Yevlax dinamik tərəqqi yolunda yeni böyük nailiyyətlərə imza atır

LAYİHƏNİN İSTİQAMƏTİ: “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi”

 

 

Birmənalı həqiqətdir ki, regionların inkişafı məqsədilə həyata keçrilən dövlət proqramları Azərbaycan bölgələrinin simasını dəyişməkdə, bu yerləri abadlıq və quruculuq ünvanına çevirməkdə davam edir. Artıq danılmaz həqiqətdir ki, 2004-cü ildən bəri ötən müddət ərzində ölkəmizin hətta, ən ucqar rayonlarında belə böyük bir intibah yaşanır. Bu yerlərdə çoxsaylı yeni müəssisələr, sosial infrastruktur və digərlərinin yaradılması, yerlərinin açılması əhalinin rifah halına da müsbət yöndə təsir göstərməkdədir.

Aparılan araşdırmalar göstərir ki, ölkə regionlarının tərəqqisi ilə bağlı həyata keçirilən uğurlu siyasət bölgələrdə son illərdə məcmu ərzaq istehsalının həcminin əhəmiyyətli dərəcədə artmasına səbəb olub. Artıq bir çox ərzaq məhsullarına olan tələbat bilavasitə yerli istehsal hesabına ödənilir. Bununla yanaşı, qeyd olunan istiqamətdə iqtisadi zonalar üzrə uğurlu siyasət həyata keçirilməsi davam edir. Məlumdur ki, respublikanin ayrı-ayrı regionları təbii şəraitinə, ehtiyatlarına, təsərrüfatın sahə və ərazi quruluşuna, tarixi inkişaf xüsusiyyətlərinə və əhalinin məskunlaşmasının inkişaf səviyyəsinə görə bir-birindən fərqlənir. Ona görə də ölkənin yalnız müəyyən hissəsində buya digər məhsulu istehsal etmək və xidmət sahəsini inkişaf etdirmək başqa ərazilərə nisbətən səmərəli olur. Nəticədə ərazi-əmək bölgüsü formalaşır. İqtisadi rayonların ayrılması zamanı ərazi-əmək bölgüsü nəticəsində yaranmış təsərrüfatın ixtisaslaşma istiqamətləri əsas amil kimi götürülür. Hər bir iqtisadi rayon özünəməxsus iqtisadi coğrafi mövqeyə, təbii şəraitə, təbii ehtiyatlara, təsərrüfat quruluşuna və əhalinin milli tərkibinə malikdir. Təsərrüfatın ixtisaslaşması və kompleks inkişafı iqtisadi rayonun əsas əlamətləridir. 1995-ci ildə Azərbaycanda aparılan iqtisadi rayonlaşmaya əsasən respublikada 10 iqtisadi rayon ayrılır. Onlardan biri olan Aran iqtisadi rayonu da ərzaq təhlükəsizliyinin təmin olunmasında xüsusi çəkisini davamlı surətdə artırır. Hətta müəyyən məqamlar üzrə burada yeniliklərə də imza atılır. Bu yeniliklərin əsas ünvanlarından biri isə Yevlaxdır.

Ensklopedik mənbələrə və coğrafi xəritəyə nəzər saldıqda aydın görmək mümkündür ki, Yevlax coğrafi mövqeyinə görə Azərbaycanın mərkəzində mühüm kommunikasiyaların kəsişməsində yerləşir. Rayon kimi 1935-ci ilin fevral ayından fəaliyyət göstərir. Yevlax eyni zamanda, respublika tabeli şəhərdir. Yevlax Ağdaş, Bərdə, Tərtər, Goranboy, Samux, Qax, Şəki rayonları ilə həmsərhəddir. Kür çayının sağ sahilində yerləşən Yevlax Xankəndinə, Mingəçevirə, Şəkiyə, Balakənə və Gəncəyə gedən yolların da kəsişdiyi məkandır.

Onu da qeyd edək ki, orta əsrə aid tarixi sənədlərdə Yevlax Qarabağın qapısı adlandırılıb. Məşhur yaylaqlara, Kəlbəcər, Laçın və Bata-bata gedən yollar bu qapıdan keçirdi. Burada çoxsaylı tarixi abidələrə də rast gəlmək mümkündür. Məsələn, Marzılı kəndində VII əsrə aid Alban kilsəsi, Xanabad kəndində Əlican çayının üzərindəki qırmızı kərpicdən inşa edilmiş Hacılar körpüsü indiyədək durur. İpək yolunun Yevlax ərazisindən keçməsi bu yerin qədimliyindən xəbər verir.

Tarixi mənbələrdə qeyd olunur ki, məhşur Yevlax stansiyasından çox-çox əvvəl Azərbaycanın ayrı-ayrı əyalətlərini, daha doğrusu, Kürün o tayı ilə bu tayını birləşdirən bir keçid olub. Deyilənlərə görə, həmin keçid məhz Kürün indiki körpüsü yaxınlığında imiş. Xalq arasında isə bu yerə "yolaq” deyirlərmiş. Sonradan Yolaq Yevlax şəklinə düşüb. Bəziləri Yevlax sözünün ovlaq, düzəngah, ov edilən yer mənasında işləndiyini iddia edirlər. Bir sıra tarixçilər isə Yevlaxın isti yer mənasını verdiyini əsas götürürlər.

Yevlax ərazisində buranın qədim yaşayış məskəni olmasını sübut edən bir sıra tarixi abidələr var. Eramızdan əvvəl III minilliyin sonlarına aid olan Qoçtəpə kurqanı rayonun Qaraməmmədli kəndi ilə Rüstəmli kəndi arasındakı ərazidə yerləşir. Kurqana yaxın yerdə vaxtı ilə eyni adlı yaşayış məntəqəsi — Qoçtəpə kəndi olmuş, 1938-ci ildə həmin kənd ləğv edilərək əhalisi Qaraməmmədli kəndinə köçürülüb. Yevlax rayonunun Şirvan bölgəsində yerləşən ərazi orta əsrlərdə Azərbaycanın iri şəhərlərindən biri olan Ərəş şəhərinin və bu şəhərin adından götürülmüş Ərəş mahalının bir hissəsi idi. Bu şəhərin mərkəzinin indiki Xaldan kəndindən 3 km şərqdə yerləşdiyi ehtimal olunur. Şəhərin qala divarlarının xarabaları Xaldan kəndi yaxınlığında qalır. Xaldan kəndinin ətraf ərazisi bu gün də Ərəş kimi tanınır.

Yevlax-Bərdə magistral yolunun təxminən 18-ci kilometrliyində torpaqdan ucaldılmış Zərgərtəpə Kurqanı yerləşir. Konusvari formada olan kurqanın ətək hissəsinin diametri təxminən 58 metr, hündürlüyü 11 metr, uzunluğu 120 metrə yaxındır. Üçtəpə kurqanın topaq örtüyü 35 min kubmetrə çatır və tədqiqatçılar hesablayıblar ki, bu kurqanın törpaq örtüyü fasilələrlə 3 ilə tökülüb başa çatdırılıb. Xaldan kəndinin 3-4 km-də antik dövrə təsadüf edən Alban Sərdabəsi olduğu ehtimal olunan Sərdabənin, Marzılı kəndi ərazisində VII əsrə aid edilən və XVI əsrdə Şeyx Həzrə Piri kimi tanınan Pirin, Malbinəsi kəndində Qarabağda tikilən qədim məscidlər tipinə aid olan, XVIII əsrdə inşa edilən Məscidin qalıqları mühafizə olunur.

Onu da qeyd edək ki, Yevlax XIX əsrin əvvəllərinə aid rəsmi sənədlərdə və mənbələrdə Yelizavetpol quberniyasının Yevlax kəndi, 1920-ci ildən isə Cavanşir qəzasının Yevlax kəndi adlanıb. Yuxarıda qeyd olunduğu kimi isə Azərbaycan SSR MİR-nin qərarı ilə 1935-ci ilin 20 fevral tarixdə Yevlax rayonu təşkil edilib. 1939-cu ilin fevralın 1-də Azərbaycan SSR Ali Sovetinin qərarına əsasən Yevlaxda Şəhər Soveti yaradılmaqla, Yevlaxa şəhər adı verilib. 1962-ci il dekabrın 26-da çağırılmış Azərbaycan SSR Ali Sovetinin X sessiyasının qərarı ilə Yevlax rayonu ləğv edilərək ərazisi Ağdaş, Bərdə və o vaxtkı Qasım-İsmaylov rayonlarına veilib, Yevlax Respublika tabeli sənaye şəhərinə çevrilib. Azərbaycan SR Ali Soveti Rəyasət heyətinin 6 yanvar 1965-ci il tarixli fərmanı ilə Yevlax şəhəri respublika tabeliyində olan şəhərlər sırasına daxil edilibYevlax şəhərində sənaye müəssisələrinin tikintisinə başlanıb. Azərbaycan KP MK-nin 1969-cu il iyul plenumundan sonra Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin qayğısı sayəsində Yevlaxda 70-ci illərdən başlayaraq bir-birinin ardınca yeni, iri sənaye obyektləri tikilibYevlax tədricən sənaye şəhərinə çevrilib. Ötən əsrin 70-80-ci illərində Yevlaxda Pambıq təmizləmə, Tütün fermentləmə, 2 Dəmir beton məmulatları, Traktor təmiri, Pivə və spirtsiz içkilər zavodu, "Qarabağ" istehsalat, Taxıl məhsulları, sənaye kombinatları, onlarca iri nəqliyyat, tikinti müəssisələri, rayonlararası təchizat bazaları və s. fəaliyyət göstərib. Yevlax-Xankəndi, Yevlax-Balakən dəmiryol xətti çəkilib, Yevlax hava limanı, respublikadan kənarda da şöhrət qazanmış Xaldan kənd kompleks orta məktəbi, Şahmat məktəbi, Uşaq gənclər idman məktəbi, xəstəxana, mədəni-maarif müəssisələri, çoxmərtəbəli yaşayış binaları tikilib istifadəyə verilib. 1978-ci ildə istifadəyə verilən və Zaqafqaziyada ən iri sənaye müəssisəsi olan Yevlax Yunun ilkin emalı fabrikinin işə düşməsi sayəsində Yevlax şəhəri sənaye məhsullarının istehsal həcminə görə artıq respublikanın ən iri sənaye şəhərlərindən birinə çevrilmişdi. Sonradan SSRİ-nin süqutu burada da sənayenin tənəzzülə uğraması ilə müşayiət olundu.

Lakin yeni müstəqillik tarixində ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıtmasından sonra Azərbaycanın digər bölgələri kimi Yevlaxın da tərəqqisində yeni yüksəliş dövrü başlandı. Son 10 ildə isə bu tərəqqi özünün daha dinamik mərhələsinə qədəm qoydu. Xüsusən də regionların tərəqqisi istiqamətində həyata keçrilən dövlət proqramları Yevlaxı yeni intibah yoluna çıxardı. Məlumdur ki, regionların inkişafı ilə bağlı 2004-cü ildən başlayaraq həyata keçirilən təsirli və kompleks tədbirlərin icrasının mövcud tendensiyası, qazanılmış misilsiz nailiyyətlər tam əsasla bir real tezisi meydana çıxarıb: son 10 ildə Azərbaycan iqtisadi, sosial, siyasi, ictimai, humanitar, elmi-mədəni cəhətdən əsaslı dönüşə və yüksək indikatorlara nail olan, iqtisadiyyatını bir neçə dəfə inkişaf etdirməklə dünya üzrə ən proqressiv meyarlara malik olan tam modernləşən dövlətə çevrilib. Prezident İlham Əliyevin birbaşa nəzarəti altında davam etdirilən bu siyasi-iqtisadi regional inkişaf formulu ölkənin iqtisadi inkişafına yeni dinamizm elementlərinin yaranmasına, respublikanın hərtərəfli sosial-iqtisadi tərəqqisinə səbəb olub.

Azərbaycanın iqtisadi inkişafının əsas baza sütunlarından birinə çevrilən "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” (2004-2008-ci illərə və 2009-2013-cü illərə dair) respublikamızın sıçrayışlı inkişafını təmin etməklə yanaşı, insanların sosial həyatının dəyişməsində, rayonların simasının əhəmiyyətli dərəcədə dəyişərək yeni proqressiv çalarlar almasında mühüm rol oynamaqdadır. "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” elmi-iqtisadi-nəzəri mahiyyətinə görə, fundamental strateji inkişaf konsepsiyası sayılmaqla, bölgələrin tarazlı və yüksək inkişafını təmin edən, ölkəmizin iqtisadi-siyasi doktrinasının başlıca məzmununu təşkil edir. Bunun ən real nümunələrindən biri kimi isə məhz Yevlaxı göstərmək olar.

 

R.BAYRAMOV

Mövqe. - 2013.- 11 dekabr.- S.10.

(ardı var)