Hacıqabul qədim tarixə malik mədəni abidələrlə zəngindir

 

Son illərdə bütün sahələrdə yeniləşən, sürətlə inkişaf edən Hacıqabul rayonu həm də mədəni-intellektual sferada mühüm uğurlar qazanıb. Son illərdə rayonun maliyyə imkanlarının genişlənməsi ilə əlaqədar mədəni-maarif müəssisələrinin təmiri və bərpasına diqqət əhəmiyyətli dərəcədə artıb. 2011-ci il ərzində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin təsdiq olunmuş şəbəkə göstəricisinə uyğun olaraq Hacıqabul rayon Mədəniyyət və Turizm Şöbəsində 21 klub müəssisəsi, o cümlədən 1 rayon, 7 kənd mədəniyyət evi, 2 şəhər, 11 kənd klubu, Hacıqabul rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi üzrə 32 kütləvi dövlət kitabxanası, o cümlədən 1 rayon Mərkəzi Kitabxanası, 1 Uşaq Kitabxanası, 6 şəhər və qəsəbə, 24 kənd kitabxana filialı, 1 yeddillik Uşaq Musiqi Məktəbi, 1 Tarix-Diyarşünaslıq Muzeyi, Heydər Əliyev Mərkəzi, 14 arxeoloji tarixi abidə fəaliyyət göstərib.

2011-ci ildə rayon ərazisində daha 18 yeni abidənin aşkar olunması Hacıqabulun qədim tarixə malik olduğunu bir daha təsdiqləyir. Rayondakı ən möhtəşəm tarixi abidələrdən biri Xanəgah kompleksidir. Kompleksə türbə, məscid, minarə, ziyarətçilərin qalması üçün binalar, tövlə, tikililəri əhatə edən qala divarları, karvansaray, orta əsrlərə aid türbə, hücrələr və qədim qəbrstanlıq daxildir. Pir Hüseyn türbəsinin bütün daxili divarları və bu otağın içərisindəki qəbir sənduqəsi bir zamanlar çox böyük bədii ustalıqla düzəldilmiş kaşı sənətinin xüsusi bir növü ilə hazırlanmış ornament və yazılarla bəzəkli olub. Şeyx Pir Hüseyn Şirvaninin türbəsi meymarlıq kompleksinin şimal- qərb bucaqında qala divarına bitişik tikilib. Böyuk yazı qurşağında türbənin zəngin bəzək işinin tamamlanma tarixi hicri təqdvimlə 684-ci il (1285) göstərilib.

Şeyx Pir Hüseynin kiçik ölçülü türbəsini dünyada məhşurlaşdıran onun interyerində ziyarətgah üçün zəruri olan çox təsirli ruhsal mühit yaradan kaşı bəzəyi olub. Elə bu zəngin və gözəl bəzəyin hesabına ziyarətgah-ulu Şeyxin türbəsi memarlıq kompleksinin ideya-bədii mərkəzinə çevrilib. Türbə interyerində ölçü kiçikliyinin yaratdiğı darısqallığı parlaq və əlvan boyalı, dürlü ornamental memarlıq bəzəyi ilə kompensasiya etmiş ustalar elin müqəddəs saydığı Şeyxin qəbri çərçivəsində əsl simvolik cənnət yarada bilmişdilər. Naxış, yazı və rənglərin formalaşdırdığı bu ilahi ruhsal mühit xanəgaha gələn ziyarətçilərdə böyük psixoloji emosional ruh və dərin inam doğururdu. Xanəgahın ümumi həcmindən yuxarı yüksələn minarə kompleksin funksiyasına müəyyən aydınlıq gətirirdi. Həyətin və bütün kompleksin dominatı olan minarə Şirvan bölgəsində minarə kompozisiyasının yeni mərhələsini əks etdirirdi.

Xanəgah minarəsinin giriş qapısı üzərində XIII əsr üçün səciyyəvi olan süls xətti ilə qoyulmuş böyük bir daş kitabədə bildirilir ki "Ulu Şeyx Pir Hüseynin xanəgahında olan bu minarə tikilisi ədalətli padşah Menku Buqa Xaqanın dövründə ...Arqun ağanın vəsaiti və yardımı ilə ucaldılmışdır". Silindirik gövdəli minarənin səkkiz üzlü təməlində giriş qapısından sol tərəfdə onun Şirvanşah II Əxsitanın hakimiyyəti dövründə - 1256-cı ildə ucaldığını bildirən məlumat daş kitabə şəklində minarəyə daxil edilib.

Minarənin silindirik gövdəsi üstündə, stalaktik karnizinin altında olan başqa bir kitabədə Şirvanşah Gərşasb ibn Əxsitanın əmri ilə hicri 693 miladi 1249-cu ildə tikildiyini göstərir. Ondan sağdakı daş lövhədə oyulmuş iki sətirlik yazıda "Minarənin memarı Şəmsəddin Məhəmməd Əbül Abbas, Mahmud İbn İbrahimin əməli" məlumatı həkk olunub. Bu kitabələr göstərir ki, minarənin inşaatı 1256-cı ildə Şirvanşah II Əxsitanın zamanında başlayıb və 1294-cü ildə onun oğlu Gərşab tərəfindən tamamlanıb. Bərpa işlərini, kitabədə deyildiyinə görə, memar Şəmsəddin İbn Mahmud və inşaatçı Mahmud İbn İbrahim aparıblar.

Xanəgahın tarixcə ən qədim kitabəsi indi giriş qapısı üzərində olub. 6 daş lövhədən yığılan həmin giriş kitabədə bu tikintinin 1243-cü ildə başa çatdırıldığı bildirilir. AMEA-nın Tarix Muzeyində saxlanılan başqa kitabədə isə "göstərilir ki, "Tikintinin memarı Şeyxzadə Həbubulla ibn Şeyx Hacı Məhəmməddir".1861-ci ildə görkəmli şərqşünas B.Dorn bu kitabə haqqında məlumat verərək qeyd edib ki, daş kitabə "məscidin girişi önündə düşüb qalıb".

Pir Hüseyn Xanəgahının böyük bədii dəyəri olan gəc oyma naxışlı mehrabı 1940-cı ildə AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat muzeyinə aparılaraq orada divara quraşdırılıb. Mehrabın yaşıl kaşı çubuqlarından yığılmış kitabəsində Şirvanşah Əbulfəth Fərruxzad ibn Əxsitanın adı və inşaat tarixi - 1266-67-ci illər həkk olunub. Pir Hüseyn türbəsi və ona bitişik məscidin əsası yəqin ki, XI əsrdə qoyulub. Hazırda Peterburqda Dövlət Ermitajında, Gürcüstanda İncəsənət Muzeyində, Bakının Nizami muzeylərində toplanmış xanəgahın kaşıları, əsasən, dördkünc frizdən və pannonu təşkil edən çoxlu kiçik səkkiz bucaqlı ulduz və xaçvari hissələrdən ibarətdir.

Müxtəlif məsamələrdə (qabarıq, batıq) verilən nəbati orlament motivləri və ərəb əlifbasının nəsx xətti ilə yazılmış yazılar bu kaşıların əsas bəzək xüsusiyyətlərini təşkil edir. Ağ, yaşıl, firuzəyi, mavi rənglərlə boyanmış bu kaşıların üzərindəki nəbati naxışlar, yarpaq, gül, çiçək, qıvrım budaqlardan təşkil edilmiş yazılarda isə şer və Qurandan götürülmüş bəzi dini sözlər verilib. Şərqşünaslar kaşılarda rast gəlinən sözlərin Xaqani Şirvaniyə və Cəlaləddin Rumiyə məxsus olduqlarını qeyd edirlər.

Pir Hüseyn Xanəgahının kiçik hərfli kaşıları da bəzək baxımından diqqəti cəlb edir. Bunların içərisində səkkiz bucaqlı kaşılar xüsusi ilə bəzəklidir. Çünki mavi boyalı xaçvari kaşılar vaxtı ilə Pir Hüseyn Xanəgahının divarında fonn rolunu oynayıb. Bundan əlavə bu kaşılar üzərində qiymətli mənbə sayılan bir mənbə var. Bu kaşıların qurulduğu ili bildirən (1285) tarixidir. Məscidin içərisində insanın ruhunu oxşayan çox gözəl ab-hava var. Məscid orijinal üsullu qəbul zalı ilə tamamlanır.

Xanəgahı dövrələyən qala divarları içərisində o qədər iri olmayan, həcmli baştağ şəkilində həll edilmiş giriş qapısı mürəkkəb konfiquriyasiyalı, daş döşəməli iç həyətə açılır. Onunla üz-üzə məscidin giriş qapısı yerləşir. Həyəti dövrələyən bina və yerləşgələrin hamısı tağbəndlə örtülü olub, yastı damlarının müxtəlif səviyyələri ilə maraqlı həcm quruluşu yaradırdı. Yalnız sərdabəsi qalan qülləvari türbənin pirizmatik qülləsi bu tip tikililər üçün səciyyəvi olan piramidal günbəzlə tamamlanırmış. Xanəgahdan Bakı Şirvanşahlar sarayına aparılmış iki sətirlik daş kitabədə süls xətti ilə bildirilir ki, "Bu imarətin sahibi Əmir Dövlət bin Gəryüqlu. Hicri 702-ci il. (miladi 1303) tarixdə ustad Mahmud İbrahim oğlunun əməlidir".

Görünür, bu kitabə xanəgah komplekslərindəki uçulmuş binalardan birinin üzərində olub. Həmin binanı da minarənin ustası Mahmud İbrahim oğlu inşa edibmiş. Akademik B.Dornun Pir Hüseyn Xanəgahında qeydə aldığı kitabələrdən ən sonuncuları hicri 823 / miladi 1639-cu illərə aiddir. Qəbrüstü yazı olan ikinci kitabədə Şeyx Cəmalləddinin adı olub. Tədqiqatçıların ehtimallarına görə, həmin kitabə kompleksin tərkibində olan səkkizüzlü qülləvari türbəyə aid imiş. Bu kitabələrin harada olması isə bəlli deyil.

Xanəgahın həyətində - türbənin yanında iki yanaşı su quyusu var. Bu quyuların suyu həmişə eyni səviyyədə qalır. Suları şirin və yüngüldür. Əhali sudan həm içmək, həm də müalicə vasitəsi kimi istifadə edirdi. Böyük karvan yolu üstündə yerləşən və bütünlüklə daşdan ucaldılan Pir Hüseyn Xanəgahı yarımdairəvi bürcləri, dişli divarları, həcmli baştağı ilə uzaqdan kiçik bir Şirvan qalasına bənzəyirdi.

Şirvanşah I Xəlilullahın göstərişi ilə xanəgahın qala divarlarında bərpa və möhkəmləndirilmə işləri aparılıb. Son dövrlərdə qala divarlarında bərpa işləri aparılaraq xanəgahın əzəmətini özünə qaytarıb. Pir Hüseyn Xanəgahı Şirvanşahlar tərəfindən müxtəlif vaxtlarda ucaldılmış bir sıra binalardan ibarət olub. Bunlardan biri XIII əsrə aid edilən karvansaray tövlələrdir.

Pir Hüseyn Xanəgahına böyük vəqf əmlakı torpağları məxsus idi. Məqbərə isə qızılla toxunulmuş qiymətli parçalarla bəzədilirdi. Pir Hüseyn Xanəgahında ətrafda yaşayan, on minlərlə inək yük heyvanları olan çoxlu mürid dərvişləri olub. Minarənin kitabələrinin birində yazılırdı ki, bura dərvişlər məskənidir. Tarixçi Həmdullah Qəzvini yazırdı ki, Pir Hüseyn Xanəgahının yüzlərlə müridləri var. Xanəgahın vəqf torpaqlarında ona xidmət edən böyük miqdarda dərviş işçilər - kişi qadınlar yaşayırdı. Bu müqəddəs yer - pirə ibadətə gələn çox saylı zəvvarları, o cümlədən Şirvanşahları digər hökmdarları özünə cəlb edirdi. Bura Şirvanın əhəmiyyətli (fəlsəfi,ədəbi,dini) mərkəzi idi. Ona görə karvansarayın xanəgah üçün xüsusi əhəmiyyəti var idi. Onun gəlirlərinə də xanəgah şeyxləri nəzarət edirdilər.

Hacıqabul ərazisində, Hacıqabul gölünün şərq sahilində, Atbulaq kəndi ərazisində karvansaraların mövcud olması bizə məlumdur.Onların qalıqları dövrümüzə qədər gəlib çatıb. Bunlar Hacıqabulun böyük ipək yolu üzərində yerləşən əhəmiyyətli məntəqə olmasını sübut edir. Karvansaraylar, adətən, bir at mənzilində inşa edilirdi. Karvansarayı karvansaralar idarə edirdi. Burada müxtəlif ölkələrin tacirləri qızğın alver edir, pul ya mal satılır ya dəyişilirdi.

 

(ardı var)

 

 

Tərlan Nəsirli

Bakı-Hacıqabul-Bakı

 

Mövqe.- 2012.- 31 yanvar.-S.10.