Regionlarda iri fermer təsərrüfatlarının
yaradılmasının yeni mərhələsi başlanır
LAYİHƏNİN İSTİQAMƏTİ:
“Regionların sosial-iqtisadi inkişafının təşviq
edilməsi”
Azərbaycan
regionlarında hazırda fermer təsərrüfatlarının
sürətli inkişafı bu sahibkarlıq subyektlərinin
ölkə iqtisadiyyatında xüsusi çəkisinin daha da
artacağını göstərir. Fəaliyyət növlərinin
inteqrasiyası istifadə olunan ərazilərdə daha
qabarıq şəkildə özünü büruzə
verir. Belə ki, bu ərazilərdə fermer əməyi
qeyri-kənd təsərrüfatı əməyi ilə daha
tez-tez kəsişir, bir-birini tamamlayır.
Bu
tamamlama maliyyə baxımından da baş verir. Başqa
sözlə intensiv istifadə olunan ərazilərdə kənd
təsərrüfatı məhsulu istehsalının
proqramlaşdırılması kompleks yanaşmanın tərkib
hissələri kimi həyata keçirilir və bir sahədə
qazanılan vəsait az-çox müddətə başqa sahəni
maliyyələşdirə bilir.
Ölkəmizdə
bu fəaliyyət növləri arasında maliyyə və digər
resursların axınının əsas istiqamətləri daha
dərindən təhlil edilərək qiymətləndirilir.
Torpaq islahatından sonra formalaşması sürətlənmiş
yeni təsərrüfatçılıq qurumları torpaqdan səmərəli
istifadə məsələlərinin öhdəsindən
ayrı-ayrılıqda və dövlətin himayəsi olmadan
gəlmək təsərrüfatların maliyyə vəsaitlərinin
məhdudluğu, idarəetmədə təcrübəsizlik,
qarşılıqlı təsərrüfatlararası əlaqələrin
zəifliyini göstərmək olar. Bunu nəzərə alan
dövlət artıq regionlarda iri fermer təsərrüfatlarını
yaradılması istiqamətində konkret addımlar atır.
Ümumiyyətlə, ölkəmizdə həyata keçirilən
torpaq islahatı ilə əlaqədar görülən tədbirlər,
torpaq-mülkiyyət münasibətlərində baş verən
köklü dəyişikliklər aqrar bölmədə
sosial-iqtisadi şəraitlə yanaşı hüquqi və
psixoloji mühitin də dəyişməsinə təkan
verib.
Bununla
yanaşı, Azərbaycanda özəl bölmənin
inkişafında, sahibkarlığa dövlət maliyyə dəstəyinin
gücləndirilməsində Sahibkarlığa Kömək
Milli Fondunun işinin səmərəli təşkili
xüsusilə əhəmiyyətlidir. Sahibkarlığın,
xüsusilə kiçik sahibkarlığın
inkişafına və əhalinin işgüzarlıq fəaliyyətinin
artırılmasına maliyyə dəstəyinin verilməsi məqsədilə
İqtisadi İnkişaf Nazirliyinin nəzdində
Sahibkarlığa Kömək Milli Fondu yaradılıb. Azərbaycan
Respublikasının Prezidenti Sahibkarlığa Kömək
Milli Fondunun fəaliyyətinin təkmilləşdirilməsinə
və genişləndirilməsinə xüsusi önəm
verir və bu diqqətin nəticəsidir ki, son illərdə
fondun işini tənzimləyən normativ-hüquqi aktlara edilən
dəyişikliklər nəticəsində onun təkmil fəaliyyət
mexanizmi formalaşdırılmış və dövlət
büdcəsindən güzəştli kreditlərin verilməsinə
ayrılan vəsaitlərin həcmi
artırılmışdır.
Sahibkarlığa
Kömək Milli Fondunun fəaliyyətinin Azərbaycan
iqtisadiyyatının inkişafının prioritetləri və
mərhələlər üzrə həlli tələb olunan
vəzifələrlə uzlaşdırılması,
sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi
və bu fəaliyyətin genişləndirilməsinin təmin
edilməsi məqsədilə Azərbaycan Respublikası
Prezidentinin müvafiq fərmanları ilə 2002-ci, 2004-cü,
2005-ci, 2006-cı və 2009-cu illərdə onun statusu və vəsaitlərinin
istifadə edilməsi qaydaları təkmilləşdirilib,
güzəştli kredit vəsaitlərinin daha məqsədəuyğun
yerləşdirilməsinə və sahibkarlıq subyektlərinin
bu kreditlərdən səmərəli istifadə etməsinə
əlverişli şərait yaradılıb.
Sahibkarlığa
Kömək Milli Fondunun fəaliyyəti Azərbaycan
Respublikası Prezidentinin 2009-cu il 7 oktyabr tarixli fərmanı
ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının
Sahibkarlığa Kömək Milli Fondu haqqında Əsasnamə"yə
və "Azərbaycan Respublikası Sahibkarlığa Kömək
Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları"na
müvafiq olaraq həyata keçirilir. Ümumiyyətlə,
Sahibkarlığa Kömək Milli Fondunun əsas vəzifələri
aşağıdakılardan ibarətdir: Azərbaycan
Respublikasının sosial-iqtisadi inkişafının prioritet
istiqamətləri üzrə sahibkarlıq subyektlərinin
investisiya layihələrini qanunvericiliyə uyğun maliyyələşdirmək;
maliyyə bazarlarından ehtiyatlarının cəlb olunması
üçün tədbirlər görmək, və uyğun
kredit mənbələrini formalaşdırmaq; sahibkarlıq
subyektlərinin maliyyələşdirilməsi
üçün verilmiş vəsaitlərin səmərəli
və təyinatı üzrə istifadəsinə nəzarət
etmək və bu məqsədlə monitorinqlərin
keçirilməsi qaydalarını müəyyənləşdirmək;
maliyyələşdiriləcək investisiya layihələrinin
ekspertizasını həyata keçirmək,
sahibkarlığın inkişafına yönəldilmiş
dövlət proqramlarından irəli gələn investisiya
layihələrinin maliyyələşdirilməsinə
üstünlük vermək; güzəştli kreditlərin
alınması üçün investisiya layihələrinin tərtib
olunmasına dair minimal tələbləri və investisiya layihələrinin
qiymətləndirilmə meyarlarını müəyyən
etmək; sahibkarlıq subyektlərinə zəruri olan
hüquqi, iqtisadi və digər məlumatların
toplanmasına və yayılmasına, bazar konyunkturunun öyrənilməsinə,
sahibkarlıq fəaliyyəti ilə bağlı
proqramların və investisiya layihələrinin işlənib
hazırlanmasına kömək etmək; sahibkarlıq subyektləri
üçün kadrların hazırlanmasına və
onların ixtisaslarının artırılmasına dəstək
vermək; sahibkarlıq subyektlərinin xarici iqtisadi fəaliyyətinin
genişləndirilməsinə yardım etmək; ölkədə
sahibkarlığın bazar infrastrukturlarının
formalaşmasına və inkişafına kömək göstərmək;
sahibkarlıq subyektləri üçün zəruri
elmi-texniki biliklərin və yeniliklərin təbliğinə
kömək etmək.
Hesablamalar
göstərir ki, Sahibkarlığa Kömək Milli Fondunun xətti
ilə 2004-2012-ci illərdə təxminən 1 milyard manat həcmində
güzəştli kreditlər verilib. Bu kreditlərin verilməsi
özəl sektorun inkişafına çox böyük təkan
verib. Kreditlərin 80 faizi regionların payına
düşüb. Sahibkarlığın inkişafına
sistemli və ardıcıl dövlət dəstəyinin daha
bir nümunəsi kimi yaradılmış «elektron ticarət»
portalını göstərmək olar. Portal Azərbaycanın
ilk elektron ticarət portalı olaraq «B2B» (business to business)
modeli əsasında qurulub. Məqsəd yerli biznes nümayəndələri,
onların istehsal etdikləri məhsullar və göstərdiyi
xidmətlər barədə informasiyaların potensial
alıcılara çatdırmaq yolu ilə biznes əlaqələrin
qurulmasını dəstəkləməkdən, bazarlara sərbəst
çıxışı təmin etməkdən ibarətdir.
Dünyanın
aparıcı ölkələrində sahibkarlığın
inkişafının müxtəlif təşkilati-iqtisadi
modelləri tətbiq edilir. Belə modellərdən biri də
xüsusi iqtisadi zonalardır (XİZ).
XİZ-in
yaradılmasında məqsəd ölkə iqtisadiyyatının
prioritet sahələrinin inkişafının sürətləndirilməsi,
yerli və xarici investisiyaların cəlb edilməsinə daha əlverişli
şəraitin yaradılması, yüksək texnoloji sahələrin
inkişafının, rəqabətqabiliyyətli, səmərəli
istehsal və xidmət sahələrinin təşkilinin dəstəklənməsidir.
Azərbaycanda da sahibkarlığın inkişafının
yeni təşkilati-iqtisadi modellərinin - xüsusi iqtisadi
zonaların, sənaye şəhərciyinin və biznes
inkubatorların tətbiqi sahəsində müvafiq işlər
aparılır. Yerli və xarici investisiyaların ölkə
iqtisadiyyatının inkişafına cəlb edilməsi,
investisiya mühitinin daha da
yaxşılaşdırılıması, yeni rəqabətqabiliyyətli
və səmərəli istehsal və xidmət sahələrinin
təşkilinin dəstəklənməsi məqsədilə
Azərbaycanda xüsusi iqtisadi zonaların yaradılması sahəsində
mühüm işlər görülüb. Ən yaxşı
beynəlxalq təcrübə öyrənilib, təhlillər
aparılıb və onun ölkəmizdə tətbiqi
üçün ilk olaraq normativ hüquqi bazanın
formalaşdırılması istiqamətində zəruri tədbirlər
həyata keçirilib. "Xüsusi iqtisadi zonalar
haqqında" Azərbaycan respublikasının 2009-cu il 14
aprel tarixli Qanunu qüvvəyə minib və bu qanunun tətbiqi
ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən
2009-cu il 3 iyun tarixli Fərman imzalanıb.
Sahibkarlığın inkişafı istiqamətində həyata
keçirilən əhəmiyyətli tədbirlərdən
biri də sahibkarlığın inkişafının yeni təşkilati-iqtisadi
modelinin - sənaye şəhərciklərinin
yaradılması sahəsində də ölkəmizdə əməli
addımlar atılır. Belə zonaların regionlarda
formalaşdırılması da xüsusi diqqət mərkəzindədir
Görülən
bu işlərin nəticəsidir ki, ölkəmizdə
ÜDM-də özəl sektorun payı 80 faizdən
çoxdur. Regionlarda da sahibkarlıq fəaliyyəti ilə məşğul
olan hüquqi və fiziki şəxslərin sayı illər
üzrə əhəmiyyətli dərəcədə
artıb və artmaqdadır. Qeyd edilənlər aydın
formada nümayiş etdirir ki, Prezident İlham Əliyevin rəhbərliyi
altında sahibkarlığa dövlət köməyi, onun və
məşğulluğun dövlət tərəfindən tənzimlənməsi,
müasir sahibkarlığın formalaşması və
inkişafı, məşğulluğun səviyyəsinin
yüksəldilməsi üçün dövlət tərəfindən
əlverişli iqtisadi, sosial, təşkilati, hüquqi və
siyasi mühitin yaradılması istiqamətində kifayət
qədər rasional və praqmatik bir siyasət həyata
keçirilib və keçirilməkdədir.
İqtisadiyyatın
bütün sahələrində dövlət öz
imkanları hesabına müasir sahibkarlıq subyektlərinin
formalaşmasına geniş imkan yaradıb, onların öz
potensiallarından səmərəli istifadə etmələri
üçün əlverişli mühit
formalaşdırıb. Elmin son nailiyyətlərinə, texnika
və texnologiyanın fasiləsiz yeniləşməsinə,
innovasiya menecmentinin və marketinqinin tətbiqinə, sahibkarların
innovasiya və risk qabiliyyətlərinin tam
reallaşdırılmasına, mülkiyyətin dövlətsizləşdirilməsinə,
əsl iqtisadi yarış imkanlarını verən mühitin
formalaşdırılması istiqamətində mühüm
addımlar atılıb. İstehsal sferasında sahibkarlıq
strukturlarının yaradılmasının məqəsədəuyğun
istiqamətləndirilməsi və
stimullaşdırılması vasitəsilə innovasiyaya əsaslanan
yüksək keyfiyyətli əmtəələrin və xidmətlərin
təklifinin sabit artımına yenə dövlət tərəfindən
müvafiq şərait yaradılıb.
Elşən BAYRAMOV
Mövqe.-2013.-6 fevral.-S.-10.