004-cü il tarixli Azərbaycan
Respublikası regionlarının sosial-iqtisadi inkişafı
(2004-2008-ci illər) Dövlət Proqramında əksini
tapıb.
Bölgələrin sosial-iqtisadi inkişafı sahəsində
tədbirlərin davam etdirilməsini nəzərdə tutan
"Azərbaycan Respublikası regionlarının
2009-2013-cü illərdə inkişafı Dövlət
Proqramı"nda da bir sıra sahələrlə
yanaşı, təhsil infrastrukturunun müasirləşdirilməsi
məsələsinə xüsusi yer ayrılıb. Proqram
çərçivəsində 2010 və 2011-ci illərdə
məktəb infrastrukturunun müasirləşdirilməsi tədbirləri
davam etdirilib. Ümumilikdə, Hacıqabul rayon Təhsil
Şöbəsinin taleyində 32 ümumtəhsil məktəbi,
5 məktəbdənkənar, 3 məktəbəqədər tərbiyə
müəssisəsi fəaliyyət göstərir. Rayonun
ümumtəhsil məktəblərində 10 mindən
çox şagirdin təlim-tərbiyəsi ilə 1000-dən
artıq müəllim məşğul olur.
Rayon müəllimlərindən 4 nəfəri "Əməkdar
müəllim" adını alıb, 1 nəfər müəllim
"Tərəqqi" medalına layiq görülüb, 1 nəfər
müəllim elmlər namizədidir. 2010-cu ildə rayonda
"Ən yaxşı ümumtəhsil məktəbi" və
"Ən yaxşı müəllim" müsabiqələri
keçirilib və müsabiqə qaliblərinin sənədləri
Təhsil Nazirliyinə göndərilib. "Ən
yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin
respublika mərhələsində şəhər 1, 5
saylı və Rəncbər kənd orta məktəblərin
direktorları - Ağamalıyeva Cəmilə Balaqardaş
qızı, Almazova Gülüstan Bulud qızı və
İbrahimov Əlisoltan Hacıbala oğlu, "Ən
yaxşı müəllim" müsabiqəsinin respublika mərhələsində
Talış kənd orta məktəbinin tarix müəllimi, əməkdar
müəllim Əmiraslanov Mehman Bazar oğlu və şəhər
1 saylı orta məktəbin biologiya müəllimi Rəsulova
Səbinə Əlibala qızı iştirak ediblər. Şəhər
1 saylı orta məktəbin müəllimi Rəsulova Səbinə
2010-cu ildə "Ən yaxşı müəllim"
müsabiqəsinin qalibi olub və ölkə prezidentinin sərəncamı
ilə 5000 manat pul mükafatına layiq görülüb.
Rayonda gənclərə qayğı siyasəti də
sistemli şəkildə davam etdirilib. Dövlət
başçısı cənab İlham Əliyevin
"Xüsusi istedada malik olan uşaqların (gənclərin)
yaradıcılıq potensialının inkişafı üzrə
Dövlət Proqramı (2006-2010-cı illər)"nın təsdiq
edilməsi haqqında 17 aprel 2006-cı il tarixli 1414 nömrəli
sərəncamı rayonun təhsil müəssisələrində
istedadlı gənclərlə aparılan məqsədyönlü
işləri gücləndirib. Rayonun ümumtəhsil məktəblərində
istedadlı şagirdlərin aşkara
çıxarılması və uçotunun aparılması,
onlarla səmərəli iş sisteminin yaradılması diqqət
mərkəzində saxlanılıb.
Rayonun ümumtəhsil məktəblərində
istedadlı uşaqları aşkara çıxarmaq, onların
bilik, bacarıq və qabiliyyətlərini inkişaf etdirmək
üçün müxtəlif tədbirlər həyata
keçirilib. Hacıqabul rayonunun ümumtəhsil məktəbləri
şagirdləri arasında bilik yarışları, sərbəst
olimpiadalar, test yoxlamaları aparmaq üçün qrafiklər
tərtib olunub və planauyğun şəkildə həyata
keçirilib. Rayon Təhsil Şöbəsi tərəfindən
yanvar-aprel aylarında rayonun ümumtəhsil məktəblərinin
IX-XI sinif şagirdləri arasında Azərbaycan dili və ədəbiyyatı,
Azərbaycan tarixi, coğrafiya, alman və ingilis dilləri
üzrə bilik yarışları keçirilib. Aprel
ayının əvvəllərində Təhsil Nazirliyinin
"Xüsusi istedada malik şagirdlərin aşkara
çıxarılması tədbirləri haqqında" əmrinə
müvafiq olaraq riyaziyyat, fizika, kimya, biologiya fənləri
üzrə istedadlı şagirdlər arasından ən
istedadlılarını müəyyənləşdirmək məqsədilə
sərbəst olimpiadalar və test yoxlamaları keçirilib.
Bundan əlavə, rayonun ümumtəhsli məktəblərinin
VII -XI sinif şagirdləri arasında "Uşaqlar bizim gələcəyimizdir",
"El igidləri ilə tanınar", "Biz Sizdən
öyrəndik qəhrəmanlığı", "Mənim
hüquqlarım məni qoruyur" və "Sağlam təbiət
sağlam cəmiyyətdir" adlı inşa müsabiqələri
keçirilib.
İstedadlı şagirdləri aşkara
çıxarmaq məqsədilə rayonun bir ümumtəhsil
məktəbində - 8 nömrəli humanitar fənlər təmayüllü
tam orta məktəbdə lisey sinif açılıb. VII
sinifdən etibarən başlanan lisey-sinifdə şagirdlərin
təlim-tərbiyəsilə rayonun ən güclü, peşəkarlıq
səviyyəsilə seçilən müəllimləri məşğul
olurlar.
Müasir cəmiyyətdə təhsilin vacib komponentlərindən
birinə çevrilmiş İKT-nin təhsil müəssisələrinə
geniş tətbiqi sahəsində də xeyli iş
görülüb. Təhsil Nazirliyinin 11.01.2010-cu il tarixli məktubuna
əsasən, "2008-2012-ci illərdə Azərbaycan
Respublikasında təhsil sisteminin
informasiyalaşdırılması üzrə Dövlət
Proqramı" çərçivəsində 2010-cu ilin yanvar-fevral
aylarında və sentyabr ayında 60 nəfər müəllim,
eləcə də ümumtəhsil məktəblərindən
110 nəfər, dekabr ayında isə 40 nəfər inzibati
idarəetmə heyəti təlim kursundan keçib. 2010-cu ilin
mart ayında Təhsil Nazirliyinin "Regionlarda informasiya mədəniyyətinin
formalaşdırılması" mövzusunda rayonda
keçirdiyi dəyirmi masada rayonun müəllimləri də
fəal iştirak ediblər. Bundan başqa, şəhərin
9 məktəbində internet şəbəkəsi qurulub,
sürətli internet xəttinə qoşulub.
Müəllimlərin elmi-nəzəri və peşəkarlıq
səviyyəsinin yüksəldilməsi istiqamətində də
ardıcıl iş aparılıb. Bu məqsədlə
rayonun ümumtəhsil məktəblərində nümunəvi
dərslər keçirilib, fəal təlim metodlarının
tətbiqi ilə bağlı qabaqcıl müəllimlərin
iş təcrübəsi öyrənilib və fikir mübadilələri
aparılıb. Rayon Təhsil Şöbəsi tərəfindən
şəhər 1, 5 və 8 saylı məktəblərdə
"İKT-nin tətbiqi ilə nümunəvi dərs
günü" keçirilib və bu dərslərdə
rayonun ümumtəhsil məktəblərinin 100-ə yaxın
müəllim iştirak edib.
Rayonun ümumtəhsil məktəblərinin IX və
XI siniflərində müntəzəm olaraq hər ay test
yoxlamaları aparılıb. İl ərzində Azərbaycan
dili, ədəbiyyat, tarix, Azərbaycan tarixi, riyaziyyat, fizika,
kimya, biologiya, coğrafiya, xarici dil fənləri üzrə məktəblərin
keyfiyyət göstəriciləri təhlil olunub. Həmin fənlər
üzrə məktəblərin reytinq cədvəli tərtib
olunub, yüksək, orta və zəif göstəricisi olan məktəblər
müəyyən edilib.
Şəhər 3, 4, 5 və 8 saylı orta məktəblərin
I, II və III siniflərində müəllimlərin nümunəvi
dərsləri təşkil edilib, həmin dərslərdə
rayon məktəblərinin I, II və III sinif müəllimləri,
o cümlədən xarici dil və informatika müəllimləri,
IV sinif müəllimləri və məktəb rəhbərləri
iştirak ediblər. 2010-cu ilin noyabr ayında məktəb rəhbərləri
fənn kurikulumlarının öyrənilməsi və tətbiqi
istiqamətində "Fənn kurikulumlarının tətbiqi:
problemlər, vəzifələr", "Fənlər
üzrə qiymətləndirmənin aparılması
yolları" və "II siniflərdə şagird nailiyyətlərinin
qiymətləndirilməsi haqqında" mövzularında
seminar-müşavirələr keçirilib.
Rayonun ümumtəhsil məktəblərində V-XI
siniflər üzrə fənn kurikulum layihələrinin
müzakirəsi təşkil edilib, müəllimlərin rəy
və təklifləri öyrənilərək RTŞ-də
ümumiləşdirilib, daha sonra Təhsil Nazirliyinə
göndərilib. Rayonun ümumtəhsil məktəblərində
imtahana hazırlıq işləri də uğurla davam
etdirilib. Belə ki, XI siniflərdə test yoxlamaları aparmaq
üçün rayon Təhsil Şöbəsində test
bankı hazırlanıb. Rayonun bir çox məktəblərinin
XI siniflərində test yoxlamaları aparılıb və nəticəsi
məktəb rəhbərləri ilə müzakirə olunub.
Eləcə də seçmə yolla rayonun ümumtəhsil məktəblərinin
IV siniflərində təhsil nəticələrini müəyyənləşdirmək
məqsədilə test yoxlamaları keçirilib.
Ümummilli lider Heydər Əliyevin anadan
olmasının 87-ci ildönümü ilə bağlı
rayonun ümumtəhsil məktəblərinin şagirdləri
arasında "Heydər Əliyev və müstəqil Azərbaycan"
mövzusunda rəsm müsabiqəsi keçirilib və qalib
şagirdlərin rəsm işləri Təhsil Nazirliyinə təqdim
olunub. Rayon ümumtəhsil məktəblərinin VII-XI sinif
şagirdləri arasında "Heydər Əliyev və
müstəqil Azərbaycan" və "Müstəqil Azərbaycan
dövlətinin və Yeni Azərbaycan Partiyasının
banisi" mövzularında inşa yazı müsabiqələri
keçirilib. "Heydər Əliyev və müstəqil Azərbaycan"
inşa müsabiqəsinin rayon mərhələsinin qalibi,
şəhər 5 saylı orta məktəbin şagirdi Fatma Məmmədova
həmin müsabiqənin respublika mərhələsində IV
yeri tutub.
Bundan başqa, 2010-cu ildə rayonun ümumtəhsil məktəblərində
ali məktəblərə qəbulla bağlı məqsədyönlü
iş aparılıb. XI sinif şagirdləri arasında rəy
sorğusu keçirilib. Şagirdlərin ali məktəblərə
hazırlığının daha mütəşəkkil qurulması
üçün ayda bir dəfə "Araz"
hazırlıq kurslarının xəttilə sınaq
imtahanı keçirilib, nəticələri təhlil olunub. Həmin
il rayonun ümumtəhsil məktəblərinin məzunlarından
respublikanın müxtəlif ali məktəblərinə 291
nəfər sənəd verib. Sənəd verənlərdən
85 nəfəri respublikanın müxtəlif ali məktəblərinə
qəbul olunub.
Azərbaycan Respublikası Prezidentinin sərəncamına
əsasən, 2010-cu ilin "Ekologiya ili" elan edilməsilə
bağlı Ekoloji Tərbiyə və Təcrübəçilik
Mərkəzinin xətti ilə "Ən yaşıl məktəb"
müsabiqəsi keçirilib. Eləcə də rayon Təhsil
Şöbəsi tərəfindən Tədbirlər Planı
hazırlanıb, "Ekologiya ili" çərçivəsində
Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin
xəttilə rayonun ümumtəhsil məktəblərində
müxtəlif mövzularda "dəyirmi masa"lar, disputlar,
viktorinalar, rəsm və foto müsabiqələri
keçirilib.
Rayonun ümumtəhsil məktəblərində
şagirdlərin hərbi-vətənpərvərlik tərbiyəsi
istiqamətində də ardıcıl iş aparılıb. Böyüməkdə
olan nəslin vətənə sədaqət ruhunda tərbiyə
edilməsinə xüsusi diqqət yetirən Hacıqabul rayon
Təhsil Şöbəsi 15-25 fevral tarixlərini hərbi-vətənpərvərlik
dekadası elan edib və bununla bağlı tədbirlər
planı hazırlanıb. Dekada ərzində rayonun
bütün təhsil müəssisələrində müxtəlif
səpkidə tədbirlər - inşa müsabiqəsi, bilik
yarışları, şeir, mahnı və rəsm müsabiqəsi,
"dəyirmi masa"lar, kitab müzakirəsi, milli qəhrəmanlarımız
haqqında söhbətlər keçirilib. Hərbi-vətənpərvərlik
mövzusunda bülletenlər buraxılıb, rayon şəhidlərinin
doğum və ölüm günləri qeyd edilib.
Bundan başqa, rayonun ümumtəhsil məktəblərində
"Cəsurlar" və "Şahin" hərbi idman
oyunlarının həm məktəb, həm də rayon turu
keçirilib, qalib komandaların zona və respublika mərhələsində
iştirakı təmin olunub. Bundan başqa,
Hüquqşünas Qadınlar Assosiasiyasının
"İnsan alveri qurbanlarına hüquqi yardım" layihəsinə
əsasən, rayonun ümumtəhsil məktəblərinin
IX-XI sinif şagirdləri arasında "İnsan alveri mənim
gözümdə" mövzusunda inşa yazı müsabiqəsi
keçirilib. 2 saylı tam orta məktəbin IX sinif
şagirdi Mövsümova Gülşən müsabiqədə
II yeri tutub, şəhər 1 nömrəli tam orta məktəbin
X sinif şagirdi Qasımova Sevinc həvəsləndirici yerə
layiq görülüb və qiymətli hədiyyələrlə
mükafatlandırılıb.
Bundan başqa, rayonun yüzlərlə müəllim
və şagirdlərinə Qadın, Ailə, Uşaq Problemləri
Komitəsinin göndərdiyi "Öz hüquqlarını
bil və qoru", "Körpələri yaşamaq
şansından məhrum etməyin", "İnsan alverinə
birlikdə son qoyaq" adlı disklər nümayiş
etdirilib, baxılan filmlərlə əlaqədar şagirdlərlə
fikir mübadiləsi aparılıb.
"Gələcək nəsillərlə
üz-üzə" III ümumrespublika inşa müsabiqəsində
şəhər 8 saylı tam orta məktəbin şagirdi Ələkbərova
Aysel I yerə, şəhər 9 saylı tam orta məktəbin
şagirdi Allahyarov Ağacan II yerə layiq görülüb və
qiymətli hədiyyələrlə
mükafatlandırılıblar. Rayonun ümumtəhsil məktəblərində
uşaqları zərərli vərdişlərdən çəkindirmək
və asudə vaxtlarını səmərəli təşkil
etmək məqsədilə müxtəlif mövzularda "dəyirmi
masa"lar, rayon İdman Gənclər İdarəsi ilə
birgə "Sağlam həyat tərzi və idman" devizi
altında müxtəlif tədbirlər həyata
keçirilib. Eləcə də 20 yanvar, 26 fevral Xocalı faciəsi,
31 mart Azərbaycanlıların soyqırımı
günü ilə bağlı rayonun ümumtəhsil məktəblərində
müxtəlif səpkili tədbirlər həyata
keçirilib. Novruz bayramı münasibətilə rayonun
ümumtəhsil məktəblərində bayram şənlikləri
keçirilib, rayon tədbirində şəhər məktəblərinin
müəllim və şagird kollektivi, uşaq
bağçaları iştirak ediblər.
Bundan başqa, 1 İyun Uşaqları Beynəlxalq
Müdafiə günü ilə bağlı rayon Təhsil
Şöbəsi tərəfindən şənlik təşkil
edilib, fənn olimpiadaları, inşa, rəsm və şeir
müsabiqələri, idman və şahmat yarışlarında,
respublika miqyaslı müxtəlif müsabiqələrdə fərqlənən
şagirdlər fəxri fərman və qiymətli hədiyyələrlə
təltif olunublar.
2010-cu ildə rayonun məktəbdənkənar müəssisələrinin
uğurları da böyük olub. Uşaq Gənclər
İdman Məktəbinin boks bölməsinin yetirmələri
- Elnur Nəcəfov idman məktəblərinin II Respublika
oyunlarında II yerə, Azərbaycan Respublikası birinciliyində
Mətin İsmayılov I yerə, Azad Hüseynov və Fəxri
Rəhmanov III yerə, Təhsil İdman məktəblərinin
birinciliyində Elçin Nəcəfov və Azad Hüseynov I
yerə, Fəxri Rəhmanov III yerə, yeniyetmələr
arasında S.Süleymanovun şərəfinə həsr
edilmiş boks üzrə Açıq Respublika birinciliyində
Mətin İsmayılov və Elsevər Əzizov II yerə, Məhəmməd
Heydərov III yerə layiq görülüblər. Bununla
yanaşı "Təhsil" Respublika İdman Mərkəzinin
yeniyetmələr arasında keçirilən boks üzrə
Açıq Respublika birinciliyində Əzizov Elsevər və
Nəcəfov Elman I yeri, Heydərov Məhəmməd III yeri
tutublar. "Təhsil" Respublika İdman Mərkəzinin
1992-1993-cü il təvəllüdlü yeniyetmələr
arasında keçirilən boks üzrə açıq
respublika birinciliyində Hüseynov Fuad və Ağarəhimov
Alxan I yeri tutaraq qızıl medala layiq görülüb,
Hüseynov Vüsal isə II yeri tutub. Respublika
spartakiadasında İsmayılov Mətin I yeri, Hüseynov Azad
və Rəhmanov Fəxri II yeri tutublar.
2011-ci il ərzində də rayonun təhsil müəssisələrində
istedadlı gənclərlə məqsədyönlü iş
aparılıb, onların istedad və qabiliyyətlərinin
üzə çıxarılması sahəsində işlər
davam etdirilib. Rayonun ümumtəhsil məktəblərinin
şagirdləri arasında 2011-ci ilin 9 ayı ərzində fənlər
üzrə olimpiadanın rayon turu keçirilib. 9 nəfər
şagird respublika turunda iştiraka vəsiqə alaraq mart
ayında respublika turunda iştirak ediblər. Olimpiadanın
respublika turunda iştirak edən şagirdlərdən 1 nəfəri
III yerə, 3 nəfəri isə IV yerə layiq
görülüb. 2010-/2011-ci dərs ilində 2 adda - "Ən
yaxşı ümumi təhsil müəssisəsi" və
"Ən yaxşı müəllim" müsabiqələri
keçirilib və müsabiqə qaliblərinin sənədləri
Təhsil Nazirliyinə göndərilib.
Prezident İlham Əliyevin 28 iyun 2011-ci il tarixli sərəncamı
ilə Hacıqabul şəhər 5 nömrəli tam orta məktəbi
2010-2011-ci il tədris ilində keçirilmiş "Ən
yaxşı ümumi təhsil müəssisəsi"
müsabiqəsi qaliblərindən olub və 10000 (on min) manat
məbləğində birdəfəlik pul mükafatı ilə
mükafatlandırılıb. Bundan başqa, ümummilli lider
Heydər Əliyevin anadan olmasının 88-ci
ildönümü ilə bağlı rayonun ümumtəhsil məktəblərinin
şagirdləri arasında "Heydər Əliyev və
müstəqil Azərbaycan" mövzusunda rəsm müsabiqəsi
keçirilib. Rayon mərhələsində müxtəlif
yaş qruplarından olan şagirdlərin rəsm işlərindən
1-ci yer tutanlar respublika müsabiqəsinə göndərilib.
Bundan başqa, Heydər Əliyevin anadan olmasının 88-ci
ildönümünə həsr olunmuş inşa müsabiqəsinin
rayon turunda I yer tutan Talış kənd tam orta məktəbin
XI sinif şagirdi Nəcəfquluzadə İsmayıl respublika
turuna vəsiqə alıb. O, inşa müsabiqəsində fəal
iştirak edib və III yerə layiq görülüb.
2011-ci ildə də İKT-nin təhsil müəssisələrinə
tətbiqi ilə bağlı xeyli iş görülüb. Dərslərdə
informasiya-kommunikasiya texnologiyalarından səmərəli
istifadə olunmasının təmini məqsədilə mart
ayında şəhər 5 nömrəli tam orta məktəbdə
"İKT-nin tətbiqi ilə nümunəvi dərs
günü" keçirilib və rayonun digər ümumtəhsil
məktəblərindən 50 nəfərdən çox
müəllim dərslərdə iştirak edib. Aprel-may
aylarında şəhər 1, 8, 9 nömrəli və
Muğan qəsəbə tam orta məktəblərində də
İKT-nin tətbiqi ilə bağlı "nümunəvi dərs
günü" keçirilib. Həmin tədbirlərdə,
bütövlükdə 150 nəfərdən çox
müəllim iştirak edib.
2011-ci ildə ali və orta ixtisas məktəblərinə
sənəd qəbulu internet vasitəsilə aparılıb. Bu
məqsədlə şəhər 5 nömrəli tam orta məktəbdə
sənəd qəbulu komissiyası təşkil olunub, ərizələrin
elektron variantda qəbulu üçün hər cür şərait
yaradılıb. 2011-ci ildə rayon üzrə respublikanın
dövlət və özəl ali təhsil müəssisələrinə
295 nəfər sənəd verib. Onlardan 245 nəfəri məhz
2010-2011-ci dərs ilində rayonun orta məktəblərini
bitirən məzunlar olmuşlar. 2010-2011-ci dərs ilində
rayonun tam orta məktəblərini 454 nəfər şagird
bitirib. Rayon üzrə müxtəlif ali məktəblərə 86 nəfər qəbul
olunub.
Ali məktəblərə qəbulun ən yüksək
göstəriciləri Rəncbər kənd tam orta məktəbində
- 12 nəfər olub. Ali məktəbə qəbul olunanlardan
10 nəfəri 500-dən yuxarı bal toplayıb. Bunlar şəhər
5, 8 saylı, habelə Rəncbər, Qarasu, Qubalı,
Navahı, Atbulaq kənd və Navahı qəsəbə 1
saylı tam orta məktəbləri bitirən şagirdlərdir.
Ali məktəbə qəbul olunanlardan 3 nəfəri isə
600-dən yuxarı bal toplayıb. Qəbul imtahanlarında
Talış kənd tam orta məktəbinin şagirdi Nəcəfquluzadə
İsmayıl 672 bal toplayaraq Prezident təqaüdünə layiq
görülüb. Şəhər 8 saylı humanitar fənlər
təmayüllü məktəb-liseyin şagirdi Almazova Nərmin
670 bal, Rəncbər kənd tam orta məktəbin şagirdi Mənsimov
Məhəmməd 619 bal toplayıb.
Rayonun ümumtəhsil məktəblərində
şagirdlərin hərbi-vətənpərvərlik tərbiyəsi
istiqamətində ardıcıl iş aparılıb.
Böyüməkdə olan nəslin vətənə sədaqət
ruhunda tərbiyə edilməsinə xüsusi diqqət yetirən
Hacıqabul rayon Təhsil Şöbəsi 21-26 fevral tarixlərini
hərbi-vətənpərvərlik həftəsi elan edib və
bununla bağlı tədbirlər planı hazırlayaraq həyata
keçirib.
Bundan başqa, rayonun ümumtəhsil məktəblərinin
VII-XI sinif şagirdləri arasında "El igidləri ilə
tanınar" mövzusunda inşa müsabiqəsi
keçirilib. Eyni zamanda rayonun ümumtəhsil məktəblərində
"Cəsurlar" və "Şahin" hərbi idman
oyunlarının həm məktəb, həm də rayon turu
keçirilib.
Martın 30-da rayon Təhsil Şöbəsi rayon
İcra Hakimiyyəti ilə birlikdə 31 Mart Azərbaycanlıların
soyqırımı günü ərəfəsində
"Tarixi Azərbaycan həqiqətləri" mövzusunda
elmi-praktik konfrans keçirib. Bundan başqa, 1 İyun
Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə
bağlı Hacıqabul Rayon İcra Hakimiyyətinin
yaxından köməkliyilə böyük bir şənlik təşkil
edilib. Fənn olimpiadaları, inşa, rəsm və şeir
müsabiqələri, idman və şahmat
yarışlarında, respublika miqyaslı müxtəlif
müsabiqələrdə fərqlənən şagirdlər
fəxri fərman və qiymətli hədiyyələrlə təltif
olunublar.
Hacıqabul rayon təhsil müəssisələrinin
maddi-texniki bazasının möhkəmləndirilməsi
istiqamətində də bir sıra işlər
görülüb. 2011-2012-ci dərs ili ərəfəsində
bu istiqamətdə işlər davam etdirilib. Hazırda
regionların sosial-iqtisadi inkişafı Dövlət
Proqramı çərçivəsində Tağılı kənd
tam orta məktəbi üçün 80 şagird yerlik məktəb
binasının tikintisi gedir. Bundan başqa, Kolanı kənd
tam orta məktəbində əsaslı təmir işləri
aparılır və məktəb üçün 60
şagird yerlik yeni korpusun tikintisinin dekabr ayında təhvil
verilməsi nəzərdə tutulur. Bundan başqa, Rəncbər
kənd tam orta məktəbində əsaslı təmir və
bərpa-gücləndirmə işləri aparılıb, eyni
zamanda həmin məktəbdə 200 şagird yerlik əlavə
tədris korpusunun tikilməsinin layihə-smeta sənədləri
hazırlanıb. 2 saylı "Gündüz" uşaq-
bağçasında əsaslı təmir işlərinin
layihə-smeta sənədləri hazırlanıb və bu
günlərdə bağçada əsaslı təmir
işlərinə başlanılacaq. Tikildiyi vaxtdan indiyə
kimi - son 35 ildə əsaslı təmir olunmamış Atbulaq
kənd tam orta məktəbinin binası Daxili İşlər
Nazirliyi tərəfindən əsaslı təmir edilib.
(ardı var)
Tərlan Nəsirli
Bakı-Hacıqabul-Bakı
Mövqe.-2012.- 27 yanvar.-S.10;14.