Abadlıq
ünvanına çevrilən Mingəçevir
özünün yeni yüksəliş dövrünü
yaşayır
LAYİHƏNİN İSTİQAMƏTİ:
“Regionların sosial-iqtisadi inkişafının təşviq
edilməsi”
Beynəlxalq
miqyasda da birmənalı şəkildə qəbul olunmuş
həqiqətdir ki, mövcud olduğu regionun lideri statusunu
daşımaqda davam edən, onu hər ötən il
qazandığı uğurlarla, nailiyyətlərlə daha da
möhkəmləndirən Azərbaycanın
qarşıdakı dövr ərzində də inkişaf
göstəricilərinə görə dünya biriniciləri
sırasında yer alacağı ən müxtəlif
nüfuzlu beynəlxalq təşkilatlar, araşdırma
institutları tərəfindən bəyan edilməkdədir.
Həmçinin o da xüsusi olaraq vurğulanır ki, Azərbaycanın
həyata keçirdiyi milli inkişaf strategiyası təkcə
bir sahə üzrə köklənməyərək kompleks
xarakter daşıyır. Bu səbəbdən
ölkə təkcə iqtisadi və sosial həyatada yox, digər
sahələrdə də möhtəşəm nailiyyətlərə
imza atıb. Hazırda Azərbaycanın
seçdiyi və irəlilədiyi inkişaf yolu
qazanılmış uğurların davamını təmin etməklə
yanaşı, onların miqyasını daha da genişləndirir,
yeni nailiyyətlərin əldə olunmasını təmin
edir. Bu nailiyyətlərin
qazanılmasında isə ölkə regionlarının
payı davamlı surətdə artır. Hazırda
Azərbaycanın ümumi tərəqqisinə özünəməxsus
töhfələr verən, həmçinin özünü
sürətli inkişaf dövrünü yaşayan
regionlarından biri də Mingəçevir şəhəridir.
Bunu ötən ilin yekunları da təsdiq edir.
Ümumiyyətlə, Mingəçevir şəhəri
2012-ci ildə ölkədə qazanılan uğurlara və
yüksək nailiyyətlərə öz töhfəsini verməyə
çalışıb. Belə ki, ötən il şəhərdə
görülmüş iqtisadi və sosial yönümlü tədbirlər
nəticəsində ümumi məhsul
buraxılışı 344 milyon manat təşkil edərək
ötən ilə nisbətən əhəmiyyətli dərəcədə
artıb.
Dövlət
Proqramına uyğun olaraq şəhərin ən iri sənaye
müəssisəsi olan Azərbaycan İstilik Elektrik
Stansiyasında mövcud 8 enerji bloku yenidən qurulub,
onların hər birinin gücü orta hesabla 70-90 meqovat
artıb. İnşa olunan ehtiyat mazut çənlərinin
tikintisi başa çatdırılıb və həmin sahədə
tamamlama işləri görülüb. Stansiyanın
tələbatına uyğun quraşdırılan 2 saylı
suötürücü tuneldə işlər davam edir. Müəssisədə
2012-ci ilin yekunu üzrə 8,1 milyard kilovat
saat elektrik enerjisi istehsal olunmuş və qabaqkı illə
müqasiyədə 1,8 milyard kilovat saat və ya 29 faiz
artıb. İl ərzində işçilərin
orta aylıq əmək haqqı 458 manat təşkil edib.
"Mingəçevir SES silsiləsi” MMC-yə
daxil olan Mingəçevir SES-də mövcud 6 hidroaqreqatdan
4-ü yenidən qurulub, birində yenidənqurma işləri
aparılır. Varvara SES-də mövcud 3
hidroaqreqatda da yenidənqurma işləri uyğun davam
etdirilib. Təkcə keçən il
stansiyada 755 milyon kilovatsaat elektrik enerjisi istehsal edilib. Orta aylıq əmək haqqı 333 manat olub. Mingəçevir şəhərinin sənaye müəssisələrində
3007 nəfər işlə təmin olunub. İl ərzində
həmin müəssisələrdə 173,8
milyon manatlıq məhsul istehsal olunub ki, bunun da 16,8 milyon manatlığı
özəl sektorun payına düşür.
Ümumiyyətlə, regionların inkişafı ilə
bağlı qəbul edilmiş ikinci Dövlət Proqramına
uyğun olaraq hesabat ilində şəhər ərazisində
geniş abadlıq, quruculuq, tikinti və təmir işləri
aparılıb. İl ərzində şəhərin 60, 61, 75, 76, 86,
87, 91, 102 və 112-ci məhəllələrin yollarına və
səkilərinə 108 min, küçə və prospektlərinə
isə 32 min kvadratmetr asfalt örtük salınıb, 8,4
kilometr uzunluğunda yol-səki daşları
düzülüb. Hesabat ilində şəhərin
"Sahil”parkı əsaslı yenidən qurulub, yeni Bayraq
Meydanı inşa edilib, şəhərin girişində
yollar genişləndirilib, işıq dirəkləri
quraşdırılıb, yeni səkilər salınıb.
İl ərzində görülmüş abadlıq işləri
nəticəsində 2 ədəd yeni fəvvarə inşa
edilib, 36 min kvadratmetr bina fasadı rənglənib, 675 ədəd
yeni işıq dirəyi quraşdırılıb, 14 min
kvadratmetr şifer və metal kiramit dam örtüyü əsaslı
təmir olunub, 14 min kvadratmetr döşəmə daşı
düzülüb, 200-dən çox oturacaq və zibil
qabı quraşdırılıb, 2 mindən çox xaricdən
gətirilmiş dekorativ ağac və gül kolu əkilib.
Ümumilikdə ötən il ərzində
şəhərdə aparılmış abadlıq və
quruculuq işləri 6 milyon vəsait xərclənib.
Dövlət
tərəfindən ayrılan vəsait hesabına 6 və 11
nömrəli məktəblərdə əsaslı təmir
işləri aparılıb, 3 nömrəli məktəbin əlavə
tədris korpusu tikilib, 1 nömrəli uşaq
bağçası-körpələr evində isə
aparılan əsaslı təmir yekunlaşıb. Dövlət Proqramının müvafiq bəndlərinin
icrası ilə bağlı şəhərin elektrik
verilişi şəbəkələrində təmir və
yenidənqurma işləri davam edir. Əhalinin
qaz təminatının yaxşılaşdırılması
məqsədilə qaz kəmərlərinin yenidən
qurulması başa çatmaq üzrədir. Şəhərin su təchizatı və kanalizasiya
sisteminin yenidən qurulmasına başlanıb. "Azərbaycan Respublikası regionlarının
2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı
Dövlət Proqramı”na uyğun olaraq, bölgələrdə
su təchizatı və kanalizasiya sistemlərinin yenidən
qurulması istiqamətində genişmiqyaslı işlər
həyata keçirilir. Dövlət
büdcəsi hesabına maliyyələşdirilən layihə
çərçivəsində Mingəçevir şəhərində
su təchizatı və kanalizasiya sistemləri yenidən
qurulur.
Layihəyə əsasən, şəhərə
içməli su Mingəçevir su anbarından veriləcəkdir. İstehlakçıların
dünya standartlarına uyğun keyfiyyətli içməli
su ilə təmin edilməsi məqsədi ilə məhsuldarlığı
sutkada 30 min kubmetr olacaq ultrasüzgəcli sutəmizləyici
qurğu inşa olunacaqdır. Mingəçevir
şəhərinə içməli suyun
özüaxımlı rejimdə verilməsi üçün
hər birinin tutumu 20 min kubmetr olan 2 su anbarı inşa ediləcəkdir.
Şəhərin su və kanalizasiya şəbəkələri
tamamilə yenidən qurulur. Ümumi
uzunluğu 250 kilometr olacaq şəhərdaxili
paylayıcı su şəbəkəsinin 75 kilometrlik hissəsi
inşa edilib. Bununla paralel olaraq, ümumi
uzunluğu 223 kilometr olacaq kanalizasiya şəbəkəsinin
46 kilometrlik hissəsində işlər yekunlaşıb.
Çirkab suların təmizlənməsi məqsədi
ilə Mingəçevir şəhəri
yaxınlığında sutkalıq məhsuldarlığı
25 min kubmetr olan qurğu inşa ediləcəkdir. Layihə üzrə işlərin 2013-cü ilin
ikinci yarısında başa çatdırılması nəzərdə
tutulur. Bununla da, Mingəçevir şəhərində
100 min nəfərin içməli su təchizatı və
kanalizasiya xidmətlərindən istifadəsi
yaxşılaşacaqdır. Mingəçevir
Su Kanal idarəsinin xidmətində olan 175.6 kilometr su şəbəkəsinin
və 146 kilometr kanalizasiya şəbəkəsinin əsaslı
yenidən qurulmasına başlanıb. 2012-ci
ildə plastik borularla 60 kilometr uzunluğunda su xətti çəkilib,
12 ədəd su hidrantı, 83 ədəd siyirtmə
quraşdırılıb. Bu müddətdə
74 kilometr kanalizasiya xətti çəkilib, 1200 ədəd
kanalizasiya nəzarət-baxış quyusu
quraşdırılıb.
Şəhər
elektrik şəbəkəsi tərəfindən 2012-ci il ərzində 5 ədəd transformator dəyişdirilib,
7 ədəd əsaslı, 15 ədəd transformator cari təmir
olunub. Şəhər yarımstansiyalarında
34 ədəd elektrik ayrıcısı, əhali sektorunda 757 ədəd
sayğac quraşdırılıb. Mingəçevir
Qaz İstismarı Sahəsi tərəfindən 2012-ci ildə
559 abonentin mənzilinə qaz xətti çəkilib və
ümumi əhali sektorunda abonentin sayı 23478-ə
çatdırılıb. Az İES
yaşayış massivində məskunlaşmış 412
köçkün ailəsinin mənzillərinə qaz xətti
çəkilib. Əsasən fərdi evlərə
40 kilometrdən yuxarı qaz xətti çəkilmiş və
müxtəlif ölçülü siyirtmələr
quraşdırılıb.
2012-ci ildə onlarca yeni istehsal sahələri
yaradılıb və ya fəaliyyəti bərpa edilib, ticarət
və xidmət sahələrinin əhatəsi genişlənib,
xidmətin səviyyəsi yüksəlib. Görülən işlərin
nəticəsində il ərzində şəhərdə
1038 iş yeri açılıb. 2012-ci ilin təhlili
göstərir ki, qabaqkı illərdə olduğu kimi,
sahibkarlığın inkişafı ölkə Prezidenti
İlham Əliyevin müəyyən etdiyi iqtisadi siyasətin əsas
istiqaməti olaraq qalmaqdadır. Sahibkarlar
sinfinin formalaşması üçün hüquqi bazanın
yaradılmasına dövlət hərtərəfli dəstək
verir və lazımi köməklik göstərir. Ölkədə 2009-2015-ci illəri əhatə edən
sahibkarlığın inkişafı ilə bağlı
Dövlət Proqramı uğurla icra olunur. Hazırda sadələşdirilmiş qeydiyyat
prosedurlarından istifadə edən yerli sahibkarların
sırası artmaqda davam edir. İl ərzində
şəhər sahibkarlarının sırasına 618 fiziki
şəxs, 32 hüquqi şəxs qoşulub. Hesabat ilində sənayenin qeyri-dövlət
sektorunda çalışan işçilərin sayı 15
faiz artıb, 17 milyon manatlıq sənaye məhsulu istehsal
olunub. Keçən il yerli iş
adamlarına 24 milyon manat kredit verilib. Bir
neçə gün əvvəl də İqtisadi
İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli
Fondu "Sahibkarlığın inkişafına dövlət
dəstəyi" mövzusunda növbəti tədbirini Mingəçevir
şəhərində keçirib. Tədbirdə
Mingəçevirdə və ətraf rayonlarda fəaliyyət
göstərən 80-dən çox sahibkar iştirak edib.
Tədbir çərçivəsində Mingəçevir
şəhəri və ətraf rayonlarda fəaliyyət
göstərən 36 sahibkar 1,3 milyon manat
güzəştli kredit alıb. Bu kreditlər hesabına 80
yeni iş yerinin yaradılması nəzərdə tutulur. Verilmiş kreditlər, əsasən, ərzaq məhsulları,
tikinti materialları istehsalı sahələrinə,
heyvandarlığın inkişafına yönəldiləcəkdir.
2012-ci il ərzində əhalinin sosial
müdafiəsi məsələləri dövlətin iqtisadi
siyasətində əsas istiqamətlərdən olub və bu
sahədə müntəzəm olaraq məqsədyönlü
tədbirlər həyata keçirilib. Mingəçevir şəhəri
üzrə hesabat ilində 7375 nəfər üzvu olan 1639 ailəyə
ünvanlı sosial yardım verilib, 4709 nəfərə
aylıq sosial müavinət ödənilib, 476 tənha,
ahıl yaşlı və əlil insana 40 sosial xidmət
işçisi tərəfindən evlərdə müvafiq
xidmət göstərilib. Təqaüdlərin ödənilməsinə
il ərzində 29.5 milyon manat vəsait xərclənib.
Şəhərdə məskunlaşmış 20316 nəfər
və ya 5447 köçkün ailəsinin gündəlik
problemləri daim şəhər icra hakimiyyətinin diqqət
mərkəzində olub. Məcburi köçkünlərin məskunlaşdığı
tikililərin dam örtüklərinin və kanalizasiya xətlərinin
təmiri, elektrik enerjisi və su təchizatı sahəsində
yaranan problemlər dərhal həll edilib. Vaxtaşırı
məcburi köçkünlər, təmsil edən
rayonların səlahiyyətli nümayəndələri ilə
görüşlər keçirilib, onlarla birlikdə
köçkünlərin sosial-məişət problemlərinin
həlli yolları müzakirə edilmiş və müvafiq tədbirlər
görülüb. Dövlət Proqramına uyğun
olaraq şəhərin orta məktəblərində və
fin qəsəbəsində məskunlaşmış 503 ailənin
köçürülməsi üçün 8 hektar torpaq
sahəsi ayrılıb və 9 mərtəbəli 10 bina
inşa edilib, məktəb, bağça və digər sosial
obyektlər tikilib. Həhər həyatının
digər sahələri ilə yanaşı təhsil, səhiyyə,
mədəniyyət, turizm və idman sahələrinin də
inkişafı və maddi-texniki bazasının möhkəmləndirilməsi
ilə bağlı genişmiqyaslı işlər
görülüb.
Elşən BAYRAMOV
Mövqe.-2013.-17 aprel.-S.10.