İstedadlı məcburi
köçkün gənclərə dövlət
qayğısı...
Erməni təcavüzü nəticəsində
öz isti yuvasından didərgin düşən uşaqlar
artıq gənclik yaşındadır. Məcburiyyət qarşısında
ana yurdunu tərk edən həmin uşaqlar bu gün bir gənc
kimi Azərbaycan dövlətinə layiqli vətəndaş
olmağa çalışır. Azərbaycan gənci öz tarixini, ulu babalarının
keçdiyi həyat yolunu öyrənməli və o yolu
özünə əbədi işıq seçməlidir.
Azərbaycan gənclərinin,
xüsusən də istedadlı gənclərin Vətən,
xalq təəssübü, torpaqlarımızı müdafiə
hissi, milli şüuru başqalarına örnək
olmalıdır. Azərbaycanda istedadlı gənclər
çoxdur. Bu gənclərə də diqqət
və qayğı özünü dövlətin
ardıcıl olaraq qəbul etdiyi sənədlərdə
ehtiva edir. Məsələn, bir neçə il əvvələ boylansaq görərik ki, Azərbaycan
Gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər)
təsdiq edilməsi haqqında Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev Sərəncam
imzalayıb. Həmin sənəddə
istedadlı məcburi köçkün gənclərə də
dövlət qayğısının artırılması
göstərilib. Sənəddə bildirilir: "Qanunda gənclər
siyasətinin əsas prinsipləri öz əksini
tapmış, gənclərin vətənpərvərlik, azərbaycançılıq,
dövlətçilik, dünyəvilik prinsipləri əsasında,
Azərbaycan xalqının tarixinə, mədəni irsinə,
adət-ənənələrinə, dövlət dilinə və
rəmzlərinə, milli-mənəvi və ümumbəşəri
dəyərlərə hörmət ruhunda tərbiyə
olunması, onların yaradıcılıq potensialının
ölkənin inkişafına və ümummilli problemlərin
həllinə səfərbər olunması, hüquq və
azadlıqlarının hər hansı şəkildə məhdudlaşdırılmasının
yolverilməzliyi əsas istiqamətlər kimi müəyyənləşdirilmişdir.
Son illər həyata keçirilən tədbirlər
gənclərin hərtərəfli inkişafının təmin
olunması üçün siyasi, sosial-iqtisadi, təşkilati-hüquqi
şərait və təminatların yaradılmasını
sürətləndirmiş, onların ictimai-siyasi fəallığının
artmasına kömək etmişdir. Eyni
zamanda bu sahədə hələ də öz həllini
gözləyən bir sıra məsələlər
mövcuddur. Yeniyetmə və gənclərin vətənpərvərlik
və vətəndaşlıq tərbiyəsinin daha da
gücləndirilməsi, gənclərin məşğulluğunun
təmin edilməsi, onların sahibkarlıq fəaliyyətinə
kömək göstərilməsi, sosial problemlərinin həlli,
yaradıcı və istedadlı gənclərə, gənc
ailələrə dövlət qayğısının
artırılması, o cümlədən onların mənzil
şəraitinin yaxşılaşdırılması, gənclərin
dövlət quruculuğu işlərinə geniş cəlb
olunması və bu kimi məsələlər dövlət gənclər
siyasəti çərçivəsində bir sıra tədbirlərin
həyata keçirilməsini zəruri edir".
Məlumdur ki, sözügedən
dövlət aktının 3.21 bəndində qaçqın və
məcburi köçkün gənclərin
yaradıcılıq festivalının keçirilməsi,
qaçqın və məcburi köçkün gənclərin
asudə vaxtının səmərəli təşkil edilməsi,
onlar arasında yaradıcı gənclərin aşkar edilməsi
və qabiliyyətlərinin inkişaf etdirilməsi barədə
Gənclər və İdman Nazirliyinə, Mədəniyyət
və Turizm Nazirliyinə, eləcə də
Qaçqınların və Məcburi Köçkünlərin
İşi üzrə Dövlət Komitəsinə müfaviq
tapşırıqlar verilib. Bilirik ki, artıq bu Dövlət
Proqramının icrası bir neçə il
əvvəl başa çatıb və bu illər ərzində
bir sıra yaradıcılıq festivalları, müsabiqələr,
qaçqın və məcburi köçkün gənclərin
əl işlərindən ibarət sərgilər təşkil
olunub. Bundan başqa, neçə-neçə
məcburi köçkün gəncin kitabları nəşr
edilib.
Qeyd edək ki,
Azərbaycanda qaçqın və məcburi
köçkün gənclər Azərbaycan dövlətindən
və ictimai təşkilatlardan gördükləri isti
münasibəti minnətdarlıqla qarşılayır. Bilirik ki, Azərbaycan
Respublikasının "Gənclər Siyasəti Haqqında"
Qanununda da, eyni zamanda digər sənədlərdə də gənclərlə
bağlı bütün məsələlər
qaçqın və məcburi köçkün gənclərə
də şamil edilir. Azərbaycan dövləti
qaçqın və məcburi köçkün gənclərin
milli mənlik şüuruna sahiblənməsi, onlarda vətənpərvərliyin
inkişafı, habelə bu gənclərin yüksək təhsil
alması üçün şərait yaradır. Bu da bəllidir ki, qaçqın və məcburi
köçkün gənclərin dövlət hesabına
xaricdə təhsil almaq imkanları da genişlənib.
Yadınıza salaq ki, Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev 2011-ci il 14 sentyabr tarixində
"Dövlət ali və orta ixtisas müəssisələrində
ödənişli formada təhsil alan məcburi
köçkünlərin təhsil haqqı ödəməsindən
azad edilməsi haqqında" Azərbaycan Respublikası
Prezidentinin 2003-cü il 4 avqust tarixli, 1308 nömrəli Sərəncamına
dəyişiklik edilməsi haqqında Sərəncam
imzalayıb. Bu sənədə əsasən, məcburi
köçkün statusu olan ölkə vətəndaşlarının
təhsil aldıqları müddətdə təhsil
haqqları dövlət büdcəsinin vəsaitilə ödənilir.
Bilirik ki, dövlətin üç il əvvəl
qəbul etdiyi bu sənəd artıq icra olunur və
qaçqın və məcburi köçkün ailələri
onu rəğbətlə qarşılayır. Təbii,
bu böyük qayğılar içində yaşayan
qaçqın və məcburi köçkün ailələrinin
yükünü yüngülləşdirib.
Əslən
Xocavənd rayonundan olan tarix müəlliməsi Brilliant
Allahverdiyeva bizimlə söhbətində bildirdi ki, Azərbaycan
dövləti qaçqın və məcburi
köçkün gənclərə böyük qayğı
göstərir. Bu qayğı da o gəncləri milli vətənpərvərlik
ruhunda yetişməsinə, milli mənlik şüuruna
bağlı olmasına, tariximizi öyrənməsinə,
dövlətimizi, dövlətçiliyimizi sevməsinə və
ona xidmət etməsinə səbəb olur. Onun sözlərinə görə, qaçqın və
məcburi köçkün rayonlarının gənclərinə
milli vətənpərvərlik hissi hər gün təlqin
edilir. Brilliant xanımın dediyinə görə, Xocavənd
rayon rəhbərliyi, aidiyyəti qurumlar gənclərin tərbiyəsinə
xüsusi fikir verir: "Ölkəmizdə son illər
görülən işlər gənclərin hərtərəfli
inkişafının təmin olunması üçün
siyasi, sosial-iqtisadi, təşkilati-hüquqi şərait və
təminatların yaradılmasını sürətləndirib,
onların ictimai-siyasi fəallığının artmasına
kömək edib. Yaradıcı və istedadlı gənclərə,
gənc ailələrə dövlət
qayğısının artırılması, gənclərin
məşğulluğunun təmin edilməsi, onların
sahibkarlıq fəaliyyətinə kömək göstərilməsi,
asudə vaxtının səmərəli təşkili, gənclərin
dövlət quruculuğu işlərinə geniş cəlb
olunması, fiziki tərbiyəsi və bu kimi digər məsələlər
dövlətin gənclərə böyük önəm verməsindən
irəli gəlir".
Onun dediyinə
görə, Xocavənd Rayon Gənclər və İdman
İdarəsi fəaliyyəti dövründə gənclərin
maraqlarına, mənafe və ehtiyaclarına uyğun tədbirlər
keçirir.
O deyir ki, idarə gənclərlə iş, bədən tərbiyəsi
və idman sahələrində dövlət siyasətinin əsas
istiqamətlərinə uyğun olaraq bir çox tədbirlər
həyata keçirib və keçirməkdə davam edir:
"İdman və bədən tərbiyəsinə daha
geniş kütlələrin cəlb edilməsi, gənclərin
mənəvi-əxlaqi tərbiyəsinin gücləndirilməsi,
yaradıcılıq qabiliyyətinin inkişaf etdirilməsinə,
ictimai-siyasi fəallığının artmasına kömək
göstərilməsi, fiziki tərbiyəsi üçün
müvafiq imkanlar yaradılması, onlarda vətənpərvərlik
və Azərbaycan dövlətçiliyinə sədaqət
hisslərinin yüksəldilməsi və bu kimi digər məsələlər
idarənin diqqət mərkəzində olub.
İdarə yeniyetmə və
gənclərin Vətənə məhəbbət, Azərbaycan
xalqının tarixinə, milli-mənəvi dəyərlərinə
hörmət ruhunda tərbiyə olunması, onların hərbi
xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsi,
Azərbaycanın görkəmli sərkərdələrinin,
Milli Qəhrəmanların, Vətənimizin müdafiəsi
zamanı şücaət göstərmiş vətəndaşların
gənclərə tanıtdırılması,
xalqımızın ümummilli lideri Heydər Əliyev
ideyalarının gənclər arasında təbliğ edilməsi,
gənclərin mənəvi-əxlaqi tərbiyəsinin
gücləndirilməsi istiqamətlərində geniş tədbirlər
həyata keçirib. Bu illər ərzində yeniyetmə və
gənclərin iştirakı ilə Azərbaycanın tarixində
mühüm əhəmiyyət kəsb edən əlamətdar
günlər, bayramlar təntənəli şəkildə
qeyd olunub, xalqımızın yaddaşında dərin izlər
buraxmış 20 Yanvar, 31 Mart, Xocalı və Qaradağlı
soyqırım və faciələrinin ildönümlərinə
həsr olunmuş anım mərasimləri, toplantılar
keçirilib, orta ümumtəhsil məktəblərində
fotosərgilər, ədəbi-bədii kompozisiyalar, bir
sıra hadisələrin canlı şahidləri ilə
yeniyetmə və gənclərin görüşü təşkil
olunub. Bu tədbirlər zamanı azadlıq və müstəqillik
uğrunda mübarizə tariximizə nəzər
salınmış, Azərbaycanın suverenliyi, ərazi
bütövlüyü uğrunda canlarını fəda
etmiş insanların əziz və unudulmaz xatirələri yad
edilib, erməni təcavüzkarlarının azərbaycanlılara
qarşı törətdikləri cinayətlər barədə
yeniyetmə və gənclərə ətraflı məlumatlar
verilib, onlara xalqımızın tarixini yaddan
çıxarmamaq, bu şərəfli mübarizə tarixi ilə
həmişə qürur duymaq, Vətənə gərəkli
vətəndaşlar kimi yetişmək, milli-mənəvi dəyərlərimizə,
adət-ənənələrimizə həmişə
hörmət bəsləmək tövsiyə olunub".
B.Allahverdiyeva bildirdi ki, Azərbaycan
Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən
"Azərbaycan Gəncliyi Dövlət Proqramına
(2005-2009-cu illər)" uyğun olaraq keçirilən
qaçqın və məcburi köçkün uşaq və
gənclər arasında yaradıcılıq
festival-müsabiqələrində xocavəndli istedadlar həmişə
fərqlənib: "Məqsədi qaçqın və məcburi
köçkün uşaq gənclərin
yaradıcılıq qabiliyyətinin daha da
artırılması və asudə vaxtının səmərəli
təşkil olunmasından ibarət olan festival-müsabiqələr
yaradıcılığın 3 növü - rəsm sənəti
və dekorativ tətbiqi sənət, musiqi sənəti,
şeir sənəti üzrə keçirilib.
2006-cı ilin noyabr ayında
keçirilən "Qaçqın və məcburi
köçkün yeniyetmə və gənclər arasında
I Respublika yaradıcılıq festival-müsabiqəsi"nin final mərhələsində musiqi sənəti
(17-25 yaş) üzrə Qurbanov Mircəfər Mircəlal
oğlu uğurlu çıxış edərək 1-ci yerə
layiq görülüb. 2007-ci ilin oktyabr ayında keçirilən
II Respublika müsabiqəsinin final mərhələsində isə
şeir sənəti (12-16 yaş) üzrə Salakətin kənd
orta məktəbinin şagirdi Həşimov
Elmin Füzuli oğlu 2-ci yeri tutaraq diplomla təltif olunub, qiymətli
hədiyyə ilə mükafatlandırılıb.
19-21 oktyabr 2009-cu il tarixdə
keçirilən "Qaçqın və məcburi
köçkün uşaq və gənclər arasında III
yaradıcılıq festival-müsabiqəsi"nin yekun mərhələsində
Xocavənd 4 saylı orta məktəbinin şagirdi Abdullayeva
Sevil İlqar qızı I yaş kateqoriyası (12-18) şeir
sənəti nominasiyasında I yerə, yenə də həmin
yaş kateqoriyası üzrə şeir nominasiyasında Salakətin
kənd orta məktəbinin şagirdi Qədimli Zinarə Səfər
qızı III yerə, II yaş kateqoriyası (19-25) üzrə
rəsm sənəti nominasiyasında Cahangirov Tural Ramiz
oğlu III yerə sahib oldular. Qaliblər və
fərqlənənlər Gənclər və İdman
Nazirliyinin diplomları ilə təltif olunub, qiymətli hədiyyələrlə
mükafatlandırılıb. Uşaqların
uğurları çoxdur. Bütün bu
uğurların başında milli şüurun inkişaf
etdirilməsi, vətənpərvərlik hisslərinin yüksəldilməsi
durur. Bizim gənclər çox
istedadlı və vətənpərvərdir".
İradə SARIYEVA
Bakı xəbər.-2014.-22
yanvar.-S.15.