Göygöl inkişafında daha böyük nailiyyətlərə imza atır

 

LAYİHƏNİN İSTİQAMƏTİ: “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi

 

Regionların inkişafı məqsədilə həyata keçirilən dövlət proqramları Azərbaycan bölgələrinin simasını dəyişməkdə, bu yerləri abadlıq və quruculuq ünvanına çevirməkdə davam edir. Artıq danılmaz həqiqətdir ki, 2004-cü ildən bəri ötən müddət ərzində ölkəmizin hətta ən ucqar rayonlarında belə böyük bir intibah yaşanır. Bu yerlərdə çoxsaylı yeni müəssisələr, sosial infrastruktur və digərlərinin yaradılması, iş yerlərinin açılması əhalinin rifah halına da müsbət yöndə təsir göstərməkdədir.

Qeyd olunanların real təsdiqini Azərbaycanın dilbər guşələrindən olan Göygöl rayonunun timsalında da görmək mümkündür.

Ötən ilin sosial-iqtisadi yekunları göstərir ki, 2012-ci ildə Göygöl rayonunda istehsal və xidmət sahələrinin genişləndirilməsi, sosial obyektlərin tikilməsi, abadlıq-quruculuq işlərinin aparılması istiqamətində genişmiqyaslı işlər görülüb, iqtisadiyyatın dinamik inkişafı təmin olunub. 2012-ci ildə iqtisadiyyatın əsas sahələrində istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi faktiki qiymətlərlə 143 milyon 191,5 min manata çatıb, sənaye müəssisələri tərəfindən, bütövlükdə 12 milyon 284,5 min manat dəyərində məhsul istehsal edilib. Əvvəlki illə müqayisədə ötən il 1 milyon 756,1 min manat çox olmaqla, 41 milyon 306,7 min manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib. Əlamətdar haldır ki, bunun da 99,3 faizi qeyri-dövlət bölməsinin payına düşür.

Hesabat dövründə Göygöl Şəhər Mədəniyyət və İstirahət Parkı genişləndirilərək yenidən qurulması, Dövlət Bayrağı Meydanı və muzeyi tikilməsi davam etdirilib. 2012-ci ildə Göygöl şəhərinin Turan Qurbanov, Xəlil Rza, Əliağa Şıxlinski, Molla Pənah Vaqif, Hüseyn Cavid küçələrinə, Bayraq Meydanına gedən yola asfalt örtük salınıb, səki daşı düzülüb. Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 36 mənzilli yaşayış evi, Dövlət Sosial Müdafiə Fondunun və Milli Təhlükəsizlik Nazirliyinin Göygöl rayon şöbələri, Olimpiya İdman Kompleksi, Heydər Əliyev Mərkəzi, Gənclər Mərkəzi, Uşaq Əyləncə Mərkəzi üçün binalar, "Göygöl Şərab” üçün spirt zavodunun tikilməsi davam etdirilib

2012-ci ildə 58 milyon 20,7 min manat əsas kapitala investisiya qoyulub, bundan 56 milyon 556,3 min manatı tikinti-quraşdırma işlərinə yönəldilib. Əhali tərəfindən müasir standartlara cavab verən 17 sahibkarlıq obyekti, 103 fərdi yaşayış evi inşa edilib. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə ayrılan vəsait hesabına səkkiz min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Xaqani-Cümşüdlü-Haçaqaya avtomobil yoluna asfalt örtük salınıb, yolun mühafizə zolağına düşən elektrik və rabitə dayaqlarının yeri dəyişdirilib, yol kənarında olan görkəmsiz ticarət obyektləri əsaslı təmir olunub. Bakı-Qazax avtomobil yolunun rayon ərazisindən keçən hissəsində yenidənqurma və bərpa işləri davam etdirilib. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrası nəticəsində 2012-ci ildə 5 xidmət və 9 istehsal obyekti istifadəyə verilib. Ümumiyyətlə, son 9 il ərzində 7397 yeni iş yeri açılıb, bunun da 5068-i daimidir. 2012-ci ildə isə 430-u daimi olmaqla, 1672 iş yeri açılıb. 2012-ci ildə rayon üzrə orta aylıq əmək haqqı 2011-ci ilə nisbətən 20,7 manat artaraq 220,1 manata çatmış, adambaşına düşən pul gəliri 1478,5 manat təşkil edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müəyyən etdiyi iqtisadi siyasətin əsas istiqamətlərindən birini təşkil edən sahibkarlıq subyektlərinin yaradılmasına və fəaliyyətinə göstərilən diqqət və qayğı, kiçik və orta sahibkarlığın inkişafına əlverişli şərait yaradılması nəticəsində 2012-ci ilin yekunlarına görə rayonda sahibkarların sayı 414 subyekt artaraq 2467-yə çatıb. Kiçik və orta sahibkarlığın inkişafına dövlət dəstəyinin nəticəsi olaraq Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 68 hüquqi və fiziki şəxsə 1065 min manat güzəştli kredit verilib.

İnsan amili, onların vacib sosial ehtiyaclarının daha dolğun ödənilməsi daim diqqət mərkəzində saxlanılmış, elektrik, qaz, içməli su təminatının daha da yaxşılaşdırılması ilə bağlı bir sıra mühüm tədbirlər həyata keçirilib. Məsələn, Göygöl şəhərində 92 kilometr elektrik xətləri dəyişdirilib, 5068 ədəd "smart-kart” tipli sayğaclar quraşdırılıb. 6 mərkəzi küçədə yeraltı kabel xətti çəkilib, gecə işıqlandırma sistemi təzələnərək 240 ədəd dayaq quraşdırılıb. Umumiyyətlə, elektrik təsərrüfatında 74,2 min manat dəyərində təmir-bərpa, quraşdırma işləri aparılıb.

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq Göygöl rayonu qaz təsərrüfatının yeniləşdirilməsi prosesi sürətlə davam etdirilir. Bu il Göygöldə daha 26 kəndin mavi yanacaqla təmin edilməsi ilə rayonun tam qazlaşdırılması başa çatdırılacaq. Artıq Topalhəsənli, Aşağı Zurnabad, Zurnabad, Kərəmli və Şəhriyar kəndlərinə, eləcə də Gəncə qəsəbəsinə qaz xətləri çəkilir. Topalhəsənli kəndinə çəkiliş başa çatıb. Kəlbəcərli məcburi köçkünlərin məskunlaşdıqları Murovdağ qəsəbəsinə isə qaz xəttinin çəkilişi başa çatdırılıb.

Göygöl şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihəsinin icrası ilə bağlı Kürək çayından 25 kilometr uzunluğunda yeni magistral su kəmərinin, Göygöl şəhərində su və kanalizasiya xətlərinin çəkilişi, sutəmizləyici qurğuların və anbarların tikintisi davam etdirilir. Artıq xeyli vaxtdır ki, rayon mərkəzində və ətraf kəndlərdə yaşayan 240 min sakinin içməli su probleminin həlli üçün Murovdağın ətəyindən və Kürəkçaydan götürülən suyun Göygöl şəhərinə çatdırılması üçün 25 kilometrlik magistral xətt çəkilir.

Su xətti boyunca 8 ədəd təzyiqazaldan hovuz inşa edilib, rayon mərkəzinə yaxın ərazidə 3 ədəd su anbarı tikilib Su tutumu 41 min kubmetrlik olan su qəbuledici qovşaqda ölkəmizdə ilk dəfə olaraq təbii filtr sistemi yaradılıb ki, bunun da nəticəsində hovuza doldurulan su heç bir əlavə müdaxilələr olmadan təbii yolla təmizlənərək magistral xəttə axıdılacaqdır.

Hesabat dövründə ümumtəhsil məktəblərinin tikintisinə və maddi-texniki bazasının müasir tələblərə uyğun möhkəmləndirilməsinə xüsusi diqqət yetirilib, müvafiq Dövlət Proqramına əsasən və Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Yeniləşən Azərbaycana-yeni məktəb” devizi altında son dövrlərdə 16 məktəb binası, 26 əlavə sinif otağı, 1 uşaq bağçası tikilib, 19 məktəb binası, 4 uşaq bağçası əsaslı təmir olunub. 2012-ci ildə Firuzabad qəsəbə, Zurnabad, Qızılca, Quşqara kənd tam orta məktəb binaları tikilərək istifadəyə verilib. Son illər 4 kənd tibb məntəqəsi üçün yeni binalar tikilib, 3 kənd tibb məntəqəsi, 2 kənd sahə xəstəxanası, Aşıqlı kənd tibb məntəqəsi əsaslı təmir olunub, əlavə otaq tikilib, Toğanalı kənd həkim məntəqəsi cari təmir edilib.

Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin "2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları” proqramına əsasən Göygöl şəhəri "2013-cü il üçün Azərbaycanın sənətkarlıq paytaxtı” elan edilib. Proqram çərçivəsində cari ilin mayında rayon mədəniyyət evində dekorativ-tətbiqi sənət ustaları ilə görüş təşkil olunacaqdır. Heydər Əliyev Mərkəzində "Göygöl rayonunda sənətkarlığın inkişafı” mövzusunda "dəyirmi masa” keçiriləcək, bu sahədə mövcud vəziyyət və qarşıda duran məsələlər müzakirə ediləcəkdir. İyun-sentyabr aylarında sənətkarların əl işlərindən ibarət yarmarkaların keçirilməsi planlaşdırılır. İl ərzində dekorativ-tətbiqi sənət əsərləri sərgilərinin mütəmadi təşkili nəzərdə tutulub. Göygöl Tarix-Diyarşünaslıq Muzeyində, mərkəzi kitabxanasında "Qədim el sənətkarları” mövzusunda sərgilər açılacaqdır. Göygölə gələn qonaqların buranın mədəni irsi ilə tanışlığına şərait yaradılacaq, tarix və mədəniyyət abidələrinə, sənətkarların emalatxanalarına ekskursiyalar təşkil ediləcəkdir. Həmçinin mədəniyyət evlərində və klublarda təsviri sənət üzrə dərnəklərin yaradılması da planlaşdırılır. Xalçaçılarla məktəblilərin görüşü, şəhər stadionunda milli çövkən oyunları və digər tədbirlər il ərzində rayonun mədəni həyatının daha da canlanmasına səbəb olacaqdır. Cari ildə Göygöl rayonundakı tarixi muzeylər sırasına biri də əlavə ediləcəkdir. Bu, rayonun sonuncu alman sakini, 2008-ci ildə burada vəfat etmiş Viktor Kleynin evidir. Onun evinin muzeyə çevrilməsi üçün Mədəniyyət və Turizm Nazirliyinə müraciət olunmuş və müsbət cavab alınıb. Nazirliyin göstərişi ilə Bakıdan dəvət olunmuş mütəxəssislər evdəki qədim əşyaları siyahıya alıblar. Orada alman irsinə məxsus cürbəcür məişət əşyaları vardır. Onların hamısı eksponat kimi qiymətlidir. Evdə almanlara məxsus əşyalarla yanaşı, azərbaycanlılara aid əşyalar da seçilib. Turistlər buraya daha çox maraq göstərdikləri üçün ev muzeyə çevrilib. Göygöl rayonunda almanlar XIX əsrin əvvəllərindən məskunlaşıblar. Burada hazırda onlar tərəfindən inşa edilən 300-dən çox ev vardır.

Göygöl meşələrinin bərpası məqsədilə yaz əkini kampaniyası aparılıb. Yaz əkini çərçivəsində meşələrin spesifik xüsusiyyətləri nəzərə alınaraq bitmə faizi yüksək olan ağacların əkilməsinə üstünlük verilib. Əkilmək üçün kifayət qədər ting tədarük olunub. Əsasən palıd, fıstıq, cökə, göyrüs və s. ağac tingləri basdırılan sahələr əkinə yararlı vəziyyətə salınıb. Bunlar rayonun turizm potensialının inkişafına mühüm töhfələr verir və digər sahələr üzrə də dinamik tərəqqi qeydə alınır.

 

 

Elşən BAYRAMOV

 

Mövqe.-2013.-6 aprel.-S.10.