Ərzaq təhlükəsizliyinin təminatında
regionlar daha böyük rol oynamağa başlayırlar
LAYİHƏNİN İSTİQAMƏTİ:
“Regionların sosial-iqtisadi inkişafının təşviq
edilməsi”
Müstəqil
dövlət olaraq Azərbaycanın davamlı
inkişafını şərtləndirən əsas amillərdən
biri də ölkədə ərzaq təhlükəsizliyinə
nail olunması istiqamətində mühüm nailiyyətlər
əldə olunmasıdır. Bu xüsusda isə ölkə
regionları böyük rol oynayır. Çünki bir
sıra ərzaq məhsulları əsas etibarı ilə məhz
regionlarda istehsal edilir.
Hazırda dünya
iqtisadiyyatında cərəyan edən proseslərin ümumi təhlili göstərir ki, ərzaq təhlükəsizliyi getdikcə daha ciddi xarakter
daşıyan bir məsələyə çevrilib. Birləşmiş
Millətlər Təşkilatının Ərzaq və Kənd
Təsərrüfatı Təşkilatının (FAO) məlumatına
görə, əgər 1950-1985-ci illərdə ərzaq
istehsalının illik artımı 30 milyon ton, 1985-1995-ci illərdə
12 milyon ton təşkil
edirdisə, 2030-cu ilədək bu göstərici
cəmi 9 milyon ton
səviyyəsində olacaq. Qarşıdakı 17 il ərzində
əhali artımı ilə müqayisədə ərzaq
istehsalının ötən dövrlərə nisbətən
azalması bir daha qida təhlükəsizliyinin təmin
olunmasının növbəti illərdə nə dərəcədə
zəruri xarakter
daşıyacağını əyani təsəvvür etməyə
imkan verir.
Etibarlı
ərzaq təminatı həm də hər bir ölkənin
iqtisadi sabitliyinin və sosial
dayanıqlılığının başlıca şərti,
dövlətin kompleks təhlükəsizliyinin, o cümlədən
iqtisadi təhlükəsizliyinin mühüm atributlarından
və komponentlərindən biridir. Bu səbəbdən cəmiyyətin
hər bir üzvünün əsas ərzaq məhsullarına
olan tələbatının tam ödənilməsi
üçün davamlı olaraq müvafiq tədbirlərin həyata
keçirilməsi vacib şərtlərdən biridir. Ərzaq
təhlükəsizliyi anlayışı altında müvafiq
ehtiyatlar, potensial və zəmanətlərlə təmin
olunmuş dövlətin qəbul edilmiş norma və
standartlara uyğun olan həcmdə, keyfiyyətdə və
çeşiddə əhalinin ərzaq məhsullarına olan
ehtiyacını ödəyə bilmək qabiliyyəti nəzərdə
tutulur. Sosial-iqtisadi aspektdə ərzaq təhlükəsizliyi
tələbatı təmin etmək qabiliyyətini,
siyasi-iqtisadi prizmadan yanaşıldıqda isə bu tələbatları
təmin etmək üçün ölkənin daxili ehtiyatları
və aqrar sənaye potensialını səfərbərliyə
almaq qabiliyyətini özündə ehtiva edir. Bununla
yanaşı, ərzaq təhlükəsizliyini həm daxili, həm
də xarici təhlükələrlə bağlamaq
lazımdır. Bu zaman daxili amillərin təsir miqyası
xarici amillərdən daha çoxdur. Belə ki, keçən
əsrin 80-ci illərinin sonu, 90-cı illərin əvvəlində
bütövlükdə Azərbaycan iqtisadiyyatının,
xüsusilə aqrar-sənaye kompleksinin tənəzzülünə
gətirib çıxarmış səriştəsiz idarə
olunmanı deyilənlərə əyani misal göstərmək
olar. Lakin keçən əsrin 90-cı illərinin
ortalarında ümummilli lider Heydər Əliyevin təşəbbüsü
ilə Müstəqil Dövlətlər Birliyi məkanında
analoqu olmayan torpaq islahatlarının həyata keçirilməsi,
kənd təsərrüfatı istehsalçılarına
yardım mexanizmlərinin formalaşdırılması, beynəlxalq
təşkilatlarla birlikdə bu sahədə əhəmiyyətli
layihələrin icrasına başlanması və bu qəbildən
olan digər tədbirlər ərzaq təhlükəsizliyi
sferasında daxili amillərin təsir miqyasının
yalnız müsbət müstəvidə cərəyan etməsini
şərtləndirdi.
1996-cı
ildən beynəlxalq təşkilatlarla birgə həyata
keçirilməsinə başlanan ərzaq proqramı kənd
təsərrüfatının davamlı inkişafı və
yoxsulluğun azaldılması ilə birgə ərzaq təhlükəsizliyinin
uzunmüddətli təkmilləşdirilməsinə yönəldi.
Bunun ardınca qanunvericilik sahəsində atılan yeni
addımlar ərzaq təhlükəsizliyinin təminatı
istiqamətində növbəti tədbirlərdən oldu. Bu
xüsusda 1999-cu ildə qəbul edilmiş "Yeyinti məhsulları
haqqında” Azərbaycan Respublikasının Qanunu ayrıca
qeyd edilməlidir. Həmin qanuna uyğun olaraq əhalinin ərzaq
təhlukəsizliyinin təmin edilməsində dövlətin
yerinə yetirəcəyi vəzifələrdən biri ərzaq
və xammal kimi istifadə edilən yeyinti məhsullarının
istehsalı və istifadəsi üzrə balansların
hazırlanması və əhalinin yeyinti məhsulları ilə
təminatını proqnozlaşdırmaqdan ibarət idi. Bu,
ölkənin ərzaq təhlükəsizliyinin təminatı
sahəsində görüləcək işlərin həcminin,
sərf ediləcək əmək və vəsaitin əvvəlcədən
müəyyən olunması baxımından zəruri əhəmiyyət
kəsb edirdi. Ərzaq balanslarının işlənməsini
təmin etmək məqsədilə Milli Məclis tərəfindən
"Yeyinti məhsulları haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər edilməsi
barədə 2008-ci il 30 dekabr tarixdə qanun qəbul edilib və
onun tətbiq edilməsinə dair Prezident İlham Əliyev tərəfindən
müvafiq fərman imzalanıb.
2001-ci
ildə isə Prezident Heydər Əliyevin Sərəncamı
ilə «Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi
Proqramı»nın təsdiq edilməsi göstərilən sahə
üzrə yeni nailiyyətlərin əldə olunmasına
mühüm töhfə oldu. Məhz həmin proqram çərçivəsində
görülmüş işlər nəticəsində kənd
təsərrüfatı və ərzaq məhsullarının
istehsalı əhəmiyyətli dərəcədə
artmağa başladı. Bununla yanaşı «2003-2005-ci illər
üçün Azərbaycan Respublikasında yoxsulluğun
azaldılması və iqtisadi inkişaf üzrə Dövlət
Proqramı», «Azərbaycan Respublikasında kiçik və orta
sahibkarlığın inkişafı üzrə Dövlət
Proqramı (2002-2005-ci illər)», «Azərbaycan Respublikası
regionlarının sosial-iqtisadi inkişafı Dövlət
Proqramı (2004-2008-ci illər)» və digər qəbul
olunmuş sənədlərdən irəli gələn vəzifələrin
yerinə yetirilməsi, o cümlədən fermerlərə
maliyyə və texniki dəstəyin göstərilməsi,
sahibkarlığın inkişafı, regionlarda infrastruktur
layihələrinin həyata keçirilməsi əhalinin
istehlakında yerli məhsulların xüsusi çəkisinin
artmasının təmin edilməsində vacib rol oynadı.
Prezident
İlham Əliyevin 1 may 2008-ci il tarixdə "Azərbaycan
Respublikasında əhalinin ərzaq məhsulları ilə
etibarlı təminatına dair Dövlət Proqramının
hazırlanması haqqında” Sərəncamı ərzaq təhlükəsizliyinin
təminatı məsələsində yeni bir mərhələnin
başlanmasına start verdi. Eyni zamanda dövlət
başçının 25 avqust 2008-ci il tarixli Sərəncamı
ilə təsdiqlənmiş «2008-2015-ci illərdə Azərbaycan
Respublikasında əhalinin ərzaq məhsulları ilə
etibarlı təminatına dair Dövlət Proqramı» isə
ərzaq təhlükəsizliyi sahəsində ən əsas
və aparıcı addımlardan biri oldu. Dövlət
Proqramının əsas məqsədi ölkənin hər
bir vətəndaşının sağlam və məhsuldar həyat
tərzi üçün qəbul edilmiş normalara uyğun ərzaq
məhsulları ilə tam təmin edilməsinə nail
olmaqdır. Bu məqsədə çatmaq üçün
Dövlət Proqramı çərçivəsində
aşağıdakı vəzifələrin yerinə yetirilməsi
nəzərdə tutulur: ölkədə ərzaq məhsulları
istehsalını artırmaq; əhalini təhlükəsiz və
keyfiyyətli ərzaq məhsulları ilə təmin etmək;
ərzaq təminatı sahəsində risklərin idarə
olunmasını təmin etmək; ərzaq təminatı
sisteminin institusional inkişafını həyata keçirmək
və sahibkarlıq mühitini yaxşılaşdırmaq. Qeyd
olunan vəzifələrin yerinə yetirilməsi
üçün bu sahədə həyata keçirilən və
keçiriləcək tədbirlər ölkədə sabit və
adekvat ərzaq təklifinin formalaşdırılmasına, səmərəli
istehsal və satış infrastrukturunun yaradılmasına, ərzaq
məhsullarının keyfiyyətinə nəzarət
sisteminin təkmilləşdirilməsinə və hər bir vətəndaşın
ərzaq məhsullarına çıxışının təmin
olunmasına yönəldilməkdədir. Dövlət Proqramı
əhatə etdiyi müddət ərzində ölkədə
əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına
dair Tədbirlər Planını özündə əks
etdirir.
Araşdırmalar göstərir ik, 2001-ci ildən başlayaraq son 12 ildə dövlətin dəstəyi sayəsində, qəbul olunan Dövlət Proqramlarının icrası nəticəsində, əhalinin ərzaq məhsulları ilə yerli istehsal hesabına təminatı davamıl şəkildə yaxşılaşmağa başlayıb. Azərbaycan Respublikası Prezidentinin «Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında» 23 yanvar 2007-ci il tarizli 1907 nömrəli Sərəncamının icrası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 fevral 2007-ci il tarixli 32 nömrəli və 16 noyabr 2007-cii il tarixli 181 nömrəli qərarı ilə təsdiq olunmuş «Qaydalar»a uyğun olaraq istehsalçılara hər hektar əkin sahəsinin və çoxillik əkmələrin becərilməsində istifadə etdikləri yanacaq və motor yağlarına görə 40 manat, habelə hər hektar buğda və çəltik səpininə görə dövlət büdcəsinin vəsaiti hesabına əlavə olaraq 40 manat məbləğində yardımın verilməsi 2007-ci ildən başlayaraq davam etdirilməkdədir.
Aparılan səmərəli tədbirlərin nəticəsində kiçik təsərrüfatların birləşmələri və rəqabət prinsiplərinə üstünlük vermələri sayəsində bölgələrdə aqrar sahədə fəaliyyət göstərən özəl təsərrüfatlar daha səmərəli fəaliyyət göstərməyə başlayıblar. Qeyd edək ki, Azərbaycan Respublikası 9 dekabr 2004-cü il tarixdən yeni bitki sortlarının mühafizəsi üzrə Beynəlxalq Birliyə (UPOV) üzv qəbul edilib və bu gündə yeni bitki sortlarının mühafizəsi üzrə sözügedən Beynəlxalq təşkilatla mütəşəkkil qaydada mübadilə və əməkdaşlıq işləri aparılır. "Toxumçuluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun aidiyyəti məsələlər üzrə mütəxəssislərin iştirakı ilə keçirilən Beynəlxalq seminarlarda, həmiçinin respublika daxilində müzakirə edilərək və müvafiq təkliflər nəzərə alınaraq qanunda bir sıra dəyişiklik və əlavələr edilib. İCARDA və FAO mütəxcəssiləri tərəfindən hazırlanan tövsiyələrə əsasən mövcud təlim, qaydalar Beynəlxalq standartlara uyğunlaşdırılaraq Milli Məclisdə qəbul edilib.
Kənd təsərrüfatının belə sürətlə inkişafında 2005-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə yaradılan «Aqrolizinq» ASC-nin də xüsusi rolu olub. Ümumiyyətlə, aparılan aqrar islahatlar nəticəsində son illər kənd təsərrüfatı sürətlə inkişaf etməkdə və müvafiq olaraq adambaşına düşən ərzaq məhsullarının istehsalı xeyli artıb və artmaqdadır. Həyata keçirilən tədbirlər bir çox sahələrdə olduğu kimi, bitkiçilik məhsullarının istehsalının strukturunda da müəyyən dəyişikliklərə səbəb olub və bu, ilk növbədə, ölkənin əkin strukturuna təsir edərək onun daxili və xarici bazarın tələblərinə uyğun formalaşmasına imkan verib. Artıq Azərbaycan bir sıra kənd təsərrüfatı məhsullarının ixracatçısı kimi çıxış edir. İstehsal olunmuş məhsulların emalı, saxlanılması və satışının təşkili mühüm məsələlərdən biridir və bu istiqamətdə dövlət tərəfindən mühüm addımlar atılır.
Bu fonda ölkə regionlarında taxıl, yem, meyvə-tərəvəz, quşçuluq, heyvandarlıq, soyuducu anbar kompleksləri, emal müəssisələri, istixana, intensiv bağçılıq, tingçilik, Azərtoxum kimi müəssisələr istifadəyə verilib. Yeni meyvə-tərəvəz soyuducu anbar komplekslərinin, heyvandarlıq komplekslərinin, quşçuluq müəssisələrinin, istixanaların yaradılması istqamətində regionlarda geniş miqyaslı işlər aparılır.
Elşən BAYRAMOV
Mövqe.-2013.-12 fevral.-S.10.