Astara sürətli inkişaf yolundadır
LAYİHƏNİN
İSTİQAMƏTİ: “Regionların sosial-iqtisadi
inkişafının təşviq edilməsi”
İnkişaf dinamikası get-gedə daha
mütəhərrik hala gələn müasir Azərbaycanda
sosial-iqtisadi sferada əldə olunan nailiyyətlərin
miqyası mütəmadi olaraq genişlənməkdədir. Bu
hal ölkə üzrə müəyyən olunmuş iqtisadi
rayonlar üzrə də özünü qabarıq formada
büruzə verir. Sözügedən sürətli tərəqqinin
əsas ünvanlarından biri də Astara rayonudur. Cari ilin ilk
rübünün sosial-iqtisadi nəticələri də qeyd olunanların
real təsdiqidir.
Qeyd edək ki, 2013-cü ilin ilk
rübündə ümumi məhsul buraxılışı 24
milyon 779,6 min manata çatdırılıb, 51,5%-i məhsul
istehsalı sahələrində, 48,5%-i isə xidmət sahəsində
olub. Orta hesabla hər bir nəfərə düşən
ümumi məhsul buraxılışının həcmi 244,5
manat təşkil edib.
2013-cü ilin 3 ayında rayonda
tikinti-abadlıq və quruculuq sahəsində xeyli iş
görülüb. Rayonda inşaat işlərinin
aparılması üçün 2013-cü ilin I rübündə
bütün maliyyə mənbələrindən əsas
kapitala 3 milyon 428,3 min manat məbləğində vəsait
yönəldilib. İnvestisiyanın 1 milyon 841,5 min manatı,
yaxud 53,7%-i istehsal təyinatlı obyektlərin, 1 milyon 586,8 min
manatı, yaxud 46,3%-i isə qeyri-istehsal təyinatlı obyektlərin
inşasında istifadə edilib. Tikinti quraşdırma işlərinə
sərf edilmiş vəsaitin həcmi ümumi tikinti işlərində
istifadə edilmiş vəsaitin 94,4%-ni təşkil edərək
3 milyon 235,3 min manat olub. Əsas kapitala yönəldilmiş
investisiyanın hamısını daxili investisiyalar təşkil
edir.
Heydər Əliyev prospektinin girişində
genişləndirmə işləri aparılıb, yolun hər
iki tərəfində yeni hasarlar hörülüb, 7000
kvadratmetr müxtəlif üzlüklər çəkilib.
Şəhər 1 saylı tam orta məktəbin
qarşısında genişləndirmə işləri
aparılıb, yeni dizaynda bağ salınıb. Astara Uşaq
Musiqi məktəbinin dam örtüyü dəyişdirilib,
fasadı karpiyera ilə yenidən işlənib. S.Vurğun
küçəsində 2, Z.Bunyadov küçəsində 3
ictimai yaşayış binasının dam örtüyü
tam dəyişdirilib, Azərbaycan küçəsində 4
ictimai binanın fasadı yenidən qurulub. Nizami və Qum
küçəsindəki hasarlar yenidən hörülüb,
üzlüklər çəkilib, Bayraq meydanının ətrafında
geniş abadlıq işləri aparılıb. Rayon Mərkəzi
xəstəxanasının köhnə korpusu və poliklinika
şöbəsinin əsaslı təmiri başa çatmaq
üzrədir.
Rayonda ilk dəfə olaraq iş adamı tərəfindən
şəhərin mərkəzində Heydər Əliyev
prospektində 9 mərtəbəli və sərhədçilərin
mənzil şəraitinin
yaxşılaşdırılması məqsədilə
dövlət vəsaiti hesabına inşa olunan 6 mərtəbəli
yaşayış binalarının tikintisi davam etdirilir.
Tikinti-quruculuq, abadlıq işləri qəsəbə və
kəndlərdə də geniş vüsət alıb.
Xalqımızın ümummilli lideri, dahi şəxsiyyət
Heydər Əliyevin əziz xatirəsinə astaralılar da
daim hörmət və ehtiram bəsləyirlər. Ulu Öndərin
anadan olmasının 90-cı ildönümü ilə əlaqədar
Astarada silsilə tədbirlər keçirilib. Mayın 9-da Astara
rayonunun Kijəbə qəsəbəsində ümummilli lider
Heydər Əliyevin adına salınmış mədəniyyət
və istirahət parkının və Ulu Öndərin abidəsinin
açılışı olub.
Dövlət Proqramının icrası ilə
əlaqədar Telman kəndində 220 şagird yerlik tam orta məktəb
tikilib istifadəyə verilib. Bu fonda qeyd edək ki, rayonun
Şağlazüzə kəndində orta məktəb uzun illər
idi ki, uyğunlaşdırılmış və yararsız
binalarda yerləşirdi. Məktəbin pedaqoji kollektivinin,
şagird və valideynlərin illərdən bəri
arzuladıqları müasir tələblərə cavab verən,
şagirdlərin yüksək səviyyədə təhsil
almaları üçün hər cür şərait
yaradılan 220 şagird yerlik, ikimərtəbəli yeni məktəb
binası isə may ayının 2-də istifadəyə
verilib. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin
anadan olmasının 90 illik yubileyi ərəfəsində, 7
may 2013-cü il tarixdə rayonun ən ucqar dağlıq ərazilərindən
biri olan Motlayataq kəndində yeni tikilmiş məktəb
binasının açılışı olub. 220 şagird
yerlik, ikimərtəbəli yeni məktəb binasında
şagirdlərin yüksək səviyyədə təhsil
alması üçün hər cür şərait
vardır. Ümumiyyətlə, bütün respublikada
olduğu kimi Astarada da son illər yeni məktəb
binalarının tikintisinə, təhsil ocaqlarının
maddi-texniki bazasının möhkəmləndirilməsinə
diqqət artırılıb. Bunun əyani sübutudur ki, son 4
ildə rayonda 27 məktəb üçün yeni bina tikilib
istifadəyə verilib, 11 məktəb əsaslı təmir
olunub. Hazırda rayonda bir neçə yeni məktəb
binası inşa olunur. Geniş vüsət almış məktəb
tikintisi "Regionlarının Sosial-iqtisadi
İnkişafı” Dövlət Proqramına uyğun olaraq
aparılır. Tikilən yeni məktəb binaları,
abadlaşan qəsəbə və kəndlər, küçə
və meydanlar Astaraya yeni yaraşıq verir, onun gözəlliyini
qat-qat artırır.
Kijəbə qəsəbəsində
Lovayın su anbarının əsaslı təmiri, Heydər Əliyev
Parkının və Ərçivan qəsəbəsində
boks idman kompleksinin tikintisi və yeni parkın salınması
davam etdirilir. Burzubənd-Pəlikəş-Şəvqo kəndləri
istiqamətində rayon icra hakimiyyətinin köməkliyi ilə
yollar təmir edilib, Doli kəndinə elektrik enerjisi verilməsi
təmin edilib. Pəlikəş ərazi nümayəndəliyinin
Şəvqo kəndinə avtomobil yolunun çəkilişi həyaat
keçrilib. Hamoşam, Asxanakəran və Pəlikəş ərazi
nümayəndəliklərinə gedən yolların əsaslı
təmiri üçün hazırlıq işləri
görülür.
Rayonda kənd təsərrüfatı məhsullarının
istehsalı və satışı sahəsində diqqəti cəlb
edən uğurlar qazanılıb. Yeni salınmış 120
hektar çay plantasiyasında aqrotexniki qulluq işləri
aparılıb, sahələrə mineral gübrələr
verilib. 80 hektar sahədə yeni sitrus və subtropik bitkiləri
əkilib. 781 hektar sahədə tərəvəz, 156 hektar sahədə
dənli paxlalı, 835 hektar sahədə kartof əkini
aparılıb. 1 aprel 2013-cü il vəziyyətinə rayonda
1903 hektar sahədə yazlıq əkini keçirilib.
2013-cü ildə Aqrolizinq tərəfindən kənd təsərrüfatı
məhsulları istehsalçılarına güzəştli
qiymətlərlə 170 ton mineral gübrə satılıb. Son
dövrdə rayonda 5480 iş yeri açılıb, bunun da
5165 daimi iş yeridir. Birinci rüb ərzində rayonda 126 yeni
iş yeri açılıb.
Dövlət Sosial Müdafiə Fondu Astara
rayon şöbəsi proqnoz planı 840,4 min manata qarşı
843,8 min manat və ya 100,4% icra edib. Şöbədə 15 min 586
nəfər sığorta olunan qeydiyyata
götürülüb. Pensiya və müavinətlər 5
milyon 208,5 min manat olmaqla, tam ödənilib.
Əhalinin Sosial Müdafiəsi Mərkəzində
1590 ailə ünvanlı sosial yardımı alır.
Ünvanlı sosial yardımın hər ailə üzrə
orta aylıq məbləği 104 manat təşkil edib.
Dövlət Sığorta Agentliyi Rayon Filialı tərəfindən
5760 manat tədiyyə toplanılıb. Rüb ərzində
yığılmış tədiyyə və baş idarədən
daxil olmuş vəsait hesabına hərbi xidmət
dövründə xəsarət almış əlillərə
6600 manat sığorta yardımı verilib. Rayon Məşğulluq
Mərkəzində ötən dövr ərzində iş
üçün 103 nəfər müraciət edib, bunlardan 85
nəfər idarə və müəssisələrdə
işlə təmin olunub. Poçt və rabitə müəssisələri
əhaliyə, müəssisə və təşkilatlara 142,4
min manat və ya ötən ilin müvafiq dövrü ilə
müqayisədə 13,5% çox rabitə xidməti göstəriblər.
Astara Elektrik Şəbəkəsi tərəfindən
rayona 11 milyon 962 min 262 kilovat-saat, 717 min 735 manat dəyərində
elektrik enerjisi verilib. Rayonda qaz xətlərinin yenidən
qurulması və əhalinin qaz təminatının daha da
yaxşılaşdırılması məqsədi ilə
2013-cü ilin I rübündə 682 evə qaz xətti çəkilib,
bundan 417-si yeni evlərdir. 11 min 922 p/m müxtəlif diametrli
qaz xətləri üzərində təmir-bərpa işləri
aparılıb. 2 ədəd yeni qaz təmizləyici şkaf
quraşdırılıb, 8 ədəd siyirtmə dəyişdirilib.
Şuvi, Sərək və Vəznəş kəndlərində
təbii qazın verilməsi təmin edilib, Şahağac,
Telman, Səlivə və Deqədi kəndlərində təbii
qazın çəkilişi davam etdirilir. Siyaku kəndindəki
yarımstansiyadan Şahağac kəndinə gedən qaz kəmərinin
315 mm polietilen borusu ilə əvəz edilməsi davam etdirilir.
Kakalos kəndi ərazisində yeni yaşayış massivinə
qaz xəttinin çəkilişinə başlanıb.
Şəhər əhalisini narahat edən əsas
məsələlərdən biri olan içməli su təchizatının
və kanalizasiya sisteminin yenidən qurulmasına yaxın
günlərdə başlanması nəzərdə tutulub.
Suvarma Sistemləri İdarəsi tərəfindən rüb ərzində
10 min metr suötürücü ana kanalı və 12 min metr
kiçik kanallar lildən və tullantılardan təmizlənib.
Ərçivan qəsəbəsindəki Ərçivan
çayının genişləndirilməsi və lildən təmizlənməsi
işi davam etdirilir. Şəhər daxilində
suötürücü kanalların dərinləşdirilməsi,
təmizlənməsi və qaydaya salınması nəticəsində
əhalinin yağış və izafi sulardan ziyan çəkməsinin
qarşısı alınıb. Astara Meşə Mühafizəsi
və Bərpası Müəssisəsi tərəfindən
23 hektar sahədə meşə bərpası tədbirləri
görülmüş, 1,5 hektar sahədə yeni şitillik
sahələri salınıb. 2013-cü ilin birinci
rübündə əhaliyə göstərilən səhiyyə
xidmətinin təşkili sahəsində də müəyyən
işlər görülüb.
Turizmin inkişafı üçün
yaxşı potensial var. Azərbaycanın ən mənzərəli
rayonlarından biri olan Astaranın ərazisinin bir hissəsini
Talış dağları tutur, bir hissəsi isə
ovalıqdır. Astaraçay və Təngərüd
çayları uca dağlardan başlanır və Xəzər
dənizinə tökülür. Rayon ərazisinin 37.000 hektar
sahəsi meşələrlə örtülmüşdür.
Mənzərəli Talış
dağlarının bənzərsiz gözəlliyi və bu
yerlərin saf havası buraya yolu düşənləri həmişə
heyran edir. Rayon ərazisində 400-dən çox tarixi abidə
salamat qalıb. Onların əksəriyyəti dağ kəndlərindədir.
Ümumiyyətlə, rayon ərazisində Nazirlər
Kabinetinin qərarı ilə təsdiq edilmiş 102 tarix və
mədəniyyət abidəsi yerləşir ki, onların da əksəriyyəti
memarlıq abidələridir. Astara şəhərindəki
XIX-əsrə aid olan "Qum", Ərçivan kəndindəki
Məhəmməd Hənəfiyyə, Giləkəran, Pensər,
Şiyəkəran kənd məscidləri, Pensər və Ərçivan
kəndlərindəki hamamlar, Ərçivan, Şiyəkəran,
Səncərədəki Ləmlər qədim
yaşayış yerləri, türbələr, ziyarətgahlar
buna misal ola bilər. Rayonda digər sahələr üzrə
də dinamik tərəqqi qeydə alınır.
Elşən
BAYRAMOV
Mövqe.-2013.-17
may.-S.10.