Samux sürətli tərəqqi yolunda yeni nailiyyətlərə
imza atır
LAYİHƏNİN
İSTİQAMƏTİ: “Regionların sosial-iqtisadi
inkişafının təşviq edilməsi”
Azərbaycan regionlarının simasında son illərdə müşahidə olunan dəyişiklik, sosial-iqtisadi inkişaf sayəsində əldə olunan nailiyyətlər bu gün bölgələrin demoqrafik durumuna da ciddi təsir edir. Burada məskunlaşan insanların sayı davamlı şəkildə artır, onların məşğulluq səviyyəsində daim ciddi yüksəliş müşahidə olunur. Qeyd olunnaların təsdiqini istənilən rayonun timsalında aydın sezmək mümkündür və onlardan biri də abadlıq-quruculuq ünvanına çevrilən Samux rayonudur.
Əvvəlki illərdə olduğu kimi, 2013-cü ilin ilk yarısı da rayonda dinamik sosial-iqtisadi tərəqqi ilə müşahidə olunur. Respublikamızın bütün bölgələrində olduğu kimi Samux rayonunda da "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın son ilində geniş abadlıq-quruculuq işləri həyata keçirilib. Dövlət Proqramında rayonda həyata keçirilməsi nəzərdə tutulan tədbirlərdən rayonun elektrik şəbəkələrinin yenidən qurulması, mədəniyyət və səhiyyə obyektlərinin tikintisi və əsaslı təmiri üzrə işlər istisna olmaqla digər sahələrdə işlər uğurla başa çatmaq üzrədir. İcrası müxtəlif səbəblərdən təmin olunmayan sahələrdə nəzərdə tutulmuş tədbirlər, yeni tədbirlərlə birlikdə 2014-2018-ci illər üzrə Dövlət Proqramına daxil edilmək üçün aidiyyəti üzrə İqtisadi İnkişaf nazirliyinə təqdim edilib.
Ümummilli lider Heydər Əliyevin adını daşıyan mərkəzi istirahət parkında yenidənqurma işləri başa çatdırılıb. Parkda ümumi sahəsi 1400 kv.m. olan Heydər Əliyev mərkəzi inşa edilib. Mərkəzin tikintisində müasir memarlıq üslubundan və elementlərindən istifadə edilib. Binanın fasadı qranit və yüksək keyfiyyətli aqlay daşları ilə işlənib. Mərkəz Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponat zalından, 3D formatlı filmlərin nümayişi və digər tədbirlər üçün nəzərdə tutulmuş zaldan və xidməti otaqlardan ibarətdir. Mərkəzdə eyni zamanda rəsm qalereyası, dil öyrənmə kursu və rəqs dərnəyi fəaliyyət göstərəcək. Heydər Əliyev parkında sakinlərin rahat istirahəti üçün bütün şərait yaradılıb. Burada kafe, çay evi, rayon tarix-diyarşünaslıq muzeyi üçün bina, 7 ədəd istirahət köşkü inşa edilib, böyük monitor quraşdırılıb. Parkın girişindən mərkəzə qədər olan əraziyə 1500 kv.m qranit üzlük, gəzinti yollarının kənarına 2000 p/m. mərmər bordür düzülüb, yollara 10 000 kv.m üzlük daş döşənib. Parkda dairəvi yolun kənarına 1200 p/m beton bordür düzülüb, işıqlanma sistemi yenidən qurulub. Bu məqsədlə yeraltı kabel xətti çəkilərək, 80 ədəd çilçıraq quraşdırılıb. Eyni zamanda parkın bütün yaşıllıq hissəsinə həmişəyaşıl ot səpilərək və avtomatik suvarma sistemi qurulub. İkinci rübün sonunda Heydər Əliyev parkının sahəsi 1 hektar olan artırılmış hissəsinin müasir layihə əsasında yenidən qurulmasına və Yeni Azərbaycan Partiyası rayon təşkilatının yeni binasının inşasına başlanıb.
Rayonun giriş hissəsində ad göstəricisi kompleksi yenidən qurulub, Kolayır prospektində və Samux - Gəncə yolunda dekorativ yamaclar yaradılıb. Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 36 mənzilli 4 mərtəbəli yaşayış binasında işlər tam başa çatdırılıb və "Novruz” bayramı ərəfəsində istifadəyə verilib. Seyidlər kənd tam orta məktəbi üçün inşa edilmiş 220 şagird yerlik məktəb binasında işlər başa çatdırılaraq istifadəyə verilib. Qırmızı Samux qəsəbəsində həkim məntəqəsinin və Bağbanlar kəndində kitabxana binasının tikintisi başa çatmaq üzrədir. Eyni zamanda rayon Telekommunikasiya Qovşağının yeni inzibati binasının tikintisinə başlanıb.
Ötən il olduğu kimi, bu il də rayonda ümumtəhsil müəssisələrin maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir. Yaxın vaxtlarda Əhmədbəyli kəndində 360 şagird yerlik üçmərtəbəli, Qarabağlar kəndində 220 şagird yerlik ikimərtəbəli yeni məktəb binasının tikintisinə, Alabaşlı və Qırmızı Samux qəsəbə, Zazalı kənd tam orta məktəblərində əsaslı təmir işlərinə başlanacaq. 2013-cü ilin 6 ayı ərzində bütün istiqamətlərdə yolların çiyin hissələri plana salınıb, keçid boruların giriş-çıxış hissələri təmizlənib. Rayonun Gəncə - Samux, Samux-Çobanabdallı-İnstitut, Samux-Lək və Samux-Yenikənd-Poylu yollarında təmir işləri aparılıb. Eyni zamanda Qırmızı Samux qəsəbəsində, Kəsəmən və Burunqovaq kəndlərində giriş yollarına balans verilərək hamarlanıb. Samux şəhərinin ümumi uzunluğu 600 metr olan Tofiq İsmayılov küçəsində yenidənqurma işlərinə başa çatıb və Həzi aslanov küçəsinin əsaslı təmirinə başlanıb.
Ümumən ölkəmizdə olduğu kimi, rayon iqtisadiyyatının inkişafında da mühüm rol oynayan sahibkarlığın inkişafına rayonda xüsusi diqqət verilir və təsadüfi deyildir ki, hesabat dövründə 191 yeni sahibkarlıq subyekti fəaliyyətə başlayıb. Onlardan 5-i hüquqi şəxslərdir. Hazırda ümumi məhsul buraxılışının həcmində qeyri- dövlət sektorunun payı 82,6 faiz təşkil edir. İlin əvvəlində yeni yaradılmış "Aqrikola” MMC istixana kombinatında faraş tərəvəz məhsullarının istehsalına başlanıb. Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi tərəfindən yaradılacaq "Aqroenerji” kompleksində işlər artıq başlayıb. İl ərzində Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə rayon sahibkarlarına 38 layihə üzrə 1,9 milyon manat güzəştli kredit verilib və bunun hesabına 95 yeni iş yeri yaradılıb.
İqtisadiyyatının əsasını aqrar sektor təşkil edən rayonda, cari ildə sahələrdən yüksək məhsul əldə etmək üçün lazımi tədbirlər həyata keçirilib. 2013-cü ilin məhsulu üçün 9540 hektar sahədə isə payızlıq səpinlər aparılıb. Nazirlər Kabinetinin "Buğda istehsalçılarının maddi marağının artırılması və buğda istehsalının stimullaşdırılmasına dair” müvafiq qərarına əsasən 1636 nəfər buğda istehsalçısına 193083 manat məbləğində yardım Kapital Bankın rayon filialı tərəfindən plastik kartlarla ödənilib. Məhsul istehsalçılarına rayon "Aqroservis” filialı tərəfindən güzəştli şərtlərlə 371,5 ton gübrə verilib.
Əkin sahələrinin suvarma suyu ilə tam təmin olunması məqsədi ilə hesabat dövrü ərzində 182 ədəd nasos, 34 ədəd elektrik avadanlıqları, 14 ədəd quyuda isə transformatorlar təmir edilib. Suvarmaya xidmət göstərən subartezian quyuları tam işlək vəziyyətdə saxlanılıb və nəzərdə tutulmuş işlər bütövlükdə yerinə yetirilib. Kanallarda 162 min m3 lildən təmizləmə, 65 min m3 sahilbərkitmə işləri görülüb. Kanallarda 16 ədəd hidrotexniki qurğu, 10 ədəd hidrotexniki postlar təmir edilib, kanalların kol-koslardan təmizləmə işləri aparılıb. Gəncə və Qabırrı çaylarında selin qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görülüb.
Rayon əhalisinin elektrik enerjisinə, mavi yanacağa və içməli suya tələbatının ödənilməsi istiqamətində də müəyyən işlər görülüb. Belə ki, rayon əhalisini dayanıqlı elektrik enerjisi ilə təmin etmək üçün hesabat dövründə 18 ədəd müxtəlif güclü transformator əsaslı, 28 ədədi isə cari təmir edilərək istismara verilib. 10/04 kv-luq elektrik xətlərində cari təmir işləri aparılıb. Fərdi abonentlərə 226 ədəd sayğac dəsti quraşdırılıb, təbii fəlakətlə bağlı Poylu şəbəkəsində yaranmış problemlər yerində aradan qaldırılıb. Eyni zamanda təbii fəlakət nəticəsində Lək y/st-da zədələnmiş 4 mVa transformator və İstilik Y/st-da 36 kV-luq 4 ədəd yarımstansiya təmir olunaraq istismara verilib.
İlin birinci yarısında əhali təbii qazla fasiləsiz olaraq təmin olunub. Bu məqsədlə yüksək və aşağı təzyiqli xətlərdə təmir-bərpa işləri aparılıb. Şəhərin 28 may və M.P.Vaqif küçələrində, Qarayeri qəsəbəsinin Əlikəndi yaşayış massivində, Qaraarx qəsəbəsində ehtiyac olan yerlərdə yeni qaz xətti çəkilib. Heydər Əliyev prospektində əlaqələndirici diametri 57 mm-lik 364,8 metr uzunluğunda qaz xətti çəkilib. Bundan başqa 28 may küçəsi ilə Molla Pənah Vaqif küçələri arasında əlaqələndirici sistem yaradılıb. Hesabat dövründə 296 abonent qeydiyyata alınıb və hər bir abonent məişət qaz sayğacları və təbii qazla təmin edilib. Ümumilikdə 1714 abonentə qaz sayğacı quraşdırılıb.
İstehlak olunmuş enerjinin və təbii qazın dəyərinin vaxtında və tam ödənilməsi üçün rayon İcra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərən qərargah tərəfindən müvafiq işlər aparılıb və müsbət nəticələr əldə olunub. Rayon əhalisinə göstərilən rabitə və poçt xidmətinin yaxşılaşdırılması istiqamətində də müvafiq işlər aparılır. Rüb ərzində əsas telefon aparatlarının sayı 41 ədəd artırılaraq 8230-a çatdırılıb. 2 ədəd 128 portluq yüksəksürətli internet avadanlığı alınaraq quraşdırılıb və ümumi tutumu 1784-ə çatdırılıb. Hazırda rayonda yüksəksürətli internet xidmətindən 1636 abunəçi istifadə edir ki, bu da keçən ilin müvafiq dövründəkindən 3,7 dəfə çoxdur. Telekommunikasiya Qovşağı tərəfindən genişzolaqlı yüksəksürətli internet xidmətinin keyfiyyətinin yüksəldilməsi və portların sayının daha da artırılması istiqamətində işlər aparılır.
Poçt xidmətinin yaxşılaşdırılması məqsədilə Samux şəhər 1 saylı, 2 saylı, Sərkar-2, Qarayeri, Poylu, Çobanabdallı, Qırmızı Samux, Yenikənd, Ziyadlı və Qovlarsarı kənd poçt şöbələrində kompüter quraşdırılmış və həmin kompüterlər vasitəsilə əhaliyə xidmət göstərilir.
Rayonda digər sahələr
üzrə də dinamik tərəqqi qeydə
alınır.
Elşən BAYRAMOV
Mövqe. - 2013.- 27 avqust.- S. 10.