Naftalan şəhəri uğurlu inkişaf yolunda yeni müvəffəqiyyətlər
qazanır
LAYİHƏNİN
İSTİQAMƏTİ: “Regionların sosial-iqtisadi inkişafının
təşviq edilməsi”
Müasir Azərbaycanın hərtərəfli tərəqqisini şərtləndirən inkişaf strategiyası ölkə regionlarının da intibah dövrünə qədəm qoyması ilə müşayiət olunmaqdadır. Bunu hər bir rayonun və şəhərin timsalında aydın müşahidə etmək mümkündür. Qeyd olunanların daha bir real nümunəsi qismində isə Naftalan şəhəri çıxış edir. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının icrası burada da həm iqtisadiyyatın inkişaf etməsini, həm də insanların sosial problemlərinin həllini sürətləndirir.
Naftalan şəhərində geniş vüsət almış abadlıq-quruculuq işləri yüksələn templə davam etdirilir. Artıq başa çatmaqda olan "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası Respublikanın bütün bölgələrində olduğu kimi Naftalan şəhərində də uğurla icra edilib və bəzi tədbirlərlə bağlı bu gün də işlər davam etdirilir.
Məhz bu Dövlət Proqramlarının icrası nəticəsində Naftalan şəhərində mühüm infrastruktur layihələri yerinə yetirilib, Əlillərin Bərpa Mərkəzi, 5 yeni səhiyyə-kurort müəssisəsi, o cümlədən 200 yerlik "Qaşaltı” sanatoriyası inşa edilib, 353 yerlik "Çinar” sanatoriyası əsaslı təmir olunub, şəhərin su təchizatı sistemi yenidən qurulub, yeni avtomobil yolları çəkilib, genişmiqyaslı abadlıq-quruculuq işləri həyata keçirilib. Naftalan şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda şəhər üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsi məqsədi ilə bu ilin sentyabrında Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Naftalan Şəhər İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan iki milyon manat ayrılıb. Digər sərəncamla Naftalan şəhərində Naftalan Şəhər Mərkəzi Xəstəxanasının tikintisinə başlamaq üçün Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ilkin olaraq bir milyon manat ayrılıb. Bundan başqa yenə Prezidentin müvafiq sərəcamına əsasən, dörd min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Naftalan-Qaşaltı Qaraqoyunlu avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin bir milyon manatı Naftalan Şəhər İcra Hakimiyyətinə ayrılıb. Bunlar digər bölgələr kimi Naftalan şəhərinə də dövlət başçısının yüksək diqqət və qayğısının real təzahürüdür.
Burada dinamik sosial-iqtisadi tərəqqini cari ilin ilk üç rübünün sosial-iqtisadi yekunları da təsdiq edir. Bu müddət ərzində respublikanın digər bölgələri kimi Naftalan şəhərində də mühim işlər görülüb və nəzərəçarpacaq müsbət dəyişikliklər baş verib. 2013-cü ilin doqquz ayında keçən ilin müvafiq dövrü ilə müqayisədə şəhərdə ümumi məhsul buraxılışının həcmi 2 dəfə artaraq 13122.1 min manat, sənaye məhsulunun həcmi 13.2 faiz artaraq 1070.6 min manat olub. Şəhərin nəqliyyat sahəsində görülən işlərin həcmi 193.1 min manat, rabitə sahəsində göstərilən xidmətlər 109.2 min manat təşkil edib. Əhaliyə 7952.9 min manatlıq pullu xidmətlər göstərilib. Pərakəndə əmtəə dövriyyəsinin həcmi 10851.6 min manat, bir işçiyə hesablanmış orta aylıq əmək haqqı isə 17 faiz artaraq 256 manat olub. Bu dövrdə şəhərin büdcəsi subsidya ilə birlikdə 3523.8 min manat, xərcləri isə 2964.2 min manat olub. Yerli mənbələrdən gəlir üzrə daxil olma 1680.2 min manat nəzərdə tutulduğu halda 1783.8 min manat olub, yəni planda nəzərdə tutulduğundan 103.5 min manat çox vəsait daxil olub. Dövlət Sosial Müdafiə Fondunun şəhər şöbəsi tərəfindən 43 nəfərə müvafiq kateqoriyalar üzrə pensiya təyin edilib. Ötən müddətdə sığorta edənlərdən faktiki daxilolma 677.7 min manat olub. Şöbənin pensiya və müavinətlər üzrə xərci 1989.5 min manat olub, əhaliyə pensiya və müavinət ödənişi üzrə borc qalmayıb. Doqquz ayda Naftalan şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzində 78 ailənin 327 ailə üzvünə Ünvanlı Dövlət Sosial Yardım təyin edilib. Şəhərdə təhsil, səhiyyə, mədəniyyət və idman sahəsi də daim şəhər İcra Hakimiyyətinin diqqət mərkəzində saxlanılıb. Təhsil sahəsində həyata keçirilən məqsədyönlü işlərin nəticəsidir ki, məktəblərin XI sinif şagirdləri buraxılış imtahanlarının nəticələrinə görə Respublikada ən yüksək nəticəni göstərərək birinci yeri tutublar. Qarabağ sanatoriyasında son tamamlama işləri aparılır. Yaxın günlərdə şəhərdə Abadlıq-quruculuq işləri fonunda 280 yerlik körpələr evi-uşaq baxçası öz sakinlərinin istifadəsinə veriləcək. Bundan başqa bu dövrdə Naftalan Bələdiyyəsi üçün yeni inzibati binanın inşasına başlanılıb. Son illərdə şəhərdə abadlıq və quruculuq işləri sürətlə davam etdirilir. Bu günə kimi şəhərin çoxmərtəbəli yaşayış binalarından 11-nin fasad hissəsi əsaslı təmir olunub. "Naftalan” Elektrik Şəbəkəsi (EŞ) Müəssisəsində növbəti payız-qış mövsümünə hazırlıq işləri davam etdirilir. Cari ilin 8 ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 4 istehlakçının elektrik enerjisindən qeyri-qanuni istifadə etdiyi aşkarlanaraq 16,4 min kilovat-saatdan artıq itirilmiş elektrik enerjisinin 984 manatdan çox istehlak dəyəri bərpa olunub. Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində həmin məbləğlə yanaşı, ötən ildən aktlara görə yaranmış debitor borcun da müəyyən hissəsinin ödənilməsi təmin edilib.
Bu ilin sentyabırnda Prezident İlham Əliyev Naftalansəfəri çərçivəsində burada içməli suyun verilməsi mərasimində iştirak edib, daha sonra yenidən qurulmuş Heydər Əliyev parkında inşa olunmuş Heydər Əliyev Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsib və Mərkəzdə yaradılmış şəraitlə tanış olub. Prezident Naftalana səfəri çərçivəsində "Qarabağ” sanatoriyasında tikinti işlərinin gedişi ilə də tanış olub və tikinti işlərinin vaxtında və keyfiyyətlə aparılması ilə bağlı tapşırıqlarını verib. Qeyd edək ki, "Naftalan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi isə Azərbaycan hökuməti ilə Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin birgə maliyyələşdirdiyi "Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi” çərçivəsində həyata keçirilir. Layihə 2035-ci ilə - perspektiv inkişaf nəzərə alınmaqla Naftalan şəhərində 9,8 min, Qasımbəyli və Qaşaltı-Qaraqoyunlu kəndlərində isə 3200 nəfər olmaqla, ümumilikdə 13 min sakinin su təchizatı və kanalizasiya xidmətlərinin əsaslı şəkildə yaxşılaşmasına hesablanıb. Layihəyə uyğun olaraq Naftalan şəhərinə və ətraf kəndlərə içməli su yeni mənbədən - Ballıqayadan verilir. Şəhərin dayanıqlı su təchizatı üçün Ballıqaya-Goranboy kəmərindən 8 kilometr uzunluğunda magistral su xətti çəkilib, hər birinin həcmi 3 min kubmetr olan iki anbar tikilib. Layihəyə əsasən, şəhərə saniyədə 54 litr su gətirilir ki, bu da istehlakçıların tələbatını tam ödəməyə imkan verir. Şəhərdə toplanan çirkab suların axıdılması məqsədi ilə 33 kilometr uzunluğunda kanalizasiya şəbəkəsi də yaradılacaq. İndiyə qədər kanalizasiya şəbəkəsinin 10 kilometrlik hissəsində işlər başa çatdırılıb. Tullantı sularının təmizlənməsi məqsədilə məhsuldarlığı sutkada 10 min kubmetr olan çirkab su təmizləyici qurğu inşa olunacaq. Layihə üzrə işlərin 2015-ci ilin əvvəllərində başa çatdırılması nəzərdə tutulur.
Heydər Əliyev Mərkəzinin yaradılması isə Azərbaycanın bütün bölgələri kimi, Naftalanın da inkişafına daim diqqət və qayğı göstərən ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin, zəngin dövlətçilik irsinin öyrənilməsi məqsədinə xidmət edir. Şəhərin Heydər Əliyev Parkında yerləşən Mərkəzin inşasına ötən ilin avqustunda başlanılıb, bu ilin sentyabrında başa çatdırılıb. Mərkəzin ikimərtəbəli binasının tikinti sahəsi 722 kvadratmetrdir. Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif məqamlarını əks etdirən fotostendlər yaradılıb. Bu stendlərdə Ümummilli Liderin Naftalana səfirlərini, eləcə də mədəniyyət və idmana göstərdiyi diqqət və qayğını əks etdirən fotolar yer alıb. Dahi siyasət xadiminin 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövrü, həmçinin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini işlədiyi illəri əks etdirən fotolar da böyük maraq doğurur. Bu fotolardan məlum olur ki, Azərbaycanı ən çətin sınaqlardan şərəflə çıxararaq onun müstəqillik dayaqlarını daha da möhkəmləndirən Heydər Əliyevin qoyduğu miras bu gün etibarlı əllərdədir. Xalqımız da böyük oğlunun bu misilsiz xidmətlərini unutmur. Onun ölkə və xalq qarşısındakı xidmətləri hər zaman ehtiramla yad olunur. Naftalan da daxil olmaqla, ölkəmizin bütün bölgələrində yaradılan Heydər Əliyev mərkəzləri də bu amala xidmət edir. Ümummilli Liderin xatirəsinin əbədiləşdirilməsi istiqamətində həyata keçirilən bu layihə nəticəsində gənc nəsil Ulu Öndərin irsini daha dərindən öyrənir və bütün bunlar da Heydər Əliyev siyasətinin Azərbaycanda uğurla davam etdirildiyini göstərir. Mərkəzdə müxtəlif tədbirlərin keçirilməsi üçün 120 nəfərlik konfrans zalı, elektron kitabxana, xarici dil kursları, internet otağı, rəsm qalereyası və kiçik konfrans zalı da yaradılıb. Buraad digər sahələr üzrə də dinamik tərəqqi qeydə alınır.
Elşən
BAYRAMOV
Mövqe.-2013.- 1 noyabr.- S. 10.