Regionlarda sahibkarların
investisiya təminatı gücləndirilir
LAYİHƏNİN
İSTİQAMƏTİ: “Regionların sosial-iqtisadi
inkişafının təşviq edilməsi”
Regionlarda da sahibkarlığın tərəqqisinə
yaradılan şərait bölgələrdə özəl
sektorun daha sürətli inkişafına təkan verməkdədir. Hazırad
bölgələrdə diqqət yetirilən ən önəmli
məqamlardan biri də sahibkarlara edilən maliyyə
yardımları, verilən güzəştli kreditlərdir.
Qeyd edək ki, sahibkarların investisiya təminatının
gücləndirilməsi sahəsində dövlət tərəfindən
son illərdə mühüm addımlar atılıb və
atılmaqdadır.
Bu sahədə Azərbaycan İnvestisiya Şirkəti də
mühüm rol oynayır. Azərbaycan Respublikası
Prezidentinin 2006-cı il 30 mart tarixli Sərəncamı ilə
iqtisadiyyatın qeyri-neft sahələrinin inkişafına, bu
sahələrdə mövcud müəssisələrin maddi və
texnoloji bazasının yeniləşdirilməsinə
investisiya qoyuluşunun təşviqi məqsədilə Azərbaycan
İnvestisiya Şirkəti yaradılıb. Hazırda
şirkət fəal şəkildə ölkə
iqtisadiyyatının qeyri-neft sektorunun inkişafı ilə
bağlı qarşıya qoyulmuş vəzifələrin
icrasını uğurla davam etdirir. Azərbaycan
İnvestisiya Şirkətinin birgə əməkdaşlığı
ilə aşağıdakılar reallaşdırılır:
investisiya şirkətlərinin və portfel investorların Azərbaycanda
həyata keçirilən layihələrin müştərək
maliyyələşdirilməsi; Azərbaycanda yeni
texnologiyaların tətbiqinə və investisiya
qoyuluşlarının həyata keçirilməsinə
qeyri-neft sektorunda fəaliyyət göstərən iri beynəlxalq
təşkilatların cəlb edilməsi; Azərbaycan şirkətlərinin
beynəlxalq kapital bazarlarında iştirakının təmin
edilməsi; Azərbaycan İnvestisiya Şirkətinin
istiqrazlarının, o cümlədən aktivlərlə təmin
edilmiş istiqrazlarının əldə olunmasına
marağı olan potensial investorların maliyyəsinin cəlb
edilməsi; İri maliyyə təşkilatlarının
iştirakı ilə birgə investisiya fondlarının
yaradılması.
Sahibkarların işgüzar əlaqələrinin
inkişafı və ixrac imkanlarının dəstəklənməsi
sahəsində də dövlət tərəfindən əməli
işlər görülür. Hələ 2003-cü
ildə ölkənin ixrac qabiliyyətinin
artırılması və xarici investisiyaların cəlb edilməsi
kimi öncül məqsədlərin
reallaşdırılması məqsədilə Azərbaycanda
İxracın və İnvestisiyaların Təşviqi Fondu
(AZPROMO) təsis edilib. Fond ölkə
sahibkarlarının ixrac potensialının
artırılmasında, investisiya imkanlarının genişləndirilməsində,
potensial tərəfdaşların tapılmasında və birgə
əməkdaşlıq layihələrinin həyata
keçirilməsində sahibkarlara yaxından dəstək
verir.
İqtisadi İnkişaf Nazirliyi və AZPROMO tərəfindən
bu istiqamətdə həm ölkənin daxilində, həm də
xaricdə mühüm iqtisadi tədbirlər, o cümlədən
biznes forumlar, sərgilər, seminar və konfranslar
keçirilir.
Bu tədbirlərin keçirilməsi istər
ölkənin biznes mühitinin və iqtisadi
potensialının təbliği, istərsə də yerli
sahibkarların işgüzar əlaqələrinin
inkişafı baxımından əhəmiyyətlidir. Xüsusilə xarici ölkələrdə təşkil
edilən tədbirlər, eyni zamanda ölkə
iqtisadiyyatının prioritet inkişaf istiqamətləri
üzrə investisiya qoyuluşlarının həcminin
artımında öz müsbət nəticələrini
göstərməkdədir. Ölkəmizdə
keçirilən biznes forumlar yerli iş adamlarının
tanıdılması, məhsulların xarici bazarlara
çıxarılması, işgüzar müqavilələrin
imzalanması onların xarici işgüzar əlaqələrinin
inkişafı baxımından əhəmiyyətli rol
oynamaqdadır.
Ümumiyyətlə
isə, Azərbaycanda İxracın və
İnvestisiyaların Təşviqi Fondunun bu və ya digər
məsələlər üzrə əsas fəaliyyət
istiqamətləri aşağıdakılardan ibarətdir:
ölkənin investisiya imicinin formalaşdırılması;
yerli və xarici investorlara müxtəlif xidmətlər
göstərilməsi; investorların cəlb edilməsi və
onlarla danışıqların aparılması; investisiyalar və
ixrac imkanları üzrə məlumat bazasının
yaradılması; Azərbaycan biznesi üçün regional
ticarət (ixrac) imkanlarının araşdırılması;
ixraca yönəlmiş şirkətlər üçün məsləhət
xidmətləri və bazar araşdırmaları; "Azərbaycanda
istehsal olunub" ("Made in Azerbaican") ticarət
nişanının beynəlxalq səviyyədə təbliği.
Sahibkarlığın məsləhət, informasiya təminatının
gücləndirilməsi və işgüzar əlaqələrinin
inkişafı istiqamətində sahibkarların təşəbbüskarlığı
və hüquqi biliklərinin artırılmasına, yeni
iqtisadi şəraitdə müasir təcrübənin mənimsənilməsi
və artırılmasına istiqamətlənmiş kompleks tədbirlərin
reallaşdırılması da sahibkarlıq sektorunun
inkişafının mühüm istiqamətlərindəndir. Bununla əlaqədar,
sahibkarların təcrübə keçmə,
ixtisasartırma tələblərinin ödənilməsi və
yenidən hazırlanması, onların maarifləndirilməsi,
hüquqi və iqtisadi biliklərinin artırılması sahəsində
işlərin təşkilini və tənzimlənməsini həyata
keçirilməsi məqsədilə 2007-ci ilin avqustunda
Bakı Biznes Tədris Mərkəzi (BBTM) yaradılıb.
Mərkəzin fəaliyyətinin təkmilləşdirilməsi
və regionlarda genişləndirilməsi məqsədi ilə
6 rayonda (Gəncə, Qazax, Yevlax, Göyçay, Lənkəran,
Şəki) mərkəzin nümayəndəlikləri
mövcuddur. Bakı Biznes Tədris Mərkəzinin əsas
fəaliyyət istiqamətləri aşağıdakı
strateji məqsədlərdə formalaşdırılıb:
Bakı şəhərində və regionlarda sahibkarlıq fəaliyyəti
ilə məşğul olan hüquqi və fiziki şəxslərin,
sahibkarlıq fəaliyyətinə yeni başlamaq istəyənlərin
maarifləndirilməsi, onlara zəruri nəzəri biliklərin
və beynəlxalq təcrübənin, vərdişlərin və
bacarıqların aşılanması istiqamətində
sistemli, planauyğun və davamlı fəaliyyətin təşkili
və həyata keçirilməsi; sahibkarlıq subyektlərinə
tədris-metodiki, innovasiya və məsləhət xidmətlərinin
göstərilməsi.
Sahibkarlığın
inkişafında kifayət qədər vacib rol oynayan
qanunverici sənədlərdən biri də Prezident İlham Əliyevin
30 aprel 2007-ci il tarixdə
imzaladığı «Azərbaycan Respublikasında
sahibkarlığın inkişafı ilə bağlı bəzi
tədbirlər haqqında» fərmanıdır.
Sahibkarlığa mane olan süni maneələrin aradan
qaldırılması istiqamətindəki addımların
ardıcıl və davamlı səciyyə
daşımasını özündə ehtiva edən bu fərmanın
verilməsi o dövrə qədər çoxpilləli biznesə
başlamaq sahəsində mövcud problemlərin həlli,
eyni zamanda süründürməçilik hallarının,
bürokratik əngəllərin aradan qaldırılması
sahəsində, sözün əsl mənasında, inqilabi dəyişikliklərə
yol açıb. Bu məqsədlə fərmanda vahid
kodlaşdırmanın aparılması, biznes
strukturlarının "bir pəncərə" - vahid
qeydiyyat orqanı tərəfindən qeydə alınması məsələləri
əksini tapıb, həmçinin biznes strukturlarının fəaliyyəti
üçün torpaq ayırmalarının, tikinti, yenidənqurma
və bərpa işlərinə icazə verilməsi
prosedurlarının sadələşdirilməsi, tikintinin
ekspertizadan keçirilməsi sahəsindəki bürokratik əngəllərin
aradan qaldırılmasına geniş imkanlar
açılması kimi məsələlər ehtiva olunub.
Elektron hökumətin əsas elementlərindən olan
"bir pəncərə" sistemi məlumatların bir mərkəzdə
cəmləşdirilməsini, vergi qeydiyyatı da daxil olmaqla,
bütün inzibati qeydiyyatların tamamilə
sinxronlaşdırılmasını nəzərdə tutur. İş
adamlarının mərkəzi sistemlə avtomatik, onlayn və
davamlı əlaqəsi yaranır. Faktiki
olaraq, bu, lisenziyaların mərkəzləşdirilmiş
qaydada və elektron şəkildə təqdim edilməsi deməkdir.
Bu zaman qeydiyyat prosedurlarının sayı
azalır və vaxt itkisinin qarşısı alınır.
Qeydiyyatın «bir pəncərə» prinsipi
üzrə aparılması sahibkarlıq sektoruna
marağın güclənməsinə və biznesin
inkişafına böyük dəstəkdir. Digər tərəfdən, "bir pəncərə"
sisteminin tətbiqi investisiya mühitinin daha da
yaxşılaşdırılmasına, sahibkarların dövlət
qurumlarından asılılığının azalmasına,
uzunmüddətli qeydiyyat prosedurlarının ləğv
olunmasına və sadələşdirilməsinə təkan
verən mühüm amillərdən biridir.
Bu sistemin tətbiqinə qədər hökumət
lisenziya verən qurumların sayının azaldılması ilə
əlaqədar tədbirlər görsə də, qeydiyyat məsələsində
problemlər qalırdı. Sahibkarlar fəaliyyətə
başlamaq üçün 15 prosedur üzrə sənəd
toplamalı, həmin sənədləri əldə etmək
üçün vergilər, kənd təsərrüfatı,
əmək və əhalinin sosial müdafiəsi nazirliklərindən,
Dövlət Statistika Komitəsindən, Sosial Müdafiə
Fondundan və digər dövlət qurumlarından keçməli
idilər. Bu isə ən azı 150 gün vaxt
aparırdı. Hətta işə başlamaq
üçün sahibkarlar 1 il gözləməyə
məcbur idilər. "Bir pəncərə"
sisteminin tətbiqindən sonra biznesini qeydiyyatdan keçirmək
istəyən sahibkar, əvvəllər olduğu kimi, 72 deyil,
3 gün gözləyir və tələb olunan prosedurların
sayı 15-dən 5-ə qədər azaldılır. Sahibkarlar sənədlərini yalnız bir dövlət
orqanına - Vergilər Nazirliyinə təqdim etməklə
qeydiyyatdan keçə bilirlər.
Bu sistemin tətbiqindən sonra Azərbaycanın
investisiya cəlbediciliyi əhəmiyyətli dərəcədə
yüksəlib, sahibkarlığın inkişafı və
biznes mühitinin təkmilləşdirilməsi istiqamətində
aparılan islahatlar beynəlxalq təşkilatlar tərəfindən
də yüksək qiymətləndirilib. Belə ki, 2008-ci ildə
Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən
hazırlanan və biznes mühitinin əlverişliliyi üzrə
qiymətləndirməni özündə əks etdirən
nüfuzlu «Doing Business» hesabatında Azərbaycan biznes
mühitinin təkmilləşdirilməsi sahəsində
«islahatçı ölkə» elan edilib.
Sahibkarlıq
fəaliyyəti subyektlərinin qeydiyyatının "bir pəncərə"
prinsipi üzrə təşkili nəticəsində
qeydiyyatdan keçmiş hüquqi və fiziki şəxslərin
sayı əhəmiyyətli dərəcədə artıb,
2009-cu il yanvarın 1-dən gömrükdə
də bu sistemin tətbiqinə başlanılıb. Digər iqtisadi sahələrdə də analoji
sistemin tətbiqi prioritet təşkil edir. Bununla
yanaşı, Prezident İlham Əliyevin
"Sahibkarlığa dövlət maliyyə dəstəyinin
göstərilməsi sahəsində əlavə tədbirlər
haqqında", "Azərbaycan Respublikası
Sahibkarlığa Kömək Milli Fondunun vəsaitinin istifadəsi
qaydalarının təkmilləşdirilməsi
haqqında", "Hüquqi şəxslərin dövlət
qeydiyyatı və dövlət reyestri haqqında", "Azərbaycan
Respublikasında azad iqtisadi zonaların yaradılması haqqında",
"Azərbaycan Respublikasında sahibkarlığın
inkişafı ilə bağlı bəzi tədbirlər
haqqında", eləcə də digər fərman və sərəncamları,
ayrı-ayrı dövlət proqramları da
sahibkarlığın inkişafına təkan verərək
qeyri-neft sektorunun inkişafını stimullaşdırıb.
(ardı var)
Elşən BAYRAMOV
Mövqe.-2013.-5 fevral.-S.-10.