İmişli rayonu daha sürətli inkişaf
yoluna qədəm qoyur
LAYİHƏNİN
İSTİQAMƏTİ: “Regionların sosial-iqtisadi
inkişafının təşviq edilməsi”
İnkişafının yeni yüksəliş dövrünü yaşayan müasir Azərbaycanda əldə edilən nailiyyətlər bütün ölkə boyu insanların maddi rifah halının yüksəlməsinə böyük təkan verməkdədir. Eyni zamanda bütün bunlar perspektiv inkişaf üçün ölkəmizdə möhkəm bir özülün yaradılmasının mühüm göstəricisi kimi çıxış edir. Qeyd edilənlərin real nümunələrini qədim İmişli rayonunun timsalında da görmək olar və ötən ilin sosial-iqtisadi yekunları da bunu təsdiq edir.
Ümumiyyətlə, artıq tarixə çevrilən 2012-ci il İmişlilər üçün də son dərəcə əlamətdar olub. Ötən ilin oktyabrında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İmişli rayonunda olub, əsaslı təmir olunub, Rayon Mərkəzi xəstəxanasının, yenidən qurulmuş Heydər Əliyev parkının, yeni inşa olunmuş Heydər Əliyev Mərkəzinin, "Araz Damazlıq quşçuluq” MMC-nin, 50 min tonluq taxıl anbarının, Şahmat məktəbinin və İmişli şəhərinin su anbarları kompleksinin açılışında iştirak edib.
2012-ci ildə İmişli rayonunun sosial-iqtisadi inkişafında yaxşı nəticələr əldə olunub. Belə ki, iqtisadiyyatın əsas sahələri üzrə 370,5 milyon manatlıq məhsul istehsal edilib və ya xidmət göstərilib ki, onun 139,2 milyon manatı və ya 37,6 faizi sənaye, 93,4 milyon manatı və ya 25,2 faizi kənd təsərrüfatı, 93 milyon manatı və ya 25,1 faizi tikinti, 37,9 milyon manatı və 10,2 faizi ticarət və iaşə, 6,4 milyon manatı və ya 1,7 faizi nəqliyyat, 0,6 milyon manatı və ya 0,2 faizi rabitə müəssisələri tərəfindən istehsal olunub. Rayon iqtisadiyyatında əsas yeri 62,8 fazilə sənaye və kənd təsərrüfatı məhsullarının istehsalı tutur. Rayon üzrə ümumi məhsul istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 32 milyon manat və ya 9,5 faiz artıb, həmin artım rabitədə 35,3 faiz, tikintidə 24,5 faiz, nəqliyyatda 6,6 faiz, kənd təsərrüfatında 5,4 faiz, ticarətdə 5,0 faiz, sənayedə isə 4,9 faiz təşkil edib. 2012-ci ilin aprel ayından aparılan abadlıq və quruculuq işləri nəticəsində İmişli şəhərinin siması tamamilə dəyişib, şəhər son dərəcə müasirləşib. Bu sahədə işlər davam etdirilir. Ötən müddət ərzində şəhərin Heydər Əliyev prospekti, 20 yanvar, M.Əzizbəyov, H.Aslanov və S.Ağamalıoğlu küçələrində yenidənqurma işləri aparılıb. Həmçinin Heydər Əliyev prospektindəki magistral qaz xətti, polietilen borularla əvəz olunur, qaz, telefon və elektrik xətlərinin yeraltı çəkilişi aparılır.
Vağzal meydanında inşa olunan, sahəsi 8300 kv.m, hündürlüyü 100 metr olan bayraq meydanının tikintisi başa çatıb, dəmiryolu vağzalının inzibati binası yenidən qurulub və vağzal meydanında hörülmüş daş hasarlar ağlay üzlük daşları ilə üzlənib, işıqlandırma sistemi quraşdırılıb.
Hazırda şəhər ərazisindəki M.Ə.Sabir və Nizami adına parklarda da yenidənqurma və abadlıq işləri aparılır, parklardakı istismara yararsız çayxana binaları sökülərək müasir tələblərə cavab verən yeni obyektlər tikilir. 6 hektar ərazidə yerləşən Heydər Əliyev parkında da abadlıq və yenidənqurma işləri ötən il də davam etdirilib, parkın ərazisindəki ictimai və inzibati binaların ağlay üzlük daşlarla üzlənməsi, binaların dam örtüklərinin dəyişdirilməsi işi başa çatdırılıb, parkda müasir işıqlandırma sistemi, fəvvarələr quraşdırılıb, yaşıllıqlar salınıb, regionda analoqu olmayan musiqili fontan istifadəyə verilib. Parkın ərazisində Heydər Əliyev Mərkəzi üçün müasir üslubda inşa olunan yeni binanın tikintisi başa çatıb, sahəsi 2000 kv.m olan, 2 mərtəbəli Mərkəzdə konfrans zalı, elektron kitabxana, dərnəklər, internet klublar, xarici dil kursları fəaliyyətə başlayıb. Həmçinin 1800 kv.m ərazidə tikintisi davam etdirilən üçmərtəbəli "Gənclər Mərkəzi”ndə konfrans zalı, kinoklub, kitabxana, kafe, çayxana və digər xidmət növlərinin fəaliyyət göstərməsi nəzərdə tutulub.
Kənd təsərrüfatı məhsullarının istehsalı üzrə də dinamik inkişaf qeydə alınıb. 2012-ci ildə heyvandarlıq və quşçuluq sahələrinin inkişafı təmin edilib.Ötən ildə rayon üzrə sənaye məhsullarının həcmi 139,2 milyon manat olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,5 milyon manat və ya 4,9 faiz çoxdur. Bu da əsasən dəmir-beton məmulatları, şəkər tozu, tikinti qumu, mahlıc, asvalt və nar şirəsi istehsalının artımı hesabına olub. 2012-ci ildə İmişli Şəkər zavodu 109,5 milyon manatlıq məhsul istehsal edib ki, bu da rayon üzrə istehsal olunan sənaye məhsulunun 78,7 faizini təşkil edir.
Əhalinin məşğulluğunu təmin etmək məqsədilə 13 iyul 2012-ci il tarixdə rayonda "Əmək yarmarkası” keçirilib, yarmarkaya 17 idarə, müəssisə və təşkilatlardan 397 boş iş yeri çıxarılıb. Əmək yarmarkasında 450 nəfər iştirak edib, onlardan 93 nəfəri münasib işlə təmin olunub, 16 nəfəri isə peşə hazırlığı kurslarına göndərilib. 2012-ci ildə gəlirləri ehtiyac meyarından aşağı olan ailələrə ünvanlı sosial yardımların verilməsi təmin edilib, 1794 ailəyə və onların 7301 nəfər üzvünə ünvanlı sosial yardımlar verilib.
Əhalinin elektrik enerjisi, qaz və içməli su ilə təminatı istiqamətində müvafiq addımlar atılır. İmişli şəhərində 0,4 kv-luq elektrik veriliş xətlərinin SİP kabeli ilə əvəz olunması, qabaqcadan ödənişli 8500 ədəd SMART-kart tipli sayğacların və elektrik dirəklərinin quraşdırılması işləri başa çatıb, 2012-ci il ərzində rayon ərazisində 3400 metr məsafəyə SİP kabeli, 22974 metr məsafəyə isə naqil xətləri çəkilib, 1349 ədəd elektron tipli enerqomer sayğaclar quraşdırılıb. 2012-ci ildə 117 ədəd müxtəlif gücdə olan transformatorlar təmir edilib, 89 ədəd istismara yararsız ağac dayaqlar yeniləri ilə əvəz olunub, 78 ədəd dəmir-beton dayaqlar basdırılıb. Lakin, görülmüş işlərlə yanaşı rayonun əksər yaşayış məntəqələrindəki elektrik xətt təsərrüfatında yenidənqurma işlərinin aparılmasına, istismar müddətini başa vurmuş dayaqların yeniləri ilə əvəz olunmasına ehtiyac var.
Həmçinin, Rəsullu kəndinə 18923 p/m polietilen, Bəhrəmtəpə qəsəbəsində məcburi köçkünlər üçün tikilən qəsəbəyə 9150 p/m polietilen, 9350 p/m isə polad borularla qaz xətti çəkilib.
İmişli şəhərinin tam qazlaşdırılması, ümumiyyətlə Dövlət Proqramında 2013-cü ilin sonunadək rayonun bütün kənd yaşayış məntəqələrində qazladırma işlərinin başa çatdırılması nəzərdə tutulur.
Ötən il İmişli Su-kanal idarəsi tərəfindən idarənin balansındakı su və kanalizasiya xətlərində müəyyən təmir işləri aparılıb, idarənin həyətində və Bəhrəmtəpə qəsəbəsində yerləşən artezian quyularının ətrafında abadlıq işləri görülüb. Hal-hazıradək Beyləqan rayonunun Aşıqlılar kəndi ərazisində qazılması nəzərdə tutulmuş 5 ədəd artezian quyusundan 1 ədəd kəşfiyyat quyusu qazılıb istismara tam hazır vəziyyətdədir, 4 ədəd quyuda isə qazma işləri aparılır. 630 mm-lik polietilen boru ilə 29,5 km-lik Beyləqan-İmişli magistral su xəttinin tikintisi başa çatıb, magistral su xətti üzərində olan rayonun Şahverdili, Göbəktala, Məhəmmədli və Rəsullu kəndlərini içməli su ilə təmin etmək üçün 100 mm-lik borular vasitəsilə çıxışlar qoyulub. Magistral xətt üzərində nəzərdə tutulan müxtəlif təyinatlı bütün quyuların və suqəbuledici kameranın tikintisi başa çatdırılıb. Layihədə nəzərdə tutulmuş 1 ədəd 1500 kubmetrlik və 2 ədəd 2500 kubmetrlik su anbarının tikintisi başa çatdırılıb, 630 mm-lik polietilen boru ilə 4039,4 p/m kanalizasiya kollektor xətti çəkilib. Şəhərdaxili 147,6 km kanalizasiya xəttinin 5,6 km -də, 155,6 km içməli su xəttinin 57.9 km-də tikinti işləri başa çatıb, kanalizasiya xətti çəkilərkən 230 ədəd dəmir-beton quyular, su xətti çəkilərkən 118 ədəd yanğın hidrantı və 6 ədəd su kameraları inşa olunub.
Rayonda 63 ümumtəhsil məktəbi, 15 məktəbəqədər, 4 məktəbdənkənar və 1 Peşə təhsil müəssisəsi fəaliyyət göstərir. Rayonda 9 xəstəxana, 12 həkim məntəqəsi, 29 tibb məntəqəsi və 1 poliklinika şöbəsi fəaliyyət göstərir ki, həmin müəssisələrdə də 102 nəfər həkim və 393 nəfər orta ixtisaslı tibb işçisi çalışır. İl ərzində əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması və səhiyyə obyektlərinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində rayonda müəyyən işlər görülüb. 2012-ci ilin oktyabr ayında ölkə Prezidenti cənab İlham Əliyevin iştirakı ilə açılışı həyata keçirilən 136 çarpayılıq Mərkəzi rayon xəstəxanasında ən müasir rentgen, ulturasəs müayinə, dializ aparatı, digər tibbi avadanlıqlar və cihazlar quraşdırılıb ki, bu da İmişli rayonunun və ətraf rayonların əhalisinə keyfiyyətli tibbi xidmətin göstərilməsini təmin edir. Hazırda rayonda 1 mədəniyyət sarayı, 7 kənd mədəniyyət evi, 1 mərkəzi kitabxana, 46 kənd kitabxana filialı, 27 klub müəssisəsi, 1 muzeyi, 1 rəsm qalereyası, 2 uşaq musiqi məktəbi - ümumilikdə isə 94 mədəni-maarif müəssisəsi fəaliyyət göstərir ki, həmin müəssisələrdə də 398 nəfər işləyir.
İl ərzində rayonda əhaliyə göstərilən mədəni xidmətin keyfiyyətinin yüksəldilməsi istiqamətində müəyyən işlər görülüb, mədəniyyət müəssisələrində dövlət bayramları, əlamətdar günlər və tarixi hadisələrlə əlaqədar kütləvi tədbirlərin keçirilməsinə xüsusi diqqət yetirilib. Rayon əhalisinin 36105 nəfərini və ya 29,9 faizini gənclər təşkil edir ki, onların da istifadəsində 121 idman qurğusu, 3 bədən tərbiyəsi-sağlamlıq mərkəzi, müasir tələblərə cavab verən 8500 yerlik 1 futbol stadionu və 1 Olimpiya İdman Kompleksi vardır. 2012-ci ildə Gənclər və İdman İdarəsi tərəfindən gənclərin hərbi vətənpərvərlik tərbiyəsi, onların asudə vaxtlarının səmərəli təşkili, uşaq, yeniyetmə və gənclər arasında idmanın kütləviliyinin təbliğ edilməsi istiqamətində müəyyən tədbirlər həyata keçirilib. Ötən il Ağsu-Kürdəmir-Bəhrəmtəpə, İmişliyə giriş və Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun bəzi yerlərində təmir işləri aparılıb, 36 saylı yol istismarı idarəsi tərəfindən 880.3 min manat məbləğində iş həcmi yerinə yetirilib. "ORİON-E” MMC tərəfindən Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun 63-92-ci km-də 29 km ərazidə əsaslı təmir işləri aparılıb. Həmçinin Hacıqabul-Bəhrəmtəpə və İmişli-Biləsuvar avtomobil yolu da müvafiq olaraq Türkiyənin "Kolin” və Azərbaycanın "AzərStar” şirkətləri tərəfindən əsaslı təmir olunur.
2012-ci ildə rayon üzrə 311 abonentə telefon xətti çəkilmiş, rayonun Xoşçobanlı və Qaravəlili kəndlərində 9 km uzunluğunda FO kabeli çəkilib, bununlada mövcud olan EATS-lərin FO kabeli ilə kabelləşməsi işi başa çatdırılıb. Həmçinin, şəhərin Xiyabani, Əzizbəyov, H.Aslanov, L.Vəliyev, S.Vurğunvə digər küçələrdə müxtəlif tutumlu kabellər dəyişdirilərək yenisi ilə əvəz olunub, Qaralar kəndində xətt şəbəkəsinin tikintisi ilə əlaqədar əlavə telefon xətləri çəkilib, Xoşçobanlı və Hacalmuradlı kəndlərində xətt şəbəkəsinin genişləndirilməsi işi başa çatıb.
2012-ci ildə rayonun Qızılkənd, Məzrəli və Məmmədli kəndlərində poçt şöbələri üçün yeni binaların tikintisi başa çatıb, müasir üslubda tikilmiş poçt şöbələri kənd əhalisinin istifadəsinə verilib. Azərbaycan Respublikası Prezidentinin "2010-cu ildə Kür və Araz çaylarının daşması nəticəsində baş vermiş təbii fəlakətin fəsadlarının aradan qaldırılmasına dair əlavə tədbirlər haqqında” 29 mart 2012-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar 2012-ci il ərzində İmişli rayonunda xeyli iş görülüb, Fövqəladə Hallar Nazirliyi tərəfindən bərpa gücləndirilməsi müəyyən edilmiş 117 ev üçün 660,8 min manat, təmir olunması müəyyən edilmiş 206 ev üçün 179,2 min manat məbləğində pul kompensasiyaları ödənilib. Digər sahələr üzrə də dinamik inkişaf qeydə alınır.
Elşən
BAYRAMOV
Mövqe.-2013.-21 fevral.-S.10.