Yardımlıda möhkəm özüllər üzərində qurulan dinamik tərəqqi

 

LAYİHƏNİN İSTİQAMƏTİ: “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi

 

Son illərin ümumi sosial-iqtisadi mənzərəsinin təhlili ölkəmizin bu sahədə böyük müvəffəqiyyətlərin müəllifi kimi çıxış etdiyini aydın nümayiş etdirir. Qazanılan uğurlar ölkə regionlarında da özünü qabarıq formada büruzə verir. Qeyd olunan uğurların qazanılmasında, sosial-iqtisadi tərəqqiyə töhfəsində

Yardımlı rayonu da mühüm rol oynayır. cari ilin ilk rübünün uğurlu sosial-iqtisadi nəticələri də qeyd edilənləri təsdiq edir. Məlumat üçün bildirək ki, rayonun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir, insanların əsas məşğuliyyəti heyvandarlıq və əkinçilikdir. Hal-hazırda Yardımlı rayon əhalisinin əsas məşğulluğu kənd təsərrüfatı məhsullarının istehsalıdır. Bununla yanaşı, 2013-cü ilin ilk rübündə rayonda tikinti-abadlıq-quruculuq işləri sürətlə həyata keçirilib. Şəhərin girişindən başlayaraq uzunluğu 4 km olan yolun hər iki istiqamətində müasir zövqə uyğun istinad divarları hörülüb, həmin istiqamətdə yollar genişləndirilib, piyada səkiləri tikilib, küçə işıqları quraşdırılıb. Hazırda işlər davam etdirilir. Eləcə də, şəhərin Heydər Əliyev, Ünəç, Daşkənd, Nizami küçələrində tikinti-abadlıq və yolların təmiri işləri, küçə işıqlarının quraşdırılması həyata keçirilib.

Daxili imkanlar hesabına inşa olunan YAP Yardımlı rayon təşkilatının inzibati binasında son tamamlama işləri aparılır. Rayon Polis şöbəsi üçün tikilən inzibati binada tikinti işləri davam etdirilir. Bir neçə gün əvvəl Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Yardımlı rayonunda statistika idarəsi üçün inşa edilmiş yeni inzibati binanın açılışı olub. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında müəyyən edilmiş tədbirlərə müvafiq olaraq inşa edilmiş ikimərtəbəli inzibati bina 9 otaqdan ibarətdir. Mədəniyyət və istirahət parkındakı fəvvarə müasir zövqə uyğun olaraq yenidən qurulur. Şəhidlər xiyabanı abidə kompleksi əsaslı təmir olunub. Hazırda, 1 hektar sahədə Ümummilli Lider Heydər Əliyevin adını daşıyan Mərkəz və parkın tikintisində son tamamlama işləri aparılır. Şəhərin mərkəzi küçəsi olan Heydər Əliyev küçəsində 100 metrə yaxın yolun uçmuş hissəsi tez bir zamanda bərpa olunub.

Bilindiyi kimi, 7 yanvar 2013-cü il tarixdə Yardımlı rayonunun sosial-iqtisadi inkişafını sürətləndirmək məqsədilə Yardımlı Rayonu İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan iki milyon manat vəsait ayrılıb. Bu vəsait hesabına Yardımlı şəhəri və digər yaşayış məntəqələrində küçə yolları təmir olunacaq, küçə işıqları və piyada səkiləri quraşdırılacaq, istinad divarları hörüləcəkdir. Rayonda idamanın kompleks inkişafı, gənclərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə Prezident İlham Əliyev müasir Olimpiya idman kompleksi və "Gənclər evinin tikintisi üçün sərəncam verib, layihələndirmə işləri rayon icra hakimiyyəti ilə razılaşdırılıb. Onun tikintisinə yaxın vaxtlarda başlanılacaq.

Yardımlı şəhərinin içməli suya olan tələbatının ödənilməsi üçün şəhərə sukanalizasiya xətlərinin çəkilməsi işləri davam etdirilir. Belə ki, əhalisinin sayı 12 min nəfər olan 18 kəndin içməli su tələbatının təmini məqsədilə "Sineyiradlanan ərazidən həmin kəndlərə işməli su çəkilişi məsələsi "Azərsu” ASC qarşısında qaldırılıb, layihələndirmə işləri aparılıb və tikintiyə başlanılacaq. Azərbaycan hökumətinin Dünya Bankı ilə imzaladığı kredit sazişinə əsasən "Milli Su Təchizatı və Kanalizasiya xidmətləri üzrə İkinci Layihə" çərçivəsində Yardımlıda ümumi uzunluğu 52,2 kilometr olan su və 58,2 kilometr olan kanalizasiya xətləri çəkilir. Su çəkilişi başa çatdıqdan sonra 7 mindən artıq əhalisi olan Yardımlı şəhəri bütün gün ərzində su ilə təmin ediləcək.

Rayon icra hakimiyyəti və "Azərsu" ASC-nin təşəbbüsü ilə OdrağaranAlçabulaq kəndlərində artezian quyuları qazılıb. Bundan başqa, rayon təşkilatlarının birgə səyləri ilə 10 kənddə bulaqlar tikilib, 18 kəndin içməli suya tələbatını ödəmək məqsədilə Viləş çayının Qaraqaya qolundan həmin kəndlərə su çəkilişini həyata keçirməkdən ötrü layihə hazırlanıb. Əhalinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə rayon elektrik şəbəkəsi YeniYardımlı, Ərus və Sığnə yarımstansiyalarında və onlardan qidalanan xətlərdə təmir işləri aparıb. Rüb ərzində şəhərin abadlıq işlərinə maneçilik yaradan elektrik dirəkləri dəyişdirilib. Şəbəkədə yaradılmış növbətçilik əsasında xətlərdə baş vermiş qəzalar vaxtında aradan qaldırılıb.

2013-cü ilin I rübü rayonda təbii qaz abonentlərinin sayının artması ilə müşayət olunub. Belə ki, 42 abonenti olan Bilnə kəndinə, 280 abonenti olan Bozayran kəndinə təbii qaz verilib ki, bununla da təbii qaz istehlakçılarının sayı əhali sektoru üzrə 1554, qeyri-əhali sektoru üzrə 14-ə çatdırılıb. Hazırda, Yardımlı şəhərinin Ünəç küçəsində qazlaşma işləri davam etdirilir.

Rayonda yolların təmiri, yeni yolların salınması daim rayon icra hakimiyyətinin nəzarətində saxlanılıb və bu istiqamətdə təxirəsalınmaz tədbirlər görülüb. Belə ki, uzunluğu 3 km olan Ostayir yolu, tamamilə torpaq örtüklüuzunluğu 1 km olan Əfçədulan yolu çınqıl örtüklə təmir olunub, Bozayran-Bürzünbül kəndləri arasında mövcud suötürücü qurğunun yağış suları nəticəsində sıradan çıxmış hissəsi tam bərpa edilib və əhalinin rahat gəliş- gedişi təmin olunub. Uzun illər Sırıq və Horavar kəndləri arasında Viləş çayı üzərində körpünün tikintisi nəzərdə tutulsa da, körpünün quraşdırılması hazıra kimi mümkün olmamışdı. Lakin, daxili imkanlar hesabına artıq körpünün tikintisinə başlanılıb, 30 ton yük götürmə qabiliyyəti olan bu körpü yaxın vaxtlarda istifadəyə veriləcək, bununla da 10 kəndin körpü problemi birdəfəlik həll olunacaqdır.

Prezident İlham Əliyevin 21 fevral 2013-cü il tarixli sərəncamı ilə 13 min nəfər əhalinin yaşadığı 23 yaşayış məntəqəsini birləşdirən Yardımlı-Deman-Arvana avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Yardımlı Rayon İcra Hakimiyyətinə ilkin olaraq 5 milyon manat vəsait ayrılıb. Bu sərəncam rayonun bütün sakinləri tərəfindən yüksək razılıqla qarşılanıb. Hazırda yolun tikintisinə başlanıb. 2013-cü ilin ilk rübündə rayon üzrə 16,7 milyon manatlıq ümumi məhsul istehsal olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11 % çoxdur. Adambaşına düşən məhsul istehsalı 2003-cü ilin müvafiq dövrü ilə müqayisədə artaraq 271 manat olub. Bu müddətdə 179 min manatlıq sənaye, 4 milyon 321 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub, əhaliyə 10 milyon 400 min manatlıq ticarət, 280 min manatlıq nəqliyyat, 47 min 800 manatlıq rabitə xidməti göstərilib. Rayonun büdcəsi hesabına 1 milyon 470 min manatlıq tikinti işləri həyata keçirilib. 2013-cü ildə rayonun büdcəsi 13 milyon 82 min manat müəyyən edilib ki, bu da 2003-cü illə müqayisədə 5 dəfə artıqdır. Büdcənin xərcləri 2 milyon 431 min manata qarşı, 2 milyon 962 min manat icra olunub ki, bu da proqnozun 121% yerinə yetirilməsi deməkdir. Bu müddət ərzində rayon üzrə orta aylıq əmək haqqı 269,3 manat olub. Rayon üzrə əsas kapitala yönəldilən investisiyaların həcmi 2 milyon 280 min manat təşkil edib.

Turizmin inkişafı üçün böyük potensial var. Azərbaycaının cənubunda, Talış dağları arasında çay vadisi boyunca yerləşən Yardımlı rayonu qərbdən İranla həmsərhəddir. Rayon ərazisinin 21.000 hektar sahəsi meşələrlə örtülmüşdür. Bu yerlərin gözəl təbiəti, çayları, bulaqları çoxsaylı tarixi abidələri Yardımlıya xüsusi bir gözəllik bəxş edir. Yardımlıda istirahət üçün ən münasib vaxt bahar yay fəsilləridir. Rayonun zəngin faunası var. Masallı - Yardımlı avtomagistralının 25-ci km- «Şəlalə» adı ilə məşhur olan gözəl bir guşə var. Bura rayon sakinlərinin sevimli istirahət yeridir. Dağların ətəyində yerləşən, hər tərəfdən meşələrlə, çoxsaylı çeşmələrlə əhatə olunmuş Perimbel kəndi çox gözəl populyar yeridir. «Göz narı» adlanan çeşmə tarixi abidə hesab edilir. Rayonda turistlərin istirahəti üçün Deman istirahət mərkəzi, Şəklalə istirahət zonası şəhər mərkəzində otel fəaliyyət göstərir. Möhtəşəm yüksək dağ meşə mənzərəsinə sahib olan tarixi Deman düzü dəniz səviyyəsindən 1600 - 1800 metr hündürlükdə yerləşir. Bu ad hun xaqanı, sərkərdə Mətənin babası Teomanın adı ilə əlaqələndirilir. Xalq etimologiyasına görə isə deman - dəmyə, yəni suvarılmayan əkin sahələri mənasında yozulur. Kəndlərdə kənd yaşıl turizminin inkişafı üçün, turistlərin qəbulu ilə əlaqədar fərdi yaşayış evləri mövcuddur. Burada dövlət qeydiyyatından keçmiş 92 ölkə yerli əhəmiyyətli tarix mədəniyyət abidəsi yerləşir. Gələn qonaqları bu abidələrlə tanış etmək üçün turizm marşrutları fəaliyyət göstərir. Alar kəndi yaxınlığındakı uca dağ silsilələrinin birində yerləşən konusşəkilli Qız qalası lap qədimdən insanların sığınacaq yeri olub. Burada yerli atəşpərəstlər əvvəlcə ibadətgah, sonra isə qala bürcləri inşa etməklə güclü möhkəm bir istehkam qurublar. Dəniz səviyyəsindən təxminən 2200 metr yüksəklikdə yerləşir. Qalanın üstündə od yerlərinin izlərini tapan tədqiqatçılar buranın həm atəşpərəstlik dövründə fəaliyyət göstərən məbəd olduğu fikrini irəli sürürlər. Ehtimal edilir ki, İslamdan əvvəl oda sitayiş edən atəşpərəstlər burada yaşayıb məbəd ucaldıblar. Bunlar turizmin inkişafına təkan verir. Digər sahələrdə dinamik tərəqqi qeydə alınır.

 

Elşən BAYRAMOV

 

Mövqe.-2013.-23 may.-S.10.