Ağsunun sosial-iqtisadi
tərəqqisi böyük uğurlarla müşayiət olunur
LAYİHƏNİN
İSTİQAMƏTİ: “Regionların sosial-iqtisadi
inkişafının təşviq edilməsi”
Bu gün Azərbaycan üçün prioritet məqamlardan biri ölkə iqtisadiyyatında qeyri-neft sektorunun daha sürətli inkişafına nail olmaq, innovativ texnologiyalar hesabına məcmu istehsal miqdarını artırmaqdır. Aparılan araşdırmalar bu sahədə ölkəmizin artıq mühüm nailiyyətlər əldə etdiyini göstərir və qeyd edilən istiqamətdə Azərbaycan regionlarının ümumi iqtisadi tərəqqiyə verdiyi töhfələr ildən-ilə çoxalır.
Bütün bunlar regionlarda da özünü qabarıq göstərən liberal bazar iqtisadiyyatının ölkəmizdə tam bərqərar olmasının real nəticəsi kimi çıxış edir. Bazar iqtisadiyyatına uyğun qanunvericiliyin, büdcə, vergi, bank sistemlərinin formalaşdırılması, aqrar islahatlarının həyata keçirilməsi, dövlət əmlakının özəlləşdirilməsi, sahibkarlığın inkişafı üçün əlverişli biznes mühitinin yaradılması nəticəsində bu gün ölkəmizin etibarlı dinamik tərəqqisi təmin olunub.
Özəl sektorun ölkənin sosial-iqtisadi inkişafında və ümumi daxili məhsulun istehsalında xüsusi çəkisi sürətlə yüksəlir. Sərbəst bazar münasibətlərinə əsaslanan sosial istiqamətli iqtisadi sistemin formalaşdırılması nəticəsində xalqın maddi rifahı yüksələn xətt üzrə inkişaf etməkdədir. Dayanıqlı və davamlı xarakterə malik iqtisadi yüksəliş ölkədə mövcud olan təbii-iqtisadi, texniki-istehsal və elmi-texniki potensialın fəal surətdə təsərrüfat dövriyyəsinə cəlb olunması ilə də müşahidə olunur. Bütün bunlar ictimai tərəqqi prosesini sürətləndirməklə bərabər, siyasi, sosial-iqtisadi sabitliyi daha da möhkəmləndirir, dünya iqtisadiyyatına uğurla inteqrasiya edən Azərbaycanın yeni-yeni uğurlara imza atmasını şərtləndirir.
Hazırda iqtisadi siyasətin əsas prioritetlərindən biri iqtisadi inkişafın daha da şaxələndirilməsinin təmin olunmasıdır. Ölkə üzrə ötən ilin nəticələrinə nəzər salmaqla bu sahədə regionların xüsusi çəkisinin davamlı surətdə artmasının şahidi olmaq mümkündür. Konkret nümunə qismində isə Ağsunu göstərmək olar. Reallaşan çoxsaylı layihələr, görülən abadlıq, tikinti-quruculuq işləri sayəsində iqtisadiyyatın ayrı-ayrı sahələrinə qoyulan investisiyanın məbləği ötən ilin yekunlarına əsasən, 2003-cü illə müqayisədə 158 dəfə artaraq ötən il 44,4 milyon manata çatıb. Regionların sosial-iqtisadi inkişafına dair 2009-2013-cü illəri əhatə edən İkinci Dövlət Proqramında, eləcə də Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarında qarşıya qoyulmuş vəzifələrin müvəffəqiyyətlə həlli istiqamətində rayonda keçən il ciddi səylər göstərilib, uğurlu nəticələr qazanılıb. Hesabat ilində məhsul buraxılışının ümumi həcmi 2011-ci illə müqayisədə 26,8 faiz artaraq 144,4 milyon manata çatıb.
Təhsil, səhiyyə, mədəni-məişət obyektlərinin inşası diqqət mərkəzində olub. Ləngəbiz kənd tam, Nəmirli kənd ümumi orta məktəbləri üçün müasir binalar tikilib istifadəyə verilib, Qəşəd və Rəhimli kənd ümumtəhsil məktəblərində tikinti-quraşdırma işləri davam etdirilib. Regional Dövlət Proqramlarının icra olunduğu müddətdə ümumilikdə rayonun 17 ümumtəhsil məktəbi üçün dövlət vəsaiti hesabına və Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəblər” layihəsi çərçivəsində ümumi şagird yerlərinin sayı 3884 olan, kompyuter texnikası ilə təchiz edilmiş yeni binalar inşa olunub. Həmin dövrdə 13 əlavə sinif korpusu tikilərək 4 məktəbdə genişləndirmə işləri aparılıb.
Son illərdə Kalva kənd sahə xəstəxanası üçün 15 çarpayı-yerlik yeni bina inşa olunub, Yaponiya Hökumətinin "Ot Kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində rayonun Ərəbmehdibəy kəndində həkim məntəqəsi əsaslı təmir edilib. Səhiyyənin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində işlər ötən il də davam etdirilib. Dövlət başçısı İlham Əliyevin 2011-ci ildə rayona səfərindən sonra onun müvafiq sərəncamları ilə ilkin olaraq ayrılmış 6 milyon manat vəsait hesabına rayon Mərkəzi Xəstəxanası üçün 145 çarpayı yerlik müasir tipli binada tikinti-quraşdırma işlərinə başlanılıb. Ötən ay isə Ağsu şəhərinin M. Rəsulzadə küçəsində idman kompleksinin inşasına başlanılıb. Bu məqsədlə 0,4 hektar torpaq sahəsi ayrılıb. Kompleksdə 6 idman zalı olacaqdır. Bu zallarda yeniyetmə və gənclər idmanın bir sıra növləri, o cümlədən sərbəst güləş, taekvon-do, üzgüçülük və sair məşğul olmaq imkanı əldə edəcəklər. İdman kompleksinin cari ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulub. Tikinti işlərində yerli inşaatçılar çalışırlar.
Ötən il yol infrastrukturunun təzələnməsi sahəsində işlərə ciddi diqqət yetirilib. Belə ki, rayonun 15 kəndinin əhalisinin istifadə etdiyi Ağsu-Çaparlı-Göylər avtomobil yolunda əsaslı bərpa və yenidənqurma işlərinə başlanılıb, yol üzərində 24 suötürücü və 3 körpü tikilib. Yola asfalt örtük salınmasına hazırlıq görülüb. Rayonun Kalva kənd inzibati ərazi dairəsinə daxil olan yaşayış məntəqələrinə əhalinin və nəqliyyat vasitələrinin gediş-gəlişini asanlaşdırmaq üçün Ağsu çayı üzərində uzunluğu 84 metr olan 3 aşırımlı müasir körpü istifadəyə verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə ayrılmış 2 milyon manat vəsait hesabına Ağsu şəhərində abadlaşdırma işləri davam etdirilib. H.Əliyev, Vidadi, Azərbaycan, Ü.Hacıbəyov, Natəvan, Firdövsi, T.Xasiyev küçələrində divarlarda dekorativ üzlənmə işləri aparılıb, 24 ictimai yaşayış binalarının dam örtükləri tamamilə təzələnib, fasad hissələrinin təmiri başa çatdırılıb. 2012-ci ildə Dövlət Miqrasiya Xidmətinin Regional İdarəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsi üçün yeni inzibati binaların tikintisində işlər davam etdirilib. "Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin "Aqroservis” filialı üçün istehsalat bazasının tikintisi başa çatıb və hazırda tamamlama işləri görülür. İdman-Sağlamlıq Kompleksinin təməli qoyulmuş və tikinti-quraşdırma işlərinə başlanılıb.
Ötən ilin ən böyük layihəsi Dünya Bankı və Azərbaycan Hökuməti ilə birgə maliyyələşdirilən 49,9 milyon ABŞ dolları dəyərində "Milli Su Təchizatı və Kanalizasiya xidmətləri üzrə İkinci Layihə” çərçivəsində Ağsu şəhərinin su təchizatının yenidən qurulması və kanalizasiya sisteminin yaradılması olub. Hazırda bu iş davam etdirilir. Regional Dövlət Proqramının uğurla həyata keçirilməsi nəticəsində 2012-ci ildə rayonda yeni açılmış iş yerlərinin sayı 989 olub ki, bundan 690-ı daimi iş yerləridir. 2002-ci il oktyabr ayının 1-dən 2013-cü il yanvar ayının 1-dək isə rayon ərazisində 4996-sı daimi olmaqla 9360 iş yeri yaradılıb.
Sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara dövlət tərəfindən hərtərəfli dəstək verilir. Təkcə 2012-ci ildə rayonda kənd təsərrüfatı məhsulları istehsalının təşkili məqsədilə 42 sahibkara 781,3 min manat məbləğində güzəştli kreditlər verilib. Həyata keçirilmiş layihələrdən sonra rayonda əlavə olaraq 104 yeni iş yeri yaradılacaq. Qeyd etmək yerinə düşər ki, sahibkarlıq subyektlərinə kreditlərin verilməsi 2011-ci illə müqayisədə 141,7 min manat, yaxud 22,1 faiz artıb.
Dövlət başçısının "Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” 2007-ci il 23 yanvar tarixli Sərəncamına uyğun olaraq 2012-ci ildə rayon ərazisində istehsalçılara yanacaq və motor yağlarına, buğda əkininə və s. görə 2,5 milyon manat, yaxud əvvəlki ildəkindən 17 faiz çox vəsait ödənilib. Məhz sahibkarlıq fəaliyyətinin genişləndirilməsinin nəticəsidir ki, rayonda ümumi məhsul buraxılışında qeyri-dövlət sektorunun xüsusi çəkisi yüksələrək hesabat ilində 68 faizə çatıb. Rayon iqtisadiyyatında aparıcı yer tutan kənd təsərrüfatında 2012-ci ildə 63,6 milyon manatlıq məhsul istehsal olunub ki, bu da əvvəlki illə müqayisədə 19,3 faiz çoxdur. Aqrar sahə məhsullarının istehsalı ümumi məhsul buraxılışında 44,3 faiz təşkil edib. Taxılçılıq, bostan-tərəvəzçilik, heyvandarlıq sahələrində dinamik inkişaf davam etməkdədir. Aqrar sektora göstərilən dövlət dəstəyi bu sahənin dinamik inkişafında mühüm rol oynayır.
Rayonda sənaye məhsulları istehsalı isə 2011-ci illə müqayisədə 2,6 dəfə artaraq 4,7 milyon manata çatıb. Təkcə "Az Granata” MMC-in Şirə və şərab emalı zavodunda 1,6 milyon manatlıqdan çox şirələr və şərab istehsal olunub ki, bu, ümumi sənaye məhsulunun 34 faizi qədərdir. Zavodda 16 çeşiddə meyvə şirəsi və şərab məhsulları buraxılır. Bu məhsullar ABŞ, Rusiya, Çexiya, Avstriya və digər xarici ölkələrə ixrac edilir. Rayondakı "Miri-Grand” MMC, "Azşərab-3” ASC və digər sənaye müəssisələri də istehsal sahələrini genişləndirirlər. Rayonun işıq və qaz təsərrüfatında olan uğurlar da müsbət dinamikadan xəbər verir. Ağsu Elektrik Şəbəkəsi (EŞ) Müəssisəsində isə il uğurla başlayıb. Müəssisə yanvar ayında 10 kilovoltluq xətlərin 0,3 kilometr hissəsində, 0,4 kilovoltluq xətlərin isə 0,7 kilometri əsaslı təmir olunub. Şəbəkənin xidməti ərazisində 20 ədəd smart-kart tipli və 14 ədəd elektron sayğac quraşdırılıb. Fevralın 20-də isə Ağsu rayonunun Yenilik kəndinə təbii qazın verilişinin bərpa olunması münasibətilə mərasim keçirilib. 53 abonenti olan Yenilik kəndinin qazlaşdırılması məqsədilə 10 min metr uzunluğunda müxtəlif diametrli polietilen, 2300 metr uzunluğunda metal borularla daşıyıcı və məhəllədaxili qaz kəmərləri çəkilib, 53 ədəd smart-kart tipli qaz sayğacı quraşdırılıb. Digər sahələr üzrə də dinamik tərəqqi qeydə alınır.
Elşən
BAYRAMOV
Mövqe.-2013.-30 mart.-S.10.