Regionların inkişaf proqramı Qaxda da uğurla icra olunur

 

LAYİHƏNİN İSTİQAMƏTİ: “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi”

 

Azərbaycan regionlarının mövcud inkişaf səviyyəsi onların qarşıdakı dövr ərzində ölkənin sosial-iqtisadi həyatında daha böyük rol oynayacağını deməyə əsas verir. Bu isə öz növbəsində regionların tərəqqisi istiqamətində həyata keçirilən dövlət siyasətinin, qəbul olunmuş müvafiq proqramların artıq öz müsbət nəticələrini verməsinin real təsdiqi kimi çıxış edir. Böyük nəticələrin əldə olduğu bölgələrdən biri də əsrarəngiz təbiətə malik Qax rayonudur.

Qax Azərbaycanın mühüm aqrar-sənaye rayonlarından biridir. Rayon iqtisadiyyatının əsasını bitkiçilik (xüsusilə tütün və taxılçılıq üzrə ixtisaslaşıb), heyvandarlıq məhsullarının istehsalı təşkil edir. Yeyinti sənayesi bağçılıq, tütünçülük və heyvandarlıq məhsullarının emalına əsaslanır. Qax meyvə-tərəvəz konservi zavodları yeyinti sənayesinin əsas müəssisələridir. Burada istehsal olunan məhsullarının xeyli hissəsi başqa rayonlara göndərilir. Yağ-pendir, çörəkbişirmə, spirtli içkilər, şərq şirniyyatı məhsulları istehsal edən kiçik müəssisələr də fəaliyyət göstərir.

"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası nəticəsində Qax rayonunda əhalini narahat edən problemlərin həlli və infrastruktur layihələrinin yerinə yetirilməsi sahəsində əsaslı işlər görülüb, bir sıra sosialyönümlü obyektlər tikilərək istifadəyə verilib, yeni yollar tikilib, genişmiqyaslı abadlıq-quruculuq işləri həyata keçirilib. Cari ilin ilk rübünün yekunları da uğurlu sosial-iqtisadi nəticələrdən xəbər verir. Birinci rübdə rayonda bütün maliyyə mənbələri hesabına 21 milyon 762 min manatlıq, yəni keçən ilin müvafiq dövrünə nisbətən 13,2 dəfə çox tikinti işləri görülüb. Hesabat dövründə rayonda sənaye məhsulu istehsalı 12 faiz, kənd təsərrüfatı məhsulları istehsalı isə 14,7 faiz artıb, əhalinin gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyon 259 min manat artaraq 14 milyon 135 min manat təşkil edib. Rüb ərzində rayonda 99 daimi iş yeri açılıb. Birinci rübdə Qax şəhərində inşa edilən idman kompleksində, Heydər Əliyev Mərkəzində, təhsil şöbəsinin yeni inzibati binasında, "El Resort” mehmanxana kompleksinin ərazisində 4 mərtəbəli yeni otel binasında, İlisu kəndindəki "Səngər qala” istirahət mərkəzində, beşmərtəbəli mehmanxana binasında, Ağçay kəndi ərazisində üçmərtəbəli otel binasında tikinti işləri davam etdirilib.

Kürmük çayı üzərində inşa olunan 700 metr uzunluğunda körpünün tikintisində tamamlanma işləri görülür. Səhiyyə Nazirliyinin vəsaiti hesabına Əlibəyli və Güllük kəndlərində inşa edilən yeni xəstəxana və həkim məntəqəsi binalarının tikintisi də artıq başa çatdırılıb və hər iki səhiyyə obyekti yaxın vaxtlarda istifadəyə veriləcəkdir.

Məruzədə qeyd olunmuşdur ki, bu ilin əvvəlində Qax şəhərində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 36 mənzilli yeni binanın tikintisinə başlanılmışdır. Hazırda Heydər Əliyev prospektinin 4 kilometr uzunluğunda hissəsində yerli memarlıq üslubunda bərpa işləri aparılır. Heydər Əliyev parkında aparılan yenidənqurma işləri də başa çatmaq üzrədir və park yaxın günlərdə şəhər sakinlərinin istifadəsinə veriləcəkdir. Hesabat dövründə rayonun zəlzələdən zərər çəkmiş yaşayış məntəqələrində kompleks tədbirlər davam etdirilib, Fövqəladə Hallar Nazirliyi tərəfindən kəndlərdə yeni məktəb binaları tikilib istifadəyə verilib. Yeri gəlmişkən bildirək ki, bir neçə gün əvvəl də Qax rayonunun Almalı kəndində 75 yerlik körpələr evi-uşaq bağçası əsaslı təmirdən sonra yenidən istifadəyə verilib. Bu uşaq müəssisəsi son illər rayonda əsaslı təmir olunan sayca üçüncü bağçadır. 1969-cu ildən fəaliyyət göstərən bağçada əsaslı təmir işləri rayonun yerli büdcə vəsaiti hesabına həyata keçirilib. İki mərtəbəli, 12 otaqlı bağça binasında dörd qrup fəaliyyət göstərir. Bağça yeni mebel və avadanlıqla təchiz edilib.

Ötən ay isə Qax rayonunda 420 şagird yerlik Ləkit kənd tam orta məktəbinin açılış mərasimi olub. Ötən ilin mayında baş vermiş zəlzələ nəticəsində Ləkit kənd orta məktəbi də tam istifadəyə yararsız vəziyyətə düşmüşdü. Azərbaycan Prezidentinin göstərişinə əsasən ötən ilin avqustunda bu məktəb üçün yeni binanın tikintisinə başlanılmışdı. Göstəriş yüksək səviyyədə icra olunub.

Qax rayonunun Zərnə kəndində ötən ilin mayında baş vermiş zəlzələ zamanı qəzalı vəziyyətə düşmüş tam orta məktəb üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən inşa edilən 240 şagird yerlik yeni məktəb binası isə fevralın 1-də şagirdlərin istifadəsinə verilib. Müasir standartlara uyğun inşa edilən iki mərtəbəli məktəb binasında 11 sinif otağı, fənn kabinetləri, 2 laboratoriya, kitabxana, kompüter otağı, akt və idman zalları yerləşir. Məktəb binası yeni məktəb mebeli və avadanlıqla da təchiz edilmişdir. Məktəbin həyətində əl oyunları meydançası tikilib. Cari ilin yanvarında Qax rayonun Lələli kəndində 100 şagird yerlik və Lələpaşa kəndində 80 şagird yerlik ümumi orta məktəb binalarının açılış mərasimləri keçirilib. Daha əvvəl isə Qax rayonunun Əmbərçay kəndində ümumi orta məktəb üçün dövlət vəsaiti hesabına inşa edilmiş 80 yerlik yeni bina müəllim və şagirdlərin istifadəsinə verilib. Müasir tələblərə uyğun inşa edilən bina yeni avadanlıqla da təchiz edilib, istilik sistemi quraşdırılıb. Qax rayonunda bu günə qədər 1300 şagird yerlik 9 məktəb binası tikilərək istifadəyə verilib. Bu məktəblərin hamısı müasir standartlara uyğun inşa olunub.

Bundan əlavə, tikintisinə başlanılan 538 fərdi evdən 274-nün inşası başa çatdırılıb. Hazırda 223 evdə tikinti işləri davam etdirilir. Hesabat dövründə Qax şəhərinin su və kanalizasiya sistemlərinin yenidən qurulması, Qaxbaş və Qaxİngiloy kəndlərini içməli su ilə təmin edəcək 8 kilometr uzunluğunda yeni su xəttinin çəkilişi işləri davam etdirilib, 2 kənddə yeni artezian quyuları qazılıb. Almalı və Ağçay kəndlərinə təbii qazın verilişi təmin olunub. Hazırda Cəlayır, İlisu və Şotavar kəndlərində, Qaxbaş kəndinin genişləndirilmiş hissəsində qazlaşma işləri aparılır. Rüb ərzində 396 mənzil qazlaşdırılıb, qazdan istifadə edən əhali abonentlərinin sayı 6169-a çatdırılıb. Hazırda şəhər də daxil olmaqla, rayonun 59 yaşayış məntəqəsindən 11-i tam qazlaşdırılıb. Birinci rübdə aqrar sahədə görülən işlər, əhalinin elektrik enerjisi, rabitə və digər xidmətlərlə təminatının yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirlər də yüksək nəticələrdən xəbər verir.

İqtisadi rayon bir sıra faydalı qazıntılarla zəngindir: kükürd, polimetal filizi. Dağlıq və dağətəyi yerlərdə, əsasən də çayların gətirmə konuslarında bol çınqıl, qum, gil və başqa tikinti materialları xammalı vardır. Rayonun turizm potensialı yüksəkdir. Qax rayonu ərazisində orijinal xüsusiyyətlərə malik qədim tarixi-memarlıq abidələri çoxdur. Belə abidələrdən biri də Ulu körpüdür. Bu körpü dağlar qoynunda yerləşən İlisu kəndinə gedən yolda, Kürmük çayının üzərində salınıb. Ulu körpünün tikintisi üçün olduqca əlverişli bir yer seçilib. Şıltaq dağ çayının gətirdiyi coşqun sel-sulara mərdliklə sinə gərən bu körpü çayın yatağının daraldığı yerdə, sal qayalar üzərində çay daşı, əhəng məhlulu və bişmiş kərpicdən inşa edilib.

Dörd kərpic qalınlığındakı tağbəndin aşırımı 14,6 metrdir. Hörgüdə üfüqi və şaquli tikişlərin dəqiq bağlanması sayəsində körpünün tağbəndi vahid monolit konstruksiya təəssüratı yaradır. Körpünün gündoğana yönəlmiş fasadında tağbəndin əyrisi çayın axarı istiqamətində çəpinə kəsilərək sanki bir qədər yumurlanmış forma alıb. Həmin zonada tağbənd həm dərinliyi istiqamətində, həm də aşırım boyunca ikiqat əyriliyə malikdir. Bu növ konstruksiyaların yüksək möhkəmliyi elmi cəhətdən də sübut olunub. Körpünün bu xüsusiyyəti onun güclü selə qarşı möhkəmliyini və dayanıqlığını təmin edib, suyun tağbəndin altından və dayaqların arasından daha sürətlə axıb getməsinə şərait yaradıb. Deyilənlərə görə, Ulu körpünün tikintisində inşaat materialı kimi yumurta sarısından da istifadə olunub. Tağbəndin hörgüsündə istifadə olunan kərpic körpüdən bir qədər yuxarıda, Kürmük çayının sol sahilində, İlisu kəndinin ərazisində yerləşən və XVII-XVIII əsrlərə aid edilən "Sumuq qala” adı ilə tanınan müdafiə qülləsinin tikintisində işlənən tikinti materialı ilə eynilik təşkil edir.

Respublikamızın hər yerində olduğu kimi, burada turizm obyektləri özəl sektorda yerləşir. İstirahət mərkəzlərində turistlərin istirahəti üçün hər cür şərait yaradılıb. Hər il rayonda mövcud turizm mərkəzlərində minlərlə yerlı və xarici turist istirahət edir, müalicə olunurlar. Qaxda mövsümi ovçuluq turizminin, atçılıq turizminin, dağ turizmin, qış turizminin və digər turizm növlərinin yaradılması üçün münbit şərait vardır.

Qax tarixi məkanları ilə də seçilir. Qədim yaşayış məkanlərindən olmuş bu ərazi tarixi abidələri ilə də diqqəti çəkir. Axı turistlərin əsas maraq obyekti-olduğu ölkənin tarixi, məişəti, adət-ənənələri, gəzməli-görməli yerləridir. Bu mənada Qaxın şansı böyükdür. Rayondakı abidələr tarixilik baxımından ziyarətçilərin böyük marağına səbəb olur. Bunlardan ikisi dünya əhəmiyyətli, 18 ölkə əhəmiyyətli, 48 isə yerli əhəmiyyətli olmaqla, 48 memarlıq, 18 arxeoloji, 2 monumental -xatirə abidələri var. Rayonun İlisu, Ağçay, Qaşqaçay, Cinarlı, Qum, Ləkit kəndləri turistlərin daha çox istirahət etdiyi kəndlərdir.

Qax rayonu kurort resursları cəhətdən zəngindir. Bol mineral su ehtiyatlarının varlığı rayonda iqlim-balneoloji kurort zonalarının salınmasını zəruri edir. İlisu və Sarıbaş kənd ərazilərində yer üzünə çıxan termal bulaqlar ta qədimdən xalq təbabətində yel xəstəliyinə qarşı istifadə olunur. Bu bulaqların suyu boş yerə axıb gedirdi. Hamam çayı sahilində Oğlan bulaq Qız bulaq və hamam adlı hovuzlar fəaliyyət göstərirdi ki, qonaq gələn yüzlərlə insana şəfa bəxş edirdi. Sevindirici haldır ki, bu bulaqların suyu 2010-cu ildə borularla "Ulu dağ” istirahət mərkəzinə gətirilib. Artıq müalicə məqsədilə sudan istifadə üçun uzun və üzücü yolu getmək lazım gəlmir. Xəstələr rahat, hər cür şərait yaradılmış xüsusi otaqlarda bu sudan istifadə edirlər. Digər sahələrdə də dinamik inkişaf qeydə alınır.

 

 

Elşən BAYRAMOV

 

Mövqe.-2013.-21 may.-S.10.