Sahibkarlar sinfi
regionların tərəqqisinə daha böyük töhfələr verir
LAYİHƏNİN
İSTİQAMƏTİ: “Regionların sosial-iqtisadi
inkişafının təşviq edilməsi”
Azərbaycanda dinamik inkişaf yolunda olan
sahələrdən biri kimi dəyərləndirilən
sahibkarlıq regionların sosial-iqtisadi tərəqqisində də
vacib rol oynayır. Bunu şərtləndirən əsas amillərdən
biri isə sahibkarlığın sürətli tərəqqisinin
əsasını yaradan mükəmməl dövlət
proqramları və qanunvericilik bazasının
formalaşdırılmasıdır. Xatırlatmaq yerinə
düşərdi ki, hələ 1997-ci ilin 24 iyun tarixində qəbul
olunmuş «Azərbaycan Respublikasında kiçik və orta
sahibkarlığa Dövlət Köməyi Proqramı
(1997-2000-ci illər üçün)» sahibkarlığın tərəqqisində
yeni bir mərhələ açdı. Bu proqramın
hazırlanması isə mühüm bir zərurətdən irəli
gəlirdi.
Çünki ölkədə
sahibkarlığın inkişafını nəzərdə
tutan və 1993-1995-ci illəri əhatə edən dövlət
proqramında nəzərdə tutulmuş tədbirlərin
yalnız bir qismi həyata keçirilmişdi. Düzdür,
yeni proqramın qəbuluna qədər sahibkarlığın
hüquqi bazasının yaradılmasında zəruri səviyyəyə
nail olunmuş, cəmiyyət üzvlərinin sahibkarlıq fəaliyyəti
hüququ Azərbaycan Respublikasının yeni
Konstitusiyasında təsbit edilmişdi. Sahibkarlıq
mühitinin formalaşması üçün vacib olan
«Sahibkarlıq fəaliyyəti haqqında», «Müəssisələr
haqqında», «Səhmdar cəmiyyəti haqqında», «Haqsız
rəqabət haqqında», «Əmtəə birjası
haqqında», «Lizinq xidməti haqqında» qanunlar və bazar
iqtisadiyyatının hüquqi mexanizminin qurulmasını təmin
edən digər qanunlar da qəbul olunmuşdu. Eyni zamanda sahibkarlıq
fəaliyyətinin dövlət tərəfindən tənzimlənməsi
və həvəsləndirilməsi üçün zəruri
normativ sənədləri hazırlanmış,
sahibkarlığın bazar infrastrukturunun
formalaşdırılması, təhsil sisteminin və
informasiya təminatlarının yaradılması istiqamətində
müəyyən nəticələr əldə edilmişdi.
Azərbaycan Respublikasının Sahibkarlığa Kömək
Milli Fondu, Kiçik və Orta Sahibkarlığın
inkişafı Agentliyi, bir sıra şəhər və
rayonlarda sahibkarlığın inkişafı mərkəzləri
yaradılmışdı. Amma yeni proqramın qəbulu kimi əhalinin
sahibkarlıq potensialının gerçəkləşməsi
məhdud, sahibkarların ölkə iqtisadiyyatının
inkişafında təsiri zəif xaratker daşıyırdı.
Formalaşan sahibkarlıq strukturları isə on illər boyu
yaradılmış intellektual potensialı əks etdirmir, həmin
potensialdan səmərəli istifadəyə və sağlam rəqabət
tələblərinə uyğun fəaliyyətə istiqamətləndirilmirdi.
Halbuki ölkədə etibarlı siyasi sabitliyə nail
olunması və dünyanın məşhur neft şirkətləri
ilə Azərbaycanda neft hasilatı barəsində müqavilələrin
bağlanması sahibkarlığın inkişafına əlverişli
imkanlar açırdı. Belə bir şəraitdə
sahibkarlığın inkişafını nəzərdə
tutan yeni dövlət proqramının hazırlanaraq icraya
yönəldilməsi böyük zərurət kəsb edən
məsələyə çevrilmişdi.
«Azərbaycan
Respublikasında kiçik və orta sahibkarlığa Dövlət
Köməyi Proqramı (1997-2000-ci illər üçün)»
ali sənəddə də vurğulanırdı ki, kiçik
və orta sahibkarlığın sürətlə
formalaşması Azərbaycan cəmiyyətinin iqtisadi, sosial
və siyasi problemlərinin həllinin vacib amillərindən
biridir. Azərbaycan Konstitusiyasına və «Sahibkarlıq fəaliyyəti
haqqında» Azərbaycan Respublikasının Qanununa və digər
qanunvericilik aktlarına uyğun hazırlanan yeni proqramın məqsədi
sahibkarlığın ardıcıl inkişafı, Azərbaycan
iqtisadiyyatında onun rolunun gücləndirilməsi və tədricən
dünya iqtisadiyyatına inteqrasiya olunması üçün
əlverişli mühitin formalaşdırılmasından ibarət
idi. Proqramın üstün sayılan mühüm istiqamətləri
isə aşağıdakılar idi: ölkənin insan
amilinin, təbii ehtiyatlarının və texniki
potensialının daxili bazarın formalaşmasında
iştirakının gücləndirilməsi;
sahibkarlığın iqtisadiyyatın səmərəli
strukturunu formalaşdırmaq amilinə çevrilməsi;
yaradıcılıq qabiliyyəti olan işsizlərin
sahibkarlıq fəaliyyətinə cəlb edilməsi
imkanlarını genişləndirməklə ölkədə
əhalinin işlə təmin olunması prosesinin gücləndirilməsi;
gənclərin sahibkarlıq fəaliyyətinə
ardıcıl cəlb olunması imkanlarının genişləndirilməsi;
sahibkarlığın etibarlı müdafiə sisteminin
yaradılması. Sahibkarlığın ardıcıl
inkişafını təmin etmək üçün proqrama əsasən,
bu sahədə hüquqi bazanın möhkəmləndirilməsi,
təşkilati şərtlərin, bazar infrastrukturunun təkmilləşdirilməsi,
səmərəli iqtisadi-maliyyə mexanizminin
yaradılması, işlək müdafiə sisteminin
formalaşdırılması əsas vəzifələr kimi
qarşıya qoyulurdu.
Beləliklə, yeni proqramda əsas vacib
məqamlar milli iqtisadiyyatda kiçik və orta
sahibkarlığın yerinin və rolunun müəyyən
edilməsi, bu sahədə qanunvericiliyin möhkəmlənməsi,
iş adamları üçün maliyyə-kredit sisteminin
formalaşması, biznesin elmi-metodiki bazasının
yaradılması üçün müvafiq zəmin
formalaşdırması idi. Proqramda müəyyən
edilmiş vəzifələrin uğurla yerinə yetirilməsi,
kiçik sahibkarlığın idarəolunma və maliyyə
mexanizminin müəyyən edilməsi, vergi sisteminin xeyli təkmilləşdirilməsi
və digər köklü tədbirlər
sahibkarlığın inkişafını daha da sürətləndirdi.
Bu inkişafı daha da sürətləndirmək məqsədilə
Heydər Əliyevin bilavasitə tapşırığı əsasında
1997-ci ildən başlayaraq vergi münasibətlərinin tənzimlənməsi
sahəsində vahid və təkmil qanunvericilik
bazasının yaradılması məqsədilə Vergi Məcəlləsinin
layihəsinin hazırlanmasına başlanıldı.
Sözügedən layihənin hazırlanması prosesində
onun ayrı-ayrı hissələri dövlət
başçısı yanında keçirilən
müşavirələrdə dəfələrlə
müzakirə edilərək, vergitutmanın sadələşdirilməsi,
onun bazasının genişləndirilməsi, vergi
yükünün azaldılması, vergi ödəyicilərinin
hüquqlarının genişləndirilməsi və s. barədə
ulu öndərin dəyərli tövsiyələri bu işin
uğurla başa çatdırılmasına zəmin
yaratdı. 1 yanvar 2001-ci il tarixdə "Azərbaycan
Respublikasının Vergi Məcəlləsi"nin qəbul
edilməsi ölkənin həyatında tarixi bir hadisə
olaraq, vergi sisteminin təkmilləşdirilməsi və onun
beynəlxalq standartlara uyğunlaşdırılması sahəsində
atılmış ən başlıca addım oldu.
Bundan öncə isə vergi münasibətlərini
tənzimləyən bir sıra qanunlar, məsələn,
"Mədən vergisi haqqında" (1995-ci il), "Əmlak
vergisi haqqında" (1995-ci il), "Müəssisələrin
və təşkilatların mənfəət vergisi
haqqında" (1996-cı il) qanunlar qəbul edilməsi,
qüvvədə olan "Əlavə dəyər vergisi
haqqında", "Fiziki şəxslərin gəlirlərindən
vergi haqqında" və s. qanunlarda əlavə və dəyişikliklər
edilməsi sahibkarlar sinfinin formalaşıb inkişaf etməsində
mühüm əhəmiyyət kəsb etdi. Ulu öndərin
sahibkarlara birbaşa qayğısı altında vergi dərəcələrinin
mütəmadi olaraq endirilməsi də özəl sektorun
ümumi iqtisadiyyatda çəkisinin artmasında özünəməxsus
rol oynadı. Xüsusən də müəssisə və təşkilatların
mənfəətindən vergi tutulmasının proqressiv
sistemindən proporsional sisteminə keçilməsi və bu
vergi növü üzrə vergi dərəcələrinin tədricən
35 faizdən 24 faizə endirilməsi, ƏDV-nin dərəcəsinin
28 faizdən 18 faizədək azaldılması, bir sıra
vergilərin ləğv edilməsi, sosial sığorta
ayırmalarının 40 faizdən 22 faizədək
aşağı salınması, eləcə də vergilərin
ümumi sayının 15-dən 9-dək azaldılması, kənd
təsərrüfatı məhsullarının istehsalı ilə
məşğul olan sahibkarların 2014-cü ilədək
torpaq vergisi istisna olmaqla, digər vergilərdən azad edilməsi
sahibkarların maddi gəlirlərinin artmasını təmin
etməklə yanaşı, onların fəaliyyətinin
stimullaşmasında da əsas təkanverici amillərdən
biri oldu.
Lakin qeyd edilənlərlə
yanaşı, hələ də bəzi sahələrdə
mövcud olan çatışmazlıqların tam aradan
qaldırılmaması və iqtisadiyyatın inkişafı
dövlət nəzarəti sahəsində həyata
keçirilən islahatların davamlı olmasını zəruri
edirdi. Ümumiyyətlə, dövlət nəzarəti
sisteminin təkmilləşdirilməsi, sahibkarlığın
inkişafı, yerli və xarici iş adamlarının fəaliyyətinə
əsassız müdaxilələrin qarşısının
alınması, korrupsiya, rüşvətxorluq və digər
vəzifədən sui-istifadə halları ilə mübarizənin
gücləndirilməsi kimi məsələlər daim ulu
öndər Heydər Əliyevin diqqət mərkəzində
olub. Bu məqsədlə ulu öndərin 1999-cu il yanvarın
7-də "Dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi
və sahibkarlığın inkişafı sahəsində
süni maneələrin aradan qaldırılması haqqında",
2002-ci il sentyabrın 28-də "Sahibkarlığın
inkişafına mane olan müdaxilələrin
qarşısının alınması haqqında" fərmanları
göstərilən istiqamətdə vacib rol oynadı.
Tarixi əhəmiyyət kəsb edən
bu fərmanlarda dövlət qurumları ilə sahibkarlıq
subyektləri arasında olan problemlər tam təsvir olunur və
onların aradan qaldırılmasının konkret istiqamətləri
müəyyənləşdirilirdi. Sonuncu fərmana əsasən,
Daxili İşlər Nazirliyinin İqtisadi Cinayətkarlıqla
Mübarizə İdarəsinin ləğv edilməsi və məhkəmənin
qərarı olmadan hüquq-mühafizə orqanlarının
sahibkarlıq fəaliyyətinə müdaxiləsinin
qadağan edilməsi isə sahibkarların müdafiəsi
istiqamətində vacib xarakter daşıyırdı.
Prezidentin tapşırığına əsasən, şəhər
və rayon icra hakimiyyətləri başçıları
öz səlahiyyətləri daxilində nəzarət və
yoxlama funksiyalarını həyata keçirən müxtəlif
qurumları 10 gün müddətində ləğv etdilər.
Ümummilli lider sahibkarların problemləri
ilə bilavasitə tanış olmaq üçün onlarla
mütəmadi görüşlər keçirilməsinə
və iş adamlarını hansı məsələlərin
narahat etməsini onların öz dilindən eşitməyə
də xüsusi diqqət yetirirdi. Sahibkarlara dövlət
qayğısının ən yüksək səviyyədə
bir daha təsdiqi olan bu görüşlər və onların
nəticəsi kimi 2002-ci ilin avqust-sentyabr aylarında
imzalanmış çox mühüm fərman və sərəncamlar
ölkədə sahibkarlığın inkişafında yeni mərhələnin
əsasını qoydu. 2002-ci il avqustun 17-də isə ölkə
Prezidentinin fərmanı ilə «Azərbaycan Respublikasında
kiçik və orta sahibkarlığın
inkişafının Dövlət Proqramı (2002-2005-ci illər)»
təsdiq olundu. Bu sənəd sahibkarlığın
inkişafı ilə bağlı əvvəlki proqramın
bir növ məntiqi davamı sayılırdı. «Azərbaycan
Respublikasında kiçik və orta sahibkarlığa Dövlət
Köməyi Proqramı (1997-2000-ci illər üçün)»
adlı sənədin uğurlu icrası nəticəsində
sahibkarlığın hüquqi bazası inkişaf
etdirilmiş, bu institutun tənzimlənməsi sahəsində
əhəmiyyətli irəliləyişlər olmuşdu.
Kiçik və orta sahibkarlığa (KOS) təhsil, informasiya
və məsləhət xidmətləri göstərən
strukturlar genişlənərək onların fəaliyyəti
xeyli güclənmişdi. Eyni zamanda KOS-lara maliyyə köməyi
mexanizmlərinin formalaşması, sahibkarlar üçün
vergi yükünün azaldılması, vergi sisteminin
stimullaşdırıcı rolunun gücləndirilməsi
istiqamətində zəruri addımlar
atılmışdı. Bununla yanaşı, sahibkarların
hüquqlarının və qanuni mənafelərinin
qorunması mexanizmlərinin formalaşması sahəsində
məqsədli tədbirlər görülmüşdü. Həmçinin
sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilələrin
qarşısını almaq və əsassız yoxlamaları
aradan qaldırmaq məqsədi ilə «Nəzarət
kitabçası»nın tətbiqinə başlanılmışdı.
KOS-ların regional infrastrukturlarının fəaliyyəti
genişlənmiş, sahibkarların ictimai və peşə
birliklərinin formalaşması istiqamətində əhəmiyyətli
nəticələr qazanılmış, onların
inkişafı sahəsində beynəlxalq, regional və xarici
dövlətlərin milli təşkilatları ilə əməkdaşlıq
əlaqələri genişlənmişdi.
ardı var...
Elşən BAYRAMOV
Mövqe.-2013.-1
fevral.-S.-10.