Qubada abadlıq-quruculuq işləri
geniş vüsət alır
LAYİHƏNİN İSTİQAMƏTİ:
“Regionların sosial-iqtisadi inkişafının təşviq
edilməsi”
Regionların
inkişafı istiqamətində həyata keçirilən
dövlət proqramlarının mühüm nəticələrindən
biri də Azərbaycan bölgələrində
çoxsaylı istehsal müəssisələrinin
yaradılması, genişmiqyaslı abadlıq-quruculuq işlərinin
aparılmasıdır. Bunlar regionların simasının dəyişməsinə,
yeni iş yerlərinin dəyişməsinə rəvac verib.
Göstərilənlərin nümunəsi qismində Quba rayonunu da xüsusi qeyd etmək olar. 2012-ci ilin əvvəllərindən başlanılmış tikinti-quruculuq, abadlıq və yenidənqurma işləri 2013-cü ilin birinci rübündə də uğurla davam etdirilib. Ümumiyyətlə, respublikamızın digər bölgələrində olduğu kimi, Quba rayonunda da yenidənqurma, tikinti və abadlıq işləri geniş vüsət alıb. Heydər Əliyev adına mədəniyyət və istirahət parkı yeni və müasir görkəmə salınır. Burada Rayon İcra Hakimiyyətinin üçmərtəbəli yeni inzibati binasının və Gənclər Mərkəzinin tikintisi davam etdirilir. Bununla yanaşı, parkın ərazisində 200 kvadratmetr sahədə "Fəvvarələr” və min nəfərlik "Yaşıl teatr” konsert komplekslərinin tikintisi aparılır. Ərazidə, həmçinin 80 metr hündürlükdə Azərbaycan bayrağının dalğalanacağı Bayraq Meydanı da inşa edilməkdədir.
Heydər Əliyev prospektində rayon mərkəzi poçtamtı, Nizami parkının ərazisində isə A.A.Bakıxanov adına tarix-diyarşünaslıq muzeyi üçün yeni binalar tikilir. Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatı üçün inzibati binanın tikintisi artıq yekunlaşdırılıb. Turizmin inkişafı ilə əlaqədar hazırda rayonda dünya standartları səviyyəsində beşulduzlu "Riksos” otelinin tikintisi davam etdirilir. Bundan başqa, Quba şəhərini Qırmızı Qəsəbə ilə birləşdirən qədim "Tağlı körpü”də bərpa işləri görülüb. Şəhərin mərkəzində yerləşən "Quba meydanı” mədəniyyət və istirahət parkı əsaslı şəkildə yenidən qurulub, bu ərazidə "Ziyalılar parkı” salınıb, ətrafdakı inzibati, ticarət və xidmət obyektlərinin dam örtükləri dəyişdirilib, fasadları yenilənib. Mədəniyyət və istirahət parkında musiqili fontan, uşaqlar üçün əyləncə mərkəzi, xidmət və istirahət obyektləri, müasir işıqlandırma sistemi, piyadalar üçün yerüstü keçid quraşdırılıb. Şəhərdə möhtəşəm "Qala qapısı” inşa edilib, "Dədə Qorqud” abidə kompleksi yenidən qurulub.
2013-cü ilin ilk rübündə ümumi məhsul buraxılışı 50,449 milyon manat, 2% artım ilə sənaye məhsullarının ümumi həcmi 5,986 milyon manat, 11% artım ilə kənd təsərrüfatı məhsullarının həcmi 9,480 milyon manat, 5% artım ilə adambaşına düşən pullu xidmətlər 86,1 min manat olub. Ötən il və bu ilin birinci rübü ərzində bütün sahələr üzrə bir çox işlər görülüb və geniş tədbirlər həyata keçirilib. Bütün bunlar isə yeni iş yerlərinin açılmasına, rayon əhalisinin maddi rifah halının daha da yaxşılaşmasına, rayonun gözəl və firavan bir məkana çevrilməsinə imkan yaradıb. Bu müddət ərzində rayonun Küpçal, Dağlı, Aşağı Tüləkəran kəndlərində tam orta məktəblərin tikintisinə başlanılıb, Qaraçay, Xucbala və Hacıqayıb kəndlərində məktəblərin tikintisi davam etdirilib. Bundan başqa daha beş yaşayış məntəqəsində - Qımılqışlaq, İsnov, Məckə-Xacə, Alıc-Digah və Əspərasti kəndlərində yeni məktəblərin tikintisi planlaşdırılıb, tikinti sahələri ayrılıb, layihə-smeta sənədlərinin hazırlanması başa çatıb.
Quba şəhərinin küçə və meydançalarında ötən ildən başlanmış abadlıq işləri 2013-cü ilin birinci rübündə davam etdirilib. Belə ki, 223-cü Atıcı Diviziya küçəsində abadlıq işləri aparılıb, yeni gecə işıqlandırma dirəkləri quraşdırılıb, 1600 kvadratmetr yaşıllıq zolağı yaradılıb, mərmər bardyorlar qoyulub. Prezident İlham Əliyevin Quba rayonunun əhalisinə qayğısı və diqqəti sayəsində rayonun 7 yaşayış məntəqəsini birləşdirən Quba-Küpçal-Küsnət avtomobil yolunun tikintisinə Sərəncam verilib. Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Quba Rayon İcra Hakimiyyətinə ilkin olaraq 3 milyon manat ayrılıb. Bu barədə Sərəncam mayın 31-də Prezident İlham Əliyev tərəfindən imzalanıb. Sərəncamda deyilir ki, vəsait altı min nəfər əhalinin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən Rustov-Xanəgah-Gürdəh, Rustov-Nöydün-Şuduq, Rustov-Məckəxacə, Rustov-Bağçalı-Yekdar avtomobil yollarının tikintisinə sərf olunacaqdır.
2013-cü ilin birinci rübündə rayonun qəsəbə və kəndlərində də tikinti-abadlıq işləri görülmüşdür. Alekseyevka kəndində 1800 kvadratmetr aqlay materialı, 4300 kvadratmetr qaya daşı ilə üzləmə işləri aparılıb. Yağış sularının axıdılması üçün suötürücü xətti çəkilib. Kəndin ərazisindən keçən magistral yolun kənarına əlavə torpaq daşınmış relyef yola uyğunlaşdırılaraq yaşıl zolaq yaradılıb. Yaşayış məntəqəsi boyu 100 ədəd gecə işıqlandırma dirəyi quraşdırılaraq istifadəyə verilib. Nəticədə Alekseyevka kəndi müasir, yaraşıqlı, işıqlı bir qəsəbə formasına düşüb. Hesabat dövründə şəhərə giriş qapısının inşası başa çatdırılıb. Rayonun Digah kəndinə 1800 metr, Qəçrəş kəndinə 4500 metr, Gədikqışlaq kəndinə 7000 metr məsafədən yeni içməli su xətti çəkilib, Mirzəqışlaq, Küpçalqışlaq, Qımılqışlaq kəndlərində və Qırmızı Qəsəbə ərazisində subartezian quyularındakı nasoslar təmir olunaraq yenidən bərpa olunub. Qırmızı Qəsəbə, Vladimirovka, Ağbil, Rustov, Talabıqışlaq yaşayış məntəqələrində suvarma kanalları təmir olunub.
2013-cü ilin birinci rübü ərzində qaz təsərrüfatında da bir sıra işlər görülmüşdür. Şəhərin 29-cu məhəlləsinə verilən təbii qazın təchizatının yaxşılaşdırılması məqsədi ilə Heydər Əliyev prospektindəki orta təzyiqli daşıyıcı borudan 29-cu məhəlləyə 210 paqon metr, diametri 108 mm-lik əlavə qaz xətti çəkilib. Nəticədə əraziyə təzyiqli təbii qazın verilməsi təmin olunub. Şəhərə giriş xətti polietilen boru ilə əvəz edilərək bir pilləli xətt çəkilib. Rayonun II Nügədi kəndi ərazisində 6 və 7-ci məhəllələrində qaz tənzimləyiciləri, Ağbil kəndi ərazisində qaz xətti təmir olunub. Əhali abonentlərinin mənzillərinə quraşdırılmış qaz sayğaclarının dəyişdirilərək yeni tipli "Elster” markalı sayğaclarla əvəz olunmasına başlanılıb.
2013-cü ilin birinci rübündə Quba Elektrik şəbəkəsi tərəfindən elektrik təsərrüfatında müəyyən işlər görülüb. Belə ki, elektrik veriliş xətlərində istismara yararsız 28 dayaq dəyişdirilərək yenisi ilə əvəz olunub, 3600 metr 10-6 kv-luq yararsız naqil yenilənib, 04 kv-luq 6500 metr yarasız naqil SİP kabellə əvəz olunub. 251 ədəd 1 fazalı, 6 ədəd 3 fazalı yeni sayğaclar quraşdırılıb, yararsız vəziyyətə düşən 164 ədəd sayğac yenisi ilə əvəz olunub. Rayonun içməli su ilə təminatının yaxşılaşdırılması və Quba şəhərinin su-kanalizasiya sisteminin müasir tələblər səviyyəsində yenidən qurulması məqsədilə başlanmış layihədə tamamlanma işləri aparılır. Görülən işlər nəticəsində əhali daimi və ekoloji təmiz içməli su ilə təmin olunacaqdır. Qudyalçay hövzəsindəki su qəbuledici, Qəçrəş yolu, Dəvədabanı, Nügədi yolu massivlərində inşa olunan anbar və qurğuların inşası başa çatdırılıb. 2013-cü ilin birinci rübü ərzində Quba şəhərinin 32-33-cü, 24-cü məhəllələrində, Cəfər Cabbarlı, Mərkəzi Xəstəxana ərazilərindəki subartezian quyularının istismara yararsız hala düşən nasosları və elektrik mühərrikləri təmir olunmuş və quyuların iş rejimi bərpa edilib.
Layihədə nəzərdə tutulmuş 9400 yaşayış evindən 8954-nə kanalizasiya xətti çəkilib, 5903 evə SMART tipli elektron su sayğacı quraşdırılıb. 2013-cü ilin birinci rübündə rayonda kənd təsərrüfatı sahəsində müəyyən işlər görülüb. Rayon ərazisində yerli icra hakimiyyəti və bələdiyyə orqanlarının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon şöbəsi ilə birlikdə hazırladıqları təkliflərə uyğun olaraq eroziyaya uğramış, şorlanmış və digər səbəblərdən deqredasiyaya uğramış torpaqlar müəyyən edilərək xəritələşdirilərək onlardan səmərəli istifadə olunmasına başlanılıb. Ölkəmizin ən mühüm turizm bölgələrindən olan Qubaya hər gün müxtəlif xarici ölkələrdən qonaqlar gəlir, onlar rayonun görməli yerləri ilə, "Soyqırım” Abidə kompleksi ilə, rayonda yaşayan azsaylı xalqların adət-ənənələri ilə tanış olurlar. Rayonda geniş miqyaslı tikinti abadlıq və quruculuq işləri ilə bərabər çox saylı mədəni-kütləvi tədbirlər də keçirilir. Qeyd edək ki, yay turizm mövsümünün başlamasına az bir müddət qalıb. Bu ərəfədə şimal bölgəsinin turizm obyektləri ciddi hazırlıq işlərinə başlayıb.Belə ki, ilin ilk 4 ayı ərzində bölgəyə gələn turistlərin sayının artması turizm sahəsində çalışan qurumları yüksək səviyyəli xidmət təşkil etməyə sövq edib. Bu ilki Quba turizmi də turistlərin üzünə açıqdır. indi qubaya turist axını çoxalıb. Kimi meşəyə, kimisi isə çay kənarına özünü verir.
Həm daxili həm də xarici turistlərin ən çox üz tutduğu məkanlardan biri də Quba rayonudur. Doğrudan da öz füsunkar təbiətinə, tarixi memarlıq və təbiət abidələrinə görə, Quba böyük turizm potensialına malikdir. O dur ki, qarşıdakı yay mövsümündə turistləri rahatlığının təmin olunması məqsədilə müvafiq tədbirlər görülməkdədir. Turistlər həftə sonu Qubanın səfalı guşələrinə gəlir. Turistlər bildirirlər ki, özünə xidmət turizmi də maraqlıdır.
Cari ilin ilk 4 ayı ərzində rayonda 10 mindən çox turist qeydə alınıb ki, bu da ötən ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə 20% çoxdur. Qeyd edək ki, qış və yaz aylarında turistlər əsasən şənbə və bazar günləri çoxluq təşkil edir. Qarşıdakı yay mövsümündə isə rayonun turizm obyektlərinə demək olar ki, hər gün turist müraciətləri daxil olur. Odur ki, müvafiq qurumlar yay turizm mövsümünə ciddi hazırlıq işlərinə başlayıb. Cari mövsümdə bir neçə yeni turizm mərkəzinin istifadəyə verilməsi də nəzərdə tutulub. Qeyd edək ki, Qubanın bir neçə yaşayış məntəqəsində, o cümlədən məşhur Xınalıq kəndində də turistlərin fərdi evlərdə dincəlməsi, kənd həyatı ilə yaxından tanış olması üçün müvafiq şərait yaradılıb. Yay mövsümü ərzində Qubaya gələn turistlər həm müasir tipli turizm mərkəzlərində, həm fərdi mənzillərdə və həm də əsrarəngiz təbiətin qoynunda qurulan çadırlarda istirahət edə biləcək. Rayonda digər sahələrdə də dinamik inkişaf qeydə alınır.
Elşən
BAYRAMOV
Mövqe.-2013.-5 iyun.-S.10.