Regionların inkişaf
proqramı Füzuli rayonunda
da uğurla icra olunur
LAYİHƏNİN
İSTİQAMƏTİ: “Regionların sosial-iqtisadi inkişafının
təşviq edilməsi”
Müasir Azərbaycanın dinamik
inkişafı onun hər bir guşəsində
özünü qabarıq
büruzə verməkdə,
ölkəmizin simasının
müsbət istiqamətdə
dəyişməsi ilə
müşayiət olunmaqdadır. Bu hal özünü
cəbhə zonasında
yerləşən, hətta
ərazisinin bir hissəsi işğal altında olan rayonlarda da göstərir.
Qeyd edilənlərin real nümunəsini
Füzuli rayonunun timsalında da görmək olar. Füzuli rayonunda ötən ilin sosial-iqtisadi yekunları regionların sosial-iqtisadi inkişafı
Dövlət Proqramında
nəzərdə tutulmuş
tədbirlərin icrasının
burada uğurla davam etdirildiyini, geniş tikinti-quruculuq və abadlıq işlərinin aparıldığını
göstərir.
Bu barədə danışmazdan əvvəl
xatırlatmaq yerinə düşərdi ki,
1993-cü il avqustun
23-də Füzuli şəhəri, Horadiz qəsəbəsi və rayonun
82 kəndi Ermənistan silahlı qüvvələri tərəfindən
işğal olunub. İşğal nəticəsində 80 məktəb,
13 xəstəxana, 69 mədəniyyət evi və klub, 90 kitabxana, 2 muzey, 9 musiqi məktəbi,
Dövlət Dram Teatrı
dağıdılıb. Müharibə zamanı rayon sakinlərindən 740 nəfər şəhid
olub, 192 nəfər girov
götürülüb, 1240 nəfər
sağlamlığını itirib.
Torpaqlarımızın müdafiəsi uğrunda
fədakarlıq göstərmiş füzulililərdən 8 nəfəri
Azərbaycanın Milli Qəhrəmanı
adına layiq görülüb.
1994-cü ilin yanvarında ümummilli
lider Heydər Əliyevin rəhbərliyi
ilə Azərbaycan ordusu rayonun
21 kəndini və Horadiz qəsəbəsini
işğaldan azad edib. Hazırda rayonun 1382 kvadratkilometr ərazisinin 682 kvadratkilometri
- 1 şəhər, 61 kəndi işğal
altındadır. Rayonun Dövlətyarlı və Dilağar
əhəngdaşı, Kürdmahmudlu gil, Quruçay
qum-çınqıl qarışığı yataqları
hazırda ermənilərin əlindədir. Özünəməxsus
təbiəti olan Füzuli
rayonunun ərazisində 200-1400
yaşlı 11 ədəd Şərq çinarı təbiət
abidəsi kimi
pasportlaşdırılıb və işğala
qədər mühafizə olunub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
"İşğal olunmuş
Azərbaycan ərazilərində ətraf mühitə və
təbii sərvətlərə dağıdıcı təsiri
müəyyənləşdirən (izləyən) operativ mərkəz”i işğaldan
sonrakı dövrlərdə rayon ərazisində
təbii sərvətlərin ermənilər tərəfindən
dağıdılmasına dair bir sıra faktlar
aşkarlayıb. Müəyyən edilib ki, geniş meşə
massivləri ilə örtülü olan Dövlətyarlı kəndindəki ağaclar, Yağlıvənd kəndində yolun sağ və sol tərəfindəki böyük
yaşıllıqlar tamamilə qırılıb. Eyni zamanda, Qoçəhmədli
kənd yolu boyunca ağaclar kütləvi şəkildə məhv
edilib.
Bundan başqa,
2006-2009-cu illər ərzində rayonun 35 min hektardan artıq ərazisi
ermənilər tərəfindən yandırılıb. Elə
indi də ermənilər rayonun
təbiətinə ziyan vurmaqda davam edirlər.
Ümumiyyətlə, işğal nəticəsində
isə rayon iqtisadiyyatına, əhaliyə
dəyən zərər milyard manatlarla hesablanır.
115
min nəfər əhalinin 45 min nəfərdən çoxu
respublikanın 50 şəhər və rayonunda,
70 min nəfərə yaxını isə
rayonun işğaldan azad edilmiş ərazilərində
məskunlaşıb. 1996-cı ildən başlayaraq
rayonun işğaldan azad olunmuş ərazilərində
infrastrukturun bərpasına
başlanılıb, məcburi köçkünlər üçün
16 qəsəbə salınıb. Təhsil, səhiyyə və
mədəniyyət müəssisələri, yollar,
körpülər, elektrik və suvarma sistemləri, evlər yenidən tikilmiş və bərpa olunub,
Horadiz qəsəbəsinə şəhər
statusu verilib. Bir sözlə dövlətimiz
dağıdılanları bərpa edir,
yenilərini tikir. Mədəniyyət
və tibb müəssisələri, idarəetmə
obyektləri yerləşən binalar, yollar, körpülər, elektrik
və suvarma sistemləri, bir
sözlə, yaşayış üçün
zəruri olan infrastruktur
yenidən qurulub və yararlı hala salınıb. 4 mindən artıq ev bərpa olunub, 3 minə
yaxın evin isə bərpası
istiqamətində müvafiq addımlar
atılır.
Ölkə rəhbəri
İlham Əliyevin sərəncamları
ilə Dövlət Neft Fondunun
hesabına ərazidə 4211 ailəlik 16 daş
evlərdən ibarət qəsəbə salınıb. Horadizdə geniş tikinti-quruculuq və bərpa işləri
aparılıb, küçələr asfaltlanıb,
yaşıllıqlar salınıb, müasir
işıqlandırma sistemi
quraşdırılıb. Şəhərdə ümummilli lider Heydər Əliyevin
abidəsi qoyulub, onun
yaxınlığında 33 metr
hündürlükdə Azərbaycanın Dövlət bayrağı ucaldılıb, 3,5 hektar
ərazidə ulu öndərin
adını daşıyan park
salınıb, Heydər Əliyev Mərkəzi, Muğam evi, Olimpiya İdman Kompleksi, mədəniyyət sarayı, şahmat məktəbi inşa
edilib, park və
istirahət guşələri yaradılıb. Dövlətimiz
tərəfindən hər cür diqqət
və qayğı ilə əhatə olunmuş
füzulililər doğma torpaqlara
qayıdacaqları günü səbirsizliklə
gözləyirlər. Eyni zamanda,
Ali Baş
Komandanın əmri ilə erməni faşistlərinə
qarşı silaha sarılmağa hər an hazırdırlar.
Dövlət
başçısının 2012-ci il
dekabrın 15-də Füzuli rayonuna səfəri zamanı Əhmədbəyli
kəndi ərazisində soyuducu anbar kompleksi və Bala Bəhmənli kəndində Su Elektrik Stansiyası
istifadəyə verilib. Prezident İlham
Əliyevin 17 dekabr 2012-ci il
tarixli Sərəncamı ilə rayonun sosial-iqtisadi
inkişafının sürətləndirilməsi məqsədi
ilə Prezidentinin ehtiyat
fondundan iki milyon manat ayrılıb.
40 çarpayılıq mərkəzi xəstəxananın, rayon icra hakimiyyəti üçün inzibati
binanın, 320 şagird yerlik
gimnaziyanın, Qazaxlar, Mollaməhərrəmli
və Araz Zərgər kəndlərində
orta məktəb binalarının
tikintisinə başlanılması üçün
müvafiq addımlar atılır. Rayonda təhsil, səhiyyə, idman,
mədəniyyət, əhalinin təbii qaz,
elektrik enerjisi və su təminatının
yaxşılaşdırılması sahələrində görülmüş işlər də tərəqqidən
xəbər verir.
Azərbaycan
Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət
Proqramı”na uyğun olaraq
isə, Füzuli rayonunun
yaşayış məntəqələrinin
qazlaşdırılması davam etdirilir. Proqrama uyğun olaraq artıq Füzuli rayonunun Əhmədbəyli
kəndinə təbii qaz verilib.
İndiyədək Horadiz şəhəri
və rayonun 17 kəndi təbii qazla təmin olunub.
Hazırda rayonun Yuxarı Kürdmahmudlu,
Mahmudlu-2 kəndlərinə, Zobucuq 1 və
Zobucuq 2 qəsəbələrinə daxili, Qayıdış qəsəbəsinə
isə daşıyıcı qaz xətləri
çəkilir.
Əhmədbəyli
kəndinin qazlaşdırılması məqsədilə
birpilləli sistem əsasında ümumi uzunluğu 14 min 219 metr müxtəlif diametrli polietilen, 11 min 179 metr daxili
qaz xətləri çəkilib, 381
abonentə qaz sayğacı və fərdi
tənzimləyici quraşdırılıb. 2013-cü ilin sonunadək rayonun bütün kəndlərinin
qazlaşdırılması nəzərdə tutulub.
Rayon iqtisadiyyatının əsasını
təşkil edən aqrar sahədə əldə
olunan uğurlar da təqdirəlayiqdir. Görülən
işlər nəticəsində taxıl,
qarğıdalı, kartof, bostan-tərəvəz
məhsulları, çuğundur,
pambıq, üzüm, günəbaxan,
meyvə istehsalı artıb. Keçən il
rayonun fermer və
sahibkarları 103 min tona
yaxın taxıl götürüblər. Bu,
rayon tarixində ən yüksək
göstəricidir və Füzuli, respublika üzrə 100 min
ton həddini keçən rayonlardan biri olmuşdur. Halbuki ərazisinin
70 faizi hələ də düşmən
tapdağı altındadır. Heyvanların cins
tərkibinin yaxşılaşdırılması istiqamətində
işlər davam etdirilir.
Kiçik və orta
sahibkarlığın inkişaf etdirilməsi
üçün xeyli
sayda sahibkar və fiziki şəxsə kreditlər verilib. Hazırda rayonda
200-dən artıq sahibkarlıq obyekti fəaliyyət
göstərir ki, bunların da 130-u son 2 ildə
yaradılıb. Bu gün
rayonda istehsal olunan kənd təsərrüfatı və sənaye
məhsulları istehsalı yüz faiz özəl bölmənin payına düşür.
Təhsilin
inkişafı da diqqət mərkəzindədir.
Rayon üzrə 80 ümumtəhsil məktəbi,
o cümlədən 74 tam
orta, 5 ümumi orta, 1 ibtidai məktəb
fəaliyyət göstərir. Horadiz şəhərində 240, Gecəgözlü və
Üçbulaq kəndlərinin hər
birində 80 yerlik məktəb
binalarının tikintisi başa
çatıb, Qayıdış qəsəbəsindəki 4
nömrəli tam orta
məktəbin binası əsaslı təmir edilib.
Ərazidə ötən müddətdə 44 məktəb bərpa
olunub və yenidən tikilib.
Heydər Əliyev Fondunun köməyi ilə
Horadiz şəhərində ikimərtəbəli
240 yerlik orta məktəb
binası ötən dərs ilində qapılarını
şagirdlərin üzünə açır.
Rayonun digər məktəblərində
isə cari təmir işləri
aparılıb. Birinci və beşinci sinifdə dərs deyəcək
müəllimlər kurikulum kurslarına cəlb
olunub, məktəblər vəsait, dərslik
və avadanlıqla təmin olunub. Füzuli rayonunun Kərimbəyli
kəndində Ermənistan silahlı qüvvələrinin
işğalı dövründə
dağıdılmış 45 yerlik uşaq bağçası isə ötən ilin əvvəlində əsaslı bərpa olunaraq istifadəyə verilib.
Bütün infrastruktura
malik uşaq
bağçası lazımi avadanlıqlarla təmin edilib.
Füzuli rayonunun işğaldan azad edilmiş hissəsində digər sahələrlə
yanaşı, idmanın inkişaf etdirilməsi
də diqqət mərkəzindədir. Füzulidə
32 idman qurğusu, 18 idman zalı və 28 stadion
uşaqların, yeniyetmələrin və gənclərin
istifadəsinə verilib. 2010-cu ilin noyabrında Prezident İlham Əliyevin iştirakı ilə
istifadəyə verilmiş Horadiz Olimpiya İdman Kompleksində futbol,
basketbol və voleybol
meydançaları, tennis kortu
fəaliyyət göstərir. Rayon
gəncləri idmanın futbol, voleybol, cüdo, sərbəst
və yunan-Roma güləşi, karate növləri ilə məşğul olurlar.
Cari ilin "İdman ili” elan edilməsi ilə əlaqədar rayonda müxtəlif tədbirlər,
idmançılarla görüşlər, cüdo,
karate, şahmat, voleybol, futbol idman növləri üzrə yarışlar keçirilib. Tədbirlər planına əsasən,
bu cür mərasimlər
ilin sonunadək davam
etdiriləcək.
Füzuli Elektrik Şəbəkə
(EŞ) Müəssisəsində yenidənqurma işləri
həyata keçirilib. Enerji təchizatında
dayanıqlığın daha da möhkəmləndirilməsi məqsədilə
"Böyük Harami”,
"Mahmudlu”, "Horadiz”
və "Böyük Bəhmənli”
yarımstansiyalarının hava elektrik verilişi xətlərində
əsaslı və cari təmir işləri
aparılıb. Müvafiq tədbirlər
rayonun bir sıra kəndlərində
də icra edilib.
Füzuli rayonunun Qarabağ kəndində ayda
450 ton quş əti istehsal edə bilən "Qarabağ
broyler” MMC üçün
yeni müəssisə inşa
edilməsi də təqdirəlayiq hallar
sırasındadır. Müəssisənin ümumi
sahəsi 25 hektardır. Müasir texnologiyaya əsaslanan müəssisədə
Türkiyənin aparıcı şirkətlərindən gətirilmiş
ən müasir avadanlıq
quraşdırılıb.
Son il yarım ərzində
rayon ərazisində İtaliya,
Amerika və Türkiyədən gətirilmiş
80 minə yaxın ağac, eləcə də
digər həmişəyaşıl ağaclar
əkilib. Küçə və səkilər müasir dizaynla təmir olunub, xiyabanlar yaradılıb.
Geri qayıdaraq ərazidə quruculuq işləri ilə məşğul
olanların sayı son illərdə
artıb. Prezident İlham
Əliyevin sərəncamı ilə rayonun
Əhmədbəyli - Alıxanlı - Zobucuq
məntəqələrini, Bala Bəhmənli
- Araz Dilağarda - Araz Zərgar kəndlərini birləşdirən
yollar son dövrdə
yenidən tikilib. Hazırda 25 min nəfər bu yollardan istifadə edir.
İndi isə bu rayon sakinləri bir nəfər
kimi inanır ki,
dövlət başçısı İlham
Əliyevin rəhbərliyi ilə aparılan düzgün
siyasət nəticəsində köçkünlər Qarabağa, Füzuliyə qayıdacaqlar. Onlar bu günün
uzaqda olmadığına qəti surətdə
əmindirlər.
Elşən BAYRAMOV
Mövqe.-2013.-1
may.-S.10.