Ağdaş sosial-iqtisadi inkişafında
daha böyük uğurlara imza atır
LAYİHƏNİN İSTİQAMƏTİ:
“Regionların sosial-iqtisadi inkişafının təşviq
edilməsi”
Dinamik intibahı getdikcə daha böyük sürət alan müasir Azərbaycan əldə etdiyi nailiyyətlər hesabına bu gün dünya miqyasında uğurlu bir inkişaf modelinin müəllifi kimi də yaxşı tanınır. Paralel islahatlar konsepsiyasına əsaslanan bu modelin xarakterik xüsusiyyətlərindən biri də inkişafın proporsional xarakter daşıması, paytaxt və regionların dinamik tərəqqisini özündə ehtiva etməsidir.
Məhz bunun real təsdiqidir ki, Azərbaycanın ən ucqar rayonları belə özünün intibah dövrünü yaşayır. Həmin rayonlardan biri də Ağdaş rayonudur.
Məlumat üçün bildirək ki, Ağdaş rayonunun iqtisadiyyatını sənaye və kənd təsərrüfatı məhsulları istehsalı təşkil edir. Rayonda sənaye məhsulu istehsalı ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən elektrik enerjisi, qaz, su, istilik enerjisinin emalı ilə yanaşı çörək, çörək-bulka, müxtəlif şirniyyatlar, sərinləşdirici içkilər, meyvə şirəsi, şokolad, karamel, qatılaşdırılmış süd, dondurma, mebel, kərpic, qum-çınqıl və sair istehsal olunur.
Bütünlükdə respublikamız
üçün uğurlu keçən 2012-ci il isə
Ağdaş rayonunun sosial iqtisadi və mədəni həyatında
da yadda qalan hadisə və işlərlə əlamətdardır.
Rayonda "Azərbaycan Respublikası Regionlarının
2009-2013-cü illərdə Sosial-İqtisadi inkişafı
Dövlət Proqramı" çərçivəsində
2012-ci ildə xeyli abadlıq və quruculuq işləri
görülüb. Bununla yanaşı, keçən il rayonda
264,5 milyon manatlıq - 2011-ci ildəkindən 17,1 milyon manat və
ya 7,3 faiz çox ümumi daxili məhsul istehsal olunub. Bunun 7
milyon 24 min manatlığı sənaye, 126 milyon 119 min
manatlığı kənd təsərrüfatı məhsuludur.
Bu dövrdə rayonda aparılan tikinti işlərinin həcmi
10,1 faiz və ya 5,5 milyon manat artaraq 59,8 milyon manat təşkil
edib. 2012-ci ildə 831-i
daimi olmaqla 2 min 106 yeni iş yeri açılıb. Ümumiyyətlə,
2003-2012-ci illər ərzində rayonda 6 min 576-sı daimi
olmaqla, 17 min 744 yeni iş yeri yaradılıb.
Ötən
il rayonda kənd təsərrüfatı məhsulları
istehsalının artırılması sahəsində
ardıcıl tədbirlər görülüb. 15908 hektardan
42 min 259 ton taxıl istehsal olunub. 4369 hektardan 67 min 214 ton tərəvəz,
1320 hektardan 8562 ton qarğıdalı, 1186 hektardan 17 min 429 ton
kartof, 1525 hektardan 23 min tondan artıq bostan məhsulları
götürülüb. Bitkiçilik məhsulları
istehsalının artırılması üçün 2012-ci
ildə aqrar sektorda çalışanlara güzəştli
qiymətlərlə 847 ton mineral gübrə satılıb.
Rayonda
heyvandarlığın inkişaf etdirilməsi
üçün yem bitkilərinin, xüsusi ilə yonca,
qarğıdalı, arpa əkini sahələrinin genişləndirilməsi
və naxırın cins tərkibinin
yaxşılaşdırılması ön plana çəkilib.
İl ərzində rayonda iri malın sayı 985 baş artaraq
77 min 200-ə, xırda malın sayı isə 2075 baş
artaraq 94 min 562-yə çatıb. Bakı şəhərində
təşkil edilən satış-yarmarkalarına 111 tondan
çox müxtəlif çeşidli kənd təsərrüfatı
məhsulları göndərilib. Rayonun Ərəbocağı
kəndində 1200 başlıq müasir tipli heyvandarlıq
kompleksinin və 80 başlıq atyetişdirmə məntəqəsinin
tikintisi davam edir.
Rayonda
elektrik enerjisi ilə təchizatı
yaxşılaşdırmaq məqsədilə təmir işləri
davam etdirilib. 20,6 km uzunluğunda 10 və 0,4 kv-luq elektrik xətti
əsaslı, 49,3 km uzunluğunda 10 və 0.4 kv-luq elektrik xətti
isə cari təmir olunub. Rayonun Kükəl kəndi ərazisində
tikintisinə 2010-cu ildə başlanılıb. 220/110 kv-luq
2x180 MVA gücündə Ağdaş regional elektrik
yarımstansiyasında inşaat işləri davam etdirilir. Təbii
qaz təchizatını yaxşılaşdırmaq məqsədilə
təmir-bərpa işləri davam etdirilib. Ağdaş şəhərinin
və Ləki qəsəbəsinin müxtəlif küçələrində
39 min 838 metr uzunluğunda köhnə qaz xətləri yenisi
ilə əvəz olunub, Güvəkənd, Əmirarx, Bəylik,
Pirəyir və Tofiqi kəndlərində qaz xətlərinin
çəkilişi aparılıb. "Şəmsabad”
qazpaylayıcı stansiyasından Ağdaş şəhərinə
gələn xəttin 4150 metr hissəsi yeraltı polietilen
boru, 341 metr hissəsi isə polad boru vasitəsilə yenidən
çəkilib. Rayonda sahibkarlığın inkişafı
sahəsində ardıcıl tədbirlər
görülüb. 2012-ci ilin iyun ayında rayonda
Sahibkarlığa Kömək Milli Fondu tərəfindən
kredit yarmarkası keçirilib və 10 sahibkara 140 min manat
güzəştli kredit verilib. İl ərzində rayonda
sahibkarlığın inkişaf etdirilməsi
üçün 13 milyon 843 min manat, o cümlədən
Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti
hesabına 13 sahibkara 995 min manat həcmində kredit verilib.
Sahibkarların vəsaiti ilə 50-yə yaxın xidmət
obyekti istifadəyə verilib. 2012-ci ildə əhaliyə
göstərilən təhsil, səhiyyə və mədəniyyət
xidmətlərinin səviyyəsinin yüksəldilməsi
istiqamətində bir sıra tədbirlər həyata
keçirilib. Son illər dövlət büdcəsi və
Heydər Əliyev Fondunun vəsaiti hesabına rayonda 9 yeni məktəb
tikilib. 7 məktəbdə əlavə sinif otaqları
inşa edilib, 7 ümumtəhsil məktəbi əsaslı təmir
olunmaqla bu təhsil müəssisələrində 7 min nəfərə
yaxın şagirdin təhsil şəraiti yaxşılaşdırılıb.
Ötən il tam gücü ilə fəaliyyətə
başlayan 100 çarpayılıq yeni xəstəxana
binasında əhaliyə müasir səviyyədə tibbi
xidmətlərin göstərilməsinə
başlanılıb. Burada ilk dəfə olaraq hemodializ
şöbəsi açılmaqla 48 xəstəyə dializ
seansı qəbul etmək üçün şərait
yaradılıb.
Ağdaş
şəhərində yeni inzibati mərkəzin
yaradılması istiqamətində iş aparılır. Yeni
inzibati mərkəzdə Bayraq meydanının, həmçinin
Heydər Əliyev Mərkəzi, rayon icra hakimiyyəti, YAP
rayon təşkilatı, eləcə də Dövlət
Yanğından Mühafizə Hissəsi üçün
inzibati binalarının tikintisinə
başlanılmışdır. Rayonda beton zavodu, kərpic və
dam örtüyü materialları istehsalı müəssisəsi
inşa olunur. 4 istiqamətdən girişdə rayonun
adını göstərən memarlıq nümunələrinin
tikintisi başa çatdırılıb. Rayon ərazisindən
keçən magistral avtomobil yollarının kənarlarında
abadlıq-quruculuq işləri davam etdirilir. Ağdaş şəhərinin
Heydər Əliyev parkı ərazisində yenidənqurma
işlərinə başlanılıb. Parkın ümumi
görkəmi dəyişdirilir, əhalinin hər bir təbəqəsinin
istirahəti üçün münasib şəraitin
yaradılması istiqamətində tədbirlər həyata
keçirilir. Azərbaycan Respublikası Prezidentinin
"Ağdaş rayonunun sosial-iqtisadi inkişafının
sürətləndirilməsinə dair əlavə tədbirlər
haqqında” 2011-ci il 1 noyabr tarixli sərəncamı ilə
Ağdaş rayon İcra Hakimiyyətinə ayrılmış
2 milyon manat vəsait hesabına Heydər Əliyev prospektində,
"Heydər xiyabanı”nda və Azadlıq meydanında
tikinti-quruculuq və abadlıq işləri həyata
keçirilib.
Bir
sözlə, Azərbaycanın bütün bölgələrində
olduğu kimi, Ağdaş rayonunda da inkişaf yüksək səviyyədə
gedir. Ulu öndər Heydər Əliyevin xatirəsinə
ehtiram əlaməti olaraq 2013-cü ildə rayon ərazisində
90 min ədəd ağac əkilməsi təşəbbüsü
irəli sürülüb. Ağac əkiləcək ərazilər
plan üzrə idarə və təşkilatlar arasında
bölünüb. Ağdaş şəhərində və kəndlərdə
hər həftənin şənbə və bazar günlərində
keçirilən iməciliklərdə idarə, müəssisə
və təşkilatlardan, mədəniyyət, təhsil və
səhiyyə ocaqlarından minlərlə adam iştirak edir.
Rayon meşələrin mühafizəsi və bərpası
müəssisəsinin əməkdaşları ağacların
əkilməsi, qulluq edilməsi barədə iməcilik
iştirakçılarını məlumatlandırırlar.
Kiçik ağacların suvarılması və küləkdən
qorunması üçün də tədbirlər
görülür.
Bu günədək
Ağdaş şəhərində küçə kənarlarına,
park və bağlara, sosial obyektlərin ətrafına, kəndlərdə
yolların kənarına, ümumilikdə 40 min ədəd
müxtəlif növ ağac və gül kolu əkilib.
İməciliklər zamanı rayon ərazisindən keçən
Bakı-Şamaxı-Yevlax və Bakı-Qazax magistral avtomobil
yollarının kənarlarında da təmizlik-abadlıq
işləri görülür, yaşıllıq zolağı
salınır. İlin sonunadək rayonda daha 50 min
ağacın əkilməsi nəzərdə tutulur.
Ağac əkini
kampaniyası zamanı Ağdaş meşələrin
mühafizəsi və bərpası müəssisəsinin 7
hektar ərazisi olan tingçilik təsərrüfatında
yetişdirilən ağaclardan istifadə olunur. Ağdaş
rayonunda meşələrin mühafizəsi, yeni meşələrin
salınması və qiymətli ağac tinglərinin
yetişdirilməsi diqqət mərkəzindədir. Havanın
əlverişli keçməsi rayonda bu ilin planı üzrə
yeni mədəni meşələrin salınması işlərinə
başlanıb. Əsasən şam, qovaq, akasiya və iydə
ağaclarından ibarət on minlərlə ağac
hesabına Kür çayının kənarındakı
Tuqay meşələri daha da genişləndirilib.
Ağdaş, Göyçay və Ucar rayonlarında yerləşən
7.500 hektar meşə sahəsini əhatə edən
Ağdaş rayon Meşələrin Mühafizəsi və Bərpası
Müəssisəsinin nəzdində böyük
tingçilik təsərrüfatı da fəaliyyət
göstərir. Orada yetişdirilən 700 min ədəd
ağac tingindən meşəliklərin salınmasında, eləcə
də, həmin rayonlarda təşkil edilən ağacəkmə
aksiyalarında geniş istifadə olunur.
Yazlıq
bitkilərin əkini ilə bağlı Ağdaşın kəndlərində
işlərin qızğın çağıdır.
Hazırda kəndlərdə meyvə-tərəvəz məhsullarının
yetişdirilməsi üçün torpaq sahələri
şumlanaraq əkinə hazırlanır. Kəndlərdə
quraşdırılan istixanalarda pomidor və xiyar şitilləri
yetişdirilir, kartof və kələm əkini, yonca səpini
davam etdirilir, yeni meyvə bağları salınır.
Həmçinin,
yaz-yay fəsillərində əkin sahələrinin suvarma
suyuna olan tələbatının normal ödənilməsi
üçün arxlar lil və çöküntülərdən
təmizlənir. Ağdaş rayon Suvarma Sistemləri İdarəsinin
maşın və mexanizmləri hazırda 7 kəndin suvarma
arxının yenidən qazılmasına cəlb olunub. Ötən
iki ayda 20 kilometrdən çox arx lildən təmizlənib.
Bundan əlavə ayrı-ayrı kəndlərin bələdiyyələri
yerli əhalinin iştirakı ilə iməciliklər
keçirməklə fərdi həyətyanı sahələrdən
və pay torpaqlarından keçən daxili arxların əl əməyi
ilə qazılmasını təmin edirlər. Digər sahələrdə
də dinamik tərəqqi qeydə alınır.
Elşən BAYRAMOV
Mövqe.-2013.-20 mart.-S.14.