Regionlarda əhalinin keyfiyyətli su təminatı xüsusi
diqqət mərkəzindədir.
LAYİHƏNİN
İSTİQAMƏTİ: “Regionların sosial-iqtisadi
inkişafının təşviq edilməsi”
Regionların
inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü
dövlət siyasətinin prioritet istiqamətlərindən
biri də əhalinin qabaqcıl dünya standartlarına cavab
verən infrastruktur, keyfiyyətli su təminatı ilə təmin edilməsidir.
Bununla bağlı olaraq
sutəmizləyici qurğuların quraşdırılması
və supaylayıcı məntəqələrin inşası
həyata keçrilir. Elə ötən il də deyilənlər baxımından çox zəngin oldu.
Məsələn,
Azərbaycan Hökuməti və Asiya İnkişaf Bankının birgə maliyyələşdirdiyi
"Su təchizatı və kanalizasiya investisiya
proqramı” çərçivəsində Ağdaş
şəhərinin su təchizatı və
kanalizasiya sistemlərinin yenidən qurulmasının
ikinci mərhələsi başlanıb. Bu mərhələdə
Ağdaş şəhərinin su təchizatı və kanalizasiya
şəbəkələri yenidən qurulacaq,
sugötürücü qurğuların tikintisi başa
çatdırılacaq.
Layihəyə uyğun olaraq Ağdaş şəhərinin içməli
su şəbəkəsinin yenidən
qurulması məqsədi ilə 134 kilometr
uzunluğunda şəhərdaxili su xətləri çəkilməlidir. Bununla paralel olaraq tikintisi nəzərdə
tutulan 121 km kanalizasiya xəttinin 3 km-lik
hissəsində işlər başa
çatdırılıb. Layihəyə əsasən 7600 ünvan paylayıcı su
şəbəkəsinə, 5250 ünvan
isə kanalizasiya şəbəkəsinə
qoşulacaq.
Ağdaş şəhərini keyfiyyətli və
dayanıqlı içməli su ilə təmin
etmək üçün 2 subartezian quyusu qazılacaq
və hər birinin tutumu
2000 kubmetr olan 2 su anbarı tikiləcək.
Şəhərdə
toplanmış məişət-tullantı sularının təmizlənməsi
üçün çirkab
sutəmizləyici qurğunun tikintisi nəzərdə tutulur.
Layihəyə uyğun olaraq
Ağdaş şəhərinin
küçələrində 300-ə qədər
yanğın hidrantı da
quraşdırılacaq. Layihə üzrə işlər tam başa
çatdıqdan sonra Ağdaş
şəhərində 30 minə qədər şəhər
sakininin içməli su
təchizatı və kanalizasiya xidmətlərindən
istifadəsi yaxşılaşacaq.
Xatırladaq ki, icrasına 2008-ci ildə
başlanmış "Şəhər su
təchizatı və kanalizasiya layihəsi”
çərçivəsində Ağdaş
şəhərində texniki və təşkilati
işlər həyata keçirilib.
Bu mərhələdə şəhərin
su təchizatının
yaxşılaşdırılması məqsədilə 3 subartezian quyusu
qazılıb, sugötürücü kamera daxil olmaqla
həcmi 2000 kubmetr olan
yeni su anbarı, xlorator və laboratoriya
binası, nasos stansiyası tikilib.
Eyni zamanda "Ağdaş Sukanal” Törəmə
Səhmdar Cəmiyyəti (TSC) üçün
yeni inzibati bina və istehsalat
bazası inşa edilib,
zəruri maşın və mexanizmlər alınıb. Bu mərhələ üzrə işlər
2010-cu ildə başa
çatdırılmışdırıb. "Su təchizatı və kanalizasiya
investisiya proqramı” çərçivəsində
Ağdaş şəhəri ilə
yanaşı Göyçay, Beyləqan,
Balakən və Ağcabədi şəhərlərinin də
su təchizatı və kanalizasiya
sistemləri yenidən qurulacaq.
Hazırda Beyləqan
şəhərində yaşayan 15,5 min sakinin 7,6 mini və ya 49 faizi mərkəzləşdirilmiş şəbəkədən
su alır. Qalan əhali
isə öz tələbatını fərdi
qaydada ödəyir. Şəhərdə
mərkəzləşdirilmiş içməli su şəbəkəsi 1981-ci ildə
yaradılıb. Mənbə kimi
on subartezian quyusundan istifadə olunur.
Şəhərin bir hissəsində 50 kilometr uzunluğunda su şəbəkəsi, 11,4 kilometr
uzunluğunda kanalizasiya
şəbəkəsi, tutumu iki min kubmetr
olan iki su anbarı və iki nasos stansiyası mövcuddur.
Şəhərin çirkab suları təmizlənmədən
rayon mərkəzinin kənarındakı
şor kollektora
axıdılır. Beyləqan şəhərində mövcud su və kanalizasiya şəbəkəsinin yenilənməsi
xüsusi diqqət mərkəzindədir.
Beyləqan şəhərinin su təchizatı
və kanalizasiya sistemlərinin yenidən
qurulması layihəsi Asiya İnkişaf Bankının maliyyə dəstəyi
ilə reallaşdırılır. Layihə çərçivəsində
rayon mərkəzinin su
və kanalizasiya şəbəkəsi
tamamilə yenidən qurulacaq, şəhərin
yaxınlığındakı Şəfəq və Əlinəzərli
kəndlərinə içməli su veriləcəkdir.
Bu layihə 2035-ci ilə qədər perspektiv
inkişaf nəzərə alınmaqla
Beyləqan şəhəri və ətraf iki
kəndin 25 mindən artıq sakininin su təchizatının
yaxşılaşdırılmasına hesablanıb. İki mərhələdən ibarət layihənin
birinci mərhələsinə uyğun olaraq istehlakçıların dayanıqlı və
keyfiyyətli su təchizatını
yaxşılaşdırmaq üçün
beş subartezian quyusu qazılacaq, 500 kubmetr
tutumu olan iki su anbarı, nasosxana, xlorlama binası, laboratoriya tikiləcək, 10 kilometr
uzunluğunda quyulararası birləşdirici
və magistral su xətti
çəkiləcəkdir.
Beyləqan şəhərinin su təchizatı
və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi
çərçivəsində şəhər daxilində
77,6 kilometr su, 71 kilometr kanalizasiya şəbəkəsinin
yaradılması, 3,4 min "Smart” kart tipli sayğacın
quraşdırılması nəzərdə tutulur. Bunlarla yanaşı, hazırda istismarda olan iki su anbarı və nasosxana təmir olunacaqdır. Layihənin ikinci mərhələsində məhsuldarlığı
sutkada 10 min kubmetr olan çirkab
sutəmizləyici qurğu inşa olunacaqdır.
Ötən il həm də Sabirabad rayonunun su təchizatı
və kanalizasiya sistemlərinin yenidən
qurulması layihəsinin təməlqoyma mərasimi keçirilib. Görülən yenidənqurma
işləri Azərbaycan hökuməti ilə Dünya Bankı arasında imzalanmış
"Milli su təchizatı
və kanalizasiya xidmətləri layihəsi”
çərçivəsində həyata keçirilir.
Sabirabadda su təchizatının yenidən
qurulması layihəsi çərçivəsində rayonda 34423, Qalağayın, Suqovuşan,
Qəfərli, Əsədli, Bulaqlı və Balakənd kəndləri
ərazisində isə 14352 nəfər olmaqla,
ümumilikdə 48775 nəfərin su təchizatı
və kanalizasiya sistemi
yenidən qurulacaq. Layihənin həyata
keçiriləcəyi yaşayış məntəqələrinə
yüksək sıxlıqlı borulardan
79,8 km uzunluğunda
içməli su və 87 km
uzunluğunda isə kanalizasiya
xətti çəkiləcək. Rayonda
fasiləsiz su təchizatının
aparılması üçün tutumu 5400 kubmetr olan su anbarı inşa ediləcək. Yaranmış çirkab suları kənarlaşdırmaq üçün mikrotunel
qazılacaq, məhsuldarlığı sutkada
10500 kubmetr olan çirkab sutəmizləyici qurğu
inşa olunacaq. Görüləcək
işlərin 2014-cü ilin sonuna qədər yekunlaşması
planlaşdırılır.
Əvvəllər
Araz çayının təmizlənməmiş
suyu ilə təmin olunan
Saatlı rayonunun Kür
çayının təmizlənmiş suyu
ilə təmin olunması istiqamətində mühüm
addımlar atılır. Rayonun su və kanalizasiya
sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində
Saatlıda 21312, Bəylik, Qıqaqlı, Mustafabəyli kəndlərində
isə 17219 nəfər olmaqla 38531 nəfərin
su təchizatı və kanalizasiya
sistemi əsaslı şəkildə yenidən
qurularaq istifadəyə veriləcək.
Gələcəkdə
isə rayonun Əlisoltanlı, Mollavəzili,
Bəylər və Potubəyli kəndlərinin də
içməli su təchizatının
yenidən qurulması nəzərdə tutulur.
Yeni layihə
çərçivəsində rayon mərkəzi
və ətraf kəndlərini keyfiyyətli və
dayanıqlı su ilə təmin etmək
üçün Kür
Sutəmizləyici Qurğular Kompleksindən
yeni magistral xətt
çəkiləcək və saniyədə rayona
80 litr su
ötürüləcək. Layihə çərçivəsində
adıçəkilən yaşayış məntəqələrinə
politelin borulardan 120.5 km uzunluğunda içməli
su xətti və 139.7 km
uzunluğunda isə kanalizasiya
xətti çəkiləcək. Fasiləsiz su
təchizatını təmin etmək üçün
3100 kubmetr tutumu olan su anbarı inşa ediləcək. Bundan əlavə çirkab suları emal edib zərərsizləşdirmək üçün rayon mərkəzindən
kənarda məhsuldarlığı sutkada
6500 kubmetr olan sutəmizləyici
qurğu inşa olunacaq. Ümumilikdə, Azərbaycan Hökumətinin
Dünya Bankı ilə birgə maliyyələşdirdiyi
layihə üzrə görülən işlərin
2014-cü ilin ikinci rübünə
qədər başa
çatdırılması nəzərdə tutulur.
Ötən il həm də Xızı şəhərinin
su təchizatı və kanalizasiya
sistemlərinin yenidən qurulması layihələrinin təməlqoyma
mərasimi keçirilib. Azərbaycan
Hökuməti ilə Yaponiya Beynəlxalq Əməkdaşlıq
Agentliyi arasında imzalanmış "Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya
layihəsi”nə uyğun aparılır.
Layihə üzrə işlərin 2014-cü ildə başa çatdırılacağı
gözlənilir. "Xızı şəhərinin
su təchizatı və kanalizasiya
sistemlərinin yenidən qurulması” layihəsi Xızıda
3294, Altıağac qəsəbəsində 1423, eləcə
də Baxışlı, Tıxlı, Xələç kəndlərində
1562 nəfər olmaqla, umumilikdə 6279 nəfərin
su təchizatı və kanalizasiya
xidmətlərinin əsaslı şəkildə
yaxşılaşmasına hesablanıb.
Layihənin 1-ci
mərhələsinə uyğun olaraq mövcud Qars bulağı bərpa olunması xüsusi diqqət mərkəzində yer alır. Layihənin növbəti
mərhələsində 40 km uzunluğunda içməli su
şəbəkəsi yaradılacaq, 35 km uzunluğunda kanalizasiya xətti
çəkiləcək, ümumi həcmi
4000 kubmetr olan 6 ədəd
su anbarı tikiləcək. Çirkab suları təmizləmək üçün Xızı şəhəri üçün məhsuldarlığı
sutkada 800 kubmetr,
Altıağac qəsəbəsi üçün
isə məhsuldarlığı sutkada
250 kubmetr olan çirkab sutəmizləyici qurğuları inşa olunacaq. Layihəyə
uyğun olaraq kanalizasiya şəbəkəsi üçün 3 ədəd nasos
stansiyasının tikintisi
planlaşdırılır.
Qeyd edək ki, Azərbaycan Hökuməti
və Yaponiya Beynəlxalq Əməkdaşlıq
Agentliyinin birgə maliyyələşdirdiyi
"Kiçik şəhərlərdə
su təchizatı və kanalizasiya
layihəsi” 10 şəhər və rayon
mərkəzində (Salyan, Şirvan, Neftçala, Bərdə,
Xaçmaz, Yevlax, Naftalan, Xızı, Qusar və
Qobustan) su təchizatı və kanalizasiya
sistemlərinin yenidən qurulmasını nəzərdə tutur.
Kür və Araz çayları boyu məskunlaşmış və hədsiz dərəcədə
fiziki, kimyəvi və bioloji
cəhətdən çirklənmiş vəziyyətdə olan Kür və Araz çaylarının suyundan
uzun illər ərzində heç
bir təmizlənmə aparılmadan
istifadə edən əhalinin içməli suya
olan təlabatının ödənilməsi üçün öncə bu
kəndlərdə su mənbələrinin
kəmiyyət və keyfiyyət göstəriciləri üzərində
dəqiq monitorinqlər aparılıb və monitorinqlərin nəticələri
sutəmizləyici qurğular
quraşdırılmış kəndlərdə yeraltı
suların olmadığını göstərib. Bu səbəbdən belə ərazailərdə
də sutəmizləyici qurğulardan geniş istifadə olunur. Sutəmizləyici qurğuların layihələndirilməsi
və onlarda istifadə olunan
texnologiyaların seçilməsində su
mənbələrinin çirklilik dərəcəsi,
kəndlərdə yaşayan əhalinin
sayı, yerlərdə enerji təminatının
vəziyyəti və digər parametrlər əsas götürülür.
Elşən BAYRAMOV
Mövqe.-2013.-13
fevral.-S.-10.