Zərdab dinamik tərəqqisinin yeni keyfiyyət mərhələsini yaşayır

 

LAYİHƏNİN İSTİQAMƏTİ: “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi”

 

Müasir Azərbaycanın inkişaf dinamikası tam qətiyyətlə deməyə əsas verir ki, ölkəmizin qarşıdakı dövr ərzində də tərəqqi templəri kifayət qədər sürətli xarakter daşıyacaq. Çünki bunun üçün ölkədə zəruri bazis formalaşdırılıb və gələcək dinamik inkişafın möhkəm təməlləri qoyulub. Qeyd olunanların real təsdiqini Zərdab rayonunun timsalında da görmək olar. Ötən ilin sosial-iqtisadi yekunları da rayonun dinamik inkişaf yolunda uğurla irəlilədiyini göstərir.

İlk öncə xatırladaq ki, Prezident İlham Əliyevin oktyabr ayının 7-də rayona səfər edib. Səfər tədbirləri çərçivəsində ölkə başçısının Heydər Əliyev parkında inşa edilmiş Heydər Əliyev Mərkəzinin, Gənclər Mərkəzinin, Yeni Azərbaycan Partiyası Zərdab Rayon Təşkilatının yeni inzibati binasının və su bulağının açılış mərasimlərində iştirak etməsi, Heydər Əliyev parkı, Veteranlar evi ilə tanış olması, rayon ictimaiyyətinin nümayəndələrinin böyük bir qrupu ilə görüşməsi, rayonda gedən işlərlə yaxından maraqlanması və bu işlərə yüksək qiymət verməsi, səfərdən dərhal sonra rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə Prezidentin Ehtiyat Fondundan Zərdab Rayon İcra Hakimiyyətinə 2 milyon manat vəsait ayırması bütövlükdə rayon əhalisində çox böyük məmnunluqla qarşılanıb.

Ölkə başçısının rayonumuzun sosial-iqtisadi inkişafına göstərdiyi böyük diqqət və qayğının nəticəsidir ki, 2012-ci ildə rayonda sosial-iqtisadi həyatın müxtəlif sahələrində uğurlu nəticələrə nail olunub. Hesabat ilində "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq rayonda hesabat ilində xeyli görülüb, əhalini narahat edən genişmiqyaslı məsələlər öz müsbət həllini tapıb. Hesabat ilində rayon iqtisadiyyatının əsas sahələrində 98 milyon 246 min manatlıq məhsul və xidmətlər istehsal olunub, əvvəlki ilə nisbətən artım 8,5 faiz təşkil edib. İstehsal olunmuş məhsul və xidmətlərin 43,4 faizi kənd təsərrüfatının, 16,3 faizi ticarət və xidmətin, 37,3 faizi tikintinin, 1,7 faizi sənayenin, 0,9 faizi nəqliyyatın, 0,4 faizi poçt və rabitə sahələrinin payına düşüb.

2011-ci illə müqayisədə 2012-ci ildə məhsul istehsalı sənaye sahəsində 16,8 faiz, kənd təsərrüfatı sahəsində 4,2 faiz, nəqliyyat sahəsində 1,8 faiz, tikinti sahəsində 15,2 faiz, rabitə sahəsində 37,1 faiz, ticarət üzrə isə 4,8 faiz artıb. Adambaşına məhsul istehsalı ötən ilə nisbətən 15,5 faiz artaraq 1776,6 manat təşkil edib. Rayon üzrə bütünlükdə investisiya qoyuluşu 36,7 milyon manat olmaqla, 2011-ci ildəkindən 3,5 milyon manatya 10,4 faiz çox olub.

Aqrar sektorun inkişafı xüsusi diqqət mərkəzində saxlanılıb, əkin dövriyyəsinə cəlb olunmuş torpaqların sahəsi genişləndirilib, məhsulu yığılmış 33186 hektar əkin sahəsinin 45,7 faizini dənli bitkilər, 49,8 faizini yem bitkiləri, 2,3 faizini texniki bitkilər, qalanını isə bostan və tərəvəz bitkiləri təşkil edib. "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın icrası istiqamətində xeyli görülüb, 2012-ci ilin məhsulu üçün 15481 hektar sahədə taxıl, o cümlədən 4164 hektar sahədə arpa, 11317 hektar sahədə buğda əkilmiş, sahələrdən 10693 ton arpa, 28356 ton buğda, cəmi 15151 hektar sahədən 39049 ton taxıl istehsal olunub, hər hektardan məhsuldarlıq 25,8 sentner olub ki, bu da əvvəlki ildəkindən 2,4 sentner çoxdur. Rayonda heyvandarlığın inkişaf etdirilməsi, onun yem bazasının möhkəmləndirilməsi üçün 2012-ci ildə xeyli görülüb. Müvafiq Dövlət Proqramına uyğun olaraq rayonda balıqçılığın, arıçılığın inkişaf etdirilməsi üçün müəyyən işlər görülüb. 2012-ci il ərzində kənd təsərrüfatı obyektlərinin və yaşayış məntəqələrinin KürTüryançay çaylarının daşqın sularından qorunması məqsədilə Kür çayının sahilində Sarıqaya, İsaqbağı, Körpükənd, Bıçaqçı və digər kəndlərin ərazilərində 104,4 min kubmetr həcmində 4,6 km məsafədə bəndin təmiri və qayakəsmə, 241 kubmetr həcmində betonla, 460 kubmetr həcmində fasınla, Türyançay çayında 160 kubmetr həcmində sahilbərkitmə işləri görülüb, Bıçaqçı və Körpükənd kəndləri ərazisində 15 km məsafədə mühafizə bəndlərinin bərpası, Sarıqaya kəndi ərazisində 100 m məsafədə daş-betonla sahilbərkitmə işləri görülüb. Hesabat ilində Regional Meşəsalma Müəssisəsi tərəfindən 50 hektar sahədə 165 min müxtəlif ağaclar əkilməklə meşə salınıb.İl ərzində rayonun inzibati ərazilərində 80 min ədəd, o cümlədən magistral yolların kənarlarında 30 mindən çox şam, çinar, iydə, türk qovağı və digər müxtəlif növ ağaclar əkilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən əvvəlki illərdə qurulmuş 17 ədəd modul tipli sutəmizləyici qurğuların, 194 bulağın qorunub saxlanılması və 29 min nəfərə qədər əhalinin təmiz içməli su ilə təmin olunması üçün lazımi görülüb, ortaya çıxan bütün nasazlıqlar vaxtında aradan qaldırılıb. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası ilə əlaqədar rayon iqtisadiyyatının ayrı-ayrı sahələrindəki dinamik inkişaf meylləri iqtisadiyyatın əsas göstəricisi olan rayon büdcəsinin də əhəmiyyətli dərəcədə artmasına zəmin yaradıb. İl ərzində rayonun gəlirləri 11 milyon 337 min manata qarşı 10 milyon 949 min manatya 98,2 faiz təşkil edib. Respublikanın iqtisadi siyasətinin əsas istiqamətlərindən biri kimi sahibkarlığın inkişaf etdirilməsi üçün Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi strategiyaya uyğun olaraq 2012-ci ildə rayonda bu sahənin inkişafına diqqət daha da artırılıb, vaxtaşırı olaraq sahibkarlarla görüşlər keçirilib, onları narahat edən məsələlər öyrənilib və həlli üçün tədbirlər görülüb.

Həyata keçirilən tədbirlər nəticəsində rayonun mərkəzində və ayrı-ayrı inzibati ərazilərdə 50-dən çox müasir standartlara cavab verən kommersiya və ictimai-iaşə obyektləri istifadəyə verilib, xidmətin səviyyəsi yüksəlib. 2012-ci il ərzində rayonda sahibkarlığın inkişafına dövlət dəstəyinin daha da gücləndirilməsi məqsədilə bir neçə mühüm tədbir keçirilib.

Sahibkarlığa Kömək Milli Fondunun dəstəyi ilə martın 7-də rayonun Şıxbağı kənd orta məktəbində sahibkarların maarifləndirilməsi və onlara kreditlər verilməsi məqsədilə təşkil olunan tədbirdə rayonun sahibkarlıq subyektləri ilə yanaşı, ətraf rayonların da sahibkarları, o cümlədən Bərdə, Goranboy, Tərtər, Ağcabədi, və İmişli rayonlarından olan adamları, kəndli-fermerlər, eləcə də müvəkkil kredit təşkilatlarının nümayəndələri iştirak ediblər. Rayonda güzəştli kreditlər hesabına pambıqçılığın inkişaf etdirilməsinə və nar bağları salınmasına olan imkanlar nəzərə alınaraq müvəkkil kredit təşkilatları vasitəsilə Zərdabda və ətraf rayonlarda fəaliyyət göstərən 49 sahibkarlıq subyektinə 546 min manat güzəştli kredit verilib.

2012-ci ildə rayonda poçt və rabitə xidmətlərinin yaxşılaşdırılması istiqamətində müsbət addımlar atılıb. Rayon üzrə elektronlaşdırma tam olaraq başa çatdırılıb. 2012-ci il ərzində kənd Avtomat Telefon Stansiyalarının fiber-optik kabelə qoşulması təmin edilib, xətt şəbəkəsinin genişləndirilməsi hesabına 116 ədəd telefon çəkilişi təmin olunub. İl ərzində rayonun 6 kəndində, o cümlədən Məmmədqasımlı, Qarəvəlli, Gəlmə, Şəftəhal, Çallı və Pərvanlı kəndlərinin hər birində 24 yerlik DSLAM avadanlığı quraşdırılaraq internetə çıxış təmin edilib.

Hesabat ilində rayon ərazisində geniş tikinti-abadlıq işləri həyata keçirilmişdir. 2012-ci ildə şəhərdə abadlıq işləri və küçələrin təmiri işləri davam etdirilib, yerli büdcədən ayrılan 551 min manat vəsait hesabına 11,2 km uzunluğunda küçə və yollarda təmir, 275 min manat vəsait hesabına müxtəlif abadlıq işləri görülüb. İl ərzində Nəqliyyat Nazirliyinin 32 saylı Yol İstismar İdarəsi tərəfindən ortacari təmir, yolların saxlanılması, körpülərin mühafizəsi istiqamətində 1 milyon 49 min manatlıq cari təmir işləri aparılıb.

Prezident İlham Əliyevin 19 iyun 2012-ci il tarixli sərəncamı ilə 9,5 min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Zərdab-Yuxarı Seyidlər-Siləyli avtomobil yolunun tikintisi üçün ilkin olaraq ayrılmış 5,4 milyon manat vəsait hesabına 10,5 km uzunluğunda yolun tikintisi başa çatdırılıb, 2013-cü ildə yol tikintisini davam etdirmək üçün yenidən 6,45 milyon manat vəsait ayrılıb və bu işlər hazırda davam etdirilir. Xatırladaq ki, ötən il rayona səfərindən sonra Prezident İlham Əliyev "Zərdab rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 15 oktyabr 2012-ci il tarixli sərəncam imzalayıb və tikinti-abadlıq işlərini davam etdirmək üçün Rayon İcra Hakimiyyətinə 2 milyon manat vəsait ayırıb. Ayrılmış vəsait hesabına Heydər Əliyev parkında təmir-abadlıq işləri aparılır, Ağcabədi-Zərdab, Kürdəmir-Zərdab yollarında sərhəd nöqtəsinin qurulması, şəhər 3 nömrəli körpələr evi-uşaq bağçasının əsaslı təmir edilməsi, şəhərin yeni 9 küçəsinin çınqıl daşla örtülməsi işləri görülür, şəhərin Azərbaycan küçəsində və Fəhlə qəsəbəsində yerləşən 14 kommunal evin əsaslı təmiri davam etdirilir, şəhidlərin xatirə parkında təmir abadlıq işləri görülür, Fəhlə qəsəbəsində ictimai hamam binasının tikintisində son tamamlama işləri görülür. Ölkə Prezidentinin tapşırığına əsasən 2012-ci ildə şəhərin və şəhərətrafı kəndlərin su təchizatının yenidən qurulması və kanalizasiya sisteminin yaradılması istiqamətində tikinti-quraşdırma işləri davam etdirilib, müxtəlif ölçülü boru xətləri ilə 14 km uzunluğunda kanalizasiya xətti, 51,2 km şəhərdaxili su xətti çəkilib, Zərdab-Kürdəmir rayonlararası 72 km uzunluğunda magistral su xəttinin çəkilişi başa çatdırılıb. Hazırda 1000-ə qədər ailə Ağsu rayonundan gələn təmiz içməli su ilə təmin olunur. 2012-ci il ərzində rayonda əhali və digər istehlakçıların elektrik enerjisi, təbii qaz və içməli su ilə təchizatının yaxşılaşdırılması üçün xeyli işlər görülüb, hava xətlərində və digər avadanlıqlarda təmir-bərpa işləri aparılıb.

 

 

Elşən BAYRAMOV

 

Mövqe.-2013.-26 fevral.-S.10.