Tovuz inkişafının yeni yüksəliş mərhələsini yaşayır

 

LAYİHƏNİN İSTİQAMƏTİ: “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi

 

Yeni müstəqillik tarixi elə böyük zaman kəsiyini əhatə etməsə , bu müddət ərzində Azərbaycan öz sürətli inkişafı sayəsində böyük bir məsafəni qət edə bilib. Bunun nəticəsidir ki, indi ölkənin hər bir yerində coşğun tərəqqi müşahidə olunmaqdadır. Azərbaycanı hər bir guşəsinə nəzər salmaqla bunun real təsdiqini görmək olar. Dinamik inkişafın yaşandığı əsas məkanlardan biriTovuz rayonudur.

Məlumat üçün bildirək ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2009-2013-cü illər) çərçivəsində Tovuz rayonunda bir sıra mühüm infrastruktur layihələri yerinə yetirilib, o cümlədən təhsil, səhiyyə, idman, mədəniyyət, turizm və digər sosial yönümlü obyektlər tikilib, yollar çəkilib, bütövlükdə rayonun sosial-iqtisadi həyatında əsaslı dəyişikliklər baş verib. Prezident İlham Əliyevin diqqət və qayğısı, rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə əlaqədar imzaladığı müvafiq sərəncamlar, tapşırıq və tövsiyələri nəticəsində 2012-ci yekunlarına əsasən bütün sahələr üzrə yüksək göstəricilərə nail olunub. Elə ötən ilin aprelində Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, Tovuz rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Tovuz Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2 milyon manat vəsait ayrılıb. Bunun arpdınca isə qırx min nəfər əhalinin yaşadığı 35 yaşayış məntəqəsini birləşdirən Tovuz-Qovlar-Ağbaşlar avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Tovuz Rayon İcra Hakimiyyətinə ilkin olaraq 3 milyon manat ayrılıb. Bütün bunlar isə ötən il ərzində rayonun sosial-iqtisadi inkişafının daha sürtətli hala gəlməsi ilə nəticələnib. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurla həyata keçirilməsi nəticəsində iqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışının həcmi artıb, o cümlədən sənayedə, kənd təsərrüfatında, tikintidə, nəqliyyatda, rabitədə, ticarətdə tərəqqi qeydə alınıb. Görülən tədbirlər nəticəsində rayonda internetdən istifadə edənlərin sayı günbən-günə artır. Ötən il rayonda 1.486 nəfər sürətli internet istifadəçisi vardı. Hazırda isə onların sayı 2058-ə çatıb. İnternet istifadəçilərinin 1.184 nəfəri Az.telekom.netdən, 597 nəfəri data+dan, 88 nəfəri Az.data.com.dan, 89 nəfəri avirseldən,100 nəfəri isə qlobaldan istifadə edir. Tovuz Rayon Telekommunikasiya Qovşağı cari ilin yanvar-mart aylarını uğurla başa çatdırıb. Bu müddətdə 225 min 600 manat tarif gəliri proqnozuna qarşı 228 min 280 manat vəsait əldə edilərək tapşırığa 101,2 faiz əməl olunub. Bundan əlavə, əhalidən gələn gəlir proqnozu da 125,9 faiz yerinə yetirilib.

Əhalinin məşğulluğunun təmin edilməsi sahəsində məqsədyönlü tədbirlər həyata keçirilir. Belə ki, cari ilin ötən dövrü ərzində bütün idarə, müəssisə və təşkilatlarda olan boş yerləri barədə məlumat toplanıb və yerlərinə vətəndaşların göndərişi təmin edilib. Məşğulluq mərkəzinə müraciət edən 333 nəfər işaxtaran vətəndaşdan 112 nəfəri işlə təmin olunub. Onların 25 nəfəri qadındır. Ötən il isə Məşğulluq mərkəzinə müraciət edən 1.316 nəfər işaxtaranın 517 nəfəri işlə təmin olunub. Onların da 155 nəfəri qadındır. Ötən il ünvanlı dövlət sosial yardımı almaq üçün Tovuz Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə 2224 nəfər müraciət edib. Müraciət edənlərin 2009-nun sənədləri qeydiyyata alınıb. Mərkəzdə yaradılmış komissiyada 2009 nəfərin ərizəsinə baxılıb və 1960 ailəyə ünvanlı dövlət sosial yardımı təyin olunub. Cari ildə də ünvanlı dövlət sosial yardımı almaq üçün vətəndaşların müraciətlərinə baxılması prosesi davam edir.

Təhsil sahəsinin inkişafı da xüsusi diqqət mərkəzindədir. Tovuz rayonunun Bayramlı kəndində 220 şagird yerlik, Papaqçılar kəndində isə 180 şagird yerlik məktəb binalarının tikintisi davam etdirilir. Bundan əlavə, Muncuqlu, QaralarQalaboyun kəndlərinin hər birində 80 şagird yerlik, Çeşməli kəndində 180 şagird yerlik, Şamlıq kəndində isə 220 şagird yerlik yeni məktəb binalarının tikilməsi üçün layihə-smeta sənədləri hazırlanır və yaxın günlərdə yeni məktəb binalarının tikintisinə başlanılacaqdır. Bayramlı kəndində inşa olunan 220 şagird yerlik məktəb binasının Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ərəfəsində istifadəyə verilməsi planlaşdırılır.

Rayonda daha çox gəlir gətirən üzümçülüyün inkişafına xüsusi diqqət yetirilir. "2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq 2020-ci ildə üzüm bağlarının 3 min hektara çatdırılması proqnozlaşdırılır. Üzüm və meyvə məhsullarının saxlanması üçün rayon ərazisində 8 ədəd soyuducu kamera fəaliyyət göstərir, Bu da il ərzində bölgə əhalisini təzə üzüm və meyvə ilə təmin etməyə imkan yaradır, rayonun ixrac potensialını xeyli artırır. Cari ilin yazında 10 hektar sahədə yeni üzüm bağı salınaraq ümumi sahə 585 hektara çatdırılıb. 323 kiloqramdan artıq toxum tədarük edən meşəçilər isə ötən il 1 hektar sahədə yeni tinglik salıblar. Meşəçilər bu il 90 hektar yeni meşə zolağı salmağı planlaşdırıblar. Tovuz Elektrik Şəbəkə (EŞ) Müəssisəsinin xidmət göstərdiyi ərazilərdə enerji təchizatının daha da yaxşılaşdırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirir.Ötən ilin son üç ayında 10, 6 və 0,4 kilovoltluq xətlərin 3,6 kilometrdən artıq hissəsi təmir olunub, 20-yə yaxın dayaq dəyişdirilib. Transformator məntəqələrinin 19-da müxtəlif təyinatlı təmir işləri aparılıb, ümumi gücü 25,2 meqavat-amperdən artıq olan 70 transformator təmir olunub.

Məlumdur ki, ARDNŞ-in "Azəriqaz” İstehsalat Birliyi (İB) tərəfindən "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq, ölkənin uzun müddət təbii qaz almayan bir çox yaşayış məntəqələrinin "mavi yanacaqla təmin olunması istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlər uğurla davam etdirilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişinə əsasən, cəbhə bölgələrinə yaxın yaşayış məntəqələrinin, sərhəd rayonlarının qazlaşdırılmasına xüsusi diqqət yetirilir. Tovuz rayonunun cəbhə bölgələrindəki yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində həyata keçirilən işlər öz bəhrələrini verməkdədir. Ötən il rayonun Qaralar, Qoşa, Qonaqlı, Şıxheybət və Muncuqlu kəndlərinə ilk dəfə təbii qaz verilib. 123 abonenti olan bu kəndlərin qazlaşdırılması məqsədi ilə ümumi uzunluğu 52 min metr olan müxtəlif diametrli daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 6 ədəd siyirtmə, 123 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb. Kəndlərə verilən "mavi yanacaq” sakinlərin həyat və məişət şəraitini tamamilə dəyişərək, bölgədə ekoloji vəziyyəti yaxşılaşdırır. Turizmin inkişafı üçün rayonun potensialı böyükdür. Tovuz rayonu öz flora və faunası ilə doğrudan da digər rayonlardan fərqlənir. Ən azı ona görə ki, rayon tamamilə dağlar qoynunda yerləşir. Hər bir yanı silsilə dağlar, caylar və meşələrlə əhatə edilmiş bir rayonun təbiəti artıq öz-özlüyündə füsunkardır. Tovuz rayonu müxtəlif istiqamətlərdə maşınla yolçuluq edənlərin qarşısına çox tez-tez çıxa bilən təbiət gözəlliklərindəndir. Hər bir bulağın öz adı, hər bir bulaq suyunun öz dadı-tamı vardır. Tovuz rayon su hövzələrinin yaranma mənbələrindən biri və yəqin ki, ən əsası məhz çaylardır. Tovuz rayonunda olan dağ çayları xüsusilə insana yenilməzlik, qələbə və əbədilik hissləri gətirir. İti sürətli dağ çaylarına baxarkən istər istəməz çayın axarı insanın hisslərini də özü ilə götürüb uzaqlara, sonsuzluqlara aparır.

Qədim insan məskənlərindən olan Tovuzun ərazisində zəngin tarixi abidələrə rast gəlinməsi tarixən aborigen tayfa və xalqların nümayəndələrinin yaşadıqları yurd yerlərindən olmasına əyani sübutdur. Zəyəmçay hövzəsində tapılmış 300 min il yaşı olan suxurlar, qədim Hunan şəhərinin qalıqları olduğu söylənilən Torpaqqala abidələri, 8-10 min il tarixə malik Köhnəqala və Göytəpə abidələri və s. bu ərazilərin nə qədər qədim tarixə malik olmasını göstərməkdədir. Rayon ərazisindəki ayrı-ayrı ərazi və yer adlarının qədim türk toponimlərinə uyğun gəlməsi ərazidə yaşayan köklü əhalinin qədim məskunlaşma tarixinitürk soylarından olmasını sübut etməkdədir.

Qovlardan Gədəbəy rayonun Saratovka kəndi istiqamətində tarixi Xınna dərəsindəki Alakol kəndində şəhərgah, Yanıqlı kəndində XVII əsrə dair məscid və XII əsrə aid türbələr, Qəribli və Abdal kəndlərində orijinal arxitekturaya malik qədim Alban məbədləri mühafizə olunur. Eyni zamanda həmin marşrut boyunca "Çinarlı”, "Sınaqlı”, "Haçaqayakimi bir sıra ziyarətgah və pirlər də mövcuddur. Əsrik çayı boyunca Azaplı kəndində "Qərib Seyid” ziyarətgahı yerləşir. Rayondan 12 km məsafədə yerləşən Kür çayının sağ sahilində antik dövrə aid "Torpaqqala” qədim yaşayış məntəqəsi, Vahidli kəndində Axınca çayı üzərində XIX əsr memarlıq abidəsinə aid edilən "Sultan körpüsü”, həmin kənddə xüsusi coğrafi quruluşa malik "Qala düzüadlanan ərazi turistlərin marağına səbəb ola bilər. Tovuz şəhərində 1923-cü ildə Alman icması tərəfindən tikilib istifadəyə verilmiş şərab zavodu artıq "Şərab yolu marşrutuTurizm layihəsinə daxil edilib. Bütün bunlar isə turizmin inkişafı baxımından mühüm rol oynayır. rayondadigər sahələr üzrə də dinamik tərəqqi qeydə alınır.

 

 

Elşən BAYRAMOV

 

Mövqe.-2013.-23 aprel.-S.10.