Gəncə yeni intibah dövrünü
yaşayır
LAYİHƏNİN
İSTİQAMƏTİ: “Regionların sosial-iqtisadi inkişafının təşviq
edilməsi”
İnkişaf templəri getdikcə daha intensiv xarakter alan müasir Azərbaycanın qarşıdakı dövr ərzində qazanacağı uğurların miqyasının artmaqda davam edəcəyi bu gün beynəlxlaq miqyasda da açıq etiraf olunur. Elə bunun nəticəsidir ki, müxtəlif beynəlxalq iqtisadi reytinq agentliklərinin hazırladıqları hesabatlarda ölkəmizlə bağlı göstəricilər daim yaxşılaşmaqdadır.
Azərbaycanın iqtisadi reytinq göstəricilərinin yüksəlməsində isə regionların payı da artmaqda davam edir. Ölkənin sosial-iqtisadi tərəqqisində mühüm paya malik olan və bu istiqamətdə xüsusi çəkisini mütəmadi olaraq artıranlardan biri də Gəncə şəhəridir.
2012-ci ilin yekununa görə, Gəncədə ümumi daxili məhsulun həcmi 45,8 faiz, yaxud müqayisəli qiymətlərlə 210,7 milyon manat artıb. Ötən il orta hesabla hər bir nəfərə düşən ümumdaxili məhsulun həcmi 2 min 294 ABŞ dolları olub. Şəhərdə iri və kiçik müəssisələrdə yeni istehsal sahələrinin açılması istehsal həcminin artımına və yeni iş yerlərinin yaranmasına səbəb olub. Ümumilikdə ötən il 160,5 min nəfərin məşğulluğu təmin olunub. 2012-ci ildə şəhərin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 175,2 milyon manatdan çox vəsait yönəldilib.
Gəncədə dinamik inkişafı şərtləndirən əsas səbəblərdən biri isə buraya yüksək səviyyədə göstərilən qayğıdır. Digər bölgələr kimi Azərbaycan Prezidenti İlham Əliyev Gəncəyə də xüsusi diqqət yetirir. Ötən ilin əvvəlində dövlət başçısı Gəncədə olub.Burada dövlət başçısı Heydər Əliyev Mərkəzinin və Gəncə Dövlət Filarmoniyasının təməlqoyma mərasimlərində, "Det-Al” Alüminium MMC-nin Gəncə Alüminium Komleksinin, N.Nərimanov parkının, "Xəmsə” abidə kompleksinin, Nizami Gəncəvinin heykəlinin açılışlarında iştirak edib, Bayraq meydanında, Cavadxan küçəsində, "İmamzadə” dini kompleksində aparılan təmir-bərpa və tikinti işlərinin gedişi ilə tanış olub. Ölkə başçısı Gəncəyə həmin səfərindən cəmi üç gün sonra şəhərin sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi ilə bağlı sərəncam imzalayıb və şəhər icra hakimiyyətinə beş milyon manat vəsait ayrılıb. Aprel ayında "Gəncə şəhərində abadlıq və yenidənqurma işlərinin sürətləndirilməsi ilə əlaqədar əlavə tədbirlər haqqında” ölkə Prezidentinin daha bir sərərəncamı imzalanıb və şəhərə beş milyon manat vəsait ayrılıb. Bir qədər sonra isə, yəni iyunun 5-də Azərbaycan Prezidentinin "Gəncə şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” sərəncamı ilə Məhsəti, Sadıllı, Natavan, Şıxzamanlı və Cavadxan qəsəbələrini birləşdirən, ümumi uzunluğu 21 kilometr olan avtomobil yollarının tikintisi məqsədi ilə ilkin olaraq Gəncə Şəhər İcra Hakimiyyətinə 3 milyon manat vəsait ayrıldı. Eyni məbləğdə vəsait Gəncəyə ötən ilin son günlərində də ayrıldı. Bütün bunlar ölkə başçısının qədim şəhərə və onun sakinlərinə hədsiz diqqət və qayğısının real təzahürüdür.
Gəncədə sahibkarlığın inkişafı da xüsusi diqqət mərkəzindədir. Bu fonda qeyd edək ki, Gəncədəki bank və qeyri-bank kredit təşkilatları tərəfindən 2012-ci il ərzində hüquqi və fiziki şəxslərə 208 milyon 636 min manat kredit verilib. Enerji, qaz, su, kanalizasiya və rabitə infrastrukturunun yenidən qurulması yönümündə atılan addımlar əhaliyə xidmət səviyyəsinin daha da yüksəlməsinə gətirib çıxarıb. Şəhərin bütün qəsəbələri fasiləsiz olaraq təbii qazla təmin olunur. Dövlət Proqramı çərçivəsində şəhər üzrə ayrı-ayrı küçə və prospektlərdə orta və aşağı təzyiqli qaz dəmir boru kəmərlərinin xeyli hissəsi polietilen kəmərləri ilə əvəz edilib. Əhalini fasiləsiz olaraq elektrik enerjisi ilə təmin etmək üçün şəhər ərazisində 20 yarımstansiya, 1039 KTM və TM fəaliyyət göstərir. Şəhərdə su təchizatının yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Azərbaycan Höküməti ilə Almaniyanın KfW bankı və İsveçrənin SECO təşkilatı arasında bağlanmış müqaviləyə əsasən Gəncə şəhərinin su və kanalizasiya sisteminin yenidən qurulması istiqamətində də bir sıra işlər görülüb. Şəhərin bütün qəsəbələrinin içməli su, təbii qaz və elektrik enerjisi ilə təchizatının yaxşılaşdırılması, su kanalizasiya sisteminin yenidən qurulması üzrə geniş miqyaslı işlər davam etdirilir. Şəhərin bütün mərkəzi və məhəllədaxili yollarının asfaltlanması, şəhərin mərkəzi küçələrinin yenidən qurulması, abadlıq işlərinin intensivləşdirilməsi, yeni istirahət parklarının salınması, əhalinin sosial problemlərinin həlli istiqamətində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi hər zaman diqqət mərkəzindədir.
Ölkə Prezidentinin diqqət və qayğısı sayəsində təməli 2011-ci ilin sentyabrın 8-də qoyulmuş "Gəncə şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində nəzərdə tutulan işlər keçən il də, bu il də yüksək sürətlə davam etdirilib. Onu da qeyd edək ki, şəhərdə yeni tikililərin sayı həddindən artıq çoxdur. Az idarə, müəssisə və təşkilat tapılar ki, onun üçün ayrıca inzibati bina inşa olunmasın və ya tikintisi nəzərdə tutulmasın. Bu yaxınlarda onların sırasına daha biri - Nizami Rayon Məhkəməsinin binası da daxil olundu. Şəhərin mərkəzində ucaldılan bu bina öz orijinallığı ilə seçilir və ümumi ansambla uyğunlaşır. Gəncə Filarmoniyasının, Heydər Əliyev Mərkəzinin tikintisində, Nizami Muzeyinin tikintisində qızğın iş gedir. Digər tikililər, o cümlədən Mətbuat Evinin də inşası maraq doğurur. Ümumtəhsil məktəblərində aparılan təmir, tikinti və yenidənqurma işləri geniş vüsət alıb. 2000-ci ildən üzü bəri şəhərdə cəmi 4-5 məktəbdə əsaslı təmir işləri aparılmışdısa, təkcə 2012-ci ildə Gəncədə 20-dən çox məktəb və məktəbəqədər müəssisə əsaslı təmir olunub.
Bu günlərdə isə Əmlak Məsələləri Dövlət Komitəsi, Gəncə ərazi idarəsinin yeni inzibati binasının aşılısı olub. Müasir standartlara uyğun inşa edilən inzibati bina günün tələblərinə cavab verən müasir informasiya-kommunikasiya texnologiyaları ilə təchiz edilib. Qeyd edək ki, binada elektron növbəlilik sistemi və qeydiyyat prosesinin daha çevik, operativ həyata keçirilməsi məqsədilə avtomatlaşdırılmış sənəd dövriyyəsi sistemi də mövcuddur. Bundan başqa, idarə ərazisində daşınmaz əmlaka dair hüquqların qeydiyyatı ilə bağlı müvafiq izahedici, o cümlədən dövlət büdcəsinə ödəniləcək xidmət haqları və rüsumlar barədə məlumatlandırma lövhələri asılıb. Gəncə şəhərində yerləşən 3 ¹-li körpələr evi uşaq bağçasında əsaslı təmir və yenidənqurma işləri başa çatdıqdan sonra valideyn və uşaqların istifadəsinə verilib. Möhtəşəm və yaraşıqlı olan körpələr evi-uşaq bağçasında 9 qrup var və 175 uşaq tərbiyə alır. Yeni təmir olunmuş bağçada uşaqların tərbiyəsi və inkişafı üçün hər bir şərait yaradılıb. Belə ki bağçanın həyətində futbol və basketbol meydançaları, 7 yay çardağı inşa edilib. Binanın daxilində gigiyenik və Avropa standartlarına uyğun mətbəx, yeməkxana, yataq otaqları, qrup otaqları, tibbi mərkəz və orta tutumlu akt zalı mövcuddur. Uşaqların intellektual səviyyəsini artırmaq və onların asudə vaxtlarından səmərəli istifadəsi üçün qrup otaqları müxtəlif invertarlarla və oyuncaq-konstruktorlarla təchiz olunublar. Qeyd edək ki, bundan sonrada belə Avropa standartlarına tam uyğun bağçaların yaradılması davam edəcəkdir.
Tarixi abidələrə əl gəzdirmək, onlara necə dəyərlər, "ikinci həyat” vermək ənənəsi 2012-ci ildə də davam etdirilib. "Böyük Vətən Müharibəsi” abidə kompleksi indi uzaqdan öz gözəlliyi, möhtəşəmliyi ilə diqqəti cəlb edir. Novruz Meydanı yenidən qurulub. "İmamzadə” tarixi memarlıq kompleksi ölkə Prezidentinin xeyir- duası və köməkliyi ilə tamamilə yenidən qurulur. Şah Abbas tarixi memarlıq kompleksi, "Çökək hamam” tarixi abidəsi qonaqları heyran edir.
Şəhərdə işıq sistemi tamamilə yenidən qurulur. Ən müasir, milli ornamentli işıq dirəkləri quraşdırılıb. İşıqların yandırılıb keçirilməsinə xüsusi nəzarət olunur. Şəhərə giriş avtomobil yolları genişləndirilib, yaşıllıqlar salınıb, yeni müasir obyektlər tikilib. Avtovağzalın şəhərdən kənara köçürülməsi və tamamilə yeni bir kompleksin tikintisi aparılır ki, bu da adamların razılığına səbəb olub. Hazırda 5 hektara yaxın ərazidə inşa işləri sürətlə gedir. Avtovağzal üçmərtəbəli olmaqla, sahəsi 3 min kvadratmetrə çatacaq, sərnişinlərin rahatlığı üçün ana və uşaq, tibbi xidmət, ibadət otaqları, iaşə və ticarət obyektləri xidmət göstərəcəkdir. Eyni zamanda burada 4 mərtəbəli mehmanxana və ticarət mərkəzi ucaldılır.
Bu günlərdə isə tramvay xətlərinin çəkilməsi ilə bağlı Gəncə şəhər icra hakimiyyətində ilkin layihə ictimaiyyət nümayəndələrinə təqdim edilib. İlk olaraq tramvay xətlərinin şəhərin iki daha sonra isə üç yerinə çəkilməsi planlaşdırılır. Birinci mərhələdə tramvay xətti 15 kilometr uzunluğunda olacaq, daha sonra isə həmin xətt uzadılacaq. Təqdimatda həmçinin tramvay modelinin seçimi, tramvayların optimal sayı, marşrutların uzunluğu və digər göstəriciləri barədə də müzakirələr aparılıb. Qeyd edək ki, Gəncədə bu işi dünyanın aparıcı şirkətlərindən biri sayılan tramvay istehsalı və tramvay xəttinin çəkilişi ilə məşğul Fransanın "ALSTOM” şirkəti görəcəkdir. Gəncənin nəqliyyat sektorunda aparılan islahatlar çərcivəsində əksər ictimai nəqliyyat vasitələri yeniləri ilə əvəzlənir, şəhərin taksi parkının müasirləşməsi üçün 500 ədəd "Peugeot” markalı minik avtomobillərinin gətirilməsi nəzərdə tutulur. Digər sahələrdə də dinamik tərəqqi yaşanır.
Elşən
BAYRAMOV
Mövqe.-2013.-6 mart.-S.10.