Regionlarda uğurlu investisiya siyasəti möhtəşəm nəticələrə yol açır

 

LAYİHƏNİN İSTİQAMƏTİ: “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi”

 

Maliyyə imkanları getdikcə yüksələn Azərbaycan bu gün dünya miqyasında həm də investor dövlət statusu qazanmaqdadır. Hazırda ölkə daxilində yatırılan sərmayələrin ən böyük hissəsi məhz Azərbaycana məxsusdur. Qeyd edilən hal ölkə regionlarında da özünü qabarıq büruzə verir. Məhz dövlətin sərmayə siyasəti nəticəsində regionlarda da çoxsaylı istehsal müəssisələri yaradılıb, bölgələrdə əhalinin məşğulluq səviyyəsi daha da yüksəlib.

Ümumiyyətlə, investisiya fəaliyyətinin formalaşmasına təsir edən ən vacib amillərdən biri də dövlətin investisiya siyasətidir. Hər bir sahədə olduğu kimi investisiya fəaliyyəti ilə bağlı həyata keçirilən dövlət tədbirləri də dövlətin investisiya siyasəti kimi xarakterizə olunur. Dövlətin investisiya siyasəti başlıca olaraq məhz investisiya mühitinin əlverişli hala gətirib çıxarılmasından ibarətdir. Bunun təmin olunması isə hər bir dövlətdə yeridilən iqtisadi siyasət əsasında müəyyən edilir.

Qanunvericiliyə əsasən Azərbaycan Respublikasında investisiya fəaliyyətinin dövlət tənzimlənməsində başlıca məqsəd vahid iqtisadi, elmi-texniki və sosial siyasətin yeridilməsindən ibarətdir. Bunun təmin olunması üçün bütün mənbələrdən, o cümlədən ölkənin sosial-iqtisadi inkişaf proqramında nəzərdə tutulmuş həcmdə Respublika və yerli büdcələr hesabına maliyyələşən investisiya qoyuluşları həyata keçirilir. Digər tərəfdən isə investisiya fəaliyyətinin dövlət tənzimlənməsi dövlət tərəfindən müəyyən edilən konkret şərtlər...

Dünya təcrübəsi göstərir ki, ölkənin sosial-iqtisadi inkişafının yalnız bir amil üzərində qurulması və iqtisadiyyatın yalnız bir amildən asılılığı məqsədəuyğun hal deyildir və böhran təhlükəsi yaradır. Bu baxımdan təbii ki, Azərbaycanda da, neft ehtiyatları ilə olduqca zəngin olmasına baxmayaraq, bu prinsip həyata keçirilir. Və iqtisadiyyatımızın neft amilindən asılılığının azaldılması və qeyri neft sektorunun inkişafı istiqamətində ildən ilə fəal, məqsədyönlü işlər aparılır. Cənab Prezident İlham Əliyevin çıxışlarının əksəriyyətində: "Qara qızılı insan qızılına çevirməliyik” fikrini vurğulaması artıq bu istiqamətin dövlət başçısı tərəfindən əsas strateji məqsəd olaraq seçilməsindən xəbər verir. Bu siyasətin bünövrəsi hələ vaxtilə Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuşdu. Belə ki, "Əsrin müqaviləsi” imzalandıqdan sonra neftdən gələn gəlirlərin ildən-ilə artdığını və gələcəkdə də daha çox artacağını görən müdrik siyasətçi Heydər Əliyev neft gəlirlərinin toplanmasının və səmərəli istifadə olunmasının mükəmməl, unikal mexanizmini yaratdı. Bu məqsədlə o, Dövlət Neft Fondunun təsis edilməsi haqqında fərman imzaladı. Bu neftdən gələn gəlirlərin qeyri-neft sektorunun inkişafına yönəldilməsi demək idi. Hazırda möhtərəm prezidentimiz İlham Əliyev də bu siyasəti uğurla davam etdirir. İldən ilə ÜDM istehsalında qeyri-neft sektorunun payı, eləcə də qeyri-neft sektoruna ayrılan investisiyaların həcmi artır. Hazırda bu sahələrin inkişafına qoyulan investisiyalar daha çox dövlət investisiyaları şəklində həyata keçirilsə də gələcəkdə yerli və xarici investorların da qeyri-neft sektoruna marağının kifayət qədər artacağı gözlənilir. Elə regionlar yatırılan sərmayələr və onların nəticələri bunu aydın formada nümayiş etdirir.

Kənd təsərrüfatı sahələrinə qoyulan sərmayələr artıq ötən illərlə müqayisədə daha çox məhsul istehsalına imkan verir. Hər şeydən əvvəl bu sahənin inkişafının Azərbaycanda çox qədim ənənələri vardır. Daha sonra yerli xammal bazası, əlverişli iqlim şəraiti, ekoloji cəhətdən təmiz məhsul istehsalı, yerli mütəxəssislərin böyük təcrübəyə malik olması, kənd təsərrüfatı məhsullarının istehsalı 2009-cu ilədək bütün rüsumlardan azad olması (torpaq vergisi istisna olmaqla) və s. amillər gələcəkdə arıçılığın ölkə iqtisadiyyatının inkişafında əhəmiyyətli rol oynayacağına dəlalət edir.

Bütün bunlar onu göstərir ki, iqtisadi sahədə keçid dövrünü uğurla başa vurduqdan sonra Azərbaycan həm də yeni şəraitə uyğun olaraq iqtisadiyyatının daha güclü hala gəlməsini təmin edir, qarşıya qoyulan əsas hədəf kimi inkişaf etmiş ölkələr sırasına daxil olmaq istiqamətində sürətlə irəliləyir. Ölkə iqtisadiyyatının artım səviyyəsinin daha böyük sürətlə, yüksələn xətt üzrə inkişafında önəmli rol oynayan məqamlardan biri də ölkəmizin bir çox əsas xarici ticarət tərəfdaşlarının qlobal maliyyə böhranının fəsadlarını tədricən aradan qaldırması fonunda onlarla aparılan və iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən əməliyyatların həcminin çoxalmasıdır. Belə vəziyyət Azərbaycanın beynəlxalq miqyasda mövqelərinin daha da güclənməsinə xidmət etməklə yanaşı, onun iqtisadi artım tempinə görə yenə dünyada lider mövqelərdən birinin sahibi kimi çıxış edəcəyini deməyə əsas verir.

Bu gün Azərbaycan iqtisadi cəhətdən özünü təmin edən ölkələrdən biridir və ərazi bütövlüyünün pozulmasına, təcavüzə məruz qalmasına, 1 milyondan artıq qaçqın və məcburi köçkünün olmasına baxmayaraq hər hansı xarici yardıma ehtiyac duymur. Əksinə, ölkəmiz tədricən donor dövlətə, beynəlxalq miqyasda aparıcı investorlardan birinə çevrilməkdədir. Eləcə də ölkədə yaradılan əlverişli investisiya mühiti xarici sərmayədarların Azərbaycana böyük maraq göstərməsini şərtləndirən əsas amillərdən biri olaraq qalmaqda davam edir. Hətta Azərbaycan investisiya cəlbi baxımından dünya miqyasında nümunəvi bir dövlət rolunu da oynamaqdadır.

Aparılan araşdırmalar göstərir ki, ölkə iqtisadiyyatına qoyulan investisiyaların strukturu rəngarəng olub. Son illərdə daxili investisiyalar xarici sərmayələri üstələyir. Bu isə onu göstərir ki, həm dövlət tərəfindən, həm özəl sektor tərəfindən ölkə iqtisadiyyatına böyük məbləğdə investisiyalar qoyulur. Daha bir mühüm hal ondan ibarətdir ki, qeyri-neft sektoruna qoyulan investisiyalar neft sektoru ilə müqayisədə daha artıqdır.

Bu gün beynəlxalq miqyasda da açıq etiraf olunur ki, Azərbaycanda kifayət qədər əlverişli investisiya mühiti mövcuddur. Hələ 1995-ci ildə Respublikamızda investisiya mühitinin daha da yaxşılaşdırılması məqsədilə «İnvestisiya Fəaliyyəti haqqında» Azərbaycan Respublikasının qanunu imzalanaraq qüvvəyə mindi. Məhz bu qanunla Azərbaycan ərazisində investisiya fəaliyyətinin ümumi sosial, iqtisadihüquqi şərtləri müəyyənləşdirildi, mülkiyyət formasından asılı olmayaraq bütün investorların hüquqlarının bərabər müdafiəsinə təminat verildi. İqtisadiyyata investisiyaların cəlb olunması məqsədilə hökumət tərəfindən həyata keçirilən «açıq qapı» siyasəti isə xarici sərmayələrin, müasir texnologiyaların, dünya idarəetmə təcrübəsinin ölkə iqtisadiyyatına cəlb edilməsində indimühüm rol oynayır. Xarici investorların Azərbaycana gəlişini stimullaşdırmaq məqsədilə onlara qanunvericilikdə nəzərdə tutulanlarla yanaşı, əlavə hüquqi təminatlar da verilir. Belə hüquqi təminatlara misal olaraq aşağıdakıları göstərmək mümkündür: qanunvericiliyin pisləşməsinə qarşı. İnvestisiyalar həyata keçirilən zaman mövcud olan qanun 10 il ərzində qüvvədə olacaq; investisiyaların milliləşməsinə (millətin və dövlətin maraqlarına zidd olan hallar istisna olmaqla) və rekvizisiyasına (təbii fəlakətlər, epidemiyalar və fövqəladə hallar istisna olmaqla) qarşı. Milliləşmə ya rekvizisiya həyata keçirilsə, zərərçəkmiş xarici investorlar təcili və adekvat kompensasiya ilə təmin olunurlar: dövlət orqanları tərəfindən keçirilmiş qeyri-qanuni tədbirlər nəticəsində zərərçəkmiş xarici investorlara kompensasiya ödənilir; vergilərin ödənilməsindən sonra əldə olunan gəlirin azad repatriasiyası.

Azərbaycan Prezidentinin «İnvestisiya fəaliyyətinin genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında» 2006-cı il 30 mart tarixli sərəncamına əsasən yaradılan «Azərbaycanın investisiya şirkəti» ASC həm dövlətin, həm də özəl müəssisələrin payçısı kimi çıxış elərək ölkənin investisiya fəaliyyətinin genişlənməsində mühüm rol oynayır. Şirkətin fəaliyyətinin prioritet istiqamətlərindən biri, Azərbaycan müəssisələrinin ixracyönümlü və idxalın əvəzləşdirilməsinə yönəlmiş layihələrində iştirak və həmin layihələrə yerli və ya xarici investorların cəlb edilməsidir.

Hazırda Azərbaycanın malik olduğu iqtisadi potensial bu sahədə imkanların təkcə ölkə daxilində yox, həm də xaricdə uğurla reallaşdırılması istiqamətində müvafiq işlər görülməsinə zəmin yaradır. Bunun nəticəsidir ki, ölkəmizin sərhədlərindən kənarda Azərbaycana məxsus investisiyaların həcmi artmaqda, müxtəlif xarici dövlətlərdə yenə də əsas etibarı ilə Azərbaycan kapitalı əsasında fəaliyyət göstərən iqtisadi obyektlərin sayı çoxalmaqdadır. Qarşıdakı dövr ərzində ölkəmizin investisiya qüdrətinin artacağı isə ən nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən də etiraf edilir. Məsələn, Dünya Bankının proqnozlarına görə, ortamüddətli perspektivdə Azərbaycan xalis xarici investora çevriləcək. Buna şərait yaradan əsas amillərdən biri ölkəmizin həm böyük valyuta ehtiyatlarına malik olması, həm də xarici investisiyaların yatırımına daha böyük diqqət yetirməsidir.

Azərbaycanın müasir investisiya siyasətinin əsas xüsusiyyəti isə Azərbaycan iqtisadiyyatının neftdən asılılığının tamamilə azaldılması və neftdən gələn gəlirlərin qeyri-neft sektoruna investisiya şəklində yönəldilməsi yolu ilə bu sektorun yüksək inkişafına nail olmaqla müəyyən olunur. İldən-ilə ÜDM istehsalında qeyri-neft sektorunun payı, eləcə də qeyri-neft sektoruna ayrılan investisiyaların həcmi artır. Bu hal regionlarda özünü daha qabarıq göstərir.

 

 

Elşən BAYRAMOV

 

Mövqe.-2013.-9 fevral.-S.10.