Ucar dinamik tərəqqi
yolunda uğurla irəliləyir
LAYİHƏNİN İSTİQAMƏTİ:
“Regionların sosial-iqtisadi
inkişafının təşviq
edilməsi”
Mövcud
olduğu regionun lideri statusunu daşıyan, ikinci dəfə dövlət müstəqilliyini əldə
etdikdən sonra tarix üçün qısa hesab edilən zaman kəsiyində beynəlxalq
hüququn güclü
müstəqil subyektlərindən
birinə çevrilməyi
bacaran, bu göstərici üzrə
təkcə MDB yox, daha böyük coğrafi məkanı əhatə edən dövlətlər arasında
seçilənlər sırasına
daxil olan Azərbaycan sosial-iqtisadi tərəqqi tempinə görə əvvəlki kimi dünya birinciləri sırasında
yer alır.
Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan
bu siyasət onun layiqli davamçısı
Prezident İlham Əliyev tərəfindən
bu gün yeni əsrin tələbləri çərçivəsində
daha da zənginləşdirilərək
uğurla davam etdirilməkdədir. Bunun nəticəsidir ki, beynəlxalq sferada ölkəmizin qazandığı uğurlar
və bunun yollarına maraq artan xətt üzrə inkişaf edir. Qazanılan nailiyyətlərdə isə ölkə regionlarının payı
mütəmadi olaraq artır. Regionların dinamik inkişaf
yolunda olmasını Ucar rayonunun timsalında da görmək olar. Bu haqda danışmazdan
əvvəl qeyd edək ki, rayonun
adı, qədim yaranma tarixi haqqında müxtəlif fikirlər söylənilir.
Ərəb coğrafiyaşünası Əl-Sitəkrinin "Məmləkətlərin
yolları" kitabında
adı çəkilir.
Ucar Azərbaycanda orta əsr şəhəri kimi qeyd olunur.
XV əsrdə yaşamış Azərbaycan
şairi Bədr Şirvaninin yazılarında
Ucar sözünə rast gəlinir. Bəzi mülahizələrə görə
rayonun adı qədim Şirvanda yaşamış "Uçar"
tayfasının adından
götürülüb. Ucar sözünün "Ucqar"
sözündən götürülməsi
fikrini söyləyənlər
də var. Hazırda Ucar rayonunun respublikamızın mərkəzi
hissəsində yerləşməsinə
baxmayaraq vaxtı ilə Şirvanşahların
paytaxtı Şamaxı
şəhərindən ən
ucqar ərazidə yerləşdiyinə görə
adının "Ucqar"
sözündən götürüldüyü
də ehtimal olunur.
Cari ilin ilk rübünün sosial-iqtisadi
yekunları isə uğurlu inkişafdan xəbər verir. Belə ki,
cari ilin ilk üç ayında Ucarda uğurlu nəticələr əldə
edilib. Rayonda ümumi daxili məhsul istehsalı 3 faiz, əhalinin pul gəliri 5,9 faiz, kənd
təsərrüfatı məhsullarının
həcmi 8,4 faiz, investisiya qoyuluşu 6,8 dəfə artıb. Xatırladaq ki, Ucar rayonu
ölkənin mühüm
kənd təsərrüfatı
rayonlarından biridir.
Rayonun iqtisadiyyatında heyvandarlıq,
taxılçılıq, tərəvəzçilik
aparıcı rol oynayır. Bununla yanaşı təsərrüfatlarda
kartof və bostan məhsulları da istehsal olunur.
Rayon mərkəzində, eləcə də kəndlərdə tikinti-quruculuq, abadlıq, yaşıllaşdırma işləri geniş vüsət alıb. Bir neçə gün əvvəl isə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 90 illiyi ərəfəsində Ucar rayon Statistika İdarəsi üçün inşa edilmiş müasir inzibati bina istifadəyə verilib. Tikintisinə 2011-ci ildə başlanılan binanın ümumi sahəsi min kvadratmetrdir, 2 mərtəbəlidir. Burada istilik sistemi və transformator yarımstansiyası quraşdırılıb. Xidməti otaqlarda, iclas zalında nümunəvi şərait yaradılıb. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində Ucarda mühüm layihələr həyata keçirilir, müxtəlif sahələrdə çalışan işçilərin əmək şəraitinin yaxşılaşdırılması məqsədilə müasir inzibati binalar tikilir. Bu bina isə Dövlət investisiya proqramı çərçivəsində tikilib.
Əhalinin ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılması məqsədi ilə kənd təsərrüfatının ayrı-ayrı sahələrinin inkişaf etdirilməsi diqqət mərkəzində olub. Ötən il isə Ucar şəhərində bayraq meydanının inşası başa çatdırılıb, Heydər Əliyev prospektində 250 nəfərlik mərasim evi tikilib, 50-dən artıq ticarət və xidmət obyekti istifadəyə verilib. Şəhidlər xiyabanında təmir işləri aparılıb, küçə və səkilərdə yenidənqurma işləri həyata keçirilib. Həmçinin rayonda yeni təhsil, səhiyyə obyektləri tikilib istifadəyə verilmiş, yeni daşıyıcı qaz kəmərləri çəkilib. Cari ilin məhsulu üçün əkilmiş 12042 hektar taxıl sahələrində zəruri aqrotexniki becərmə işləri aparılıb, 1571 hektarda yazlıq bitkilər, o cümlədən 307 hektarda kartof, 409 hektarda digər tərəvəz növləri əkilib. Rüb ərzində mal-qaranın baş sayı 586 baş artaraq 113399 başa çatdırılıb. Rayon iqtisadiyyatının inkişafında mühüm rol oynayan və ümumi daxili məhsulun formalaşmasında aparıcı sahələrdən biri olan tikinti kompleksi iqtisadiyyatın başqa sahələri kimi inkişaf etməkdədir.
Təhsil, səhiyyə, mədəniyyət sahələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, əhalinin içməli su, elektrik enerjisi, təbii qazla normal təminatı ilə əlaqədar görülmüş işlər də müsbət nəticələrdən xəbər verir. Ucar rayonunda ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.
İnşasına ötən il başlanılmış 220 şagird yerlik Bərgüşad kənd 2 saylı və 180 şagird yerlik Xələc kənd tam orta məktəblərinin tikintisi artıq başa çatdırılıb. Müasir standartlar səviyyəsində inşa olunan məktəb binalarında təhsilin yüksək səviyyədə təşkili üçün bütün lazımi şərait yaradılıb. Hər iki bina istilik sistemləri ilə də təchiz edilib.
Ucarda 2011-ci ilin oktyabr ayında istifadəyə verilmiş Heydər Əliyev Mərkəzi bu gün rayonda aparılan ideoloji işin mərkəzinə çevrilib. Heydər Əliyevin son dərəcə zəngin olan həyat və fəaliyyətinin öyrənilməsi və gələcək nəsillərə çatdırılması məqsədilə burada mütəmadi olaraq müxtəlif tədbirlər, o cümlədən tarixi günlər qeyd olunur, görüşlər, "dəyirmi masa”lar keçirilir.
Ucar rayonunun daha 2 yaşayış məntəqəsinə - 6 min 397 nəfər əhalisi olan Qazyan və 904 nəfər sakini olan Çiyni kəndlərinə təbii qaz verilməsi istiqamətində atılan addımlar yerli sakinlər tərəfindən müsbət qarşılanıb. Qaz çəkilişi Qazyan kəndinə ötən ilin mart ayından, Çiyniyə isə noyabrdan başlanmışdı. Qazyanda polietilen boru ilə 118 min 863 metr yeraltı, metal boru ilə 31 min 845 metr yerüstü kəmər çəkilib, 932 ev sayğaclaşdırılıb. Çiynidə isə polad boru ilə 170 min 50 metr qaz xətti çəkilib, 130 evə sayğac quraşdırılıb. Onu da qeyd edək ki, Ucar rayonu şimaldan Göyçay, şərqdən Kürdəmir, cənubdan Zərdab, qərbdən Ağdaş rayonları ilə əhatə olunur. Rayonun coğrafi mövqeyi olduqca əlverişlidir. Bakı-Tiflis dəmir yolunun və magistral avtomobil yolunun Ucar rayonundan keçməsi, habelə Qədim İpək yolunun bərpa olunmaqla Ucardan keçməsi yerləşdiyi yerin iqtisadi əhəmiyyətini olduqca artırır. Rayonda ticarət, nəqliyyat və məişət xidmətlərinin yaxşılaşdırılması sahəsində məqsədyönlü tədbirlər görülüb, sanitar tələblərə cavab verməyən ticarət və məişət obyektlərinin əvəzinə, müasir tələblər səviyyəsində yeniləri tikilərək, istifadəyə verilib, əhaliyə müxtəlif çeşidli ticarət və məişət xidmətləri göstərilib.
O da məlumdur ki, "Regionların 2009-2013-cü illərdə sosial iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq görülən işlərlə yerindəcə tanış olmaq, üçün Prezident İlham Əliyev tez-tez bölgələrə səfərlər edir. Dövlət başçısı həyata keçirilən layihələrlə maraqlanır, tapşırıq və tövsiyələrini verir. Prezident həmçinin keçirdiyi görüşlərdə də bölgələrin inkişafına xüsusi diqqət yetirdiyini vurğulayır. Prezidentin Ucar rayonuna hər bir səfəri də mühüm hadisələrlə yadda qalır. Dövlət başçısının Ucar rayonuna sonuncu səfəri zamanı çoxlu sayda sosial obyektin istifadəyə verilməsi, yenilərinin təməlinin qoyulması bunun daha bir bariz nümunəsidir. Məlumat üçün qeyd edək ki, Prezident İlham Əliyevin Ucar rayonuna sonuncu səfəri zamanı Heydər Əliyev Mərkəzinin, Şahmat Məktəbinin lenti kəsilib, Uşaq Xəstəxanası, Mərkəzi Rayon Xəstəxanası əsaslı yenidənqurmadan sonra istifadəyə verilib, su-kanalizasiya sistemləri kompleksinin təməli qoyulub. Prezident İlham Əliyev Ucar rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə demişdi: "Mən çox şadam ki, Ucarda son illər ərzində abadlıq, quruculuq işləri uğurla gedir. Əminəm ki, gələcək illərdə bu meyillər daha da güclənəcəkdir. Elə etməliyik ki, hər bir bölgə, hər bir rayon mərkəzi, hər bir kənd abadlaşsın, gözəlləşsin. Bunu etmək üçün imkanlarımız vardır. Belə gözəl mərkəzlərin yaradılması, gözəl meydanların salınması göstərir ki, Azərbaycan uğurla inkişaf edir, ölkə qarşısında duran bütün vəzifələr uğurla icra edilir. Bütün uğurlarımızın təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur”.
Regionların sosial iqtisadi inkişafı Dövlət Proqramına müvafiq olaraq, son illər Ucar rayonunda mühüm işlər görülür. Rayon abadlaşır, yeni-yeni sosial obyektlər istifadəyə verilir, iş yerləri açılır. Son vaxtlar Ucar şəhərində çoxmərtəbəli yaşayış evlərinin tikilməsi, yaşıllıqların artması sakinlərdə haqlı qürur hissi doğurur. Ölkədə aparılan iqtisadi islahatlara uyğun olaraq, Ucar rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi, əhalinin məşğulluğunun təmin edilməsi, maddi rifah halının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası nəticəsində rayonun əhalini narahat edən problemlərin həlli və infrastruktur layihələrinin yerinə yetirilməsi sahəsində bir sıra mühüm işlər görülüb, o cümlədən təhsil, səhiyyə, idman, mədəniyyət və digər sosial yönümlü obyektlər tikilərək, istifadəyə verilib, geniş miqyaslı yenidənqurma və abadlıq-quruculuq işləri həyata keçirilib. Qədim Şirvan torpağının qapısı sayılan Ucarda indi elə bir sahə yoxdur ki, orada dövlət qayğısı hiss olunmasın. Digər sahələr üzrə də dinamik inkişaf yaşanır.
Elşən
BAYRAMOV
Mövqe.- 2013.- 30 may.- S. 10.